Azərbaycanın "yaşıl gündəliy"i dünya liderləri tərəfindən böyük etimad qazandı və təqdir olundu
Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında yerləşən Azərbaycan dünyanı birləşdirən ölkə kimi beynəlxalq ictimaiyyətin gündəminə düşdü. 196 ölkədən gəlmiş 70 mindən çox iştirakçı, o cümlədən
80 prezident, vitse-prezident və baş nazir dünyanın ekoloji fəlakətdən xilası üçün Bakıya toplaşdılar.
İşinə başladığı ilk gündən COP29 iqlim dəyişmələrinin yaratdığı fəsadlardan qurtulmaq üçün real həll yollarının təklif edildiyi platforma oldu. Ən əsası da BMT-nin bu nüfuzlu tədbirinin ölkəmizdə yüksək səviyyədə təşkil olunması xüsusi diqqət çəkdi.
Sülhün vacibliyi
Bunu müxtəlif ölkələrdən olan qonaqların, rəsmi şəxslərin, media nümayəndələrinin, ekspertlərin Azərbaycanın qlobal miqyaslı tədbirə layiqincə evsahibliyi etdiyini məxsusi olaraq vurğulamaları da aydın şəkildə göstərir. Həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak üçün Bakıya gələn dövlət başçıları, yüksəksəviyyəli rəsmi nümayəndələr ölkəmizin bu tədbirə hazırlığını yüksək qiymətləndirir, xoş sözlərini dilə gətirirlər. COP29-da iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması üçün mühüm və effektiv qərarların qəbul olunacağına böyük ümid bəslədiklərini söyləyən ölkə rəhbərləri Azərbaycanın məharətlə sədrlik etdiyi bu nəhəng tədbirin yüksək səviyyədə təşkilinə görə şəxsən Prezident İlham Əliyevə təşəkkürlərini bildirirlər.
Liderlər Sammitinin açılış mərasimində Malayziyanın paytaxtı Kuala Lumpurun meri, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) sabiq icraçı direktoru xanım Maimuna Mohd Şərif çıxışında Prezident İlham Əliyevə xitabən söylədi: "Siz həqiqətən də öz rəhbərliyiniz və liderliyinizlə hamını sülhün vacibliyinə inandırdınız. Sülh olmadan dayanıqlı inkişaf barədə danışmaq mümkün deyil. Dayanıqlı inkişaf olmadan da biz sülhü yarada bilmərik. Mən Azərbaycana Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfələrə görə təşəkkür edirəm. Siz öz şəhərlərinizi yenidən bərpa edirsiniz. Bunu Dayanıqlı İnkişaf Məqsədlərinə əsasən edirsiniz".
Şavkat MİRZİYOYEV:
"Bu tədbir çox yüksək səviyyədə təşkil olunub"
Türk dünyası ailəsinin üzvləri, Azərbaycana qardaş ölkələr - Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Macarıstan COP29-da ən yüksək səviyyədə təmsil olundular.
Azərbaycana tam dəstəklərini ifadə edən qardaş ölkələrin liderləri COP29-un uğurla keçirilməsi münasibətilə təbriklərini çatdıraraq, iqlim konfransının çox yaxşı təşkil olunduğunu vurğuladılar.
Hələ bu ilin iyulunda Şuşada təşkil olunan Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin dövlət rəhbərlərinin qeyri-rəsmi Zirvə görüşündə də dövlət başçıları tərəfindən birmənalı olaraq vurğulandı ki, türkdilli dövlətlər COP29 konfransının işində fəal iştirak edəcəklər.
Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə imzalanan və türk dünyası üçün böyük əhəmiyyət kəsb edən Qarabağ Bəyannaməsində də COP29-a yekdil dəstək öz əksini tapıb: "2024-cü il noyabrın 11-22-də Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasına evsahibliyi etməkdə Azərbaycan Respublikası Hökumətinə uğurlar arzulayır və Konvensiyanın tərəflərinin gözləntiləri əsasında COP29-un konkret nəticələrinin əldə edilməsində Azərbaycanın ardıcıl səylərini dəstəkləyirik".
Noyabrın 13-də Prezident İlham Əliyevlə görüşdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev COP29-un uğurla keçirilməsi münasibətilə təbriklərini çatdıraraq, bu tədbirin çox yüksək səviyyədə təşkil olunduğunu vurğuladı. Qeyd etdi ki, Özbəkistan Azərbaycana dost, qardaş və müttəfiq ölkə olaraq buna sevinir. Ali qonaq dedi ki, Özbəkistanda Azərbaycana xüsusi münasibət var.
Ciorcia MELONİ: "Azərbaycanı COP29-un sədri kimi görməkdən çox məmnunam"
Azərbaycanla İtaliya arasında hər zaman dostluq münasibətləri olub. Sıx əlaqələrlə bağlı olan iki ölkə arasındakı münasibətlər dinamik inkişaf edir. Azərbaycan və İtaliya arasında müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələri daim genişlənir. Azərbaycanda təşkil olunan COP29 tədbirində İtaliyanın fəal iştirakı bu baxımdan təsadüfi deyil.
