24 İyun 2026 08:10
186
SİYASƏT
A- A+
Qlobal qarşıdurmalar fonunda sabit və yüksələn Azərbaycan

Qlobal qarşıdurmalar fonunda sabit və yüksələn Azərbaycan


XXI əsrin üçüncü onilliyi, şübhəsiz ki, dünyanın ən mürəkkəb və gərgin dövrlərindən biri kimi tarixə düşəcək. Bu mərhələ həm də beynəlxalq münasibətlər sistemində dərin transformasiyalar dövrü kimi xarakterizə olunur. Əgər ötən əsrin sonlarında qloballaşmanın genişlənməsi, iqtisadi inteqrasiya və beynəlxalq əməkdaşlığın güclənməsi dünya siyasətinin əsas tendensiyası hesab olunurdusa, bu gün tamamilə fərqli mənzərənin şahidiyik. 

Geosiyasi rəqabətin kəskinləşməsi, regional münaqişələrin genişlənməsi, enerji və ərzaq təhlükəsizliyi problemləri, iqlim dəyişiklikləri, kibertəhlükələr və qlobal iqtisadi qeyri-müəyyənlik beynəlxalq münasibətlərin gündəliyini müəyyən edən əsas amillərə çevrilib. Başqa sözlə, dünya yeni güc balansının formalaşdığı mürəkkəb mərhələyə daxil olub. Ənənəvi siyasi və iqtisadi mərkəzlər arasında rəqabət getdikcə dərinləşir, beynəlxalq təşkilatların effektivliyi ilə bağlı suallar artır, beynəlxalq hüququn tətbiqində ikili yanaşmalar daha açıq hiss olunur. Dövlətlər təkcə hərbi potensialını deyil, diplomatik çevikliyini, iqtisadi dayanıqlığını, enerji və logistika imkanlarını da milli gücün əsas elementləri kimi qiymətləndirirlər.

Belə mürəkkəb şəraitdə Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi xüsusi diqqət çəkir. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin uğurları sayəsində son illər ölkənin qlobal və regional proseslərdə oynadığı rol genişlənmiş, ölkəmiz beynəlxalq əməkdaşlığın etibarlı tərəfdaşı, enerji təhlükəsizliyinin mühüm iştirakçısı, Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biri və müxtəlif siyasi platformalarda dialoq təşəbbüslərinin müəllifi kimi tanınmağa başlamışdır.

Bu uğurlar təsadüfi deyil, onların əsasında cənab İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi düşünülmüş dövlət siyasəti, milli maraqlara əsaslanan xarici siyasət strategiyası, iqtisadi dayanıqlığın gücləndirilməsi, beynəlxalq öhdəliklərə sadiqlik və praqmatik diplomatiya durur. Bu gün Azərbaycanın beynəlxalq nüfuzu artıq yalnız Cənubi Qafqaz kontekstində deyil, Avrasiya məkanının geosiyasi inkişafında mühüm faktor kimi qiymətləndirilir.


Yeni dünya nizamı və Azərbaycan diplomatiyası


Hazırda dünya siyasətinin əsas xüsusiyyəti müəyyənsizlikdir. Rusiya-Ukrayna müharibəsi Avropada təhlükəsizlik sistemini kökündən dəyişib. Yaxın Şərqdə uzun müddət davam etmiş silahlı qarşıdurmalar regionun siyasi xəritəsinə ciddi təsir göstərib. ABŞ və Çin arasında aparılan strateji rəqabət texnologiya, ticarət və təhlükəsizlik sahələrində yeni qarşıdurma mühiti yaradıb. Afrika və Latın Amerikasında siyasi sabitsizlik problemləri, enerji bazarlarında dalğalanmalar, qlobal inflyasiya və logistika zəncirlərinin pozulması dünya iqtisadiyyatına ciddi təsir edir. 

