Süni intellekt əsaslı çatbotlar sağlamlıqları ilə bağlı məlumat axtaran insanlar üçün getdikcə daha populyar vasitələrə çevrilir. Lakin bununla yanaşı, həmin sistemlərin yanlış, hətta zərərli məlumatlar təqdim edə biləcəyinə dair xəbərlər də tez-tez gündəmə gəlir.
"Apple" şirkəti yeni bir yanaşma təqdim edərək, "Apple Health AI Usage Study" adlı tətbiqi istifadəyə verdiyini elan edib. Şirkətin bildirdiyinə görə, bu tətbiq sağlamlıqla bağlı sualları yalnız etibarlı tibbi araşdırmalara, həmçinin icazə verildiyi halda sizin sağlamlıq göstəricilərinizə və qeydlərinizə əsaslanaraq cavablandıracaq.
Tədqiqat istifadəçilərin etibarını, məlumatın nə dərəcədə yaxşı başa düşüldüyünü, məlumatın nə dərəcədə faydalı olduğunu və xəstələrin həkimləri ilə qarşılıqlı əlaqədə olmasına nə dərəcədə kömək etdiyini qiymətləndirməyə ümid edir.
"Məsuliyyətli, asan başa düşülən və ənənəvi müalicədə kiməsə kömək edə biləcək qarşılıqlı əlaqələr yaratmaq vacibdir", – deyə “Apple” şirkətinin Sağlamlıq və Fitnes üzrə vitse-prezidenti Dr.Sumbul Desai bildirib: “İnsanlar aydın, tibbi əsaslı məlumatlara çıxış əldə etdikdə, həkim qəbullarına daha hazırlıqlı, məlumatlı və özünəinamlı şəkildə gələ bilərlər. Bu təcrübələri diqqətlə öyrənmək, süni intellektin daha yaxşı müalicə üçün maneə deyil, körpü rolunu oynamasını təmin etmək üçün vacibdir".
İstifadəçilər tədqiqat tətbiqinə gündəlik sağlamlıqla bağlı suallar verə və məsləhətlərin mənbəyini göstərən, elmi ekspertizadan keçmiş klinik istinadlarla tanış ola biləcəklər.
“Apple” həkimlər tərəfindən istifadə olunan və digər süni intellekt platformaları üçün əlçatan olmayan tibbi jurnallar kimi mənbələr əsasında təlimatlandırılmış "OpenEvidence" adlı süni intellekt aləti ilə əməkdaşlıq edir. Hazırda "OpenEvidence" sisteminə tam çıxış yalnız səhiyyə mütəxəssisləri üçün nəzərdə tutulub və sistem cavabları onların alışdığı dildə təqdim edir.
“Apple” bildirir ki, onlar bu tədqiqat materiallarını asan başa düşülən cavablara çevirmək üçün öz texnologiyalarından istifadə edirlər.
"Nature Medicine" jurnalında dərc olunmuş, Oksford Universitetinin 2026-cı ilin tədqiqatına əsasən, süni intellekt əsaslı çatbotlar klinik hallarda sınaqdan keçirilərkən tibbi vəziyyətləri təxminən 95% hallarda düzgün müəyyən edirlər. Bunun əksinə olaraq, adi istifadəçilər mürəkkəb təlimatları anlamağa çalışarkən 35%-dən az hallarda düzgün nəticəyə gələ bilirlər. Buna baxmayaraq, "Pew Research Center"in məlumatına görə, böyüklərin 35%-i, 30 yaşdan aşağı olanların isə təxminən yarısı artıq süni intellekt çatbotlarından istifadə edir.
Şirkət vurğulayır ki, bu tətbiq canlı tibbi monitorinq xidməti göstərmir və tibb mütəxəssisini əvəz etmir. Tətbiqdən istifadə zamanı bunu açıq şəkildə bildirir.
Qeyd olunub ki, tətbiq iOS 26 və ya daha sonrakı versiyada işləyən “Apple Intelligence” dəstəkli iPhone (iPhone 15 Pro və ya daha sonrakı) olan 21 yaş və yuxarı ABŞ yetkinlik yaşına çatanlar üçün açıqdır.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”