Özünəgüvənlik insanın ən dəyərli mənəvi keyfiyyətlərindən biri sayılır.
Özünəgüvənlik insanla birgə doğulmur, sonradan yaranır.
Lakin hər adama da nəsib olmur.
Özünəgüvənliyi insan həyatda özü qazanır, onun formalaşması üçün çox addımlar ataraq, xeyli iş görməli olur.
Müəyyən dövrdən sonra özünəgüvənlik insanda xarakterə çevrilir...
Sonrakı addım və fəaliyyətini stimullaşdıran xarakterə.
Özünəgüvənlik həm də dövlətlərə xas olan xüsusiyyətdir.
Belə halda onun şərtləri, sınaq və çətinlikləri daha çox və əhatəli olur.
Təkqütblü, beynəlxalq hüququn işləmədiyi, əksinə, ikili standartların hökm sürdüyü və ədalətsizliklərin baş alıb getdiyi hazırkı dünyada özünə güvənmək çox çətin, mürəkkəb, hətta bəzən təhlükəli işdir.
Hər dövlət bu qayda ilə mövcud olmağı, fəaliyyət göstərməyi bacarmaz.
Bunun şərtləri, özünəgüvənliyi təmin edən amillərin sayı çoxdur.
Onlara nail olmaq, xüsusən kritik və həssas məqamlarda vəziyyətdən uğurla çıxmağı bacarmaq böyük zəka, uzaqgörənlik, zəngin siyasi təcrübə və imkanları ən qısa müddətdə toparlamağı, hədəfləri düzgün müəyyənləşdirərək düşünülmüş addımlar atmağı tələb edir.
Bütün bunları isə hər dövlət, onun rəhbəri bacarmaz!
***
Özünəgüvənliyin mühüm şərtlərindən biri müstəqil siyasət yürüdülməsidir!
Yer kürəsi ərazicə böyükdür, dünya çoxsaylı dövlətlərdən ibarətdir.
Dünyanın 203-dən çox dövləti BMT-nin üzvüdür.
Bu dövlətlərin nəhəngi də, güclüsü, imkanlısı da, zəifi, kasıbı və qapazaltı olanı da var.
Güclülər imkanı, təbii sərvətləri olub, zəif saydıqlarını öz maraqlarına tabe etməyi, həmin sərvətlərdən öz xeyirlərinə bəhrələnməyi ustalıqla bacarırlar.
Bundan ötrü uzun illərin, əsrlərin sınağından çıxmış üsul və alətlər, təzyiq və məcburetmə vasitələri "kəşf" edilmiş, ağalıq etmək istəyənlərin arzularını və tələblərini gerçəkləşdirməyə xidmət göstərəcək beynəlxalq qurum və təşkilatlar yaradılmışdır.
"Demokratiya", "insan haqları", "sərbəst düşüncə", "sərbəst toplaşma azadlığı" və digər terminlər icad edilmişdir.
Əslində, sivil cəmiyyətin əsaslarının ifadəsi kimi istifadə olunan belə terminlər bəzən hətta qərəzli şəkildə öz təyinatından kənarlaşdırılaraq, "itaət göstərməyən" dövlətlər üçün təzyiq, təsir vasitəsinə çevrilir.
Belə bir vəziyyətdə müstəqil siyasət yürütmək, müxtəlif istiqamətlərdən, müxtəlif ünvanlardan və müxtəlif formalarda təzyiqlərə sinə gərmək o qədər də asan olmur.
Üstəlik, qəsdən yaradılan gərgin şəraitdə dövlət başçısından təkcə siyasi manevr etmək, diplomatik bacarıqlar nümayiş etdirmək deyil, həm də mühüm fərdi keyfiyyətlər - qətiyyət, möhkəm iradə, cəsarətli və hesablanmış addımlar atılması da tələb olunur.
***
Müasir dünya özünü nə qədər demokratik göstərməyə can atsa da, hələ də "cəngəllik qanunları" yaşayır və fəaliyyət göstərir.
Başqa sözlə, güclü öz iradəsini, bəzən hətta "diktəsini" zəifə "demokratik pərdə"yə bükülmüş şəkildə qəbul etdirir və bunun çox müxtəlif, fərqli, təkmilləşdirilmiş formaları mövcuddur.
