Müstəqil tədqiqat qrupu “Climate Action Tracker”in (CAT) hesablamalarına əsasən, iqlimlə bağlı hazırkı vəziyyət dəyişməsə, əsrin sonunadək dünyada temperatur sənayeləşmədən əvvəlki həddən 2,7 dərəcə yuxarı qalxacaq. Bunun əsas səbəbi dövlətlərin atmosferə atılan zərərli qazları azaltmaq üçün lazımi addımları ləngitməsidir. Qeyd edək ki, “Climate Action Tracker” proqnozlarını hazırlayarkən qlobal emissiyaların təxminən 85 faizini təşkil edən 40-dan çox ölkənin və Avropa İttifaqının iqlim siyasətini təhlil edir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, qlobal istixana qazı emissiyalarının böyük hissəsi bir neçə aparıcı ölkənin payına düşür.
Mövcud proqnoz Paris Sazişində qarşıya qoyulan 1,5 dərəcəlik həddən xeyli yüksəkdir. 2015-ci ildə imzalanmış Paris Sazişinə əsasən, ölkələr qlobal istiləşməni 2 dərəcədən aşağı saxlamaq və 1,5 dərəcə həddində məhdudlaşdırmaq öhdəliyi götürüblər. Mütəxəssislərin fikrincə, temperaturun bu qədər artması güclü fırtınalar, quraqlıq, daşqınlar və istilər kimi təbiət fəlakətlərini daha da şiddətləndirəcək. BMT-nin İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun hesablamalarına əsasən, qlobal istiləşmə 1,5 dərəcə səviyyəsində saxlanılarsa, təxminən 3,3-3,6 milyard insanın iqlim dəyişikliyinin yüksək risklərinə məruz qalması davam edəcək, lakin 2 dərəcə və daha yüksək artım zamanı mərcan riflərinin 99 faizinin məhv olması və dəniz səviyyəsinin daha sürətlə qalxması qaçılmaz olacaq. Ümumdünya Meteorologiya Təşkilatının və BMT-nin İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun məlumatlarına görə, Yer kürəsində orta temperatur artıq sənayeləşmə öncəsi səviyyədən təxminən 1,2-1,4 dərəcə yüksəlib. Eyni zamanda, Ümumdünya Meteorologiya Təşkilatı son 10 ilin müşahidələr tarixində ən isti dövr kimi qeydə alındığını və okeanların həddindən artıq istiləşməsinin buzlaqların əriməsini sürətləndirdiyini təsdiqləyir. Hətta dünya ölkələri verdiyi bütün iqlim vədlərinə əməl etsə belə, ən yaxşı halda əsrin sonuna qədər havanın 1,9 dərəcə isinəcəyi ehtimal olunur.
BMT-nin Baş katibi Antonio Quterreş dövlətləri neft, qaz və kömür kimi ənənəvi yanacaqlardan imtinanı sürətləndirməyə səsləyib. BMT-nin hesablamalarına əsasən, qalıq yanacaqlar qlobal istixana qazı emissiyalarının 75 faizindən çoxunu və bütün karbon qazı tullantılarının təxminən 90 faizini təşkil edir. 1,5 dərəcəlik hədəfə çatmaq üçün isə 2030-cu ilə qədər qlobal emissiyalar 2019-cu il səviyyəsi ilə müqayisədə 43 faiz azaldılmalıdır. Bununla yanaşı, BMT-nin Ətraf Mühit Proqramının “Emissiya Boşluğu” hesabatına əsasən, bu hədəfə nail olmaq üçün 2030-cu ilədək qlobal istixana qazı tullantıları hər il orta hesabla 7,5 faiz azaldılmalı, bərpaolunan enerji gücü isə üç dəfə artırılmalıdır. Hesabatı hazırlayan ekspertlər diqqətə çatdırırlar ki, temperaturun hətta cüzi artımı belə ağır fəsadlar törədə bilər və buna görə də zərərli tullantıların azaldılması üçün vaxt itirmədən hərəkətə keçmək lazımdır.
Təhminə VERDİYEVA,
“Azərbaycan”