15 May 2026 08:10
1617
SİYASƏT
A- A+
Azərbaycanın başlatdığı sülh prosesi

Azərbaycanın başlatdığı sülh prosesi


Bu, bütün region üçün yüksək rifah və güclü əməkdaşlıq deməkdir


"Bu gün biz sülh şəraitində yaşayırıq və sülhün müəllifi də bizik. Biz istəməsəydik, sülh olmayacaqdı..." 

Prezident İlham Əliyevin cari il mayın 10-da Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə səsləndirdiyi bu fikirlər, əslində, Cənubi Qafqazın bugünkü siyasi mənzərəsinin ən dəqiq və qətiyyətli xülasəsidir.

Məhz ölkəmizin keçdiyi tarixi yol, xüsusilə son illərdə qazanılan hərbi-siyasi qələbələr sübut edir ki, bölgədə davamlı sülh kənardan gələn diktələrlə deyil, məhz Azərbaycanın iradəsi və gücü ilə formalaşıb. Bu güc faktoru Cənubi Qafqazı kənar müdaxilələrin poliqonundan çıxararaq, onu Azərbaycanın liderliyi ilə yeni bir inkişaf mərhələsinə daşıyıb.


200 illik status-kvonun sonu


Ötən müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən və məqsədyönlü siyasət ərazilərimizin işğaldan qurtulmasını təmin etdi. Eyni zamanda Cənubi Qafqazda son 200 ildə hökm sürən, ədalətsizliyə əsaslanan status-kvonun üstündən xətt çəkilməsi ilə nəticələndi. Ulu Öndər Heydər Əliyevə qarşı sovet dövründə başlayan təqiblərdən istifadə edərək yaradılan Qarabağ hərəkatı və onun arxasında duran şovinist qüvvələr, köçəryanlar, sarkisyanlar kimi cinayətkar ünsürlər tarix səhnəsindən silindilər.  Məhz 2020-ci ilin Zəfəri və 2023-cü ilin antiterror tədbirləri ilə Azərbaycan separatizmin kitabını bağladı, "boz zona"ları ləğv etdi. Bu, regionun nəfəs alması üçün atılmış ən böyük addım idi. Azərbaycanın tarixi qələbəsinin miqyası hələ də cəmiyyətimiz və dünya tərəfindən tam dərindən dərk olunma mərhələsindədir.

Prezident İlham Əliyevin Zəngilanda ilk yaşayış kompleksinə köçən sakinlərlə görüşü zamanı verdiyi mesajlar bir daha Azərbaycanın qətiyyətli siyasətini ortaya qoyur: "Biz istəsəydik, istənilən hərbi əməliyyatı istənilən yerdə keçirə bilərdik. Bunu Ermənistan rəhbərliyi də bilir, onun arxasında duranlar da bilirlər. Nə qədər onun arxasında dururlar dursunlar, bilirlər ki, bizim gücümüzə qarşı onların heç bir şansı yoxdur, onlar acizdirlər".

Bütün bunlar da təsdiq edir ki, bölgədə sülhün bərqərar olması kənar güclərin deyil, məhz Azərbaycanın hərbi və diplomatik rəşadətinin nəticəsidir.

Bu gün Azərbaycan və Ermənistan arasında birbaşa dialoq kanalları işləyir. Ötən ilin avqustunda Vaşinqtonda sülh sammitində əldə olunan tarixi nailiyyətlər, iki ölkə arasında Birgə Bəyannamənin imzalanması və sülh sazişinin mətninin paraflanması həm də onu göstərir ki, kənar vasitəçilərə ehtiyac yoxdur. 


Şou xarakterli missiyalar 


Sülh prosesinin Cənubi Qafqazın daxili iradəsi ilə irəlilədiyi bir vaxtda, kənar güclərin bölgəyə müdaxilə cəhdləri yalnız gərginliyi artırır. Bu mənada Ermənistandakı Avropa İttifaqı missiyası bu gün "səlibçi təfəkkürün" və neokolonial siyasətin davamı kimi çıxış edir.

Aydın görünür ki, bu missiyanın əsas dəstəkləyicisi olan Fransa, regionda sülhə töhfə vermək deyil, Ermənistan vasitəsilə öz hərbi-siyasi maraqlarını təmin etmək niyyətindədir. Faktiki olaraq bölgədə hərbi vəziyyət olmadığı halda avropalı "müşahidəçi"lərin sərhəddə peyda olması sadəcə imitasiyadır. 

Xatırladaq ki, Avropa İttifaqının Ermənistandakı missiyası Aİ Şurasının 2023-cü il 20 fevral tarixli qərarı ilə fəaliyyətə başlayıb. 2025-ci ilin yanvarında Aİ Şurası missiyanın mandatını 2027-ci il fevralın 19-na qədər uzatmaq barədə qərar qəbul edib. Bu il aprelin 21-də isə Aİ ölkələrinin səfirləri Brüsseldə Ermənistana yeni mülki missiyanın göndərilməsi barədə qərar qəbul ediblər.

Avropa İttifaqının regionda bu addımları sülhə töhfə vermir, əksinə, gərginliyi artırır və normallaşmanın irəliləməsinə mane olur. 

Prezident İlham Əliyev çıxışında məhz bu məqama xüsusi vurğu edib: "...Ermənistanın müstəqilliyini onun əlindən almaq niyyətimiz yox idi. Bu gün hələ də Azərbaycan-Ermənistan sərhədində Avropanın dırnaqarası müşahidəçiləri guya ki, keşik çəkirlər. Mən o vaxt da demişəm, biz bir dənə güllə atsaq, onların dabanları parlayacaq, heç izi-tozu da qalmayacaq orada. Amma özlərini belə göstərirlər, guya ki, onlar Ermənistanı bizdən qoruyurlar. Bizdən Ermənistanı qorumaq lazım deyil. Biz istədiyimizə nail olmuşuq".

