19 Noyabr 2024 08:00
1483
SİYASƏT
A- A+
COP29 qlobal əməkdaşlıq platformasına çevrildi

COP29 qlobal əməkdaşlıq platformasına çevrildi


Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Bakıda keçirilən 29-cu sessiyasına (COP29)  Azərbaycanın  sədrlik etməsi birmənalı olaraq ölkəmizin diplomatik uğurudur. Bu uğurun əldə edilməsi uzun illər ərzində qurulmuş səmərəli diplomatik münasibətlərin, Azərbaycanın özünü etibarlı tərəfdaş kimi sübut etməsinin nəticəsidir. Adətən, COP regional qruplara aid olan böyük, inkişaf etmiş və nüfuzlu dövlətlər tərəfindən təşkil edilir. Tərəflər Konfransının növbəti sessiyasının Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzunun beynəlxalq aləmdə yüksək səviyyədə olduğunu təsdiq edən çox ciddi amildir.

Ölkəmizin enerji resursları ilə zəngin olması və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, bərpa edilən enerji mənbələrindən istifadə də  hər zaman diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl prinsiplərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. Dövlətimizin başçısının dəfələrlə vurğuladığı kimi, "yaşıl enerji" növlərinin yaradılması və onun dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir.

Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 QVt-dır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı isə 27 QVt, o cümlədən külək enerjisi üzrə 3000, günəş enerjisi üzrə 23000, bioenerji potensialı 380, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. 

Azərbaycan bərpaolunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmindədir və bu məqsədlə zəngin külək və günəş potensialından istifadə edir. Bu, həmçinin ölkəmizin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmaq planının mühüm tərkib hissəsidir. Ölkəmiz 2030-cu ilə qədər elektrik enerjisində bərpaolunan enerjinin qoyuluş gücü üzrə payını 30 faizə çatdırmaq və "yaşıl enerji" sahəsində lider olmaq üçün mövcud enerji sistemini şaxələndirir. Azərbaycan bu sahədə nümunəvi ölkə olaraq 1.5°C hədəfinə uyğun olaraq növbəti Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədi çərçivəsində öz milli hədəflərini yeniləyəcək.

Hazırda dünya ölkələri üçün ən aktual məsələlərdən biri "yaşıl enerji"yə keçiddir və bu, davamlı inkişafın artıq əsas şərtlərindən birinə çevrilməkdədir. Ən əsası da, iqlim böhranının aradan qaldırılmasında məhz "yaşıl enerji"dən istifadə həlledici əhəmiyyət kəsb edir, istixana qazı emissiyalarını böyük ölçüdə azaltmağa imkan verir. Ümumiyyətlə, ekoloji, iqtisadi və texnoloji amillərin birləşməsi "yaşıl enerji"yə uğurlu keçidə imkan yaradır. Amma bunun üçün müvafiq həcmdə sərmayələrin cəlb olunması əsas şərtlərdən biridir. Real mənzərənin təhlili göstərir ki, ölkələrin bir çoxunun, xüsusən də inkişaf etməkdə olanların "yaşıl enerji"yə keçidini əngəlləyən əsas faktorlardan biri məhz maliyyə, investisiya çatışmazlığıdır. Hətta ikişaf etmiş ölkələrin bir çoxunda da investisiya yetərsizliyi "yaşıl enerji"yə keçidin istənilən templə getməsini əngəlləyir. Bu səbəbdən "yaşıl enerji" siyasəti yürüdən ölkələrin diqqət mərkəzində saxlamalı olduğu məqamlardan biri müvafiq sərmayələrin cəlb olunması ilə bağlıdır. Sözügedən xüsusda uğur nümunəsi yaradan ölkələrdən biri  də  Azərbaycandır.