Belə şəraitdə dövlətlər üçün əsas vəzifə təhlükəsizliyi təmin etməklə bərabər, həm də dəyişən geosiyasi mühitə uyğunlaşmaqdır. Məhz buna görə müasir dövrdə dövlətin gücü hərbi potensialı ilə yanaşı, diplomatik nüfuzu, iqtisadi dayanıqlığı, enerji və nəqliyyat imkanları, beynəlxalq etibarlığı və qlobal proseslərə təsir bacarığı ilə müəyyənləşir. Azərbaycan da son illər məhz bu istiqamətlər üzrə əhəmiyyətli üstünlüklər formalaşdırmağa nail olub. 

Azərbaycanın beynəlxalq nüfuzunun əsasını təşkil edən amillərdən biri müstəqil xarici siyasət kursudur. Ümummilli Lider Heydər Əliyevin müstəqilliyimizin ilk illərindən başlayaraq formalaşdırdığı bu siyasət sonrakı dövrdə də sistemli davam etdi. Bu, ölkəyə fərqli siyasi və iqtisadi platformalarla əməkdaşlıq etməyə, eyni zamanda milli maraqları prioritetdə saxlamağa imkan verir. Belə siyasət beynəlxalq münasibətlərdə çeviklik yaradır və ölkənin manevr imkanlarını artırır.

Məlumdur ki, müasir beynəlxalq münasibətlərdə balanslı siyasət aparmaq heç də asan deyil. Qlobal qarşıdurmaların dərinləşdiyi bir vaxtda müxtəlif güc mərkəzləri ilə eyni zamanda əməkdaşlıq qurmaq çox böyük diplomatik məharət tələb edir. Azərbaycanın son illər qazandığı nüfuz isə məhz bu praqmatik siyasətin nəticəsi kimi qiymətləndirilə bilər.


Tarixi Zəfərin yüksəltdiyi nüfuz 


2020-ci ildə qazandığımız tarixi Zəfərimizin hərbi-siyasi nəticələri, regionda yaratdığı yeni reallıqlar Azərbaycanın beynəlxalq mövqeyinə də mühüm təsir göstərdi. Ərazi bütövlüyümüz bərpa olundu, ölkəmizin suverenliyi tam təmin edildi. Bu Zəfər təkcə regionun geosiyasi mənzərəsini dəyişmədi, eyni zamanda Azərbaycanın dövlət institutlarının gücünü, iqtisadi potensialını, hərbi hazırlığını və siyasi iradəsini nümayiş etdirdi. Sonrakı mərhələdə azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma proqramlarının həyata keçirilməsi, müasir şəhərsalma konsepsiyalarının tətbiqi, "ağıllı şəhər" və "ağıllı kənd" layihələrinin reallaşdırılması ölkənin inkişaf modelinin yeni mərhələsini formalaşdırdı.

Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsində ölkəmizin böyük bir coğrafiyada enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri olması da mühüm rol oynayır. Məlumdur ki, dünyada enerji təhlükəsizliyi məsələsi son illərdə heç vaxt olmadığı qədər aktuallaşıb. Rusiya enerji daşıyıcılarından imtina Avropada etibarlı enerji təchizatçılarına tələbatı artırıb. Azərbaycan isə uzun illər ərzində formalaşdırdığı enerji strategiyası sayəsində bu sahədə mühüm tərəfdaş statusu qazanıb. Ölkəmizin əsas tərəf kimi iştirak etdiyi "Cənub qaz dəhlizi" artıq yalnız iqtisadi layihə olmaqla məhdudlaşmayıb Avropanın enerji təhlükəsizliyinin mühüm elementlərindən birinə çevrilib. Azərbaycan qazının yeni bazarlara çıxarılması, enerji əməkdaşlığının genişləndirilməsi və uzunmüddətli müqavilələrin imzalanması ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirir. 

Amma Azərbaycanın enerji siyasəti artıq yalnız neft və qaz ixracı ilə  çərçivələnmir. Ölkəmiz "yaşıl enerji" sahəsində də mühüm layihələr həyata keçirir. Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" zonası elan olunması, Xəzər dənizində külək enerjisi layihələri, bərpa olunan enerji istehsalının artırılması Azərbaycanın gələcək enerji strategiyasının əsas istiqamətlərini müəyyənləşdirir.