Aİ-nin ikilistandartlı davranışları təbii ki, Azərbaycanla əməkdaşlığa kölgə salır. İşğala məruz qalan Ermənistan yox, Azərbaycan olub. Ancaq Aİ sərhədə qüvvələr göndərməklə, sanki Ermənistana təhdid var görüntüsü yaratmağa çalışır. Reallıqda isə məhz Azərbaycanın sülh liderliyi sayəsində Ermənistan özünü saldığı dalan vəziyyətindən qurtulub. Bu gün Azərbaycan üzərindən Ermənistana taxıl, gübrə gedir. Ölkəmizin neft məhsulları bura ixrac olunur. Bütün bunlar da bir daha Aİ missiyasının saxta şou yaratmaq vəzifəsi güddüyünü ortaya qoyur. 

Bakı sülh prosesinə sadiqdir. Ötən il Əbu-Dabidə və Vaşinqtonda keçirilən görüşlər, paraflanmış sülh sazişi bu sadiqliyin təsdiqidir. Yeri gəlmişkən bildirək ki, paraflanmış sülh sazişinin VII maddəsində də deyilir ki, tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər. Buna görə də Aİ missiyasının fəaliyyətini dayandırması zəruridir. 

Bununla belə, Azərbaycan hər zaman ayıq-sayıqdır. Ermənistanın siyasi müstəvisində nifrətlə yaşayan revanşist dairələr hakimiyyətə can atarsa və ölkəmizə qarşı yeni təxribatlar törədilərsə, Azərbaycanın cavabı 2020-ci ildə olduğu kimi, sarsıdıcı olacaq.

Prezident İlham Əliyevin Zəngilandan bəyan etdiyi kimi: "Özünü Ermənistandakı bu tədbirdə yenə də yalançı qəhrəman kimi göstərmək ki, guya onlar Azərbaycanın qabağını alıblar, yoxsa bu aqressiv, təcavüzkar Azərbaycan Ermənistanı məhv edəcəkdi, hamısı cəfəngiyyatdır. Bizim belə niyyətimiz olmayıb, yoxdur və olmayacaq, əgər bizə qarşı yenidən təxribat törədilməsə. Ancaq biz bilirik ki, Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayan kifayət qədər dairələr var və onlar hakimiyyətə gəlsə, bax o zaman Ermənistan xalqının başı dərddə olacaq". 

 Ərazi bütövlüyünü və suverenliyini hərbi güclə təmin edən Azərbaycan bu gün danışıq masasında qətiyyətli və ləyaqətli siyasət yürüdür. Sözü ilə əməli arasındakı birlik ölkəmizin beynəlxalq nüfuzunu birə-on artırıb. İndi Azərbaycan təkcə enerji və nəqliyyat qovşağı deyil, həm də Cənubi Qafqazın taleyini müəyyən edən, sülhü qoruyan və diktə edən tərəf kimi dünyada adından söz etdirir. 

Bir sözlə, Fransanın qərəzli ssenarisi əsasında formalaşdırılmış Aİ missiyası kimi kənar qüvvələr bu bölgədən nə qədər uzaq dursalar, Cənubi Qafqaz bir o qədər rahat nəfəs alacaq və dayanıqlı sülhə daha tez nail olunacaq. 


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DÇ-2026: Seneqal İraqı darmadağın edib

02:21
27 İyun

Futbol üzrə dünya çempionatı: Fransa Norveçi məğlub edib

01:44
27 İyun

Silahı Qüvvələr Günü Azərbaycan və Türkiyə hərbi orkestrlərinin bayram konserti ilə qeyd olunub

22:53
26 İyun

Zelenski: Ukrayna Rusiyaya müharibənin sona çatması ilə bağlı təkliflər verib

22:17
26 İyun

Vitse-qubernator: Qarabağda uşaq bağçasının tikintisi Azərbaycanla dostluğun rəmzidir  

21:57
26 İyun

Zelenski: Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb

21:46
26 İyun

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

21:30
26 İyun

Tramp: İranın dron hücumu atəşkəs sazişinin pozulmasıdır

20:41
26 İyun

Peskov Rusiyanın ABŞ-nin gələcək vasitəçilik səylərinə açıq olduğunu bildirib  

19:37
26 İyun

Bakı AQEM Gənclər Şurasının 9-cu iclasına ev sahibliyi edib

19:17
26 İyun

Venesuelada baş verən zəlzələnin qurbanlarının sayı artır

18:26
26 İyun

Hərbi qulluqçuların sağlamlığı daim diqqət mərkəzindədir  

17:47
26 İyun

MDB İqtisadi Şurası 2030-cu ilədək əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib

17:33
26 İyun

Azərbaycan-İtaliya strateji tərəfdaşlıq münasibətlərinin vəziyyəti müzakirə olunub

16:57
26 İyun

Ukrayna və Rusiya arasında əsirlərin mübadiləsi baş tutub

16:53
26 İyun

Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr təqdim edilib

16:34
26 İyun

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət edib  

16:08
26 İyun

Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin gücünün və müstəqilliyimizin etibarlı təminatçısıdır

15:48
26 İyun

Silahlı Qüvvələr Günü Bərdədə hərbçilərin yürüşü ilə qeyd edilib

15:47
26 İyun

Həştərxan vilayətinin nümayəndə heyəti Qubadlıda tikilən uşaq bağçasında görülən işlərlə tanış olub

15:41
26 İyun

Türkiyə hökuməti və iqtidar partiyası Azərbaycan Silahlı Qüvvələrini təbrik edib

15:28
26 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!