Son illər ərzində Azərbaycanda "yaşıl enerji"yə keçid prosesi olduqca dinamik xarakter alıb, bu müstəvidə çoxsaylı beynəlxalq tərəfdaşlarla yüksəksəviyyəli əməkdaşlıq münasibətləri qurulub. Ölkəmizdə bu kontekstdə xarici investisiyalar hesabına çoxsaylı bərpaolunan enerji mənbələri yaradılır və proses yüksək intensivliklə davam edir. Qeyd edək ki, ölkəmizin "yaşıl enerji" siyasətində əsas prioritetlərdən biri bu enerji infrastrukturuna investisiya qoyuluşunun artırılmasıdır. Artıq xarici investisiyalar hesabına Azərbaycanda "yaşıl enerji" istehsalında mühüm nailiyyətlər əldə olunub. Fəaliyyətini uğurla davam etdirən 230 meqavat gücündə Qaradağ Günəş-Elektrik Stansiyası bunun ən yaxşı nümunələrindən biridir. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti tərəfindən inşa olunan bu stansiyaya xarici sərmayə qoyuluşu 262 milyon ABŞ dolları dəyərindədir. O, ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş-elektrik stansiyasıdır.

Bakıda keçirilən COP29 iqlim sammiti çərçivəsində Qazaxıstan "yaşıl enerji"nin inkişafı sahəsində beynəlxalq şirkətlərlə əməkdaşlığa dair bir sıra sənədlər imzalayıb. Bu barədə Qazaxıstan Energetika Nazirliyinin məlumatında deyilir. O cümlədən energetika naziri Almasadam Satkəliyevin iştirakı ilə nazirlik ilə Asiya İnkişaf Bankı arasında anlaşma memorandumu imzalanıb. Sənəd AİB ekspertləri tərəfindən hazırlanmış Enerji Keçid Mexanizmi vasitəsilə karbon neytrallığı məqsədlərinə nail olmaq üzrə əməkdaşlığı nəzərdə tutur. Enerji Keçid Mexanizmi enerji səmərəliliyinin artırılması, elektrik və istilik enerjisi istehsalında yeni texnologiyaların tətbiqi üzrə addımları əhatə edir. İmzalanan sənədlərə həmçinin Çin hökuməti ilə bərpaolunan enerji mənbələri sahəsində layihələrin həyata keçirilməsinə dair saziş də daxildir. Bu da qlobal istiləşməyə qarşı mübarizə, ekoloji cəhətdən təmiz texnologiyalara keçid və tullantıların azaldılması sahəsində əməkdaşlığı nəzərdə tutur. Həmin layihələrə investisiyanın həcminin 2 milyard dollardan çox olacağı gözlənilir. "Abu Dhabi Future Energy Company" ilə Qazaxıstanın Cambul vilayətində külək-elektrik stansiyası layihəsi üçün də investisiya sazişi bağlanıb. Bu layihə üçün gözlənilən investisiya məbləği 1,5 milyard dollar olacaq.

COP29 çərçivəsində "SOCAR Green" MMC, Birləşmiş Ərəb Əmirliklərinin Masdar şirkəti, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur və İnvestisiya Bankı (AIIB) arasında Azərbaycanda iki günəş enerjisi layihəsinin maliyyələşdirilməsi üzrə sənədlər imzalanıb. EBRD, ADB və AIIB tərəfindən maliyyələşdiriləcək 445 MVt-lıq Biləsuvar və 315 MVt-lıq Neftçala günəş enerjisi layihələrinin ümumi dəyərinin 670 milyon ABŞ dolları təşkil edəcəyi gözlənilir.

2027-ci ildə istismara veriləcək stansiyalarda illik təxminən 1.7 milyard kilovat-saatdan çox "yaşıl enerji" istehsalı proqnozlaşdırılır ki, bu da illik 380 milyon kubmetr həcmində təbii qaza qənaət, eyni zamanda atmosferə atılan karbon emissiyasının 830 min ton azaldılması deməkdir.

