17 Noyabr 2024 08:20
833
SİYASƏT
A- A+
Ədalətli əməkdaşlıq və real tədbirlər

Ədalətli əməkdaşlıq və real tədbirlər

Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində təşkil edilən tədbirlərdə bütün dünya üçün olduqca vacib, önəmli məsələlərdən, qlobal problemlərdən danışılır, müzakirələr aparılır, birlikdə çıxış yolları aranır. Dünyanın ən böyük iqlim tədbiri çərçivəsində noyabrın 12-də "yaşıl zona"da "Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində" mövzusunda keçirilən konfrans da bu baxımdan əhəmiyyətli oldu.  

Sözügedən konfransın əsas məqsədi Mərkəzi Asiya və türkdilli dövlətlərin iqlim dəyişikliyinə qarşı mübarizəyə verdiyi önəmi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq və bu dövlətlərin gənclərini iqlim gündəliyinə cəlb etməklə beynəlxalq öhdəliklər istiqamətində görülən tədbirləri təqdim etmək idi.


Dünya ətraf mühitin çağırışları ilə üz-üzədir


Tədbirdə Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Qırğız Respublikasının birinci xanımı Aygül Japarova, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd Əl-Malik, Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan, BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Regina De Dominikis iştirak etdilər.

Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Qırğız Respublikasının birinci xanımı Aygül Japarova və Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan konfransda çıxış etdilər. Sonra Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva çıxış edərək diqqətə çatdırdı ki, son tədqiqatlara görə, dünya gənclərinin 60 faizdən çoxu iqlim dəyişmələrini təxirəsalınmaz məsələ hesab edir.

Mehriban Əliyeva COP29 çərçivəsində əməkdaşlıq, təcrübə mübadiləsi, gənc nəsil tərəfindən birgə layihələrin müəyyənləşdirilməsi üçün platformanı yaratmaq imkanımızın olacağına ümid etdiyini bildirdi. 

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına, yəni COP29-a evsahibliyi etməsi ölkəmizin dünyada artan nüfuzunun bariz nümunəsidir.  Ölkəmizin birinci xanımı COP29 ölkəsi seçilməyin böyük şərəf olduğunu vurğuladı: "Biz fərəhlənirik ki, Cənubi Qafqazda, Mərkəzi Asiyada və daha geniş regionda ilk COP konfransı məhz Azərbaycanda keçirilir".

Dünyanın biosferin çirklənməsi, içməli suyun qıtlığı, tez-tez baş verən quraqlıq və ərzaq təhlükəsizliyində artan risklər kimi ciddi ətraf mühit çağırışları ilə üz-üzə qaldığını, bizim ölkəmizin də istisna olmadığını diqqətə çatdıran Azərbaycanın birinci xanımı bildirdi ki, biz çay sularının, Xəzər dənizinin səviyyəsinin azalmasını müşahidə edirik və su qıtlığı təhlükəsi ilə üzləşirik.


Hədəflərimizə nail olacağıq


Uzun illərdir ki, Azərbaycan ekoloji durumun sağlamlaşdırılması və təbii sərvətlərdən səmərəli istifadə sahəsində təqdirəlayiq işlər həyata keçirir. Ətraf mühitin mühafizəsini, ekoloji problemlərin həllini Azərbaycan dövləti prioritet hesab edir. Ölkədə ətraf mühit sahəsində mövcud olan problemlərin həll edilməsi üçün irimiqyaslı tədbirlər görülür, layihələr reallaşdırılır. Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikamızda sosial-iqtisadi və digər sahələrdə, həmçinin ətraf mühitin sağlamlaşdırılması sahəsində həyata keçirilən quruculuq işləri səmərəsini verir. 

 COP29 çərçivəsində "Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində" mövzusunda keçirilən konfransda ölkəmizin birinci xanımı Mehriban Əliyeva bir sıra məqamları diqqətə çatdırdı: "Mən qeyd etmək istərdim ki, qlobal istixana tullantılarının 0,1 faizi Azərbaycanın payına düşür. Biz havaya tullantıların azaldılması və təmiz enerjiyə keçidin həyata keçirilməsi kimi milli hədəflərimizə doğru gedirik. Bərpaolunan enerji sahəsində əldə edilən nailiyyətlərin cari tempi ilə biz 2027-ci ilə qədər quraşdırılan güclərimizin 32 faizə çatacağını, 2030-cu ilə qədər 30 faizlik azalma kimi ilkin hədəfə üç il əvvəl nail olacağımızı gözləyirik".

