Vadden dənizi UNESCO-nun təhlükədə olan Ümumdünya İrsi siyahısına düşməyə bir addım da yaxınlaşıb. Əraziyə çoxsaylı amillərin təsirləri ilə bağlı davam edən qeyri-müəyyənlik, həmçinin ekosistemdə gərginliyin artması və ekoloji deqradasiya əlamətləri səbəbindən BMT qurumunun 2027-ci ildə ərazinin mühafizə vəziyyətini qiymətləndirmək məqsədilə Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (IUCN) ilə birlikdə Vadden dənizinə yoxlama missiyası göndərəcəyi gözlənilir.
Danimarkadakı Fano adasından Niderlanddakı Texel adasına qədər uzanan bir sıra adaları əhatə edən Vadden dənizi milyonlarla quşun miqrasiya yolunda mühüm bir dayanacaq nöqtəsi olmaqla yanaşı, minlərlə dəniz canlısı və bitki növünə də ev sahibliyi edir. Bu ərazi, həmçinin üç ölkə boyunca, bir çox adada, eləcə də materik hissəsindəki şəhər və kəndlərdə yaşayan yüz minlərlə insana məskəndir.
Lakin mütəxəssislərin fikrincə, duz və qaz hasilatından tutmuş balıqçılıq, turizm və hətta hərbi təlimlərə qədər insan fəaliyyətləri Vadden dənizinə təzyiq göstərir.
Qeyd olunub ki, Vadden dənizi təhlükə altındakı ərazilər siyahısına daxil edilərsə, bu, Avropada belə vəziyyətdə olan çox azsaylı məkanlardan biri olacaq. Bu, hakimiyyət orqanları üçün böyük bir rüsvayçılıq, xüsusilə adalarda yaşayan və dolanışığını turizmdən təmin edən çoxsaylı sakinlər üçün isə ciddi bir zərbə deməkdir.
Niderland hökumətinin sözçüsü bildirib ki, insanlar əsrlər boyu Vadden dənizinin təbii mühitində və onun yaxınlığında yaşayıb, işləyiblər. Əsas yanaşma ondan ibarətdir ki, bu imkan gələcəkdə də qalsın və mövcud tarazlıq kökündən dəyişməsin. Bununla yanaşı, bildirilib ki, bu ərazi gələcək nəsillər üçün yaşanabilir olaraq qalmalı və burada müxtəlif məqsədli istifadə imkanları davam etməlidir.
Vurğulanıb ki, Vadden dənizi ilə bağlı məsuliyyət yalnız hollandların üzərinə düşmür. Onun idarə olunması Niderland, Almaniya və Danimarkanın birgə öhdəliyidir.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”