19 Oktyabr 2024 09:02
226
İQTİSADİYYAT
A- A+
BTC, CQBK, BTQ, TANAP, indi də "yaşıl enerji" dəhlizi…

BTC, CQBK, BTQ, TANAP, indi də "yaşıl enerji" dəhlizi…


Bunlar Azərbaycanı və Gürcüstanı bir-birinə daha sıx bağlayır


Azərbaycan və Gürcüstan bir-birinin yaxın qonşusu, sınanmış dostu, etibarlı tərəfdaşıdır. Hər iki ölkə müstəqillik qazandıqdan sonra bu münasibətləri xalqlarımızın milli maraqlarını şərtləndirən, maddi rifahına xidmət edən layihələr daha da möhkəmləndirmişdir. Bu gün iki dövlət arasında olan strateji əhəmiyyətli siyasi münasibətlər həm də çoxsaylı iqtisadi layihələrlə dəstəklənir.

Azərbaycanın nəhəng neft-qaz kəmərləri və nəqliyyat-kommunikasiya xətləri Qərbə Gürcüstandan keçərək istiqamətlənir. Obrazlı desək, həmin polad neft-qaz xətləri və dəmir yolları bu iki ölkəni möhkəm kəmər kimi bir-birinə daha sıx bağlayır. 

İlk dövrlər "Əsrin müqaviləsi" çərçivəsində hasil olunan neftin dünya bazarlarına çatdırılmasında 1999-cu ildə istifadəyə verilən Qərb İxrac Boru Kəməri (Bakı-Supsa marşrutu) mühüm rol oynadı. Lakin artan neft həcmləri daha qlobal bir kəmərin çəkilməsi zərurətini yaradırdı. Müəllifi Ümummilli Lider Heydər Əliyev olan bu kəmərin də dünya bazarına yolu etibarlı qonşunun ərazisindən keçdi. Belə ki, 1998-ci ildə Ankarada Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin inşa edilməsi haqqında bəyannamə imzaladılar. 1999-cu ildə İstanbulda ATƏT-in zirvə görüşü zamanı isə xəttin çəkilişi ilə bağlı saziş imzalandı. Sazış Azərbaycanın, Gürcüstanın, Türkiyənin, Qazaxıstanın və Amerika Birləşmiş Ştatlarının o vaxtkı prezidentlərinin imzaları ilə təsdiqləndi. 2002-ci il sentyabrın 18-də Bakı yaxınlığındakı Səngəçal terminalında kəmərin təməli qoyuldu və bu möhtəşəm tədbirdə Gürcüstanın dövlət başçısı da bizimlə idi. Daha sonra həm Azərbaycanda, həm də Gürcüstanda kəmərin keçəcəyi ərazilərə borular daşınmağa və digər işlər görülməyə başladı. 

Açığını demək lazımdır ki, bütün bunları gözü götürməyənlər də var idi. Layihənin mühüm bir mərhələsində - maliyyələşmə məsələləri həll edilərkən BTC-nin bədxahları yenidən baş qaldırdılar. Bir sıra qeyri-hökumət təşkilatları tikintiyə mane olmaq üçün növbəti səbəblər uydururdular. Bu dəfə kəmərin Gürcüstanın "Borjomi" mineral su mənbəyinə guya ekoloji cəhətdən zərbə vuracağı fikrini ortaya atdılar. Bu da layihənin Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi sənədlərinin imzalanmasını gecikdirirdi. Hətta müxtəlif qruplar kəmərin tikintisini maliyyələşdirəcək beynəlxalq qurumların ofisləri qarşısına toplaşaraq onun çəkilişinə etiraz edirdilər. Gürcüstan Respublikası dövlətinin və hökumətinin layihəni dəstəklədiyi, artıq işlərə start verildiyi bu məqamda sözügedən məsələ müəmma doğururdu. Demə, burada da erməni "əl"i varmış. 