Respublikamızda həyata keçirilən ekoloji problemlərin meydana çıxardığı fəsadların aradan qaldırılmasına istiqamətlənmiş örnək fəaliyyətlərdən biri də "xalis sıfır atılmalar zonası"nın yaradılması, bu sahədə reallaşdırılan işlərdir. Azərbaycanın birinci xanımı konfransda çıxışında bildirdi: "Biz həmçinin Ermənistanın işğalından azad olunmuş Qarabağ və Şərqi Zəngəzur regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında 2050-ci ilə qədər "xalis sıfır atılmalar zonası"nın yaradılmasına diqqət yetiririk. Əsasən günəş və külək enerjisi layihələri ilə bağlı artıq fəal iş aparılır. "Yaşıl enerji"nin istehsalı və ixracı Azərbaycanın enerji strategiyasında prioritet təşkil edir".

Təəssüf ki, bu gün iqlim dəyişikliyi dünyanı təhdid edir. Bəşəriyyətin qlobal problemlərinə çevrilən iqlim dəyişkliyinin fəsadları aradan qaldırılmazsa, təhlükələrin qarşısı alınmazsa, gələcək nəsillər indikindən daha ağır, bəlkə də geri dönüşü mümkün olmayan fəlakətlərlə, faciələrlə qarşılaşacaqlar. Bakıda noyabrın 11-dən başlayan, noyabrın 22-dək davam edəcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) bu mənada yalnız bu gün üçün deyil, həm də gələcək üçün önəmli məsələlər müzakirə edilir. 

"Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində" mövzusunda keçirilən konfransda Azərbaycanın birinci xanımı uzun müddətdir ki, iqlim fəaliyyətinin beynəlxalq arenada ən vacib və prioritet məsələlərdən biri olduğunu, atılmış addımlara baxmayaraq, bəşəriyyətin üzləşdiyi çağırışlar və təhdidlərin günbəgün daha da ciddiləşdiyini qeyd etdi. Diqqətə çatdırdı ki, bunu nəzərə alaraq, qlobal məsələlərin həllində tətbiq olunan yanaşma və üsullara yenidən baxılması vaxtı yetişib.


"Azərbaycan manipulyasiya və təzyiq deyil, səmərəli fəaliyyət, real həll variantları və ədalətli əməkdaşlığı arzulayan ölkədir"


"Bu gün mən açıq və düzgün qeyd olunmalı digər mühüm mövzuya toxunmaq istəyirəm: riyakarlıq və ikili standartlar beynəlxalq ətraf mühit gündəliyində aydın görünür" deyən Mehriban xanım Əliyeva "Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində" konfransında nəzərə çatdırdı ki, COP29-a evsahibliyi edən ölkə kimi Azərbaycan ətraf mühit məsələlərindən xeyli uzaq olan mülahizələr hesabına ədalətsiz hücum dalğası, yalan hekayətlər və ikili standartlar ilə üzləşib.

Ölkəmizin birinci xanımının söylədiyi kimi, Azərbaycan COP29-a evsahibliyi etmək öhdəliyini üzərinə götürməklə, Qlobal Cənub və Qlobal Şimal, eləcə də inkişaf etmiş və inkişaf edən ölkələr arasında körpülər salmağa çalışır: "Məqsədimiz bu məsələnin həllinə verdiyimiz töhfəni ortaq gələcəyə verəcəyimiz töhfəyə çevirməkdən ibarətdir. Bununla belə bəzi hallarda dəstək vermək və konstruktiv dialoq aparmaq əvəzinə biz çoxsaylı Qərb mətbuatında böhtan və qarayaxma kampaniyalarının hədəfinə çevrilmişik. Məlumdur ki, həmin media əvvəlcədən cızılmış ssenariyə uyğun getməyən və ya qoyulmuş qaydalarla oynamayan, müstəqil siyasət yürüdən və öz milli maraqlarını qoruyan ölkələri gözdən salmaq üçün alətə çevrilib. Müəyyən ölkələrin təsiri altında olan bəzi iri media platformaları əmr ilə Azərbaycan haqqında mənfi hekayətləri yaymağa başlayırlar".

