"Avropa Komissiyasında əyləşənlər gözlərindən eynəyi çıxarsınlar... Azərbaycan kimi ölkələri dəyərləndirsinlər... Yaxşı tərəfdaş kimi davransınlar"
Bütün mötəbər beynəlxalq tədbirlərdə olduğu kimi, ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən forumda da enerji məsələləri özünə geniş yer aldı. O cümlədən "Cənub qaz dəhlizi" ilə bağlı ətraflı söhbət getdi. Bu, zamanın gündəmə gətirdiyi bir mövzudur.
Əvvəla bir daha xatırladaq ki, bu nəhəng layihə "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsini, Azərbaycanın və Gürcüstanın ərazisindən keçən Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsini, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər uzanan Trans-Anadolu Qaz Kəmərini (TANAP) və Yunanıstan, Albaniya və İtaliyanın cənubunu birləşdirən Trans-Adriatik Qaz Kəmərini (TAP) əhatə edir. Dəhlizin uzunluğu 3500 kilometrdir. Layihə getdikcə yeni interkonnektorlar vasitəsilə şaxələnir. Beləliklə, indi Azərbaycandan 12 ölkə - Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, İtaliya, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya və Slovakiya qaz alır. Azərbaycan qazı Gürcüstana CQBK ilə 2006-cı il, Türkiyəyə BTƏ (Bakı-Tbilisi-Ərzurum) kəməri ilə 2007-ci il və TANAP-la 2018-ci il, Avropaya TAP-la 2020-ci il dekabrın 31-dən çatdırılır.
Prezident İlham Əliyev sözügedən forumda Xorvatiya nümayəndəsinin sualını cavablandırarkən bunları xatırladaraq "Cənub qaz dəhlizi"nin salnaməsini vərəqləməklə yanaşı, layihənin bugünkü və gələcək fəaliyyəti ilə əlaqədar bir sıra digər məsələlərə də toxundu. Belə ki, indi Avropa İttifaqı Azərbaycandan daha çox qaz istəyir və bu səbəbdən Avropa Komissiyasının prezidenti xanım Ursula Fon der Lyayen 2022-ci ilin iyulunda Azərbaycana səfər etmişdi. O vaxt Avropa İttifaqı qaz təchizatından çox narahat idi və buna görə energetika sahəsində Strateji Tərəfdaşlıq haqqında Bəyannaməyə imza atıldı. Həmin vaxtdan etibarən Avropa Komissiyasının müraciəti əsasında ölkəmiz Avropaya qaz təchizatını təxminən 60 faiz artırıb.Yəni 2021-ci ildə qoca qitəyə 8 milyard kubmetr qaz verilmişdisə, 2024-cü ildə bu rəqəm 13 milyard kubmetrə çatdı. Beləliklə, bir çox Avropa ölkəsi, o cümlədən Xorvatiya Azərbaycan qazının alıcısına çevrildi.
Hazırda ölkəmizin mövcud yataqlardan ixrac üçün daha çox qazı var və həmin yataqlar işlənilməsinin yeni fazasındadır. Bir sıra yataqlar hasilatın ilkin mərhələsindədir. Əlavə bir neçə milyard kubmetr qazımız da olacaq. Çünki qurulacaq "yaşıl enerji" stansiyaları bu gün elektrik enerjisinin istehsalında istifadə olunan qaza qənaət etməyə imkan verəcək. Bir sözlə, bütün bu addımlar qaz təchizatımızı minimum 10 milyard kubmetrə qədər artırmaq potensialımızı formalaşdırır.
"Yəni bu, ən kiçik minimumu təşkil edir. Nəqletmə infrastrukturu olan "Cənub qaz dəhlizi"nin buraxma qabiliyyəti tam dolub, əlavə yer yoxdur, o genişləndirilməlidir. Lakin yenə sual yaranır: necə? Kredit vəsaitləri və korporativ vəsaitlər hesabına. Burada biz belə bir nöqtəyə gəlib çıxırıq: Avropa İnvestisiya Bankı faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini tam dayandırıb. Bu, strategiyadır və hamımız bilirik ki, həmin bank Avropa Komissiyasına tam inteqrasiya olunub. Özünün faydalı qazıntı səhifəsini rəsmən tam bağlamasa da, Avropa Yenidənqurma və İnkişaf Bankı həmin sahə üçün çox kiçik hissə saxlayır. Bu ilin yanvarında Davosda bu bankın prezidenti ilə söhbət zamanı mən həmin məsələni qaldırdım. Mən bir neçə gün əvvəl, Almaniya Prezidentinin səfəri zamanı da bu məsələni qaldırdım, çünki Avropanın aparıcı ölkəsi kimi Almaniya həmin siyasətə təsir etmək üçün bir çox vasitələrə malikdir", - deyə Prezidentimiz bildirmişdir.
