08 Oktyabr 2024 08:00
3469
SİYASƏT
A- A+
Həqiqətlər və oyunbazlıqlar

Həqiqətlər və oyunbazlıqlar


İlham Əliyev:  "Ermənistan təhlükəli oyunlara qoşulub və İkinci Qarabağ  müharibəsinin tarixçəsi onların yadından çıxmasın"


Həqiqət  həmişə sadə və aydın  olur!

O qədər sadə və aydın ki, kiminsə onu görməyəcəyinə və dərk etməyəcəyinə inana bilmirsən!

Oyunbazlıqlar isə süni şəkildə yaradılır.

Kifayət qədər biliyi və təcrübəsi olmayanlar qurulan oyunların mahiyyətini dərhal anlamağı bacarmırlar.

Amma hər şeyin zamana ehtiyacı olur.

Sonda üstü açılmayan və  "müəllifləri"  faş olmayan oyunlar  qalmır.

"Dağlıq Qarabağ problemi" də bir oyun, Qərbin, dünya güclərinin yaratdıqları "beynəlxalq layihə" idi.

İki əsr davam etdi!

Sonda həqiqət yalana, ağıl hiyləyə üstün gəldi, "dəmir yumruq" isə bütün oyunbazlıqlara nöqtə qoydu!

Doğrudur, çətin sınaqlardan çıxdıq, böyük əziyyət və məşəqqətlər yaşadıq, Vətən övladlarını şəhid verdik, dözdük, gözlədik, gücləndik, möhtəşəm ordu yaratdıq, milli birliyə nail olduq, rəhbərimizin ətrafında birləşərək şərə qalib gəldik,  torpaqlarımızı işğaldan azad etdik, şəhidlərimizin qisasını aldıq, düşmənlərimizi və onların havadarlarını biabırçı məğlubiyyətə uğratdıq, milli mənliyimizi geriyə qaytardıq!

İndi isə viran qoyulmuş yurdumuzu  yenidən tikib-quraraq, əsl sahiblərini geriyə, doğma obalarına qaytarmaqla məşğuluq!

Amma oyunlar və oyunbazlıqlar hələ də davam edir!

Kimlərsə nəyəsə ümid edirlər, bizi daim sınağa çəkirlər.

Başına gələn başmaqçı olar demişlər.

Biz bütün sınaqlardan  qalibiyyətlə çıxmağa daim hazırıq!

Qüdrətli dövlətimiz, güclü ordumuz, müdrik rəhbərimiz və sarsılmaz birliyimiz var!

***

"Qarabağ problemi" dünya gücləri tərəfindən türk dövlətlərinin birliyini pozmaq və birbaşa  əlaqələrini qırmaq üçün yaradılan beynəlxalq layihə idi.

Bu layihənin  "ideya müəllifi"  və maliyyəçisi  dünya erməniliyi, onun ABŞ, Fransa və Rusiyadakı  güclü erməni diasporudur. 

Adıçəkilən dövlətlərin, habelə  Avropa İttifaqı və Avropa Şurasının müxtəlif ölkələrdən olan siyasətçiləri, parlament üzvləri,  QHT-ləri erməni sifarişləri  əsasında Azərbaycana qarşı bir sıra istiqamətlərdə  mübarizə aparırlar.

Bu mübarizədə, əslində, hibrid müharibədə şər-böhtan, qaralama, dezinformasiya, feyk xəbərlər, habelə  "insan haqlarının pozulması"  kimi  gülünc ittihamlar və digərləri  yer  tutur.

Lakin  dərinə vardıqda bütün bunların  bir mərkəzdən idarə olunan oyunbazlıqlardan başqa bir şey olmadığı görünür.

"Böyük Ermənistan" xülyasına hesablanan bu layihənin 1988-ci ildən aktivləşdirilməsi dünyada, o cümlədən keçmiş SSRİ-də baş verən proseslərlə bağlı idi. 

Dünya erməniliyi yeni imkandan  yararlanmaqla Azərbaycandan  yenidən torpaq qoparmaq iştahasına düşmüşdü.

O vaxtdan  indiyədək baş verən bir sıra mühüm hadisələrə  və onların  doğurduqları nəticələrə birlikdə diqqət yetirək.

