Qərbi Azərbaycana qayıdış hədəfi Böyük zəfərin yaratdığı hüquqi və siyasi reallıqdır
Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı tarixi bir zərurətdir. Bu, ədalətin bərpası, soydaşlarımızın təməl hüquqlarının təmin edilməsi istiqamətində növbəti addım olmalıdır.
Hər kəsin öz əzəli vətənində yaşamaq hüququ var və bu hüquq beynəlxalq konvensiyalarda öz əksini tapıb. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın qüdrəti, apardığı uğurlu xarici və daxili siyasəti sayəsində qərbi azərbaycanlıların da öz doğma torpaqlarına qayıdacağı günün heç də uzaqda olmadığına tam əmindir.
Yanlış qərar - tarixi xəyanət
Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və dəhşətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar min illər boyu yaşadıqları doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri dağıdılıb viran edilmişdir. Təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir dövrdə yeridilən soyqırımı siyasətinin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə həmin yerlərdə Ermənistan dövləti yaratmaq olub. Bu mənfur ideyanı reallaşdırmaq istiqamətində ardıcıl olaraq hərbi, ideoloji və təşkilati xarakterli tədbirlər həyata keçirilib. Azərbaycanlılar tədricən doğma torpaqlarından qovulub, onların ərazilərində başqa ölkələrdən köçürülmüş ermənilər məskunlaşdırılıb. Azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasəti tarixi əsrləri əhatə edir və hadisələri ardıcılıqla izləsək, görərik ki, hadisələr eyni ssenari əsasında baş verib.
Hələ XIX əsrdə Çar Rusiyası tərəfindən Osmanlı və İranın ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinə başlanılıb. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib. 1918-1920-ci illərdə yüz minlərlə azərbaycanlı qətlə yetirilib, öz yurdlarını tərk etmək məcburiyyətində qalaraq qaçqına çevrilib, yüzlərlə Azərbaycan kəndi yer üzündən silinib. Ötən əsrdə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Azərbaycanın bir sıra torpaqlarını sovet hakimiyyətinin köməyi ilə Ermənistan SSR-in ərazisinə daxil etməyə nail olublar. 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər.
Azərbaycan Prezidenti cənab İlham Əliyev bunu xalqımıza qarşı növbəti cinayət kimi qiymətləndirib: "Zəngəzurun Ermənistana verilməsi bir daha onu göstərir ki, bu, çox yanlış, səhv addım idi və dediyim kimi xəyanət idi".
1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalıb. SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olublar.
Ermənilərin İrandan Cənubi Qafqaza, indiki Ermənistan ərazisinə köçürülməsinin bilavasitə rəhbəri olmuş A.S.Qriboyedov yazır: "Ermənilər gətirilib müsəlman mülkədarların torpaqlarında yerləşdirilmişlər... müsəlmanları sıxışdırırlar, onlar da hey əsaslı olaraq narazılıq edib şikayətlənirlər. Biz müsəlmanları indiki sıxışdırmalara qatlaşmaq, bu sıxışdırmaların uzun sürməyəcəyinə inandırmaq, onların torpaqlarına ilk dəfə buraxılan ermənilərin bu torpaqlara həmişəlik yiyələnəcəkləri barədə nigarançılığı müsəlmanların beynindən çıxarmaq üçün onlara edilməli olan təlqinlər barədə çox düşündük… Ermənilər indiki Ermənistan ərazisində məskunlaşdırıldıqdan dərhal sonra öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından çıxarmağa, qırmağa, milli soyqırımına başladılar".
S.P.Zelinski isə yazır: "Zəngəzur qəzasında Axlatian, Prnakot və Şinətaq adlı cəmi üç erməni kəndi yerlidir, qalan erməni kəndləri 1826-1828-ci illərdən sonra təşkil olunmuşdur".
N.Şavrov özü də belə etiraf edir: "XX əsrin əvvəllərində Zaqafqaziyada məskunlaşan 1 milyon 300 min nəfər erməninin 1 milyonundan çoxu ərazinin yerli sakinləri olmayıb, bizim tərəfimizdən məskunlaşdırılmışdır".
Qərbi Azərbaycanın əsl sahibləri Azərbaycan türkləridir
Bəli, bütün bu faktlar onu deməyə əsas verir ki, Qərbi Azərbaycan tarixi türk torpaqları olmuş, köklü sakinləri isə Azərbaycan türkləri olmuş, ermənilər isə xaricdən bu ərazilərə köçürülmüşdür. 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsinin nəticəsi olaraq ermənilər İrandan, Türkiyədən bu ərazilərə köçürülmüşlər. Bu tarixi faktlar erməni və rus mənbələrində öz əksini aydın şəkildə tapmışdır. Burada yaşayan azərbaycanlılar isə zaman-zaman - 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1991-ci illərdə tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. 1988-1991-ci illərdə SSRİ dövlətinin himayəsi altında Ermənistan dövləti Qərbi Azərbaycandan 250 mindən artıq azərbaycanlını ata-baba torpaqlarından deportasiya etmişdir.