Azərbaycanın geosiyasi üstünlüyü və qlobal tədbirlərə evsahibliyi


Dünya iqtisadiyyatında logistika ən böyük strateji üstünlüklərdəndir. Son illər Şərqlə Qərb arasında yükdaşımaların marşrutları dəyişir. Bu dəyişikliklər fonunda Orta dəhlizin əhəmiyyəti xeyli dərəcədə artıb. Azərbaycan isə bu marşrutun əsas iştirakçılarındandır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, müasir avtomobil yolları və rəqəmsal logistika infrastrukturu ölkəmizi Avrasiyanın nəqliyyat qovşaqlarından birinə çevirib. Bu isə Azərbaycanın yalnız tranzit ölkəsi deyil, həm də regional iqtisadi inteqrasiyanın aparıcı iştirakçılarından biri olduğunu göstərir.

Azərbaycan həm də beynəlxalq dialoq məkanıdır. Son illər Bakıda keçirilən beynəlxalq tədbirlərin sayı və miqyası əhəmiyyətli dərəcədə artıb. Paytaxtda ardıcıl olaraq enerji forumları, qlobal humanitar tədbirlər, müxtəlif zirvə görüşləri, COP29, WUF13, İslam İnkişaf Bankı Qrupunun illik toplantıları və s. bu kimi qlobal tədbirlər keçirilir. Bu tədbirlər dövlətimizin beynəlxalq etimad qazandığını göstərən mühüm göstəricilərdir. Müxtəlif siyasi sistemlərə malik ölkələrin Bakıda eyni masa arxasında əyləşməsi Azərbaycanın dialoq platforması kimi qəbul edilməsinin göstəricisidir.

Müasir beynəlxalq münasibətlərdə etimad ən qiymətli siyasi kapital hesab olunur. Azərbaycan məhz bu kapitalı formalaşdırmağa nail olub. Eyni zamanda nəzərə almalıyıq  ki, çağdaş dünyamızda dövlətlərin beynəlxalq nüfuzu yalnız iqtisadi və hərbi güclə müəyyən edilmir. Mədəniyyət, təhsil, idman, humanitar əməkdaşlıq, multikulturalizm, dinlərarası dialoq və s. kimi amillər dövlətin yumşaq gücünü formalaşdırır. Azərbaycan uzun illərdir müxtəlif beynəlxalq humanitar təşəbbüslərlə çıxış edir, bu istiqamətlərdə genişmiqyaslı layihələrə dəstək olur. 2008-ci ildən start götürmüş "Bakı Prosesi", beynəlxalq mədəniyyətlərarası dialoq forumları və müxtəlif humanitar tədbirlər ölkənin yumşaq güc elementlərini gücləndirir.


Dünyaya təqdim olunan inkişaf modeli


Qarşıdurmaların artması müasir dünyanın ən böyük problemlərindəndir. Azərbaycan isə əməkdaşlıq modelini ön plana çıxarır. Bura enerji əməkdaşlığı, nəqliyyat inteqrasiyası, regional iqtisadi əlaqələrin genişləndirilməsi, iqlim gündəliyində fəallıq, humanitar dialoq və s. məsələlər aiddir. Bu model göstərir ki, geosiyasi rəqabətin artdığı dövrdə belə qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq mümkündür. 

Qlobal proseslərin gedişi göstərir ki, beynəlxalq münasibətlər sistemi qarşıdakı illərdə daha da dəyişəcək. Yeni texnologiyalar, süni intellekt, rəqəmsal iqtisadiyyat, "yaşıl enerji" və nəqliyyat marşrutları dövlətlərin strateji əhəmiyyətini yenidən müəyyən edəcək. Azərbaycan artıq bu proseslərdə passiv müşahidəçi deyil, enerji keçidində fəal iştirakı, rəqəmsal transformasiyanı sürətləndirməsi, nəqliyyat layihələrini genişləndirməsi, investisiya mühitini yaxşılaşdırması, beynəlxalq əməkdaşlığı dərinləşdirməsi ilə prosesin aparıcı tərəflərindəndir. Bütün bunlar Azərbaycanın gələcək onilliklərdə də regionun aparıcı dövlətlərindən biri kimi mövqeyini möhkəmləndirəcək.

