"Azərbaycanda dünyanın ən mötəbər tədbiri iqlim dəyişmələri ilə bağlı COP29 keçirilir. Bu günlərdə dünyanın nəbzi ölkəmizdə vurur".
Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Tural Gəncəliyev deyib. O vurğulayıb ki, Azərbaycan bu beynəlxalq konfransı Bakıda keçirməklə dünyanın diqqətini bir daha özünə cəlb etdi. Tərəflər Konfransı qlobal, ümumbəşəri problem olan iqlim dəyişiklikləri məsələlərini müzakirə edən platformadır. Bu, elə bir problemdir ki, bütün bəşəriyyət bu problemlərdən əziyyət çəkir və hamını narahat edir. Burada xüsusilə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında illərdir davam edən karbon qazı emissiyalarının atmosferə buraxılması, bu məsələlərlə bağlı məsuliyyətin bölüşdürülməsi məsələləri dayanır. "İqlim dəyişikliyi ilə bağlı məhz Azərbaycanda keçirilən konfrans çərçivəsində taleyüklü qərarların alınması çox önəmlidir. Beləliklə, Azərbaycan dünyanın diqqətini bir daha özünə cəlb etməklə etibarlı tərəfdaş, nüfuzu güclü olan ölkə olduğunu göstərir. Təbii ki, Prezident İlham Əliyevin dünya səviyyəsindəki nüfuzu, ölkəmizin siyasətinə verilən dəyərin nəticəsidir ki, bu konfrans ölkəmizdə keçirilir. Dünya liderləri Azərbaycana səfər edirlər", - deyə deputat əlavə edib.
Siyasətçi qeyd edib ki, Avropa İttifaqında olan bəzi ermənipərəst dairələrin COP29-la bağlı həqarətləri, əsassız bəyanatları onların Azərbaycanın müvəffəqiyyətlərini həzm edə bilməməsindən qaynaqlanır. Azərbaycan öz yolunu seçib, dinamik inkişaf edərək yeni geosiyasi reallıq yaradıb. Dünyanın ən mötəbər tədbirlərinə evsahibliyi edib və yeni güc mərkəzinə çevrilib.
T.Gəncəliyev bildirib ki, COP29 konfransı ilə Azərbaycanın dünya səviyyəsindəki nüfuzu daha da artacaq: "İqlim dəyişiklikləri ilə bağlı konkret təklif və təşəbbüslərlə bu konfransı keçiririk. Dünya buna göz yummamalı, hər kəs bu məsələlərə həssas yanaşmalıdır. Azərbaycanda keçirilən tədbirin önəmli qərarların alınacağı konfrans kimi tarixə düşəcəyinə hər kəs əmindir. Heç kəs yaxasını çəkib kənarda dayanmamalı, hamı məsuliyyətini dərk etməlidir. İspaniyada baş vermiş böyük fəlakət bir daha göstərdi ki, iqlim dəyişikliyi daim gündəmdədir. Odur ki, belə konfransa ehtiyac var".
O qeyd edib ki, alternativ enerji ilə bağlı məsələlərin də konfransda müzakirə edilməsi önəmlidir. Bərpaolunan enerji mənbələrinə ayrılan vəsaitlərin artırılması, bunun xüsusən inkişaf etmiş ölkələrlə yanaşı, inkişaf etməkdə olan ölkələrə münasibətdə tətbiq edilməsi məsələsi baxımından Bakıda keçirilən konfrans böyük əhəmiyyətə malikdir. Ən önəmli isə maliyyə vəsaitlərinin ayrılması və dünya ölkələrinin, ictimaiyyətinin bu məsələlərə etinasız və biganə qalmamasıdır.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"