***

"Sorosçu"  baş nazir Paşinyan içib keflənərək, əslində, əmin olduğu həqiqəti dilə gətirdi:  "Qarabağ Ermənistandır və nöqtə".

Paşinyan əsl siyasətçi və diplomat olmadığına görə  açıq şəkildə  və ucadan deyilməsi  düzgün olmayanı  ictimai formada dilə gətirmişdi.

Onsuz da hamı görürdü ki,  "pərdələnmiş" formada böyük oyunlar gedir...

BMT  dünyanın ən böyük və nüfuzlu qurumu sayılır.

Keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı  bu təşkilat dörd qətnamə qəbul etmişdi və həmin qətnamələrdə Ermənistana məxsus  silahlı birləşmələrin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb olunurdu!

Elə hallar olub ki, BMT-nin qərarı mürəkkəbi qurumamış  icra edilib.

Dörd qətnamə icra olundumu? 

YOX!

Niyə? BMT-nin  buna gücü çatmadı? 

YOX!

Heç öz qətnamələrinin icrasına real  təşəbbüs belə göstərmədi!

Halbuki  BMT daxil olmaqla  bütün dünya bilirdi ki,  Qarabağ Azərbaycan  torpağıdır və heç kim, içi Ermənistanqarışıq, qondarma "dqr"-i tanımamışdı!

1992-ci ilin  yazında  Qarabağ münaqişəsinin  həlli üçün  ATƏT-in Minsk qrupu yaradıldı və qurumun  tərkibinə dünyanın  doqquz nüfuzlu ölkəsi  daxil edildi.

ATƏT-in  həmsədrlik institutu isə Rusiya, ABŞ və Fransadan ibarət oldu.

Otuz ilədək müddətdə sülh müqaviləsi bağlanması üçün yaradılan  bu qurum  gəldi, getdi, danışdı, bəyanat və açıqlamalar verdi, sülh müqaviləsinin maddələrini  müzakirə etdi...

Real  nəticəyə nail olmadı, çünki həmsədrlərin heç biri bunu istəmirdi, sadəcə, görüntü yaradırdılar.

Çünki  əsl məqsəd ərazi işğalını  əbədiliyə çevirmək, Azərbaycanı bununla barışdırmaq və Ermənistanın ərazisinə yeni torpaqlar qataraq onu  genişləndirmək idi.

ATƏT-in Minsk qrupu  Ermənistan  SSR Ali Sovetinin və  Dağlıq Qarabağın  "Milli  Şurası"nın "Ermənistan SSR-lə  Dağlıq Qarabağın birləşdirilməsi haqqında" 1 dekabr 1989-cu il tarixli qərarını ləğv etdimi?    

YOX!

Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasını təmin etdimi?

YOX!

Tərəfləri ədalətli sülhə gətirdimi?

YOX!

Tərəfsiz, qərəzsiz oldumu?

YOX!

ATƏT  öz səlahiyyətlərindən  istifadə edərək Ermənistana hər hansı formada təsir, təzyiq göstərdimi, sanksiya tətbiq etdimi və ya bir dəfə bunu  xatırlatdımı?

Yox!

Bu gün "arxaik əşya"ya çevrilən ATƏT-in Minsk qrupu  buraxılmalıdır, özü də Ermənistan da bunun  dəstəkçisi olmalıdır!

Bu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şərtlərindəndir!

***

Otuz il doğma yurd-yuvasından  qovulan, bütün  varidatı talanan, qaçqın şəhərciklərinin sakinlərinə çevrilərək məşəqqətli ömür sürmək məcburiyyətində  qalan azərbaycanlı məcburi köçkünlərin  harayına  beynəlxalq qurum  və təşkilatlar, ABŞ və Fransanın  senator, konqresmen və siyasətçiləri  çatdılarmı, hallarına yanaraq   qayğılarına qaldılarmı?

YOX!

Avropa İttifaqı, Avropa Şurası  azərbaycanlı məcburi köçkünlərin  insan haqlarını təkid və inadla  qorudumu?

YOX!

Ermənistan Azərbaycanın yaşayış məntəqələrini dağıdaraq viran qoyanda,  təbii sərvətlərimizi talayanda, mədəni, dini,  tarixi abidələrimizi  yerlə yeksan edəndə bu əməlləri  müzakirələrə çıxardılarmı,  erməni  vandallarını qınadılarmı, vəhşiliklərini pislədilərmi?