Azərbaycanın energetika naziri qeyd edib ki, "760 MVt gücündə günəş-elektrik stansiyalarının maliyyələşdirilməsi üzrə yekun razılaşma, Azərbaycanın bərpaolunan enerji sektorundakı hədəflərinə çatmaq yolunda əlamətdar bir nailiyyətdir. Bu razılaşma Azərbaycanın "Masdar" şirkəti ilə uğurlu tərəfdaşlığını və investorların, beynəlxalq maliyyə qurumlarının ölkəmizə olan etimadını nümayiş etdirir. Günəş-elektrik stansiyaları ölkəmizin enerji keçidini sürətləndirmək, karbon emissiyalarını azaltmaq və "yaşıl enerji" ölkəsi olmaq məqsədinə mühüm töhfə verəcək".

Masdar şirkətinin icraçı direktoru Məhəmməd Cəmil əl-Rəmahi isə bildirib: "Azərbaycanda bu iki böyük günəş enerjisi layihəsinin maliyyələşdirilməsi ilə bağlı müqavilələr imzalamaqdan çox məmnunuq. Bu, Qaradağdakı ölkənin ən böyük günəş-elektrik stansiyasının tamamlanmasından sonra mühüm bir addımdır. Azərbaycan bazarı bizim üçün strateji əhəmiyyət daşıyır və ölkənin ambisiyalı təmiz enerji hədəflərinə çatmasını dəstəkləməyə sadiqik".

Hazırda Qarabağın, Şərqi Zəngəzurun və Naxçıvanın "yaşıl enerji" zonalarına çevirilməsi istiqamətində ölkəmizdə genişmiqyaslı fəaliyyət həyata keçirilir. Bu istiqamətdə xarici tərəfdaşlarla, o cümlədən Böyük Britaniyanın BP,  Səudiyyə Ərəbistanının "ACWA Power", Avstraliyanın "Fortescue Future Industries", Yaponiyanın "TEPSCO", İtaliyanın "Maire Tecnimont", Çinin "China Gezhouba Group Overseas Investment", Fransanın "Total Energies" və digər xarici şirkətlərlə bərpaolunan enerji istehsalı ilə bağlı müqavilələr imzalanıb, birgə işbirliyi həyata keçirilir. Həmin şirkətlərin investisiyası hesabına yeni bərpaolunan enerji mənbələrinin yaradılması üçün genişmiqyaslı fəaliyyət həyata keçirilir. Bunlara paralel olaraq, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə təşkilatlarının dəstəyi ilə bərpaolunan enerji istehsalı sahəsində müvafiq layihələr reallaşdırılır.

Ölkəmizin "yaşıl enerji"yə keçidlə bağlı gördüyü işlər, əldə etdiyi nailiyyətlər artıq investorlara təqdim olunub. COP29 Azərbaycan qarşısında yeni investisiyaların cəlbi üçün də əlavə imkanlar açır. Xarici investorları cəlb edən hal təkcə ölkəmizdə yaradılan əlverişli sərmayə mühiti deyil, Azərbaycanın yaxın tezlikdə "yaşıl enerji"nin mühüm ixracatçısına çevriləcəyi, həmçinin digər mənbələrdən bu enerji növünün nəqlində tranzit əhəmiyyətidir. 

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Artıq müvafiq layihənin texniki-iqtisadi əsaslandırılması başa çatıb. Buna paralel olaraq, Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi yaradılır. Azərbaycan, Qazaxıstan və Özbəkistan texniki şərtlərin hazırlanması və daha sonra Mərkəzi Asiyadan "yaşıl enerji"nin ölkəmizdən keçməklə Avropaya ixracı üçün birgə müəssisənin yaradılması barədə razılığa gəliblər. Tezliklə Qafqaz regionu və Mərkəzi Asiyanın enerji sistemlərini sualtı kabel vasitəsilə əlaqələndirən layihənin texniki-iqtisadi əsaslandırma prosesinə başlanacaq. Bütün bunlar xarici, o cümlədən Qərbdən olan investorlar üçün olduqca cəlbedicidir. 