Ümumiyyətlə, XX əsrdə 2 milyondan çox azərbaycanlı indiki Ermənistanda soyqırıma məruz qalmışdır. 27 may 1997-ci ildə Müstəqillik Günü münasibətilə təntənəli yığıncaqda nitq söyləyən Ümummilli Lider Heydər Əliyev azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından deportasiya olunmalarından danışarkən demişdir: "O vaxt yaşayan insanlar və doğma yerlərindən deportasiya olunanlar yaxşı xatırlayırlar: Ermənistan çox gözəl iqlimə - yəni bu torpaqlar vaxtilə Azərbaycan torpaqları olub - malik olan yaşayış yerlərindən insanları gətirib evsiz-eşiksiz Mil-Muğan çöllərinə salanda, əlbəttə ki, onlar o şəraitdə yaşaya bilməyəcəkdilər. Məlumdur ki, o vaxt bir çox insanlar qırıldı, tələf oldu, əzab-əziyyət çəkdilər. Hətta məlumdur ki, bəziləri burada yaşaya bilmədilər, gizli olaraq qayıdıb öz yerlərinə, evlərinə getdilər. Hesab edirəm ki, bu da bizim xalqımıza qarşı edilən ən böyük ədalətsizlikdir. Beləliklə, o vaxt Ermənistandan azərbaycanlıların çıxarılması, etnik təmizləmə baş veribdir. Onları öz yerlərindən, yurdlarından, doğma torpaqlarından o vaxt didərgin salıblar. Təəssüflər olsun ki, biz tarixin cürbəcür mərhələlərində belə hadisələri lazımi qədər təhlil edə bilməmişik və xalqımıza edilən bu ədalətsizliklərə qarşı öz səsimizi lazımi qədər qaldırmamışıq. Məhz bunların nəticəsində də 1988-ci ildə Ermənistan Azərbaycana artıq açıq təcavüz edibdir. O, dövrdə Ermənistan ərazisində qalmış azərbaycanlılar qısa müddətdə Ermənistandan zorla çıxarıldılar. Ermənistan deyəndə o ərazinin keçmişdə kimə mənsub olduğu məlumdur. O, ərazinin çox hissəsi azərbaycanlıların əsrlərdən-əsrlərə yaşadıqları doğma diyar olubdur. Onları öz dədə-baba yurdlarından tədricən çıxardıblar və bunlar hamısı da 1988-ci ildə Ermənistanın Azərbaycana artıq hərbi təcavüzünün başlanmasına gətirib çıxarıbdır".
Qərbi Azərbaycan ərazisindəki türk mənşəli adların dəyişdirilməsi siyasəti 1828-ci il fevralın 10-da bağlanan Türkmənçay müqaviləsindən sonra, XIX əsrin 30-cu illərindən sistemli formada və məqsədli şəkildə həyata keçirilmiş və adların dəyişdirilməsi siyasəti inqilabdan sonra yeni vüsət almış, minlərlə kənd adı məhv edilmiş, rəsmi qərarlarla adların bir qismi ruslaşdırılmış, bir qismi isə qondarma erməni adları ilə əvəz edilmişdir.
Bu gün Qərbi Azərbaycan ərazisindəki etnotoponimlərin öyrənilməsi xüsusi əhəmiyyət daşıyan məsələdir. Qərbi Azərbaycan ərazisində azərbaycanlıların etnogenezində müxtəlif qədim türk tayfaları iştirak etmişdir. Həmin tayfalar təbii ki, Şimali və Cənubi Azərbaycan ərazilərindəki toponimlərdə də iz qoymuşlar. Tarixi faktlar hələ eramızdan əvvəl VIII əsrdə türk etnoslarının Qərbi Azərbaycan ərazisində yaşamasını təsdiq edir. Qərbi Azərbaycan ərazisindəki toponimlər arasında etnotoponimlərin sayı az deyildir. Onların hər biri müxtəlif türk etnoslarının, xüsusilə oğuzların bu ərazilərin aborigen sakinləri olduğunu sübuta yetirir.
