Rayon ərazisində ağacəkmə aksiyası daha kütləvi hal alıb
Təbiətin bol-bol gözəllik bəxş etdiyi bölgələrimizdən biri də Qubadır. Dağlıq ərazidə yerləşən bu qədim yaşayış məskənimiz meşələri, yamacları, bulaqları təmiz dağ havası ilə məşhurdur. Odur ki, Qubanı bir dəfə görən bura bir də gəlmək arzusunda olur.
Qubalılar təbiətin verdiyi bu gözəlliyi qorumağı, yaşıllıqları artırmağı, ekoloji tarazlıq yaratmağı özlərinin vəzifəsi hesab edirlər. Rayon icra hakimiyyəti hələ ilin əvvəlində Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb. Bu planda göstərilən vəzifələrin icrası çərçivəsində Susay, Rustov, Qamqam, Nügədi, Təngaltı və digər kəndlərdə iqlim şəraitinə uyğun minlərlə ting əkilib.
Payızın oğlan çağıdır. Qızılı fəsil isə yığım mövsümü və gələcək məhsulun təməlinin qoyulduğu dövrdür. Elə ağaclar da payızda əkilir. Odur ki, oktyabr ayından başlayaraq Qubanı qonşu rayonlarla bağlayan yolların kənarlarında ağacların əkilməsinə başlanıb. Quba-Xaçmaz magistral avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində bir müddət əvvəl yol çəkilməsi nəticəsində ətrafdakı yaşıllıqlar hərəkət zolağına düşdüyündən məhv olmuşdu. İndi əvəzində həmin ərazidə yolkənarı minlərlə ağac əkilib. Eyni zamanda Quba-Bakı magistral avtomobil yolunun kənarında yerli iqlim şəraitinə uyğun ağac tingləri hesabına yaşıllıq salınıb. Yeri gəlmişkən, qeyd edək ki, Qubanın iqlimi soyuq olduğundan burada hər ting tutmur, quruyur. Ona görə Qubada əkmək üçün istər meyvə, istərsə də bəzək ağacları olsun, xüsusi seçilir və onlara texniki qaydada qulluq edilir.
Ağacəkmə könüllülük əsasında həyata keçirilir. Buna baxmayaraq, sakinlər ağacəkmədə məmnunluqla iştirak edirlər. Kənddə yaşayan Səmayə Qarayeva deyir ki, rayon mərkəzinə ev əşyaları almaq üçün gəlib. Avtovağzalda belə bir aksiyanın keçiriləcəyini eşidib və iştirakçılara qoşulub. Gültəpə və Nügədidən gələnlər də ağacəkmədə həvəslə iştirak ediblər. Mehparə Hacıəhmədova, Akif Bəşirov, Elmira Zülfiyyeva belə aksiyaların ekoloji tarazlığın qorunmasına, təbiətin və ətraf mühitin saflaşdırılmasına xidmət etdiyini bildirirlər. Deyirlər ki, bu torpaq bizimdir, əkini də, biçini də bizlikdir, gözəlliyi də adımızadır. "Vaxt gələr, illər sonra yaşıllıq altında dincələnlərə fəxrlə deyərik ki, o ağacları biz əkmişik".
Turizm bölgəsi olan Qubanın qarşıdakı illərdə daha geniş yaşıllıq zonasına çevriləcəyinə şübhə yoxdur. Bir də, bizə belə gəlir ki, ölkəmizdə COP29 kimi qlobal iqlim tədbirinin keçirildiyi bu günlər ağac əkməkdən yaxşı iş ola bilməz. Qoy bu ağaclar qubalıların həmin tədbirə töhfəsi olsun.
Akif ƏLİYEV,
"Azərbaycan"