YOX! 

1915-ci ildə  guya baş vermiş  "erməni soyqırımı"nı  xatırladan, nəhayət,  Bayden tərəfindən  "soyqırımı" ifadəsi işlədilən  ABŞ prezidentləri  bircə dəfə  Xocalı soyqırımını dillərinə gətirdilərmi?

YOX!

***

Özünü  dünyada demokratiyanın və insan haqlarının qoruyucusu kimi  aparan ABŞ, əslində, ikili standartların  yaradıldığı və qorunduğu məkandır.

ABŞ  Konqresi isə erməni diasporunun anti-Azərbaycan fəaliyyətinin mərkəzinə və ruhvericisinə çevrilib.

Ötən ay Konqresdə  "Dağlıq Qarabağın süqutundan sonra Azərbaycanda insan haqları" adlı dinləmə keçirilmişdir.

Dinləmələrdə  "Artsax" respublikasının  ombudsmanı"  adlı birisi - Geqam  Stepanyan da iştirak etmişdir.

Görəsən,  otuz il Qarabağdan  zorakılıqla qovulan azərbaycanlıların pozulmuş hüquqlarını  bir dəfə xatırlamayan ABŞ-nin  konqresmenləri erməniəsilli,  Ermənistan vətəndaşlığı  pasportunu daşıyan  hayların  könüllü şəkildə Qarabağı tərk etmələrindən  niyə belə dərin narahatlıq  hissi keçirirlər?

Onların geri qaytarılması barədə ağzı köpüklənə-köpüklənə danışarkən niyə  otuz il əvvəl zorakılıqla doğma torpaqlarından qovulan  qərbi  azərbaycanlıların  da qaytarılması barədə  bircə kəlmə belə söz demirlər?

Məgər insan haqları azərbaycanlılara şamil edilmir?

Əslində, Quantanamo həbsxanasını  saxlayan dövlətin  heç insan haqlarından danışmağa mənəvi haqqı yoxdur!

Ədalət seçmə qaydasında tətbiq olunmamalıdır!

Beynəlxalq hüquq insanların yalnız bir qisminə münasibətdə  işlədilməməlidir!

İnsan hüquqlarının müdafiəsində ayrı-seçkiliyə yol verilməməlidir!

Bəs bu ögey-doğmalıq nədir?

Qərəzkarlıqdan, bədxahlıqdan, yoxsa düşmənçilikdən doğan münasibətdir?!

Yoxsa ikili standartların bütün sahələrə nüfuz etmiş əlamətləridir?

***

Elə ki,  44 günlük Zəfər müharibəsi başladı, ABŞ-nin də, Fransanın da, Aİ-nin və AŞPA-nın da  yadına möhkəm və ədalətli sülhün yaradılması düşdü...

Vəzifələri ikiəsrlik münaqişəni barışla yoluna qoymaq olan dövlətlər və təşkilatlar Azərbaycan Prezidentinə zəng edərək hərbi əməliyyatın dayandırılması barədə xahiş-minnətə başladılar...

NİYƏ?

Ona görə ki,  Ermənistan bütün cəbhəboyu məğlub olurdu, böyük itkilərə məruz qalırdı?

Əgər Azərbaycan uduzaraq geri çəkilsəydi, onda Paşinyana  zəng çalaraq müharibənin dayandırılmasını  istəyərdilərmi?

İnanmırıq!

Bəlkə də sevinərdilər  ki, Azərbaycana təzyiq etmək üçün  əllərinə yeni imkan düşüb!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qoyduğu şərtlər əsasında üçtərəfli Bəyanat  imzalanaraq, II Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatdı!

Bundan sonra daha iki dəfə uğurlu əməliyyat  keçirilərək  Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi  təmin edildi.

Azərbaycan  Konstitusiyasını qəbul edərək  Azərbaycanın qanunları əsasında yaşamaq istəməyən separatçılar və terrorçular,  digər erməni əhalisi  təhlükəsizlikləri təmin olunmaqla ölkəmizdən çıxıb, vətəndaşı olduqları dövlətə   getdilər.

Beləliklə, ikiəsrlik  Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu!