O zaman AŞPA-nın sədr müavini olan İlham Əliyev məsələnin nədən və haradan qaynaqlandığını açıqladı. Belə ki, ermənilər BTC-nin reallaşma mərhələsinə qədəm qoyduğundan narahat olub internetdə sayt açmışdılar və Beynəlxalq Maliyyə Korporasiyasına, Dünya Bankına, digər beynəlxalq maliyyə qurumlarına layihə haqqında əks məlumat göndərirdilər. Onların əsas məqsədi Gürcüstanda kəmərin keçdiyi ərazilərdə gərginlik yaratmaq və bununla marşrutun dəyişdirilməsinə nail olmaq idi. Borjomi söhbətini ortaya atmaqla kəmərin yolunun Gürcüstanın əsasən ermənilər yaşayan Axalkalaki rayonundan keçməsinin mümkün olacağını güman edirdilər.

Lakin bu bəd niyyətlərin heç biri baş tutmadı. BTC layihəsi uğurla tamamlandı.

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin 1768 kilometrlik yolunun bir hissəsi bu ölkədən keçir və uğurla fəaliyyət göstərir. 2004-cü ilin oktyabrında kəmərin Azərbaycan və Gürcüstan hissələri birləşdirilərkən Prezident İlham Əliyev demişdir: "Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi həm Azərbaycan üçün, həm Gürcüstan üçün, həm də bütün region üçün çox vacibdir. Bu, ölkəmizə yeni imkanlar yaradacaqdır, xalqlarımız üçün yeni şəraitin yaradılmasını təmin edəcəkdir. Əlbəttə ki, bu, ölkələrimizə böyük həcmdə maliyyə vəsaitinin cəlb olunmasına gətirib çıxaracaqdır. Eyni zamanda bu iqtisadi məsələlərlə yanaşı, regional təhlükəsizlik məsələlərinə də layihə öz töhfəsini verəcəkdir".

İndi bunlar bir reallıqdır. BTC özündən sonra daha neçə-neçə layihəyə yol açıb. Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəməri başlanğıcını Səngəçal terminalından götürərək Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda BTC ilə eyni marşrut boyu uzanır. BTƏ-nin ayrılmaz hissəsi olan Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) ümumi uzunluğu 691 kilometrdir. O, Azərbaycanda 443, Gürcüstanda 248 kilometr məsafə qət edir. Gürcüstan-Türkiyə sərhədində CQBK-yə 280 kilometrlik boru kəməri qoşulur ki, bununla Azərbaycan qazı Ərzuruma çatdırılır. Səngəçal-Ərzurum marşrutu ilə uzanan bu xətt bütövlükdə Bakı-Tbilisi-Ərzurum kəməri adlanır. Qeyd edək ki, CQBK Azərbaycan qazını Gürcüstana 2006-cı ildə çatdırıb.

"Cənub qaz dəhlızi"nin təməlini də əslində elə BTƏ yaradıb. Azərbaycandan İtaliya torpağınadək 3500 kilometrlik məsafə boyu uzanan, üç kəmərdən ibarət olan və indi artıq yeni interkonnektorlarla şaxələnən bu dəhlizin bir seqmenti də genişləndirilmiş CQBK-dir.

Bu gün Azərbaycan 10-dək ölkəyə qaz ixrac edir. Bu mavi yanacağın dünyaya yolu Gürcüstandan keçir. Yaxın gələcəkdə bu ölkələrin sayı artacaq, çünki Azərbaycanın enerji resurslarına olan tələbat ildən-ilə çoxalır. Əlbəttə, bizim həm resurslarımız, həm sərmayə qoymaq üçün maliyyə vəsaitimiz var və Gürcüstan kimi etibarlı dostumuz var ki, tranzit imkanlarımız genişlənsin. Belə olan halda enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək və burada Gürcüstanla Azərbaycan yenə də etibarlı tərəfdaş kimi çıxış edəcəklər. 

Bakı-Tbilisi-Qars dəmir yolunun polad magistralları iki ölkə arasında əməkdaşlıq və tərəfdaşlığı daha da möhkəmləndirib. Bu birgə layihəmizin əhəmiyyəti getdikcə artır. Çin və Mərkəzi Asiya ölkələrindən quru yolla daşınan yüklərin ən qısa müddətdə Avropaya çatdırılmasında BTQ dəmir yolu xəttinin əhəmiyyəti olduqca böyükdür. Asiyadan gələn yüklərin Azərbaycan üzərindən biraşırımlı əməliyyatla Avropaya daha sürətli çatdırılması BTQ-nin regional nəqliyyat şəbəkəsindəki əhəmiyyətini daha da önə çıxarır.