Söhbət təkcə "demokratiya", "insan haqları", "sərbəst toplaşmaq azadlığı" və sairənin "pozulmasından" getmir.
Əslində, bütün bunlar sanksiya tətbiqi üçün ortaya qoyulan "əsaslar"dan biridir.
Zəifin (kasıbın) varlıdan (güclüdən) nə isə istəməsi (məsələn, kredit), yaxud hansısa xahişinin təmin olunması müqabilində irəli sürülən "dəmir şərtlər"in mövcudluğu da müstəqil siyasəti çətinləşdirən, bəzən mümkünsüz edən məqamlardandır.
Belə təsir, təzyiq, təhdidlərə də əvvəlcədən hazır olmalısan.
***
Gəlib çatırıq əsl mətləbə: iqtisadi cəhətdən müstəqil olmayan, özünü daxili imkanları hesabına yaşada bilməyən dövlətin müstəqil siyasət yürütməsi mümkünsüzdür.
Təbiidir ki, hər ölkə özünə lazım olan bütün xammal və materiallara malik olmur.
Lakin özündə olmayanı başqasındakı ilə "dəyişmək" imkanının mövcudluğu da vacib şərtlərdəndir.
Bunu bir qədər sadələşdirsək, belə ifadə etmək mümkündür: dünya bazarından istədiyini almaq üçün hələlik hakim mövqe tutan kifayət qədər dollara sahib olmalısan.
Həmin dolları qazanmaq üçün isə tezsatılan, necə deyərlər, "yerdə qalmayan" malın, məhsulun olmalıdır.
Bu baxımdan Azərbaycanın bəxti gətirib: Tanrı bizə neft-qaz kimi enerji daşıyıcıları qismət edib.
Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində zamanında "Əsrin müqaviləsi"nin imzalanması, daha sonra Prezident İlham Əliyevin qabaqlayıcı tədbirləri hesabına "Cənub qaz dəhlizi"nin işə salınması ilə Azərbaycan daim özünə kifayət qədər valyuta ehtiyatı yarada bilir.
***
İqtisadiyyatın inkişafı da mühüm şərtlər sırasındadır.
Azərbaycan nəinki güclü iqtisadiyyata malikdir, hətta onu uğurla şaxələndirmiş, əsas ehtiyaclarının daxili imkanlar hesabına ödənilməsinə nail olmuşdur.
Fərəhli haldır ki, hələ də Ermənistanla sülh müqaviləsinin imzalanmasına nail ola bilməyən, yeni hərbi toqquşmanın mümkünlüyünü diqqətdə saxlayan ölkəmiz hərbi sənaye kompleksini də inkişaf etdirərək, bu sahədəki zəruri ehtiyaclarının ödənilməsinə nail olmuşdur.
Ölkə daxilində möhkəm və davamlı sabitliyin təmini də mühüm məsələdir.
* Vətəndaş məmnunluğunun təmin edilməsi Azərbaycan iqtidarının daim diqqətdə saxladığı məsələlərdəndir.
* İqtisadiyyatın, xüsusən sahibkarlığın inkişafına yaradılan şərait hesabına ölkə daxilində işsizlik və yoxsulluq 40-50 faizdən 4-5 faizədək endirilmişdir.
* Xalqın sosial rifahı mütəmadi şəkildə yüksəldilir.
* İnsanların mənəvi rahatlığının, fəaliyyət sərbəstliyinin təmini də diqqətdə saxlanılır.
Azərbaycanda vətəndaş cəmiyyəti formalaşdırılmış, mətbuat və söz azadlığı, fikir plüralizmi, çoxpartiyalı sistem qurulmuş, demokratiyanın təməl prinsipləri təmin edilmişdir.
Dövlətimizin ən böyük uğuru isə Vətən müharibəsinin başlanması ərəfəsində böyük milli birliyin yaranması, üstəlik, əsas milli ideyanın həyata keçməsindən sonra onun daha da möhkəmlənməsi və sarsılmaz xarakter almasıdır.
***
Vacib məqamlardan daha biri ölkənin yad təsirlərdən qorunması və xarici təhdidlərin qarşısının alınmasıdır.