Tarix də göstərir ki, dövlətlərin həqiqi gücü yalnız onların hərbi arsenalı ilə ölçülmür. Əsl güc milli birliyi qorumaq, iqtisadi dayanıqlıq yaratmaq, etibarlı tərəfdaş kimi tanınmaq, dəyişən beynəlxalq mühitə çevik uyğunlaşmaq və milli maraqları ardıcıl müdafiə etmək bacarığında ifadə olunur.

Azərbaycan son illər məhz bu istiqamətlərdə mühüm nəticələr əldə edib. Müstəqil xarici siyasət, enerji və nəqliyyat diplomatiyası, beynəlxalq tədbirlərə uğurla evsahibliyi, humanitar təşəbbüslər və regional əməkdaşlıq siyasəti ölkənin beynəlxalq çəkisini əhəmiyyətli dərəcədə artırıb.

Qlobal qarşıdurmaların dərinləşdiyi, beynəlxalq münasibətlər sisteminin yenidən formalaşdığı bir dövrdə Azərbaycanın qarşısında duran əsas vəzifə əldə olunmuş bu mövqeyi qorumaq, onu yeni iqtisadi, texnoloji və diplomatik imkanlarla daha da möhkəmləndirməkdir. Çünki müasir dünyanın ən böyük üstünlüyü yalnız güclü olmaq deyil, həm də etibarlı, proqnozlaşdırıla bilən və məsuliyyətli tərəfdaş kimi qəbul olunmaqdır. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın son illər keçdiyi inkişaf yolu ilə bu məqsədə doğru ardıcıl addımlar atılır və ölkəmiz yeni geosiyasi reallıqlar şəraitində öz mövqeyini gücləndirməyə davam edir.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hörmüz boğazının açılması Avropanı yüksək enerji qiymətlərindən xilas edəcəkmi?

08:45
24 İyun

Dünya yeni geosiyasi reallığın astanasındadır

08:43
24 İyun

Zəngin ənənə və güclü istehsal potensialı

08:40
24 İyun

"İmzalanan sənədlər Azərbaycan-Türkmənistan əlaqələrini yeni səviyyəyə qaldırır"

08:35
24 İyun

Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığı Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının inkişafında mühüm rol oynayır

08:30
24 İyun

Azərbaycan-İİB əməkdaşlığı yeni layihələrlə inkişaf edir

08:25
24 İyun

Dövlət proqramı qarşıdakı 5 il üçün yeni imkanlar açır

08:20
24 İyun

Azərbaycan aqrar sektoru intensiv inkişaf modelinə keçir

08:15
24 İyun

Qlobal qarşıdurmalar fonunda sabit və yüksələn Azərbaycan

08:10
24 İyun

Müasir Azərbaycan tarixinin daha bir əlamətdar səhifəsi

08:05
24 İyun

Strateji hədəflər və perspektivli gələcək 

08:00
24 İyun

Dövlət qulluqçularının təltif edilməsi haqqında

01:50
24 İyun

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:49
24 İyun

Ronaldu dubl edib, Portuqaliya qələbəyə sevinib

23:07
23 İyun

Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin 2027-2031-ci illər üzrə üzvlüyünə seçilib  

22:21
23 İyun

Prezident İlham Əliyevin sosial media hesablarında Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO  

22:18
23 İyun

Rəcəb Tayyib Ərdoğan: NATO çərçivəsində Avropa müttəfiqlərimizdən daha böyük məsuliyyət gözləyirik  

21:34
23 İyun

Nazir müavini: Mil-Muğanda pambıq və taxıl istehsalında məhsuldarlığın artırılması prioritetdir 

21:02
23 İyun

Türkiyə Parlamentinin sədri Numan Kurtulmuş TÜRKPA Beynəlxalq Katibliyində olub

20:57
23 İyun

Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib

20:46
23 İyun

Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb

20:35
23 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!