Dövlətimizin başçısı "Cənub Qaz Dəhlizi " və "Yaşıl Enerji" məşvərət şuralarının aprelin 4-də Bakıda keçirilən iclaslarında da bu məsələni açıq qeyd etmişdi. Məsələ Avropanın enerji komissarı ilə görüş zamanı da qaldırılmışdı. Çünki bu, birnömrəli məsələdir və faydalı qazıntıya tətbiq edilən embarqo aradan qaldırılmalıdır.
İkinci mühüm meyar isə uzunmüddətli müqavilələrdir ki, Prezident İlham Əliyev bununla bağlı demişdir: "Avropa İttifaqı bir tərəfdən bəyan edir ki, 2050-ci ildə onlar karbon baxımından neytral olacaq, digər tərəfdən isə məndən sərmayə qoymağı və daha çox qaz hasil etməyi xahiş edir. Beləliklə, həmin qaz nə vaxt və haraya nəql olunacaq? Əgər qazı bizdən əldə etməsəniz, onda mən niyə sərmayə yatırmalıyam və ya nəyə görə sizin bazarınıza əsas bazar kimi baxmalıyam? Bəli, qanunvericilik, qaydalar, prosedurlar, qarşılıqlı bağlantılar və bütövlükdə qiymət baxımından Avropa İttifaqının bazarı premium hesab edilir. Lakin başqa bazarlara nəzər salsaq, qonşuluğumuzda Azərbaycan qazına tələbat var. Biz təkcə Qərbə deyil, həmçinin Şərqə və Cənuba baxa bilərik. Beləliklə, bu, Azərbaycanın qaz sənayesinin gələcək inkişafı, Avropanın enerji təhlükəsizliyi üçün vacibdir".
Avropanın ehtiyacı isə hamıya məlumdur. "Yaşıl enerji"yə böyük sərmayələrin yatırılmasına baxmayaraq, Avropa İttifaqında yenə də elektrik enerjisi çatışmır. Bu baxımdan hazırda Azərbaycandan Qara dənizin dibi ilə Rumıniyaya çəkiləcək "yaşıl enerji" kabeli önəm daşıyır. Başlanğıcda gücü dörd qiqavat olacaq. Təxminən altı ay bundan əvvəl Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə gedəcək "yaşıl enerji" kabelinə dair mühüm bir müqavilə də imzalandı. Beləliklə, bu müqavilə Mərkəzi Asiyanın artıq mövcud olan və bəzilərinin üzərində iş gedən geniş enerji resurslarını Azərbaycanın geniş enerji resurslarına əlavə edəcək, enerji təhlükəsizliyi ilə bağlı Avropa ölkələrinə dəstək olacaq. Prezidentimiz bu barədə də fikirlərini demişdir: "Beləliklə, Avropa Komissiyasında əyləşənlər gözlərindən eynəyi çıxarsınlar və dünyaya realist nöqteyi-nəzərdən baxsınlar, Azərbaycan kimi ölkələri dəyərləndirsinlər və Qafqazı sevdikləri ilə sevmədiklərinə bölməyə cəhd etməsinlər, yaxşı tərəfdaş kimi davransınlar. Biz buna hazırıq".
Xorvatiyalı nümayəndənin sualını cavablandırarkən dövlətimizin başçısı bildirdi ki, Albaniyanın Korça şəhərində qazlaşdırma layihəsi Azərbaycanın sərmayələri sayəsində həyata keçiriləcək. Bu sahədə də ölkəmizin təcrübəsi böyükdür. Məsələn, Gürcüstanın qazlaşdırılmasına böyük sərmayələr yatırmışıq və indi orada qazlaşdırmanın səviyyəsi təxminən 80 faiz təşkil edir. Ondan əvvəl isə cəmi 30 faiz idi.
"Hazırda Bolqarıstanda qazlaşdırma layihəsini müzakirə edirik. Əslində, həmin ölkədə qazlaşdırma var, lakin məhduddur. Bu gün Bolqarıstan öz qaz istehlakının təxminən 50 faizini Azərbaycandan təmin edir və biz digər ölkələrdə də eyni addımı atmağa hazırıq. Yeri gəlmişkən, Xorvatiyaya gəldikdə, işimiz yalnız qazlaşdırmanın və ya qaz təchizatının müzakirəsi ilə məhdudlaşmır. Energetikaya aid digər məsələlər də var", - deyə Prezident İlham Əliyev qarşıda dayanan işlər haqqında da məlumat vermişdir.
Flora SADIQLI,
"Azərbaycan"