15 Noyabr 2024 08:25
144
SİYASƏT
A- A+
Xankəndidə möhkəmlənən qardaşlıq

Xankəndidə möhkəmlənən qardaşlıq


Dünyanın ən böyük və ən mötəbər iqlim tədbiri Azərbaycanda uğurla davam edir. Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasında iştirak etmək üçün müxtəlif ölkələrin dövlət başçıları, baş nazirləri, nazirlər və digər rəsmilər ölkəmizə gəliblər. Bəşəriyyət üçün xüsusi önəm daşıyan ətraf mühitin mühafizəsi və iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması məsələləri müzakirə olunur, problemlərdən çıxış yolları aranır.

Digər qardaş türk dövlətləri kimi, Özbəkistan da Bakıda keçirilən COP29-da ən yüksək səviyyədə təmsil olunur. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etmək məqsədilə Azərbaycana səfər edib.

Qeyd edək ki, türkdilli dövlətlərin başçıları BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında fəal iştirak edəcəklərini bir sıra tədbirlərdə, həmçinin bu ilin iyulunda Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin dövlət rəhbərlərinin qeyri-rəsmi Zirvə görüşündə bildirmişdilər. O zaman Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qeyd etmişdi: "Biz bu nüfuzlu tədbirə fəal şəkildə qatılmağa və bu məsələdə Azərbaycana mümkün olan hər cür yardımı göstərməyə hazırıq".

Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Liderlər Sammitinin plenar iclasında çıxışında Özbəkistan Prezidenti müasir iqlim çağırışlarına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində Azərbaycan tərəfinin fəal səylərinə dəstəyini ifadə edib.

Şavkat Mirziyoyev bu gün iqlim dəyişmələrinin əsas qlobal çağırışa çevrilərək, geosiyasi gərginliyin artmasına birbaşa təsir göstərdiyini vurğulayıb: "İqlim dəyişmələrinin fəsadları Mərkəzi Asiya regionunda kəskin hiss olunur. Onlar əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə və milli inkişaf strategiyalarının həyata keçirilməsinə maneə törədir". 

Noyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin üçtərəfli görüşü olub. Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın dövlət başçıları "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində Strateji tərəfdaşlıq haqqında Saziş"i imzalayıblar.

Görüşdə Azərbaycan Prezidenti sözügedən sazişin imzalanmasının tarixi əhəmiyyətini vurğulayıb: "Biz ölkələrimiz arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndiririk və "yaşıl enerji" sahəsində fəal əməkdaşlıq edəcəyik. Həmçinin deyərdim ki, imzaladığımız bugünkü saziş Mərkəzi Asiya və Qafqaz regionlarının əməkdaşlığında yeni imkanlar açır". Dövlətimizin başçısı bildirib ki, mahiyyət etibarilə Mərkəzi Asiya və Qafqaz regionlarında inteqrasiya prosesləri, nəqliyyat, energetika, ticarətlə bağlı proseslər bu gün deməyə imkan verir ki, bu iki region bir çox məsələlərdə, o cümlədən "yaşıl enerji"nin inkişafı sahəsində sinxron fəaliyyət göstərir: "Biz Özbəkistanda, Qazaxıstanda və Azərbaycanda bərpaolunan enerji mənbələrinin yaradılması üzrə artıq əldə edilmiş böyük planlar və nəticələr haqqında bilirik. Yəni biz, belə demək mümkünsə, paralel kursla gedirik və Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi təkcə üç ölkəmiz arasında deyil, həm də daha geniş miqyasda əməkdaşlıqdır".

Prezident İlham Əliyev qeyd edib ki, Qarabağın bərpasında bizə ilk yardım edən ölkələr Özbəkistan və Qazaxıstandır: "Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına yaradıcılıq mərkəzi bu gün qardaşlığımızın bariz sübutudur. Əminəm ki, biz gələcəkdə də həmişə bir yerdə olacağıq və bir-birimizi dəstəkləyəcəyik".

Üçtərəfli görüşdə çıxışında Özbəkistan Prezidenti vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Sammitinin uğurla keçirilməsi Azərbaycanın nüfuzunun göstəricisidir: "Regionumuzda ilk dəfədir ki, belə möhtəşəm tədbir keçirilir və bu, Azərbaycanın qlobal miqyasda ən yüksək nüfuzunun bariz göstəricisidir. Bu gün biz Avropaya birlikdə yeni "yaşıl enerji dəhlizi" yaradırıq. Bu da tarixi hadisədir". Özbəkistan Prezidenti qeyd edib ki, bərpaolunan enerji təkcə iqtisadi məqsəd deyil: "Bu, bizim gələcəyə verdiyimiz töhfədir, gələcək nəsillər qarşısında məsuliyyət hissimizin nəticəsidir".

Daha sonra Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin iştirakı ilə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Səudiyyə Ərəbistanı Krallığı arasında "Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq üzrə Azərbaycan Respublikasının, Qazaxıstan Respublikasının, Özbəkistan Respublikasının və Səudiyyə Ərəbistanı Krallığının Energetika nazirlikləri arasında İcra Proqramı"nın imzalanması mərasimi olub.

Noyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşü olub. Şavkat Mirziyoyev COP29-un uğurla keçirilməsi münasibətilə təbriklərini çatdıraraq, bu tədbirin çox yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Bildirib ki, Özbəkistan Azərbaycana dost, qardaş və müttəfiq ölkə olaraq buna sevinir. Şavkat Mirziyoyev Özbəkistanda Azərbaycana xüsusi münasibət olduğunu bildirib. O, ikitərəfli münasibətlərimizin inkişafında tarixi bir dövrün olduğunu vurğulayıb. Ölkələrimiz arasında bu il imzalanan müttəfiqlik münasibətləri haqqında müqaviləni qeyd edib. Deyib ki, nümayəndə heyətlərimiz yaxından işləyir, qarşıya qoyulan layihələr uğurla icra edilir.

