20 Noyabr 2024 08:00
1261
SİYASƏT
A- A+
COP29-dan Urban forumuna...

COP29-dan Urban forumuna...


Dünya Azərbaycanı qlobal "yaşıl platforma" kimi qəbul edir


İndiyə qədər  ölkəmiz  bir çox  mötəbər beynəlxalq tədbirlərə evsahibliyi edib və hər dəfə uğura imza atıb. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi genişmiqyaslı bir tədbirə qısa vaxtda mükəmməl hazırlaşması və bu tədbirin  müvəffəqiyyətlə davam etməsi də dünyanın diqqət mərkəzindədir. Ölkəmiz növbəti illərdə də qonaqlı-qaralı olacaq.

2025-ci ildə Azərbaycanda III MDB Oyunları keçiriləcək. Bundan sonra ölkəmiz daha bir əhəmiyyətli tədbirə evsahibliyi edəcək. Belə ki, BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının Keniyada keçirilən 3-cü sessiyasında 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 2026-cı ildə Bakı şəhərində keçiriləcəyi barədə qərar elan olunub.

Məlum olduğu kimi, şəhərsalma hazırda dövlətimizin diqqət mərkəzində olan məsələlərdəndir. Xüsusilə ona görə ki, biz 30 il işğal altında olmuş və artıq azad edilmiş şəhər və kəndlərimizi yenidən qururuq. Həm də bu quruculuq yeni konsepsiyaya əsaslanır. 44 günlük Vətən müharibəsindəki qələbəmizdən az sonra Prezident İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru "yaşıl enerji" zonası elan etdi. Burada "ağıllı kənd" və "ağıllı şəhər"lərin salınması qərara alındı. Qeyd edək ki, "ağıllı kənd", "ağıllı şəhər" dayanıqlı inkişafın təmin olunması məqsədilə sosial-iqtisadi xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının və innovasiyaların tətbiq edilməsi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunması üçün zəruri infrastruktura malik olan yaşayış məntəqələridir.

Bu qəbildən birinci layihə Ağalı "ağıllı kənd" (Zəngilan rayonu) layihəsi oldu.  Layihə çərçivəsində beynəlxalq təcrübəyə əsaslanaraq kənddə zəruri iqtisadi və sosial infrastruktur yaradıldı.

Ağalıda yüksək keyfiyyətli ekoloji mühit əsas götürülüb və enerjidən səmərəli istifadə edilməsi məqsədilə dayanıqlı enerji mənbələrinə üstünlük verilib. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək üçün ekoloji baxımdan əlverişli "yaşıl" texnologiyalar tətbiq olunub. Ağalı kəndi artıq xeyli vaxtdır sakinlərini qoynuna alıb. Bu üslubda qurulmaqda olan digər yaşayış məntəqələrində işlər uğurla davam edir.

Prezident İlham Əliyev hələ 2021-ci il avqustun 12-də "İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında" fərman imzalayıb. Daha sonra dövlət başçısı bəyan edib: "Dekarbonlaşma, "yaşıl enerji" növlərinin artırılması kimi məsələlər ölkəmizin dayanıqlı inkişaf gündəliyinin əsasını təşkil edir. Eyni zamanda "yaşıl enerji" zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyasına uyğun olaraq həyata keçirilir". 

Qısa müddət ərzində bir çox  şəhər və kəndin baş planlarının hazırlanması  sona çatdırılıb, digər yaşayış məntəqələrinin layihələndirilməsi isə davam etdirilir. Baş planların hazırlanması zamanı müasir "ağıllı şəhər" yanaşmaları, "yaşıl enerji" və təmiz ətraf mühit, sənaye və kənd təsərrüfatının kompleks inkişafı, turizm potensialının geniş reallaşdırılması və digər bu kimi məsələlər prioritet götürülüb. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinə, qabaqcıl təcrübəsi olan xarici dövlətlərlə, regional və beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verilir. Bu təşkilatlardan biri də BMT-nin Məskunlaşma Proqramı - UN-HABITAT-dır. 

Elə bu günlərdə Prezident İlham Əliyev Malayziyanın paytaxtı Kuala Lumpur şəhərinin meri, BMT-nin Məskunlaşma Proqramının sabiq icraçı direktoru xanım Maimuna Mohd Şərif ilə görüşüb. Söhbət zamanı Maimuna Mohd Şərifin UN-HABITAT rəhbəri olduğu dövrdə Azərbaycanla bu qurum arasında əməkdaşlığın inkişafına verdiyi töhfə qeyd olunub, ölkəmizin 2026-cı ildə BMT-nin ən vacib tədbirlərindən biri - Dünya Urban Forumuna evsahibliyi edəcəyi məmnunluqla vurğulanıb və buna hazırlıq prosesinin artıq başlanıldığı bildirilib. Bakının və ölkəmizin digər şəhərlərinin inkişafı kontekstində Azərbaycanın urban planlaşdırma və urbanizasiya sahəsində nailiyyətləri xüsusilə qeyd olunub, işğaldan azad edilmiş ərazilərimizdə şəhərlərin və kəndlərin qurulması prosesindəki təcrübəsi vurğulanıb.       