Hazırkı mərhələdə Azərbaycanın irəli sürdüyü, beynəlxalq hüququn norma və prinsiplərinə cavab verən beş maddədən  ibarət təkliflər  əsasında sülh müqaviləsinin  hazırlanması və imzalanması, sərhədlərin delimitasiya və demarkasiyası prosesi başlayıb.

Sülh danışıqlarında vasitəçilik etməkdən ötrü əldən-ayaqdan gedənlər çoxdur.

Amma onların heç biri ədalətli, obyektiv olmağa, Cənubi Qafqaza sülh və əmin-amanlıq  gətirməyə can atmırlar.

Məqsədləri  sülh danışıqlarında iştirak etməklə nəsə qazanmaq, Cənubi Qafqaza soxularaq öz maraqlarını təmin etməkdir!

Azərbaycan Prezidenti İlham Əliyev isə belə vasitəçilərin  "köməyindən"   istifadə etmək niyyətində deyil,  məqsədi bu bölgədə möhkəm sülh və əməkdaşlıq yaranması, buradakı ölkələrin mövcud imkanlardan bərabər və ədalətli istifadə edə bilmələridir!

Təəssüf ki,  açıq, qarşı-qarşıya döyüşdə məğlub  olanların arxasındakılar bu gün "müharibə"ni  konqreslərdə, senatlarda, parlament assambleyalarında davam etdirirlər.

Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra  hərbi əməliyyatları dayandırdı, qalib tərəf olsa da, sülh təklifi ilə çıxış etdi.

Ermənistan isə kimlərəsə, nələrəsə güvənərək sülh müqaviləsini imzalamaqdan yayınır.

Azərbaycan Prezidentinə minnətçi düşənlər  sülh müqaviləsinin tezliklə imzalanmasına səmimi kömək göstərmək əvəzinə  Ermənistanı silahlandırır, darmadağın edilmiş ordusunun  dirçəldilməsi üçün ona  dayanmadan maliyyə dəstəyi göstərirlər.

Ərazi məsələləri  iclaslarda həll olunmur!

Bunu ötən otuz ilin təcrübəsi də göstərdi!

Biz öz ərazimizi müharibə yolu ilə azad etdik!

Bunu da bütün dünya gördü!

İndi hansısa senatda, konqresdə, assambleyada kimsə nəsə danışmaqla heç nə dəyişməyəcəkdir!

Bölgədəki vəziyyəti, ab-havanı yalnız Azərbaycanın şərtləri əsasında bağlanan sülh müqaviləsi dəyişə bilər!

*** 

Otuz ildən çoxdur ki, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında quru yolla əlaqə  ermənilər tərəfindən kəsilib.

Nə qatar gedə bilir, nə də  avtomobillər.

Hətta dəmiryol xəttini belə söküb dağıdıblar.

Nəticədə Azərbaycan öz ərazisinin bir hissəsinə gedib gələ bilmir.

Nə ərzaq, nə də digər yüklər daşınır.

Bir zaman Azərbaycan Laçın  dəhlizini bağlayanda  "humanitar  fəlakət"   deyib haray  salan dövlətlər,  beynəlxalq təşkilatlar, KİV-lər indi niyə özlərini  lallığa və korluğa qoyaraq  səslərini belə çıxarmırlar?

* Məgər bu, qeyri-humanist  hərəkət deyil?

* Məgər bu, insan hüquqlarının pozulması deyil?

* Məgər bu, beynəlxalq hüququn tapdalanması deyil?

Niyə biz  Ermənistanın Qarabağa  göndərdiyi ərzaq  TIR-larının  yolunu dəyişəndə  "dünya qopub-dağıldı", min bir oyunbazlıq başladı, amma ermənilər  otuz ildir Naxçıvana gedən  yolumuzu bağlı saxlasalar da, dinib danışan yoxdur! 

Utanmasan  oynamağa nə var ki...

***

Hər şey sadə və aydındır!

Ermənilər  1923-cü ildə  sovet Rusiyasının iradəsi və qərarı ilə Azərbaycan ərazisində süni şəkildə  yaradılan keçmiş  DQVM-də  separatizm  hərəkatına başladılar.

SSRİ-nin  birinci və sonuncu prezidenti  M. Qorbaçov və ondan sonrakı dövrdə Moskva bu separatizmə müxtəlif formada dəstək verdi.

