22 Oktyabr 2024 08:00
1467
SİYASƏT
A- A+
Azərbaycanın ədalətli və parlaq qələbəsinə kimlər sevinmir

Azərbaycanın ədalətli və parlaq qələbəsinə kimlər sevinmir


44 günlük Zəfər müharibəmizin dördüncü ildönümünə sayılı günlər qalıb.

Otuzillik işğala 44 gündə son qoyan, Ermənistan ordusunu darmadağın edərək qarşısında diz çökdürən, məğlub ölkəyə kapitulyasiya aktını imzalatdıran Azərbaycanın möhtəşəm qələbəsi təkcə bununla bitmədi.

Torpaqlarımızı işğaldan azad edən müzəffər ordumuz 2023-cü il martın 23-də ölkənin ərazi bütövlüyünə də nail oldu!

19-20 sentyabrda isə dövlət suverenliyini və konstitusiya əsaslarını təmin etdi!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək "dəmir yumruğ"a çevrilən Azərbaycan xalqı bütövlükdə ikiəsrlik Qarabağ münaqişəsinə birdəfəlik son qoydu!

Bununla da Azərbaycanda separatizmin kökü əbədilik kəsildi!

* Bu qələbə ədalətin qələbəsi idi!

* Bu qələbə güclünün və haqlının qələbəsi idi!

* Bu qələbə beynəlxalq hüququn qələbəsi idi!

* Bu qələbə tarixi həqiqəti bərpa edən güclü xalqın işğalçı dövlət üzərində hərbi, siyasi, hüquqi və mənəvi qələbəsi idi!

Azərbaycan bu qələbəyə iqtisadi qüdrəti sayəsində nail oldu!

Azərbaycan bu qələbəyə müdrik və uzaqgörən siyasəti sayəsində nail oldu!

Azərbaycan bu qələbəyə ən müasir silahlarla silahlanmış, ən yeni strategiya və taktika tətbiq edən güclü ordusu sayəsində nail oldu!

Azərbaycan bu qələbəyə xalqla iqtidarın yekdilliyi, ölkədə yaranan milli birlik sayəsində nail oldu!

Azərbaycan bu qələbəyə qorxmaz, qətiyyətli və möhkəm iradəli, xalqın və dövlətin maraqlarını daim uca tutan qəhrəman rəhbəri və sərkərdəsinin atdığı hesablanmış addımlar, nəyi necə və nə vaxt edəcəyini dəqiq bilməsi sayəsində nail oldu!

Azərbaycan xalqı və ordusu təkbaşına döyüşdü, öz gücünə və imkanlarına güvənərək çarpışdı, şücaət, cəsarət və qəhrəmanlıqla vuruşdu!

Halal və şəriksiz qələbə qazandı!

Minnətsiz qələbə qazandı!

Bunu bütün dünya gördü, bildi və şahidlik etdi!

Ancaq Azərbaycanın bu ədalətli və parlaq qələbəsinə hamı sevindimi?

Təbii, dostlarımız sevindi...

Düşmənimizin dostları, ermənilərin müdafiəçiləri və dəstəkçiləri isə əvvəlcə Azərbaycanın qısa müddətdə qazandığı möhtəşəm qələbəsindən şoka düşdülər...

Sonra biabırçı məğlubiyyətə uğrayan dostlarını xilas etmək üçün əl-ayağımıza düşdülər...

Daha sonra isə "ölünü diriltmək", ona süni nəfəs vermək üçün "xilasedici" tədbirlərə və addımlara əl atdılar.

Lap axırda isə bizə qarşı açıq-aşkar, heç bir əsası olmadan və utanıb-qızarmadan düşmənçilik hərəkətlərinə rəvac verməyə başladılar.

Bu gün də mənfur və riyakar niyyətlərini davam etdirir, üzümüzə gülərək ayağımızdan çəkir, kölgəmizi qılınclayırlar.

***

Dünya erməniliyinin və onların əl tulasına çevrilənlərin ölkəmizə qarşı riyakar və məkrli addımları işğaldan əvvəl başlayaraq işğal dövründə davam etdi, Vətən müharibəsi başlayanda isə daha da şiddətləndi.