İndi Azərbaycan və Gürcüstan "yaşıl enerji" sahəsində də geniş əməkdaşlığa başlayıblar. Məlum olduğu kimi, 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanıb.

Əlaqələrimizin geniş gündəliyə malik olduğu bu il martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ölkəmizə səfəri zamanı özünü bir daha aydın göstərdi.

Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatlarında ilk növbədə ölkələrimizin icra etdiyi birgə nəqliyyat və enerji layihələrinin də önəmini vurğuladılar.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatında gələcək ücün mühüm planların olduğunu da qeyd etdi: "Bizim birlikdə təməlini qoyduğumuz bir sıra layihələr var və onlar strateji əhəmiyyət daşıyır. Gələcək üçün də çox böyük planlarımız var. Biz cənab Prezidentlə bir sıra layihələri müzakirə etdik, orada birgə iştirak imkanlarımız var. Bu sahədə işlər bizim üçün də çox önəmlidir. Eyni zamanda ticarət məsələsini müzakirə etdik. Azərbaycan Gürcüstanın ilk beşlikdə yer alan ticarət tərəfdaşıdır və biz əminik ki, bu rəqəmlər getdikcə artacaq. Nəqliyyat, energetika sahələrində də çox mühüm potensialımız var və cənab Prezident artıq bunu qeyd etdi. Bu işlər davam etdiriləcək. Qarşılıqlı səfərlər davam edəcək. Nümayəndə heyətlərinin görüşləri davam edəcəkdir ki, bu sahələrdə də bizim əməkdaşlığımız dərinləşdirilə bilsin. Biz bu əməkdaşlığı irəliyə aparmağa tam şəkildə hazırıq".

Şübhə yoxdur ki, qarşıda duran böyük planlar sıx əməkdaşlıq və tərəfdaşlıq şəraitində yerinə yetiriləcək. Yaxşı tərəfdaşlıq həm də yaxşı qonşuluqdan qaynaqlanır. Mehriban qonşuluq etmək üçün isə gərək həm də yaxın dost olasan. Xoşbəxtlikdən Azərbaycan və Gürcüstan məhz yaxşı qonşu, dost və tərəfdaşdırlar. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda yeni növ dayanacaq pavilyonları quraşdırılır

15:23
19 Oktyabr

Mingəçevir də yaşıllaşır  

14:47
19 Oktyabr

Çinin hədəfi NASA-ya rəqib olmaqdır

14:41
19 Oktyabr

Qaraciyər toxumasını inkişaf etdirən cihaz kəşf edilib

14:37
19 Oktyabr

Uçan avtomobil təqdim edilib

14:26
19 Oktyabr

“Netflix” satışlarını 9,8 milyarda çatdırdı

14:12
19 Oktyabr

Tokioda hakim partiyanın qərargahına 5 ədəd “Molotov kokteyli” atılıb

14:01
19 Oktyabr

Mingəçevirlilər Müstəqilliyin Bərpası gününü qeyd etmişlər  

13:49
19 Oktyabr

Şirvanda ağacəkmə aksiyasına start verilib

13:39
19 Oktyabr

Azərbaycanın Özbəkistandakı hərbi attaşelik aparatının təşkilatçılığı ilə tədbir keçirilib

13:30
19 Oktyabr

Şirvanda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.  

13:11
19 Oktyabr

Göyçayda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 10 min ağac əkiləcək

13:09
19 Oktyabr

Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

13:01
19 Oktyabr

Astarada “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində  ağacəkmə aksiyası davam edir  

12:53
19 Oktyabr

Bakıda COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər aparılır

12:27
19 Oktyabr

“Qarabağ”dan yeni rekord

12:26
19 Oktyabr

Lənkəranda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində 2000 ağac əkildi

12:25
19 Oktyabr

Azərbaycan və Çad Kamandan Oxatma federasiyaları arasında əməkdaşlıq müzakirə olunub

12:24
19 Oktyabr

Cəlilabad daha da yaşıllaşdı

12:23
19 Oktyabr

Türkiyədə dövlətə xəyanət və casusluqla bağlı cəzalar sərtləşdirilir

12:23
19 Oktyabr

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb

12:09
19 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!