Yaxın illərin təcrübəsi göstərir ki, bəzən müstəqil siyasət yürütmək istəyənlərin, yaxud güclülərin tələblərinə əməl etməyənlərin cəzalandırılması da baş verir.
Söhbət bir zaman dəbdə olan, indi isə nisbətən səngiyən "rəngli inqilablar"dan və "ərəb baharları"ndan gedir.
Belə "inqilab" və "baharlar"ın məqsədi güclü dövlətlərin təsir və təzyiqlərinə boyun əyməyən ölkə başçılarının dəyişdirilərək, daha "sərfəli"lərlə əvəzlənməsi olurdu.
Bunadək isə hədəfə alınan ölkələrdə "5-ci kolon" yetişdirilir, pul müqabilində öz dövlətlərinə qarşı çıxan manqurtlar formalaşdırılır və dirijor çubuğu ilə (qrantlarla) idarə edilirlər.
Gürcüstan hadisələri bir daha göstərdi ki, möhkəm əqidəli, vətənpərvər gənclər nəslinin tərbiyələndirilməsi, milli-mənəvi dəyərlərə sadiq, xalqın tarixi ənənələrini qoruyub saxlayacaq insanların mövcudluğu dövlətin xarici siyasətinin etibarlılığına və davamlılığa təsir göstərən vacib amillər sırasında yer alır.
***
Gürcüstan hadisələrindən söz düşmüşkən bir neçə məqama da diqqət çəkmək istərdik.
Adətən kiçikyaşlı uşaqları konfetlə aldadırlar...
Yenicə müstəqillik qazanmış ölkələri isə Avropa İttifaqına qəbulla şirnikləndirirlər.
Lakin bu "qəbul"un yolu o qədər uzun və dağıdıcıdır ki...
Uzun illər qardaş Türkiyə Avropa İttifaqının "qəbul otağı"nda gözləməli oldu.
Bir-birini əvəzləyən tələblər isə ölkəni dağılmağa doğru aparan məkrli oyunlardan başqa bir şey deyildi.
Sonda aydın oldu ki, "xristian evi" ayamasını qazanan Avropa İttifaqında heç bir müsəlman dövlətinə yer yoxdur.
Ukrayna hadisələri də göstərdi ki, orada heç xristian ölkəsini də sevmirlər.
Daha çox bəd əməllərinə yarayanları alətə çevirərək, başqalarına qarşı dağıdıcı vasitə kimi istifadə edirlər.
Avropa İttifaqı özü yaradıldığı məqsədə xidmət etmir, fəaliyyətində xeyli əcaib dəyişikliklər baş vermişdir.
Kimlərinsə tapşırıqlarını icra etmək, obyektivlikdən uzaq düşmək, fəaliyyətində ayrı-seçkiliyə, qərəzə üstünlük vermək bu qurumun gündəlik işinə çevrilmişdir.
Otuzillik işğal və Zəfər müharibəsindən keçən dörd il ərzində biz Avropa İttifaqının əsl simasına, orada qəbul edilən və etdirilən sənədlərin mahiyyətinə dərindən bələd olduq.
Otuz ildə erməni işğalçılarının barbar, dağıdıcı əməlləri, xalqımızın tarixi, mədəni, dini irsinin yerlə yeksan edilməsi, mülki vətəndaşların hüquqlarının kütləvi şəkildə pozulması, girovlarla vəhşicəsinə rəftar, onların öldürülərək gizlincə basdırılması, soyqırımları barədə susan Avropa İttifaqı indi ermənidən betər ermənilik edərək Azərbaycan əleyhinə dalbadal qərəzli, həqiqətdən uzaq sənədlər qəbul edir.
Doğrudur, Azərbaycan üçün belə qeyri-obyektiv, qərəzli bəyanatlar boş kağızdan başqa bir şey deyil!
* Söhbət həmin kağızların arxasında gizlənən qara niyyətlərdən gedir.
* Söhbət Cənubi Qafqazda yeni müharibə alovlandıraraq oranı kənar qüvvələrin təsir dairəsinə çevirmək istəyindən gedir.
* Söhbət Azərbaycanı da öz maraqlarının təminatçısı qismində görmək arzusundan gedir.
Bu isə həmin niyyətə düşən məlum dövlətlərin xam xəyallarıdır.