Bunadək isə torpaqlarımızın sülh yolu ilə azad edilməsi yönündə heç bir real addım atılmadı:

* BMT-nin qəbul etdiyi 4 qətnamə yerinə yetirilmədi!

* Həmin qətnamələrdə işğalçı dövlət sayılan Ermənistana qarşı heç bir təsir və təzyiq olmadı, hətta buna cəhd belə göstərilmədi!

* İşğalçıya qarşı sanksiya tətbiq olunmadı, bu barədə söhbət də getmədi!

* Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqları qorunmadı, onların insan haqları müdafiə edilmədi!

* ATƏT-in Minsk qrupu hansı məqsədlə yaradıldığını "unudaraq" ermənilərin müdafiəçisinə, sülh yaratmaq əvəzinə erməni maraqlarının icraçısına çevrildi!

* "Ədalət və demokratıya carçısı" sayılan ABŞ isə işğalçını yox, işğala məruz qalanı cəzalandıraraq, "Azadlığı Müdafiə Aktı"na 907-ci düzəlişi qəbul edərək ədalətsizliyin və simasızlığın ən aşağı pilləsinə yuvarlandı!

Hələ bu harasıdır?!

Azərbaycan öz gücü ilə torpaqlarını işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlayanda ona qarşı diplomatiya müharibəsinə başladılar.

İnformasiya savaşı açıldı.

Muzdlu KİV-i - telekanalları, informasiya agentliklərini üstümüzə göndərərək bizi şər-böhtan atəşinə tutdular:

* Guya Azərbaycan Ordusunda muzdlular döyüşür...

* Guya Türkiyə Azərbaycan tərəfindən müharibədə iştirak edir...

* Guya Azərbaycan Qarabağda etnik təmizləmə aparmaq istəyir...

* Guya Azərbaycan mülki əhalini və yaşayış məntəqələrini atəşə tutur və s.

Əslində isə, bu şər-böhtanı dövriyyəyə buraxmaqla özləri Ermənistan ordusunun:

* Cəbhə xəttindən kilometrlərlə uzaqda yerləşən Gəncə, Tərtər, Bərdə şəhərlərini top və raket atəşinə tutmasına göz yumdular.

* Dinc şəhərlərə ballistik raketlər atıldığını, qadağan edilmiş fosforlu və kasetli bombalardan istifadə olunduğunu "görmədilər".

* Bu hücumlar zamanı körpə uşaqların, qoca və qadınların, mülki vətəndaşların soyqırımına uğradıldıgına əhəmiyyət vermədilər.

Özlərini karlığa, korluğa və lallığa qoyurdular!

Gücümüzü, qüdrətimizi, qələbəmizi görəndə isə, necə deyərlər, valı dəyişərək xahiş və minnətə başladılar.

Atəşkəsdən, sülhdən danışdılar...

Ən nəhayət, Azərbaycan öz istəklərinə çatandan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün tələbləri yerinə yetirildikdən, kapitulyasiya aktı imzalandıqdan sonra ermənilər yenidən öz murdarlıqlarını, onların havadarları isə mənfur və riyakar simalarını göstərməyə başladılar.

***

Azərbaycan bu gün də sülh danışıqlarına sadiqdir!

Üçtərəfli Bəyanatın bəndlərinə, Ermənistana təqdim etdiyi, beynəlxalq hüquqa əsaslanan 5 bənddən ibarət şərtlər əsasında sülh müqaviləsinin imzalanmasına hazır və razıdır!

Azərbaycan daim açıq şəkildə bəyan etdiyi kimi, Cənubi Qafqazın sülh və əməkdaşlıq bölgəsinə çevrilməsini istəyir və bunun üçün əlindən gələni əsirgəmir.

Həm də təkcə Cənubi Qafqazda deyil, bütün dünyada sülh və əməkdaşlıq tərəfdarı olduğunu daim əməli işi ilə göstərir.

Bu gün Azərbaycan COP29-a hazırlaşır, dünyanın ekoloji fəlakətlərdən qurtulması üçün var qüvvəsi ilə çalışır.

