“Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çox yüksək səviyyədə təşkil olunub. Bu konfrans siyasi baxımdan da mühüm əhəmiyyət kəsb edirdi. Bu konfransda iştirak bizim üçün yeni imkanlar açdı”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin İctimai Televiziyasına (1tv.ge) müsahibəsində söyləyib.
Baş nazir deyib ki, Bakıda keçirilən COP29 yüksəksəviyyəli konfransdır:
“Təbii ki, bu, həm də siyasi baxımdan mühüm və maraqlı idi. Belə format ölkəmizlə bağlı məsələlərdə müxtəlif formatlarda onlarla liderlə danışmağa imkan verir və biz bu imkandan maksimum yararlandıq. Azərbaycan Prezidenti İlham Əliyevlə çox mehriban və məhsuldar görüş keçirdim. Bundan başqa bir çox liderlərlə görüşüb söhbət etmək imkanım oldu. Konfrans bu baxımdan da çox əhəmiyyətli idi”.
Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə mübarizə Gürcüstan üçün ən mühüm çağırışlardan biridir.
“Son bir neçə ildə ölkəmizdə baş vermiş bir sıra ağır təbiət hadisələrini xatırlayırsınız. Təbii ki, bütün bunlar birbaşa iqlim dəyişikliyi və ekoloji baxımdan bütün dünyada müşahidə olunan ümumi tendensiyalarla bağlıdır. Eyni zamanda, ölkəmiz dağlıq regiondu və ona görə də çətinliklərimiz daha böyükdür. Buna görə də, neqativ dəyişikliklərin qarşısını almaq üçün məsuliyyətli davranırıq. İqlim dəyişikliyi ilə bağlı problemlər və s. ilə bağlı bizim konkret hədəflərimiz var. Təbii ki, biz öz mesajlarımızı tərəfdaşlarımızla paylaşmışıq. Bildirmişik ki, Gürcüstanda ətraf mühitin mühafizəsi Konstitusiyada əsas hüquq kimi təmin olunub və Gürcüstan bu baxımdan dünyada nadir ölkələrdəndir. Bundan əlavə, bizim müvafiq tələblərin həyata keçirilməsinə yönəlmiş konkret siyasətimiz var”, - deyə Kobaxidze bildirib.