Azərbaycan yolunu da, siyasətini də, nəyi necə edəcəyini də hamıdan yaxşı bilir!
***
Sonda sonuncu misal.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyalarını keçirmək hər dövlətin bacaracağı iş deyil!
Bunu dünyada hamı bilir.
* Belə sessiyalarda dünyanın ekoloji gələcəyi ilə bağlı məsələlər müzakirə olunur və müvafiq qərarlar çıxarılır.
* Belə sessiyalarda irqindən, millətindən, dinindən, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir insanın həyatı, taleyi, əmlakı ilə bağlı məsələlər müzakirə edilir.
* Belə sessiyalarda bəşəriyyətin yaxın və uzaq gələcəyi ilə bağlı məsələlər gündəm olur.
Dünya Azərbaycana inanaraq, son dövrdə xüsusilə aktuallaşan iqlim dəyişmələri ilə bağlı 29-cu sessiyanın keçirilməsini ona etibar edib.
* Azərbaycan bu etibarı əvvəllər uğurla keçirdiyi dünya miqyaslı tədbirlərə verdiyi töhfələrlə qazanmışdır.
* Azərbaycan bu etibarı təkcə təcrübəsi ilə deyil, həm də mövcud imkanları, bazası, indiyədək ölkədə yaratdığı şəraitlə qazanmışdır.
* Azərbaycan bu etibarı iqlim kataklizmlərinin qarşısının öncədən alınmasına verdiyi töhfələrlə, "yaşıl enerji" istehsalında son illər gördüyü və gələcəkdə görəcəyi işlərin miqyası ilə qazanmışdır.
* Azərbaycan həm də belə möhtəşəm və genişmiqyaslı tədbiri yüksək səviyyədə keçirməyə qadir olduğuna inanaraq, özünə güvənərək öhdəsinə götürmüşdür.
Azərbaycanofob qüvvələr nə qədər əks-təbliğat kampaniyası aparsalar da, mənasızdır.
Azərbaycan bütün zəruri işləri vədəsində və yüksək keyfiyyətlə icra edib, COP29-u da uğurla başa vuracaqdır!
Bu həm də ölkəmizin növbəti beynəlxalq uğuru olacaqdır.
***
Ermənistanı "əl quzusu" edən ABŞ-nin və Qərbin niyyəti Gürcüstanı da orbitindən çıxarmaq, iki "qərbpərəst" dövlət hesabına Cənubi Qafqazı qan çanağına çevirməklə ələ keçirmək idi.
Lakin əlləri boşda qaldı.
Gürcü xalqı Avropa İttifaqına üzvlüyün ona nəyə başa gələcəyini anlayaraq yarı yoldan geriyə qayıtdı.
Dövlət müstəqilliyini və ənənəvi dəyərlərini hər şeydən yüksək qiymətləndirən gürcü xalqı "Gürcü Arzusu" partiyası ətrafında birləşərək düzgün seçimini etdi.
Gürcüstanı bulandırmaq istəyənlər mənfur niyyətlərindən əl çəkməsələr də, artıq gecdir.
Beləliklə, ABŞ-nin və Qərbin daha bir mənfur niyyəti iflasa uğradı.
Məqsəd həm də "ipə-sapa" yatmayan Azərbaycanı ram etmək idi.
Cənubi Qafqazın iki dövlətini ələ keçirdikdən, burada da Ukrayna variantını tətbiq etdikdən sonra Azərbaycanı çıxılmaz vəziyyətdə qoymaqla təkləmək, istədiklərinə nail olmaq niyyəti güdülürdü.
Azərbaycan Prezidentinin uzaqgörən və qətiyyətli addımları, prinsipial mövqeyi, üstəlik, gürcü xalqının doğru seçimi Cənubi Qafqazı alova bürümək istəyində olanların arzusunu gözündə qoydu.
İndi regionda təklənən tam müstəqil siyasət yürüdən Azərbaycan yox, özünə təzə ağa tapmış Ermənistandır.
Azərbaycanla Gürcüstanın dostluq və əməkdaşlıq əlaqələrinə xələl gətirmək isə kimsəyə nəsib olmayacaqdır!
Bəxtiyar SADIQOV