Sevindirici haldır ki, bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti və uğurlu diplomatiyası sayəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük yol qət edilib, azərbaycanlıların, o cümlədən Qarabağdan və Qərbi Azərbaycandan məcburi köçkün və qaçqın düşmüş vətəndaşlarımızın hüquqlarının müdafiəsi beynəlxalq səviyyəyə çıxarılıb. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyev dövlətimizin milli maraqlarına və azərbaycançılıq ruhuna sadiq qalaraq Azərbaycan torpaqlarının tarixinə və mədəniyyətinə sahib çıxılmasının önəmini hər zaman vurğulayıb, Zəngəzurun tarixi Azərbaycan torpağı olduğunu bütün beynəlxalq kürsülərdən bəyan edib.
Tarixi dönüş anı
2020-ci ildə Azərbaycan Prezidentinin siyasi iradəsi, diplomatik gücü və hərbi sərkərdəlik bacarığı nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız 44 gün ərzində düşməndən azad edildi. 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfər tariximizə yeni bir salnaməni həkk etdi. Azərbaycan dövlətinin və xalqının qüdrətini, sarsılmaz iradəsini, ordumuzun gücünü beynəlxalq səviyyədə nümayiş etdirən möhtəşəm qələbə yeni reallıqlar yaratdı. Hər günü bir tarix olan 44 gündə ərazi bütövlüyünü bərpa edən ölkəmiz 24 saatdan az bir vaxtda reallaşdırdığı antiterror tədbirləri ilə öz qətiyyətini bütün dünyaya növbəti dəfə nümayiş etdirdi. Dövlətimiz qalib dövlət, xalqımız isə qalib xalq kimi dünya tarixinə öz möhürünü vurdu. Azərbaycan ordusu yazdığı tarixlə işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə ədalət, hüquq, milli qürur dərsi keçdi. Azərbaycan dövləti postsovet məkanında suverenliyini və ərazi bütövlüyünü bərpa edən ilk dövlət kimi tarixə düşdü. Azərbaycanın ağrılı problemlərindən olan Qarabağ məsələsi birdəfəlik həll edildi. Ardınca dövlət başçısının uğurlu diplomatik siyasəti nəticəsində olduqca mürəkkəb geosiyasi mövqedə yerləşən ölkəmiz tarixi nailiyyətlərə, zəfərlərə, qələbələrə imza atmağa davam etdi. Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlıları vaxtından əvvəl çıxdılar, 4 kəndimiz bir güllə atılmadan geri qaytarıldı.
Qələbəmizdən doğan tarixi reallıqların nəticəsidir ki, qarşıda soydaşlarımızı Qərbi Azərbaycana qayıdış gözləyir. Ölkə rəhbərinin də qeyd etdiyi kimi: "Hazırda isə tarixi qələbəmizdən sonra yaranan yeni reallıqda ən mühüm vəzifələrdən biri Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın öz yurdlarına qayıtması məsələsidir". Bu hədəfi Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündəki nitqində bəyan etdi. "Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar", - deyə dövlət başçısı vurğulayıb. Görüşdə möhtərəm Prezident tarixi faktlara nəzər salaraq Qərbi Azərbaycanın əzəli və əbədi tarixi torpaqlarımız olduğunu dünya ictimaiyyətinə bir daha bəyan etdi: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarixboyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır".
Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə qərbi azərbaycanlıların qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qaldığını bildirən cənab Prezident müasir dövrümüzdə onların hüquqlarının bərpa edilməli və əzəli torpaqlarına qayıtmalı olduqlarını bildirdi: "Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq. Hesab edirəm ki, icmanın çox mötəbər bir rəqəmsal platforması olmalıdır, bir portalı olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır".
Qayıdış konsepsiyasına Naxçıvanın əməli töhfəsi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı müəyyənləşdirdiyi tapşırıqlara uyğun olaraq, ölkəmizdə Qərbi Azərbaycana qayıdışla bağlı konsepsiya qəbul olundu. Sistemli layihələrin həyata keçirilməsinə başlanıldı.
Butün istiqamətlərdə olduğu kimi, Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı səsləndirdiyi fikirlər və bu tezislərdən irəli gələn məsələlər Naxçıvan Muxtar Respublikasında da daim diqqətdə saxlanılır. Muxtar respublika rəhbərliyi bu istiqamətdə ardıcıl və sistemli iş həyata keçirir.
Bu istiqamətdə atılan ən mühüm addımlardan biri də ölkədə ilk dəfə olaraq Naxçıvanda 2 il ardıcıl olaraq "Qərbi Azərbaycana qayıdış" festival-konqresin reallaşdırılmasıdır. Cənab Prezidentin çağırışlarını özündə ehtiva edən, mühüm və əlamətdar bir tarixi layihə olan festival-konqresin reallaşdırılmasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin, eləcə də şöbənin müdiri Ədalət Vəliyevin təşəbbüsünü, dəstəyini xüsusi ilə qeyd etməliyik. Müzəffər Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin dediyi "Bizi Qərbi Azərbaycana böyük qayıdış gözləyir" hədəfi istiqamətində Naxçıvanda keçirilən festival-konqresin yüksək səviyyədə reallaşması Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin və onun rəhbəri Fuad Nəcəflinin ardıcıl həyata keçirdiyi işlərdən xəbər verir.