Qələbəmizi həzm edə bilməyənlər, ermənipərəstlər və erməni diasporunun pul kisəsindən asılı olanlar isə ölkəmizə qarşı açıq düşmənçiliyə keçir, Azərbaycanı gözdən salmaq üçün bütün vasitələrə əl atırlar.

***

Qarayaxma və düşmənçilik kampaniyasının önündə Fransa gedir.

 O Fransa ki, Makronun prezidentliyi dövründə nə vaxtlarsa qazandığı "demokratiyanın beşiyi" imicini itirərək "neokolonializm siyasətinin daşıyıcısı"na çevrilmişdir.

Makron Fransasının itirdikləri təkcə bu deyildir.

Fransa Avropanın birinci dövləti statusundan da məhrum olub.

Dinc sakinlərinin nümayişi zamanı onlara qarşı qəddar və zorakı münasibət bəsləyərək dəfələrlə öz vətəndaşlarının ölümünə, ciddi xəsarətlər almasına səbəb olub, bütövlükdə insan hüquqlarını müdafiə etmək əvəzinə qəddarcasına tapdalayıb.

Növbədənkənar parlament seçkiləri keçirəndə isə hakim partiya mövqeyini gücləndirmək əvəzinə daha da zəiflətmiş, Milli Assambleyada və Avropa Parlamentində xeyli deputat yeri itirmişdir.

Özünə hələ də "layiqli baş nazir" tapa bilməyən bu dövlət getdikcə siyasi və iqtisadi cəhətdən zəifləyərək iflasa uğrayır, xalqın güzəranı ilbəil pisləşir.

Özündənrazı, erməni diasporunun əlində oyuncağa çevrilən səriştəsiz Makrona inamsızlıq pik həddə çatmışdır.

Özünə umac ova bilməyən Makron isə ölkə daxilində vəziyyəti düzəltmək əvəzinə Ermənistana "əriştə kəsmək"lə məşğuldur.

Hərbi əməliyyatların davam etdiyi və sonrakı dövrlərdə dəfələrlə Azərbaycanın əleyhinə olan məsələni BMT-nin Təhlükəsizlik Şurasına çıxararaq ədalətsiz qərarlar qəbul etdirməyə cəhdlər göstərsə də, əli boşa çıxdı.

İlham Əliyevin rəhbərliyi dövründə nüfuzunu qat-qat yüksəldərək real gücə çevrilən Qoşulmama Hərəkatına üzv olan dost dövlətlər onun istəyini gözündə qoydular.

Makron Ermənistanı silahlandırmaq yolunu tutub!

Mütəmadi şəkildə özü və Hindistan vasitəsilə məğlub dövlətə öldürücü silahlar göndərir, onu revanşa hazırlayır.

***

Ermənilərdən betər erməni olmaq yarışında ABŞ də fəal iştirak edir:

* Mütəmadi şəkildə müxtəlif mənbələrdən Ermənistana böyük məbləğdə maliyyə vəsaitləri ayırır;

* Gizli şəkildə silahlandırır;

* Birgə hərbi təlimlər keçərək məğlub ordunu dirçəltməyə çalışır;

* Hərbi müşavirlərini Ermənistanın müdafiə nazirliyində yerləşdirərək onlara "ağıllı məsləhətlər" verir;

* Ermənistanı yeni müharibəyə hazırlayır.

Hələ bu harasıdır...

Növbəti prezident seçkilərinə hazırlaşan, "erməni səsi"nə əşhədü-ehtiyac duyan ABŞ erməni dostlarının və "pul kisəliləri"nin rəğbətini qazanmaqdan ötrü Azərbaycana qarşı informasiya müharibəsinə start vermişdir.

Bu müharibədə işlədilən "sursatlar" isə yalan, şər-böhtan, mövcud həqiqətlərin qəsdən təhrif edilməsindən tutmuş uydurulan saxta "fakt"laradək uzanır...

Uydurma yalanları gündəmə gətirmək, dövriyyəyə buraxmaq üçün hətta primitiv üslublara belə əl atırlar.

Yaxınlarda ABŞ Dövlət Departamenti özünün hazırladığı "məktubu" 60 nəfər konqresmenin adından özünə göndərmişdir.

