Üç qardaş ölkənin liderləri bu məsələdə həmrəy oldular
Azərbaycan, Qazaxıstan və Özbəkistanın hər biri zəngin "yaşıl enerji" mənbələrinə malikdir. Bu, həmin ölkələr qarşısında sanballı bərpaolunan enerji layihələrini reallaşdırmaq imkanı açır və təqdirəlayiq haldır ki, artıq bir sıra nailiyyətlər əldə olunub.
Daha bir müsbət hal da odur ki, bu üç respublika son vaxtlar "yaşıl enerji"nin ixracı ilə bağlı imkanlarını əlaqələndirməyə başlayıblar. Bu istiqamətdə də işlərin gedişi ürəkaçandır. Belə ki, bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin üçtərəfli görüşü olub. Sonra dövlət başçıları "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalayıblar. Daha sonra prezidentlər çıxış ediblər.
Dövlətimizin başçısı bu sənədin imzalanmasını tarixi hadisə adlandıraraq deyib: "İmzaladığımız bugünkü saziş Mərkəzi Asiya və Qafqaz regionlarının əməkdaşlığında yeni imkanlar açır. Mahiyyət etibarilə, Mərkəzi Asiya və Qafqaz regionlarında inteqrasiya prosesləri, nəqliyyat, energetika, ticarətlə bağlı proseslər bu gün deməyə imkan verir ki, bu iki region bir çox məsələlərdə, o cümlədən "yaşıl enerji"nin inkişafı sahəsində sinxron fəaliyyət göstərir. Biz Özbəkistanda, Qazaxıstanda və Azərbaycanda bərpaolunan enerji mənbələrinin yaradılması üzrə artıq əldə edilmiş böyük planlar və nəticələr haqqında bilirik. Yəni biz, belə demək mümkünsə, paralel kursla gedirik və Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi təkcə üç ölkəmiz arasında deyil, həm də daha geniş miqyasda əməkdaşlıqdır. Dünən konfransdakı çıxışımda Azərbaycandan Qara dənizin dibi ilə Avropaya kabel xətti çəkməsi ilə bağlı ölkəmizin artıq həyata keçirilməkdə olan planlarından danışdım. Bu layihənin texniki-iqtisadi əsaslandırılması tamamlanmaq üzrədir və bununla da biz Mərkəzi Asiyanı, Qafqazı, Avropanı, Xəzər və Qara dənizləri vahid enerji dəhlizi ilə birləşdirəcəyik".
Ölkəmizin "yaşıl gündəliy"i artıq hamıya bəllidir. Bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat və dənizdə 157 giqavat təşkil edir. Ötən il Birləşmiş Ərəb Əmirliklərinin"Masdar" şirkətinin tikdiyi 230 meqavatlıq "Qaradağ" Günəş-Elektrik Stansiyası istifadəyə verildi. Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir. COP29 çərçivəsində Birləşmiş Krallığın BP şirkəti ilə 240 meqavatlıq Günəş-Elektrik Stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda təməli qoyuldu.
2030-cu ilə qədər ölkəmizdə təxminən 6 giqavatlıq günəş, külək və hidroenerji stansiyalarının tikilməsi planlaşdırılır. Lakin bu, planlarımızın hamısı deyil, çünki 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb.
Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Rumıniyanın paytaxtı Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanmışdı. Bir neçə ay əvvəl Buxarestdə sazişin icrası məqsədilə 8-ci Nazirlər-Rəhbər Komitənin iclası keçirilmiş və orada bildirilmişdi ki, "Xəzər-Qara dəniz-Avropa "Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırmasının ilkin nəticələrinin təqdimatının cari ilin noyabrında ölkəmizin evsahibliyi edəcəyi COP29 çərçivəsində olacağı nəzərdə tutulur. Buxarestdəki iclasda iştirak edən energetika naziri Pərviz Şahbazov bunları vurğulayaraq, həmçinin layihənin statusu, digər komponentləri, atılacaq növbəti addımlar, eləcə də Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında qurulacaq "yaşıl enerji" dəhlizinin inkişafı ilə bağlı fikirlərini bölüşmüşdü.