Azərbaycana səfərə gələn və Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasındakı çıxışında İtaliyanın Baş naziri xanım Ciorcia Meloni Azərbaycanı sülh naminə iqlim təşəbbüsünün bir hissəsi kimi qiymətləndirilən COP29-un sədri kimi görməkdən çox məmnun olduğunu bildirib və COP29-un təşkilinə görə ölkəmizə təşəkkürünü ifadə edib.
İtaliyanın Baş naziri Bakıdan dünyaya çağırış da edib: "Hər bir COP kimi, bunun uğurlu və ya uğursuz olacağını müəyyən etmək bizdən asılıdır. Biz bilirik ki, göstərdiyimiz səylərin nəticələrindən şəxsən faydalanmaya bilərik. Amma vacib olan bu deyil. Mən anayam və bir ana olaraq heç nə mənə qızıma və onun nəslinə daha yaxşı yerdə yaşamağa imkan verəcək siyasətlərlə çalışmaqdan daha çox məmnunluq vermir.
Misir Ərəb Respublikasının Baş naziri Mustafa Mədbuli yüksək təşkilatçılığa görə Azərbaycana təşəkkür edib və uğurlar arzulayıb. Hökumət başçısı iqlim maliyyələşməsinin vacibliyini vurğulayaraq ölkəsinin bu istiqamətdə gördüyü işlərdən danışıb.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze də yüksək təşkilatçılıq səviyyəsinə görə Azərbaycan Prezidentinə dərin minnətdarlığını bildirib. COP-un Qafqazda ilk dəfə ölkəmizdə keçirildiyini xüsusi vurğulayan Baş nazir bu mötəbər beynəlxalq tədbirə peşəkarlıqla evsahibliyi edən Azərbaycana uğurlar arzulayıb.
Məhəmməd Şahbaz ŞƏRİF: "COP29 mütləq tarixə düşəcək"
Azərbaycan və Pakistanı da tarixi dostluq əlaqələri birləşdirir. İki dost ölkə daim siyasi, mənəvi dəstəkləri ilə bir-birinin yanında olurlar. Pakistan və Azərbaycan liderləri arasında hər zaman şəxsi zəmində də dostluq münasibətləri olub.
COP29-un plenar iclasında çıxış edən Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif də Bakıda iqlim sammitinin uğurla keçirilməsi münasibətilə əziz qardaş adlandırdığı Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Pakistan hökumətinin başçısı əminliklə bildirib ki, COP29 mütləq tarixə düşəcək.
Moldovanın Prezidenti Maya Sandu da çıxışında COP29-un Bakıda keçirilməsinə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirib.
Konqo Demokratik Respublikasının Baş naziri Cudit Suminva Tuluka Bakının bütün bəşəriyyət üçün belə mühüm tədbirə evsahibliyi etdiyinə görə Azərbaycana və şəxsən dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirib. "Ola bilsin ki, yalnız gələcək nəsillər bu gün burada etdiklərimizin və müzakirə etdiyimiz məsələlərin tam mənasını anlayacaqlar. Amma ilk növbədə biz nəticələr əldə etməliyik", - deyə Baş nazir COP29-un mühüm əhəmiyyətini bir daha vurğulayıb.
Dünya liderlərinin inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitində çıxış edən rəhbər şəxslər də COP29-un təşkilinə görə Azərbaycana minnətdarlıq ifadə edib, iqlim dəyişmələrinin böyük fəlakətlərə səbəb olduğu bu ölkələr üçün iqlim maliyyələşməsinin və uğurlu danışıqların əhəmiyyətini vurğulayıblar. Onlar COP29 çərçivəsində kiçik ada dövlətlərinin problemlərinin müzakirə olunduğu yüksəksəviyyəli tədbirin təşkilinin önəmini xüsusilə qeyd ediblər.
COP düzgün ünvanda
Xatırladaq ki, ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a evsahibliyi etmək qərarı verilib. Bu həm ölkəmizə olan etimadın göstəricisi, həm də Azərbaycanın beynəlxalq arenada oynadığı fəal rolun qiymətləndirilməsi idi. Bakıda təşkil olunan COP29-un yüksək səviyyədə keçirilməsi, burada istər iqlim maliyyələşməsi, istərsə də digər məsələlərlə bağlı olsun, əldə edilən uğurlar eyni zamanda respublikamızın Yer kürəsinin ekologiyasının qorunması ilə bağlı mühüm təşəbbüsləri COP29-un doğru ünvanda keçirilməsinin təsdiqidir. Və bütün bunların müxtəlif ölkə liderləri tərəfindən təqdir olunması Azərbaycanın - şəxsən İlham Əliyevin təqdim etdiyi "yaşıl gündəliy"in dünya tərəfindən qəbul olunması deməkdir.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"