Məktubdakı iddia və "arqumentlər" isə adi tənqidə belə dözməyəcək dərəcədə cəfəngiyyatdır.

"İttihamlar"dakı bəsitliyə nəzər salaq:

 GUYA:

* Azərbaycan Qarabağda etnik təmizləmə aparıb, erməniləri öz yuvalarından qovub;

* "Dağlıq Qarabağ"da (Azərbaycanda belə bir adda qurum və yer yoxdur - red.) ermənilərin hüquqi, siyasi və mülki institutları məhv edilir;

* "23 tanınmış erməni siyasi xadimi" hələ də həbsdə saxlanılmaqdadır;

* R.Vardanyan həbsdən azad edilmir və s.

Adımı sənə qoyum, səni yana-yana qoyum!

Görəsən, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan və buna görə də BMT TŞ-nin 4 məlum qətnaməsinin icrasına yardım göstərərək ədalətli sülh müqaviləsinin bağlanılmasına töhfə vermək öhdəliyi daşıyan ABŞ işğalın davam etdiyi otuz ildə görməli olduqlarını "görməyərək", etməli olduğunu niyə etməyib?!

Yoxsa gözü indi açıldı, ağlı indi kəsməyə başladı?

* Ermənistan Azərbaycan ərazisini zəbt edərək otuz il işğalda saxlayanda niyə gözlərini yummuşdular?

* Azərbaycan vətəndaşlarını əsir və girov götürərək başlarına olmazın müsibətlər açanda, sonra işgəncələrlə öldürərək kütləvi məzarlıqlarda gizlincə basdıranda haradaydılar?

* Ermənilər Azərbaycana məxsus yaşayış məntəqələrini yandırıb dağıdanda, çapıb talayanda, Qarabağda Orta əsr barbarlıqlarını nümayiş etdirəndə hara baxırdılar?

* Mədəni abidələrimizi dağıdanda, məscidlərimizdə donuz, inək saxlayanda bütün bunları görmürdülər?

* Təbii sərvətlərimizi xarici şirkətlərlə şərikinə istismar edərək pula çevirəndə, ərazilərimizdə ekosid, urbisid, kultursid keçirəndə niyə ağızlarına su alaraq susurdular?

* Bu gün can-dildən müdafiə edərək adlarını "erməni siyasi xadimləri" qoyduqları separatçıları, soyqırımı təşkilatçılarını, Gəncə, Tərtər, Bərdə şəhərlərində mülki əhaliyə ballistik raket atılması əmrini verənləri, yüzlərlə dinc sakini yaşadıqları evlərində qətlə yetirənləri tanımırdılar?

* Qazandığı çirkli pullardan yetərincə bəhrələnən ABŞ siyasətçiləri, senator və konqresmenləri milyarder Vardanyanın iş-gücünü buraxaraq Xankəndiyə niyə gəldiyini, orada hansı vəzifə tutduğunu, ölkəmizə qarşı terror əməliyyatlarını necə maliyyələşdirdiyini bilmirdilər?

* ABŞ-nin "süddən çıxmış 23 qaşığ"ı müdafiə etməkdə, həbsxanadan buraxılmasını arzulamaqda məqsədi nədir, yenidən separatizmi körükləmək?

Yoxsa Dövlət Departamenti ilə vidalaşmağa hazırlaşan Bayden və onun komandası elə zənn edirlər ki, Azərbaycan 60 nəfərin imzaladığı məktubdan qorxaraq öz milli maraqlarından, beynəlxalq hüququn prinsip və tələblərindən keçərək deyilənlərə dərhal əməl edəcək?

Getdi o günlər!

***

Makronun "aşağı səviyyəli" idarəsinə çevrilən Avropa İttifaqı ölkəmizə qarşı düşmənçilik hərəkatının öncüllərindən birinə çevrilib.

"Söz istehsalı"ndan başqa işi-gücü olmayan, adını "sülh fondu" qoyduğu qurumdan revanşa hazırlaşan ölkəyə gen-bol maliyyə yardımı göstərən, üzvlərindən səkkizinin isə Azərbaycanın təbii qazına ehtiyacı olan bu qurumdakılar, deyəsən, nəyə görə yaradıldıqlarını və hansı işləri görməli olduqlarını tamam yaddan çıxarıblar!

