Ən yaxşı siyasət real iş görməkdir!
Azərbaycan Prezidenti cənab İlham Əliyevə məxsus kəlamdır.
Hamı yaxşı bilir ki, təkcə istəməklə, arzulamaqla nəyəsə nail olmaq mümkün deyil!
Bunun üçün çalışmalısan, zəhmət çəkməlisən, əməli iş görməlisən.
Əlbəttə, işə başlamazdan əvvəl məqsədə çatmağın düzgün yolunu, görəcəyin işlərin maliyyə mənbəyini, qarşıya çıxa biləcək mümkün çətinlikləri bilib nəzərə almağı və aradan qaldırmağın üsul və vasitələrini də tapmağı bacarmalısan.
Bax o zaman zəhmətin hədər getməz, istədiyinə çata, düzgün siyasətin və real işin bəhrəsini görə bilərsən.
***
Çətinlik, məhrumiyyət, ağır sınaqlar, maliyyə çatışmazlığı, kənar təzyiqlər - bütün bunlar Azərbaycan xalqına və dövlətinə yaxşı tanışdır.
Dəfələrlə onlarla üzləşmiş, özünə güvənərək dəf etmiş, çiyinlərindəki ağır yükü mənzil başına çatdıraraq qəddini düzəltmişdir.
Bütün bu təlatümlər isə qırmızı imperiyanın süqutu, Azərbaycan xalqının müstəqillik arzusunu reallaşdırmaq istəməsi bu istiqamətdə əməli addımlarını atması ilə başlandı.
Ötən əsrin 80-ci illərinin sonlarından etibarən yenidən "Dağlıq Qarabağ problemi"ni qızışdıraraq erməni separatizminə rəvac verdilər, hayları silahlandıraraq torpaqlarımızın işğalına müxtəlif formada yardımlar göstərdilər.
Bu elə bir dövr idi ki, Azərbaycan xalqı həqiqi rəhbəri Ulu Öndər Heydər Əliyevdən ayrı düşmüşdü.
Ölkəyə maymaqlar, qorxaqlar, səriştəsizlər və xəyanətkarlar rəhbərlik etdiyindən nə vaxtında ordu quruldu, nə də torpaqların müdafiəsi təmin olundu.
Nəticədə Qarabağ və Şərqi Zəngəzur işğal edildi, bir milyonadək ölkə vətəndaşı məcburi köçkünə çevrildi, düşmən əlinə keçmiş yaşayış məntəqələri yerlə yeksan olundu, faydalı qazıntı yataqlarımız çapılıb talanaraq aparıldı.
Otuz il ərzində ərazimizin iyirmi faizi ekosidə, urbisidə, kultrosidə, vətəndaşlarımız isə genosidə məruz qaldılar.
Nə dadımıza çatan oldu, nə də kömək əlini uzadan!
* Torpaqların sülh yolu ilə geri qaytarılması üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə icra olunmadı.
* ATƏT-in Minsk qrupu "sülh danışıqları" imitasiyası yaradaraq işğalı əbədiliyə çevirməyə çalışdı.
* Avropa İttifaqı heç bir faydası olmayan bəyanatlar verdi, qərarlar qəbul etdi, mənasız və nəticəsiz müzakirələr apardı.
* Beynəlxalq hüquq işləmədi, korrupsiyalaşmış senator və konqresmenlər riyakar və ikiüzlü mövqe nümayiş etdirdilər...
Nəticədə Azərbaycan yalnız özünə güvənməli, öz problemlərini özü həll etməli oldu.
***
Bir milyondan çox qaçqın və məcburi köçkünü olan ölkə çoxsaylı problemlə qarşı-qarşıya qaldı.