Səlahiyyətli Nümayəndəliyin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə "Qərbi Azərbaycana qayıdış" adlı festival-konqresin əsas məqsədlərindən biri də tarixi ədalətin bərpa edilməsi yolunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yurd-yuvasından didərgin, qaçqın düşmüş Azərbaycan türklərinin tarixi haqlarının bərpasına istiqamətlənmiş siyasətin elmi əsaslarla həm yerli, həm regional, həm də beynəlxalq səviyyədə işıqlandırılmasına nail olmaq, ölkənin müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən tədqiqatçıları bir araya gətirmək, onların Qərbi Azərbaycanla bağlı əldə etdikləri elmi yenilikləri dinləmək və fikir mübadiləsi aparmaqdır.
2 il ardıcıl olaraq Naxçıvanda reallaşdırılan festival-konqresdə Azərbaycan Prezidentinin ziyalılar, tədqiqatçılar qarşısında qoyduğu strateji tapşırıqların icrası istiqamətində ölkə alimləri, mədəniyyət və sənət adamları, Qərbi Azərbaycandan zorla köçürülən soydaşlarımız, Türkiyədən gələn alimlər bir məkanda zəruri mövzu ətrafında bir araya gəldilər.
Son yüzillik tariximizdə ilk dəfə Qərbi Azərbaycan maddi-mədəniyyət nümunələri, sənət əsərləri, ailə-məişət ənənələri, milli geyim kolleksiyaları, zəngin folklor və şifahi xalq ədəbiyyatı nümunələri, mahnıları, yallıları, aşıq havaları, rəqslər təqdim edildi. Mövzu ilə bağlı filmlərin təqdimatı, kulinariya sərgisi, tarixi və müasir rəsm, dekorativ tətbiqi sənət əsərləri, kitab, monoqrafiya, məqalələr, yaradıcılıq nümunələri kompleks şəkildə nümayiş olundu. Qərbi Azərbaycan mətbəxinə məxsus olan 250 çeşiddə kulinariya sərgisi açıldı. Naxçıvan Dövlət Universitetində keçirilən konqres hissəsində 7 istiqamət üzrə 30-a yaxın bölmədə 300-dən çox məruzə dinlənildi.
Festival-konqres ölkə mediası daxil olmaqla ümumilikdə 190 adda qəzet, jurnal, televiziya, xəbər saytlarında işıqlandırılmışdır. Eləcə də 20-dən çox xarici ölkə mediasında yer almış və həmçinin bundan narahatçılıq keçirən Ermənistan mediasında təşvişə səbəb olmuşdur.
Ümumilikdə Naxçıvanda 2 il ardıcıl keçirilən "Qərbi Azərbaycana qayıdış" festival-konqresdə Qərbi Azərbaycanda ermənilərin və onlara havadarlıq edənlərin xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti, milli faciə və vandalizm faktları geniş şəkildə ictimaiyyətə çatdırılmış, ermənilərin doğma torpaqlarımızda yerləşdirilmələri, azərbaycanlıların planlı surətdə doğma yurdlarından qovulmaları ilə bağlı tarixi faktlara söykənilmiş, yeni, dolğun məlumatlar təqdim edilmiş, Qərbi Azərbaycana məxsus maddi mədəniyyət nümunələri nümayiş olunmuş, etnomədəni siyasətin qurbanı olmuş yer adlarımızın - toponimlərin, oykonimlərin, hidronimlərin dəyişikliyə məruz qalmasının tarixi faktlara söykənərək elmi əsaslarla təsdiqinə və dünya elmi ictimaiyyətinə çatdırılmasına çalışılmışdır.
Bütün istiqamətlərdə olduğu kimi, Prezident cənab İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı səsləndirdiyi fikirlər və bu tezislərdən irəli gələn məsələlər də Naxçıvan Muxtar Respublikasının rəhbərliyi tərəfindən gündəlik fəaliyyət istiqaməti olaraq müəyyən edilib.
Bu gün xalqımız Müzəffər Ali Baş Komandanın qüdrəti və apardığı uğurlu xarici və daxili siyasəti sayəsində qərbi azərbaycanlıların da öz doğma torpaqlarına qayıdacağı günün uzaq olmadığına tam əmindir və öz liderinin ətrafında sıx birləşərək yeni qələbələrə zəmin yaradır.
Arzu ABDULLAYEV,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini, tarix üzrə fəlsəfə doktoru, dosent