Ordan-burdan pensiyaçı jandarm, keçmiş hərbçi taparaq, casusluq məqsədilə Ermənistan-Azərbaycan sərhədinə göndərən Aİ məgər NATO-nun filialıdır?!

Artıq iki ildir onun yaratdığı casus şəbəkəsi Ermənistan-Azərbaycan şərti sərhədində duraraq bütün günü binoklla bizi güdməklə nəyimizi isə görmək istəyir?

Bunu bizdən soruşsalar, özümüz də deyərik:

* Bəli, Azərbaycan müharibə vaxtı sərf etdiyi silah-sursatın yerini dolduraraq, öz ordusunu əvvəlkindən də güclü vəziyyətə gətirmişdir!

* Müdafiə sənayesi kompleksini daha da inkişaf etdirərək yeni növ silah və sursat istehsalına başlamışdır və ehtiyac duyduğu hərbi məhsulların böyük qismini özü istehsal edir, hələ başqalarına da sata bilir! 

* Müzəffər Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi, "dəmir yumruq" hazır vəziyyətdədir!

Azərbaycanın vətənpərvər oğulları, hər an Vətən uğrunda şəhid getməyə hazır olan saysız-hesabsız övladları, sınaqdan şərəflə çıxan xüsusi təyinatlıları, komando birləşmələri vardır!

Ermənistanın isə...

Nə qədər silah-sursat versəniz də, nə qədər maliyyə buraxıb dikəltməyə çalışsanız da, bu gedişlə heç bir gələcəyi yoxdur!

Ermənistanın baş naziri, sizin qulbeçəniz Paşinyanın son rəsmi etirafını yadınıza salırıq, bir də eşidin:

Ermənistanda oğlanların özləri və onların valideynləri övladlarının orduda xidmət etməsini istəmirlər və müxtəlif yollarla əsgər getməkdən yayınırlar!

Hətta 4 oğlu olanlar da!

Yenidən müharibənin başlayacağı təqdirdə görəsən amerikalı və fransalı gənc Qarabağ uğrunda döyüşərək canından keçəcəkmi?

Adamın heç inanmağı gəlmir...

Azərbaycan daxil bütün dünya ABŞ, Fransa və Avropa İttifaqının necə "dostcanlı" olduqlarını çox gözəl bilir!

Hər üçü öz dostlarını axıradək "dəstəkləyir" və axırlarını puça çıxarırlar.

Bunu "Qərbyönümlü kurs" seçən Ermənistan da görməli və bilməli, yaxşı-yaxşı yadda saxlamalıdır!

Gürcüstana yağlı vədlər verdilər, xeyli maliyyə ayırdılar və gələcəkdə də böyük məbləğlər verəcəklərinə boyun oldular.

Gürcüstan isə bütün bu sözlərə inandı və aldandı...

2008-ci ilin avqust müharibəsində arxasında duran və müdafiə edən olmadı...

Nə ordu gəldi, nə də real kömək.

Nəticədə ərazi itkisinə məruz qaldı.

İndi isə müstəqilliyi və milli-mənəvi dəyərləri ciddi təhlükə qarşısındadır.

Lakin gürcülər bu iki əvəzolunmaz dəyəri - ailə institutunu və müstəqilliyi Avropa İttifaqına üzvlüklə dəyişmək istəmirlər!

Ermənistan kimi forpost olmaq niyyətində deyillər!

İkinci dostları Ukrayna da şirin vədlərə aldanaraq "Maydan"a çıxmışdı!

İndi çöl-biyabanda qalıblar!

Yaşayış məntəqələri dağılır, genofondu, infrastrukturu məhv olur, vətəndaşları dərbədər düşür...

ABŞ rəhbərliyinin göstərişi ilə silah-sursat NATO-dan ayrılır, tələf olan canlı qüvvə və dağılıb viran qalanlar isə Ukraynadandır.

Yaxşı, Avropa İttifaqına və NATO-ya "üzv oldular", namxuda, göz dəyməsin!

İndi Ermənistan iki ağa arasında girinc vəziyyətdə qalıb: biri köhnə, biri təzə!