Amma dayanıb durmadı, qorxaraq geri çəkilmədi:
* Sərbəst bazar iqtisadiyyatına keçidi başa çatdırdı;
* Özünə və bütün dünyaya fayda gətirən transmilli layihələri reallaşdırdı;
* Müstəqil daxili və xarici siyasət yürütdü, işsizliyi, yoxsulluğu 4-5 faizədək azaltdı;
* Ölkə əhalisinin sosial rifahını ciddi şəkildə yüksəltdi;
* 116 qaçqın şəhərciyi və yaşayış massivi saldı;
* Beynəlxalq nüfuzunu artırdı;
* Cənubi Qafqazın ən güclü dövlətinə, bölgədə söz sahibinə çevrildi;
* Bütün bunlarla yanaşı, yeni, modern ordu qurdu, onu ən müasir silahlarla silahlandırdı.
Beynəlxalq hüququn gücsüzlüyünü, ikili standartlardan doğan ədalətsizliyi yaxşı bilən Prezident İlham Əliyev daim açıq şəkildə bəyan etdi:
"Azərbaycan bir qarış torpağını belə kimsəyə güzəştə getməyəcək, öz ərazisində ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir".
Dedi və dediyini də etdi!
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 gün ərzində Ermənistan ordusu məhv edildi, düşmən qarşımızda diz çökdürüldü, kapitulyasiya aktını imzalamağa məcbur edildi!
Təkbaşına otuzillik işğala son qoyan Azərbaycan bu gün Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirməklə məşğuldur!
Həm də birnömrəli problemini zəfərlə həll etdikdən sonra dünyanın qarşılaşdığı iqlim dəyişmələri probleminin çözümünə də dəyərli töhfələrini verir.
İki yüz dövlətin dəstəyi ilə paytaxt Bakıda COP29-u böyük uğurla keçirərək iqlim dəyişmələrinin fəsadlarının qarşısının alınmasına dünya dövlətlərinin qüvvə və imkanlarını səfərbər edir.
***
Təkcə 2024-cü ilin əvvəlindən indiyədək dünya dəfələrlə təbii fəlakətlərlə üzbəüz qalmış, böyük dağıntılar və itkilər yaşamışdır.
Planetimizin müxtəlif yerlərində baş verən zəlzələlər, qasırğalar, leysanlar, subasmaları nəticəsində çoxsaylı yaşayış məntəqələri dağılmış, ciddi insan tələfatları baş vermiş, sürüşmələr nəticəsində bütöv kəndlər, qəsəbələr torpaq altında qalmışdır.
Azərbaycan xalqı yaxşı bilir:
* Dağıntı nədir, doğmaların itkisi nədir.
* Evsiz, yurdsuz qalan insanlar hansı əziyyət və mənəvi iztirablar çəkirlər.
* Quraqlıq, susuzluqdan məhsul itkisi necə olur.
* Köməksizlikdən, yoxsulluqdan və imkansızlıqdan hansı çətinliklər və problemlər yaşanır.
* Ekoloji fəlakətlər, meşələrin vəhşicəsinə qırılması, çayların zəhərlənməsi, göllərin qurudulması necə fəsadlara səbəb olur.
Azərbaycan həm də:
* Öz vətəndaşlarının qədrini bilir, onu çətinliklər məngənəsində tək qoymur.
* Nəhəng layihələri reallaşdırmağı, ən çətin problemlərin çözülməsinə haradan başlayıb harada bitirməyi dəfələrlə sınaqdan çıxarıb.
* Böyük çətinliklər qarşısında qalan dövlətlərə, insanlara dəfələrlə kömək əlini uzadıb, onları problemlər məngənəsində sıxılmağa qoymayıb.
* Hamıya fayda gətirən gərəkli işləri görməyin, imkanları səfərbərliyə almağın yollarını yaxşı bilir.
* Ən böyük tədbirləri uğurla təşkil etməyi, mütəşəkkil qaydada və yüksək səviyyədə keçirməyi məharətlə bacarır.
Bu gün isə COP29 münasibətilə dünyanı Bakıya toplamaqla dünya dövlətlərini çətin duruma salan ekoloji fəlakətlərin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsini, maliyyə imkanlarının səfərbər olunmasını nizama salır.
***
Yaxın illərdə baş verən hadisələr aydın şəkildə göstərir ki, Azərbaycan ən çətin vəziyyətdə qalanlara daim kömək göstərib, bu yolda şəxsi vəsaitini belə əsirgəməyib.