Həm də təkcə dəstəklə kifayətlənmədi,  Azərbaycan ərazilərinin işğalında  ermənilərin yardımçısına çevrildi, onlara silah və sursatla, hətta canlı qüvvə ilə kömək göstərərək 20 faiz  torpaqlarımızın düşmənə verilməsinə şərait yaratdı.

Otuz il ərzində yaşayış məntəqələri viran qoyuldu, dini, tarixi, mədəniyyət abidələrimiz, hətta qəbristanlıqlarımız belə  dağıdıldı, təbii sərvətlərimiz,  şəxsi əmlakımız talan olunaraq oğurlandı...

Azərbaycan xalqı özündə güc tapdı,  qüdrət tapdı, rəhbəri ətrafında  sıx birləşərək işğala son qoydu,  ərazi bütövlüyünü, dövlət suverenliyini bərpa etdi!

Diz çökdürülərək  kapitulyasiya  aktına imza atdırılan düşmən isə yenidən havadarlarına güvənərək  sülhdən yayınmağa çalışır, revanşa hazırlaşır.

Bu dəfə ermənipərəstlər   yenidən birləşərək Azərbaycana qarşı hibrid müharibəyə başlayıblar!

* ABŞ vasitəçilik iddiasında olsa da, Ermənistana durmadan maliyyə yardımları edir, silah göndərir, birgə təlimlər keçirir,  hərbi arsenalının bərpasına çalışır.

* "Xristian evi"  sayılan Avropa İttifaqı  haylara təkcə maliyyə yardımı göstərməklə  kifayətlənmir,  "siyasi dəstək"də verir,  Azərbaycana qarşı sistemli şər-böhtan kampaniyası  təşkil edir.

*  Otuz il  torpaqlarımızı işğalda saxladılar!

* Otuz il ATƏT-in Minsk qrupu ilə imitasiya  etdilər!

* Otuz il bütün beynəlxalq qurumlarda Ermənistanı müdafiə etdilər, onların işğalçı, talançı, quldur simalarını pərdələdilər!

Otuz il haylara  silah verib maliyyələşdirdilər, onlarla əl-ələ verərək Azərbaycanın təbii sərvətlərini  istismar etdilər!

Otuz il işğalı  qanuniləşdirməyə,  əbədilləşdirməyə çalışdılar!

SONRA NƏ OLDU?

Otuzillik oyunbazlığa Müzəffər Ali Baş Komandan İlham Əliyev  44 gündə hünər və cəsarətlə son qoydu!

İndi Qarabağda nə separatçı var, nə qondarma qurumlar, nə əldəqayırma parlament...

Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə  bütün oyunlara da son qoydu!

Bütün bunlar köhnə və keçilmiş  yoldur!

Nəticəsi də bəllidir:  iflasa uğramış üsul və metodlardır!

Artıq  Azərbaycanla oyunbazlıqlar keçmir!

Azərbaycan rəhbəri İlham Əliyev bütün hoqqa və oyunlara son qoymağı məharətlə bacarır!

Heç kəs  Cənubi Qafqazı qarşıdurma  və müharibə ocağına çevirə bilməyəcəkdir!

Azərbaycanın söz sahibi olduğu  bu bölgə İlham Əliyevin istədiyi kimi,  sülh və əməkdaşlıq məkanı olacaqdır!



Bəxtiyar  SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

“Vətəndaş – Vətən daşı” konsepti

10:52
21 Dekabr

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

10:39
21 Dekabr

FHN: Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti olmayıb

09:52
21 Dekabr

“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

09:51
21 Dekabr

İrakli Kadaqişvili: Prezident İlham Əliyevin Gürcüstandakı vəziyyətlə bağlı fikirləri reallıqdır

09:41
21 Dekabr

Maqdeburq şəhərində Milad yarmarkasında qanlı hadisəni törədən şəxsin həkim olduğu müəyyən edilib - YENİLƏNİB-2

09:33
21 Dekabr

Şuşaya köçən sakin: Artıq illərdir davam edən yurd həsrəti sona çatır

09:31
21 Dekabr

Şuşaya köçən sakin: Geri qayıtmaq olduqca qürurvericidir

09:23
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!