İmzalanan sənədlərin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev "yaşıl enerji"nin inkişafı və ötürülməsi layihələrinin həyata keçirilməsinin mahiyyətini diqqətə çatdırıb. 

Dövlətimizin başçısı Xankəndi şəhərində tikiş fabrikinin inşası ilə bağlı layihəyə görə minnətdarlığını bildirib. Burada xeyli sayda insanın işlə təmin olunacağının önəmini vurğulayıb.

Söhbət zamanı Bakıda Özbəkistan Evi, Özbəkistanda isə Azərbaycan Evi layihələrinin icrasından məmnunluq ifadə olunub. Özbəkistanda ölkəmizin ticarət nümayəndəliyinin açılması, təhsil, maşınqayırma, inşaat, mədən, əczaçılıq, pambıqçılıq, turizm sahələrində layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

Sonra Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə Xankəndi şəhərində tikiş fabrikinin videobağlantı vasitəsilə açılış mərasimi olub.

Azərbaycan Prezidenti bu fabrikin birliyimizin daha bir rəmzi olduğunu diqqətə çatdırıb: "Mən qardaşım Şavkat Miromonoviçə minnətdarlığımı bildirirəm ki, bizim özbək dostlarımız qısa müddətdə Xankəndidə minlərlə insanın çalışacağı və təbii ki, mütləq əksəriyyəti qadınlardan ibarət gözəl müəssisənin yaradılmasına kömək göstərdilər. Bu, məşğulluqdur, bu, istehsaldır, bu, Qarabağın inkişafıdır. Özbək qardaşlarımız isə yenə burada birincidirlər. Füzulidə məktəb tikməkdə bizə ilk yardımçı oldular, işğaldan azad edilmiş ərazilərdə belə böyük bir müəssisə yaratmaqda bizə ilk köməyi göstərdilər".

Diqqətə çatdıraq ki, Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan tikiş fabriki iki ölkə arasında uğurlu əməkdaşlığın rəmzidir. Ölkəmizdə yüngül sənayenin inkişafına yeni imkanlar yaradan, dostluq, iqtisadi tərəfdaşlıq əlaqələrimizi möhkəmləndirən bu müəssisə Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən inşa edilib. Layihənin ümumi investisiya dəyəri 11 milyon manat təşkil edir. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Həm yerli, həm də Özbəkistan xammalı əsasında fəaliyyət göstərəcək, regionda qeyri-neft ixracının artımına əhəmiyyətli töhfə verəcək fabrikdə istehsal ediləcək məhsulların 80 faizi müxtəlif ölkələrə ixrac olunacaq. Burada ümumilikdə 800 iş yeri yaradılacaq.

Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim almış 250 nəfər hazırda işlə təmin edilib. Müəssisədə işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşların məşğulluğuna xüsusi diqqət yetirilib.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DSMF-nin xərcləri artaraq 5 milyard 726 milyon manat olub  

11:13
15 Noyabr

Xarici jurnalist: COP29 Azərbaycanın iqlimlə bağlı ambisiyalarına kömək edəcək  

11:12
15 Noyabr

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa  

11:11
15 Noyabr

Ceyhun Bayramov: Sülh Azərbaycanın əsas prioritetidir  

11:09
15 Noyabr

Dünya birjalarında neftin ucuzlaşması davam edir  

11:09
15 Noyabr

COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib  

11:08
15 Noyabr

Aleksandra Bilak Azərbaycanda qaçqınlarla bağlı həyata keçirilən dövlət siyasəti barədə məlumatlandırılıb  

11:06
15 Noyabr

Azərbaycan nefti ucuzlaşıb  

11:05
15 Noyabr

UEFA Millətlər Liqası: Bu gün daha 9 oyun keçiriləcək  

11:04
15 Noyabr

WWF-Türkiye: COP29 yeni MSMT prioritetlərinin aydın şəkildə müəyyənləşdirilməsi yolunda sonuncu böyük şansdır  

11:02
15 Noyabr

COP29 çərçivəsində “İqlim və Sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı yüksəksəviyyəli panel iclası keçirilir  

11:01
15 Noyabr

Baş nazir Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb  

10:19
15 Noyabr

Heydər Əliyev Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi və “Öz töhfəni ver!” sərgisi açılıb 

10:12
15 Noyabr

Pərviz Şahbazov: Yaşıl enerji dəhlizləri təkcə enerjinin ötürülməsini deyil, həm də sabit və davamlı gələcəyin yol xəritəsini müəyyənləşdirir  

10:11
15 Noyabr

Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya məcburi eniş edib  

10:11
15 Noyabr

Dehlidə hava çirkliliyinə görə ibtidai məktəblər bağlanıb  

10:09
15 Noyabr

Millətlər Liqası: İtaliya qalib gəlib, Fransa xal itirib  

10:07
15 Noyabr

Britaniyalı nazirlər COP29-dakı pavilyonları ilə tanış olublar  

10:05
15 Noyabr

Afrikalı nümayəndə: Bərpaolunan enerji mənbələrinə yönəlmiş addımlar əsas hədəflərimiz arasında yer alır  

10:03
15 Noyabr

"İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi" mövzusunda konfrans keçirilib  

09:36
15 Noyabr

Mingəçevirin 76 yaşı yeni yaşıllıqlar salınması ilə qeyd edilib

09:25
15 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!