Məğlubiyyətdən az-çox "nəticə çıxaran", deyəsən, təkcə Paşinyandır.

O da yalnız hələlik "mifik Ermənistanla real Ermənistanın" fərqini başa düşüb.

Amma yenə də küyə gedir.

Elə bilir ki, verilən vədlər, ayrılan vəsaitlər, göndərilən silah-sursatlar və casuslar nəyisə təzədən dəyişə biləcəkdir!

Nə Zəngəzur dəhlizini açır, nə də sülh müqaviləsini imzalamaq üçün zəruri addımlar atır!

Paşinyan bir də ayılacaq ki, Ermənistanda əhali qalmayıb, qalanlar isə qocalar və bir də haxcıxlardır!

Paşinyanın bicliyi qədər ağlı olsaydı, gözü çıxan qardaşdan - Ukrayna və Gürcüstanın düşdüyü vəziyyətdən özü üçün düzgün nəticə çıxarardı...

Azərbaycan isə nə etdiyini yaxşı bilir və məqamında zəruri addımlarını atır!

Məqsədi Cənubi Qafqazı sülh və əməkdaşlıq bölgəsinə çevirməkdir!

Bölgənin ən güclü dövləti və söz sahibi olduğundan buraya gəlmək istəyənlər onunla hesablaşmalıdırlar!

Bu birmənalıdır!

Yalançıların və məkrlilərin nə dostluğuna, nə maliyyəsinə, nə də şirin vədlərinə ehtiyacı var!

Əksinə, başqaları ona möhtacdır!

Ona qarşı riyakarlıq və düşmənçilik niyyətləri isə heç zaman uğur gətirə bilməz!

Azərbaycana Müzəffər Ali Baş Komandan İlham Əliyev rəhbərlik edir!

COP29-u isə yüksək səviyyədə keçirərək iqlim dəyişmələri ilə mübarizəyə dəyərli töhfələrimizi verəcəyik!



Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında

02:10
22 Noyabr

“Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:08
22 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında

02:07
22 Noyabr

“Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli 1177-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:06
22 Noyabr

“Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nın təsdiq edilməsi haqqında

02:04
22 Noyabr

Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması QAYDASI

02:03
22 Noyabr

“Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:02
22 Noyabr

Milli Məclisin sədri Sahibə Qafarova MDB Parlamentlərarası Assambleyasının Şura iclasında çıxış edib  

23:07
21 Noyabr

 Yeni “Wrangler” nümayiş olunub   

23:03
21 Noyabr

“Jaguar”ın yeni loqotipi təqdim edilib

23:00
21 Noyabr

“Messenger”də yeni funksiyalar təqdim edilib

22:48
21 Noyabr

Braziliya rəsmisi: Meşələrin qorunması yalnız milli maraq deyil, qlobal məsuliyyətdir  

22:45
21 Noyabr

YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 42-ci iclasında iştirak edib  

22:39
21 Noyabr

Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq müzakirə edilib  

22:38
21 Noyabr

COP29-da Ermənistanın ərazilərimizdə törətdiyi ekosiddən bəhs edən “Bir ovuc dünya” sənədli filminin təqdimatı olub  

22:36
21 Noyabr

COP29-un hindistanlı iştirakçısı: Dünya səkkiz milyard insan üçün ədalətli şəkildə yaşanacaq bir yer olmalıdır  

22:34
21 Noyabr

Nazir Rəşad Nəbiyev çilili həmkarı ilə görüşüb  

22:33
21 Noyabr

Dayanıqlı İnkişaf Məqsədləri və universitetlərin beynəlxalq əməkdaşlıq təcrübəsi müzakirə edilib  

22:31
21 Noyabr

Cin Baderşnayder: Təzyiqlərə baxmayaraq, Azərbaycan COP29-u keçirməklə böyük bir addım atmış oldu VİDEO  

22:25
21 Noyabr

COP29 çərçivəsində Dəyirmi Masada SPECA İqlim Ağıllı Şəhərlər Forumu üzrə Bakı Bəyannaməsi imzalanıb  

22:22
21 Noyabr

Milli Məclis Lüksemburq Deputatlar Palatasının qətnaməsinə münasibət bildirib

22:03
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!