Bəli, düşmənin darmadağın etdiyi şəhərlərin və kəndlərin bərpası hazırda sürətlə davam etdirilir, Böyük qayıdış proqramı çərçivəsində mühüm addımlar atılır. Azad olunmuş şəhərlərə və kəndlərə yaxın üç ildə 140 min insanın köçürülməsi planlaşdırılır. Nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan kənardan bir manat belə almadan özü görür. Bu isə eyni zamanda ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir əyani göstəricisidir.

Vurğulayaq ki, bütün bunlar ölkəmizdə öz işini davam etdirən COP29-un çağırışları ilə tam səsləşir. Onu da əlavə edək ki, indi təkcə Zəngilan rayonunun Ağalı kəndində deyil, Tərtər rayonunun Talış kəndində, Laçın şəhəri və rayonun Zabux kəndində, Şuşa, Füzuli və Cəbrayıl şəhərlərində, Xocalıda  keçmiş məcburi köçkünlər yenidən məskən salıb. Qarabağa və Şərqi Zəngəzura indiyədək 9000-ə yaxın  keçmiş məcburi köçkün dönüb. 

Lakin bu gün Qarabağda və Şərqi Zəngəzurda yaşayan insanların sayı oraya qayıdan məcburi köçkünlərin sayı ilə məhdudlaşmır. Belə ki, hazırda bu bölgədə aparılan bərpa-quruculuq işlərinin miqdarı bu sayın ondan qat-qat artıq olduğunu deməyə əsas verir. Çünki tunellərin, aeroportların, aqroparkların tikintisinə, müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə minlərlə işçi qüvvəsi cəlb olunub. Bu gün təkcə Xankəndi şəhərində 6 mindən çox insan yaşayır. Onlardan 1300-dən çoxu Qarabağ Universitetində çalışır və ya təhsil alır. Daha 500 nəfər isə Nizami Gəncəvi adına Xankəndi şəhər tam orta məktəbində işləyənlər və təhsil alanlardır. Ümumiyyətlə, azad edilmiş ərazilərdə həyata keçirilən işlərdə 20 min nəfərdən çox insan çalışır. Qeyd olunan rəqəmləri ümumiləşdirsək, belə bir nəticəyə gəlmək olar ki, hazırda azad olunmuş ərazilərdə təqribən 30 min insan məskunlaşıb.


Flora SADIQLI,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp Ukrayna məsələsi ilə bağlı Putinlə görüşü gözləyir

09:41
23 Dekabr

Ceyhun Bayramov Serbiyaya səfər edib

09:40
23 Dekabr

Şuşa sakini: Qürurla, alnıaçıq qayıdırıq

09:32
23 Dekabr

Şuşa sakini: Qayıtmaq eşqi ilə yaşamışıq  

09:18
23 Dekabr

Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb

09:01
23 Dekabr

Mixail Qusman Azərbaycanın qış kurortlarından bəhs edib

23:15
22 Dekabr

Hakkan Fidan: Türkiyə olaraq tarixin doğru tərəfində durmağımızın haqlı qüruru içindəyik  

21:12
22 Dekabr

Donald Tramp prodüseri Böyük Britaniyaya xüsusi elçi təyin edib

20:51
22 Dekabr

Heydər məscidində vəhdət namazı qılınıb

19:35
22 Dekabr

Prezident Kubokunun qalibləri mükafatlandırılıb

19:30
22 Dekabr

Gürcüstan Prezidenti Salome Zurabişvili həbs oluna bilər

19:01
22 Dekabr

Azərbaycan Din Xadimlərinin Forumunun iştirakçıları İlahiyyat İnstitutunun fəaliyyəti ilə tanış olublar

18:43
22 Dekabr

Azərbaycan Din Xadimlərinin Forumunun iştirakçıları Fəxri xiyabanı ziyarət ediblər

18:17
22 Dekabr

Türkiyə XİN: Terrorla mübarizədə Pakistanla qətiyyətli həmrəyliyimizi bir daha vurğulayırıq

18:03
22 Dekabr

Xaçmazlı şəhidlərin döyüş yolundan bəhs edən film təqdim olunub

17:48
22 Dekabr

Türkiyə hakimiyyəti qaçqınların Suriyaya qaytarılması prosedurunu sadələşdirib

15:12
22 Dekabr

Türkiyədə baş verən helikopter qəzasında dörd nəfər həlak olub 

15:10
22 Dekabr

Tələbə Psixoloqların IV Respublika Konfransı keçirilib

15:07
22 Dekabr

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

15:01
22 Dekabr

Çində dünyanın ən böyük buz və qar tematik sərgisi açılıb

14:59
22 Dekabr

Qubada Prezident Kubokuna start verilib

12:01
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!