COP29 çərçivəsində Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi ilə bağlı da böyük bir təqdimatın olması gözlənilir.

Beləliklə, Azərbaycanın "yaşıl enerji" sferasında gördüyü işlər, həyata keçirdiyi fəaliyyət COP29 zamanı dünya ictimaiyyətinə, o cümlədən də  xarici investorlara təqdim ediləcək ki, bu da ölkəmizə yeni sərmayə axınını təmin edəcək. 

Bununla da COP29 Azərbaycana əlavə dividendlər qazandıracaq. İftixarla deyə bilərik ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin iştirakı ilə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Səudiyyə Ərəbistanı Krallığı arasında "Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq üzrə Azərbaycan Respublikasının, Qazaxıstan Respublikasının, Özbəkistan Respublikasının və Səudiyyə Ərəbistanı Krallığının Energetika nazirlikləri arasında İcra Proqramı" imzalanıb.

Dünya təcrübəsi göstərir ki, bərpaolunan enerji sektoru istehsal, quraşdırma, texniki xidmət və tədqiqat imkanları ilə artıq dünyada milyonlarla iş yeri yaradıb. Bu da o deməkdir ki, bərpaolunan enerji sektoru qarşıdakı dövrdə Azərbaycanda məşğulluq səviyyəsinin yüksəlməsinə mühüm töhfələr verəcək. Ölkəmizdə "yaşıl infrastruktur"a yerli və xarici mənbələr hesabına investisiyaların bundan sonra da əhəmiyyətli artımı gözlənilir və qeyd edilən istiqamətdə COP29 ölkəmiz üçün yeni imkanlar açır.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mixail Qusman Azərbaycanın qış kurortlarından bəhs edib

23:15
22 Dekabr

Hakkan Fidan: Türkiyə olaraq tarixin doğru tərəfində durmağımızın haqlı qüruru içindəyik  

21:12
22 Dekabr

Donald Tramp prodüseri Böyük Britaniyaya xüsusi elçi təyin edib

20:51
22 Dekabr

Heydər məscidində vəhdət namazı qılınıb

19:35
22 Dekabr

Prezident Kubokunun qalibləri mükafatlandırılıb

19:30
22 Dekabr

Gürcüstan Prezidenti Salome Zurabişvili həbs oluna bilər

19:01
22 Dekabr

Azərbaycan Din Xadimlərinin Forumunun iştirakçıları İlahiyyat İnstitutunun fəaliyyəti ilə tanış olublar

18:43
22 Dekabr

Azərbaycan Din Xadimlərinin Forumunun iştirakçıları Fəxri xiyabanı ziyarət ediblər

18:17
22 Dekabr

Türkiyə XİN: Terrorla mübarizədə Pakistanla qətiyyətli həmrəyliyimizi bir daha vurğulayırıq

18:03
22 Dekabr

Xaçmazlı şəhidlərin döyüş yolundan bəhs edən film təqdim olunub

17:48
22 Dekabr

Türkiyə hakimiyyəti qaçqınların Suriyaya qaytarılması prosedurunu sadələşdirib

15:12
22 Dekabr

Türkiyədə baş verən helikopter qəzasında dörd nəfər həlak olub 

15:10
22 Dekabr

Tələbə Psixoloqların IV Respublika Konfransı keçirilib

15:07
22 Dekabr

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

15:01
22 Dekabr

Çində dünyanın ən böyük buz və qar tematik sərgisi açılıb

14:59
22 Dekabr

Qubada Prezident Kubokuna start verilib

12:01
22 Dekabr

Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkasına hücum nəticəsində həlak olanların sayı 5-ə çatıb

11:52
22 Dekabr

Bir ovuc torpaq...

09:19
22 Dekabr

Avropa terrora təslim olur

09:13
22 Dekabr

Bakı qışa necə hazırlaşır?

09:04
22 Dekabr

"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

08:53
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!