Prezident İlham Əliyevin Qoşulmama Hərəkatına dördillik sədrliyi dövründə Azərbaycan 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişdir.
COVID-19-un tüğyan etdiyi dövrdə "vaksin millətçiliyi"ni ifşa edərək güclü dövlətlərin tamahkarlığı nəticəsində peyvənd materialları əldə edə bilməyən üçüncü dövlətlərə yardım əlini uzatmışdır.
COP29-dakı çıxışı zamanı cənab İlham Əliyev ölkəmizin daha bir xeyirxah addımı ilə bağlı açıqlama verdi: "Biz Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırırıq. Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycanın Kosmos Agentliyi - "Azərkosmos"dan peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə anlaşma memorandumu imzalanmışdır".
Yeri gəlmişkən, COP29 çərçivəsində noyabrın 13-də Bakıda keçirilən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) sammitində də bu məsələlərə geniş yer verildi.
Cənab İlham Əliyev Azərbaycanın yardımlarını xatırladaraq dedi: "Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik".
Sammitin iştirakçılarını da bu xeyirxah işdə iştiraka dəvət etdi: "Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. Mən inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət edirəm ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər".
***
Fransa Polineziyası ərazisində Fransanın 1966-1996-cı illər ərzində apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitə dəyən ziyanı ciddi şəkildə tənqid edən cənab İlham Əliyev Fransanın daşıdığı məsuliyyəti də göstərdi, eyni zamanda onun törətdiyi əməllərinə görə həm Avropa Komissiyası, həm Avropa Parlamenti, həm də ki, Avropa Şurası Parlament Assambleyası tərəfindən pislənilmədiyini diqqətə çəkdi: "Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat - Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyasi məhbuslar dərhal azad olunmalıdır".
BMT-nin Baş katibi Antonio Quterreş öz çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin dediklərinə dəstəyini ifadə etdi: "Siz - kiçik ada dövlətləri nümayiş etdirirsiniz ki, iqlim ambisiyaları özünü necə büruzə verir. Siz cavab tədbirlərini görən ilk tərəfsiniz. Dünya sizi dəstəkləməli, ilk növbədə, temperatur artımının 1,5 dərəcədə saxlanılması üçün yorulmadan çalışmalıdır".
"İş burada və indi başlayır. Bizə inkişaf etməkdə olan ölkələrin ehtiyac duyduğu trilyonlarla dollarlıq vəsaitləri toplayan yeni iqlim maliyyə məqsədi lazımdır və imtiyazlı dövlət vəsaitlərində xeyli artım olmalıdır".
***
* Bu gün dünya müharibə alovuna bürünüb və bu alovlar şiddətlənərək genişlənə bilər.
* Bu gün dünyada ədalətsizliklər baş alıb gedir, "Avropa demokratiyasının beşiyi" statusunu itirən Fransa hələ də kolonializm siyasəti yürüdür.
* Bu gün bir sıra dünya dövlətlərinin və bütövlükdə dünyanın özünün köməyə ehtiyacı var!
* Bu gün dünyanın xilası naminə ağıllı, qabaqlayıcı tədbirlər görülməsinə ehtiyac var!
* Bu gün dünyanın pis niyyətlilərdən, ambisiyalı dövlətlərin yaramaz əməllərindən qorunmasına ehtiyac var!
Yoxsa məhvərindən çıxar, ona edilən nankorluqların, bəd əməllərin əvəzini qasırğalarla, daşqınlarla, zəlzələ və leysan yağışları ilə qaytarar.
Azərbaycan bu gün bütün dünyanı Bakıya toplayaraq bu məsələləri müzakirə edir, səmərəli və dəyərli təkliflər verir, bəşəriyyətin ekoloji fəlakətlərdən qorunması üçün əlindən gələni əsirgəmir.
Onun əl-ayağına dolaşmaq, mane olmaq istəyənlər isə gülünc vəziyyətdə qaldılar.
Xoşniyyətli, düz-əməlli, həqiqət carçısı Azərbaycan öz istədiyinə nail olaraq dünyadakı hörmət və şöhrətini daha da artırır.
Bəxtiyar SADIQOV