Hadisələr üç qardaş ölkənin - Azərbaycan, Qazaxıstan və Özbəkistanın xeyli vaxtdır üzərində düşündüyü bu dəhlizin tezliklə reallıq olacağını göstərir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dediyi kimi: "Strateji tərəfdaşlıq sazişinin imzalanması Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının inkişafı üzrə üçtərəfli əməkdaşlıqda mühüm mərhələdir. Sənəd dövlətlərimizin enerji sistemlərinin inteqrasiyası, habelə ekoloji cəhətdən təmiz enerjinin Avropaya və digər bazarlara çatdırılması üzrə etibarlı dəhlizlərin yaradılmasında yeni imkanlar açır. Qazaxıstan böyük tranzit ərazi kimi burada son dərəcə mühüm rol oynayır. Bu sazişin praktiki nəticələri Orta dəhlizin iqtisadiyyatlarımızı birləşdirən "yaşıl körpü" qismində inkişafına töhfə verəcək. Bu əsas sahədə sıx əməkdaşlıq üç dövlət arasında təcrübə və qabaqcıl texnologiyalar mübadiləsini gücləndirəcək və enerji təhlükəsizliyimizin gələcəkdə də möhkəmləndirilməsinə kömək edəcək".
Qeyd edək ki, "yaşıl enerji" karbon neytrallığına doğru irəliləyən Qazaxıstan üçün prioritet istiqamətdir. Bu ölkə qazıntı resurslarından asılılığını azaltmaq, texnoloji yenilikləri inkişaf etdirmək və ekoloji davamlılığını dəstəkləyə biləcək infrastruktur yaratmaq üçün fəal işləyir. Qazaxıstan xarici tərəfdaşlarla ümumi gücü 43 giqavat olan "yaşıl layihələr"in həyata keçirilməsinə dair razılaşmalar əldə edib.
Özbəkistanda da bu istiqamətdə genişmiqyaslı işlər aparılır, "yaşıl enerji"nin inkişafı üçün böyük proqram qəbul edilib. Burada 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payını 40 faizə çatdırmaq, həmçinin 4,2 giqavatlıq enerjisaxlama sistemləri yaratmaq planlaşdırılır. Bundan başqa, ilin sonunadək əlavə olaraq 2,6 giqavat bərpaolunan enerji və 300 meqavat enerjisaxlama sistemlərinin şəbəkəyə birləşdiriləcəyi hədəflənib. Hər il təxminən 2 giqavat günəş və külək enerjisi istehsal etmək gücünü işə salmaq nəzərdə tutulur.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də üçtərəfli sazişin imzalanmasını tarixi hadisə adlandırmış və demişdir: "Bərpaolunan enerji təkcə iqtisadi məqsəd deyil. Bu, bizim gələcəyə verdiyimiz töhfədir, gələcək nəsillər qarşısında məsuliyyət hissimizin nəticəsidir. Mən bu layihənin ekoloji əhəmiyyətini xüsusilə qeyd etmək istərdim. Nəql ediləcək enerji külək və günəş enerjisidir, iqlimə təsiri azaltmağa kömək edəcək bərpaolunan və təmiz mənbədir".
Bu layihənin həyata keçirilməsinin iqtisadi səmərəsini hər üç dövlət hiss edəcək. Minlərlə iş yeri açılacaq, enerji infrastrukturu inkişaf etdiriləcək, texnoloji və biznes əlaqələri genişlənəcək və bunun əsas nəticəsi olaraq əhalinin həyat səviyyəsi yüksələcək.
Deyilənlərə əlavə etmək yerinə düşər ki, Səudiyyə Ərəbistanı və bu ölkənin "ACWA Power" şirkəti həm Azərbaycanla, həm Qazaxıstanla, həm də Özbəkistanla bərpaolunan enerji sahəsində sıx əməkdaşlıq və tərəfdaşlıq edir. Ona görə də hər üç dövlət başçısının bunu məmnunluqla və minnətdarlıqla qeyd etməsi təsadüfi deyil.
Bu əlaqələr də davam edir. Belə ki, sözügedən üçtərəfli görüşdən sonra Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin iştirakı ilə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Səudiyyə Ərəbistanı Krallığı arasında "Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq üzrə Azərbaycan Respublikasının, Qazaxıstan Respublikasının, Özbəkistan Respublikasının və Səudiyyə Ərəbistanı Krallığının Energetika nazirlikləri arasında İcra Proqramı"nın imzalanması mərasimi olub.
Flora SADIQLI,
"Azərbaycan"