Bu gün Azərbaycan dövləti bütün sahələrdə həyata keçirdiyi uğurlu işləri ilə, bəşəriyyətin təhlükəsiz, işıqlı gələcəyinə hesablanmış məqsədyönlü fəaliyyəti ilə dünya ölkələrinin diqqət mərkəzindədir. Təəssüf ki, yalnız təqdirəlayiq olan bu fəaliyyəti gözü götürməyənlər də var. Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi: "Əslində, bəs bunun arxasında dayanan nədir? Bu cür çirkin kampaniyanın sponsorları hansı məqsədləri güdürlər? Əslində, biz cavabı bilirik". Ölkəmizin birinci xanımı haqlı olaraq bildirdi ki, nailiyyətlərimiz və işimiz bəzi dövlətlərin geosiyasi maraqları uğrunda səhv təsvirə deyil, hörmətə layiqdir. Daha bir həqiqəti isə Mehriban xanım Əliyeva belə ifadə etdi: "Riyakarlıq həmçinin müxtəlif ölkələr tərəfindən öz iqlim öhdəliklərinə necə yanaşmasında özünü büruzə verir. Əsrlər boyu çirklənmənin əsas mənbəyi və sərvətlərin məsuliyyətsiz istehlakçısı olmuş inkişaf etmiş ölkələr hazırda sərt hakim rolunda çıxış edir. Onlar hamı üçün sərt məhdudiyyətləri təşviq edir və eyni zamanda öz siyasətində iddialı məqsədlərini güdür, öz maraqları uğrunda işini davam etdirir. Onlar digər ölkələrdən transformasiyanı tələb edir, lakin bununla belə maliyyə və ya texnoloji baxımdan yardım etməyə tələsmirlər".

Dünyanın ən mötəbər iqlim tədbirində ölkəmizin birinci xanımı bir daha bəyan etdi ki, Azərbaycan manipulyasiya və təzyiq deyil, səmərəli fəaliyyət, real həll variantları və ədalətli əməkdaşlığı arzulayan ölkədir. Diqqətə çatdırdı ki, biz platformamızdan elə istifadə etmək istəyirik ki, qlobal koalisiya yaransın və orada hər ölkənin - böyük və ya kiçik, inkişaf etmiş və ya inkişaf edən ölkənin mövqeyi, haqqı ədalətli şəkildə qəbul edilsin.

Azərbaycanın birinci xanımı çıxışında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) mahiyyətini bir daha nəzərə çatdırdı: "Mən bütün iştirakçılara üz tutaraq istəyirəm onlar yadda saxlasınlar ki, COP29 siyasi hücumlar arenası deyil. O, iqlim böhranı qarşısında hamımızın birləşdiyi məkandır.

Yalnız ədalətli əməkdaşlıq və real tədbirlərə hazırlıq bizi uğura aparacaq".


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan" 


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vətəndaş cəmiyyəti təmsilçiləri Bakıda Frank Peloniyə qarşı növbəti dəfə etiraz aksiyası keçiriblər

00:39
18 Noyabr

Moldovanın xəbər portalında COP29-un əhəmiyyətinə dair məqalə dərc edilib  

23:58
17 Noyabr

Baş nazir Əli Əsədov “Barselona”nın prezidenti ilə görüşüb  

22:03
17 Noyabr

Azərbaycanın su təsərrüfatı sisteminin inkişafını hədəfləyən infrastruktur layihələri müzakirə olunub

21:03
17 Noyabr

“Əş-Şarq əl-Avsat” nəşri Azərbaycan Prezidentinin COP29-da çıxışından yazıb

20:59
17 Noyabr

Sahibə Qafarova Rusiya Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini ilə görüşüb

19:37
17 Noyabr

COP29 çərçivəsində xarici jurnalistlər üçün qoruqlara mediatur təşkil edilib  

19:24
17 Noyabr

COP29 çərçivəsində Bakıda keçirilən Parlament Görüşü başa çatıb YENİLƏNİB 

18:27
17 Noyabr

Səudiyyə Ərəbistanı mediası Azərbaycanda dənizdə ilk külək enerjisi stansiyasının tikintisi ilə bağlı razılaşmadan yazıb  

17:58
17 Noyabr

Martin Çunqonq: İqlim dəyişikliyi məsələsində təcili və qətiyyətli tədbirlər görməliyik  

17:49
17 Noyabr

Britaniyanın “Telegraph” və “The World of Fine Wine” nəşrlərində Azərbaycanda şərabçılığın inkişafından bəhs edən məqalələr yayımlanıb

17:32
17 Noyabr

Pakistan Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Qurumunun sədri FHN-in Akademiyasında olub  

17:09
17 Noyabr

Fərid Qayıbov: Su və təbiətin təmiz olması insan həyatı üçün önəmlidir  

16:47
17 Noyabr

COP29 çərçivəsində Bakıda “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda tədbir keçirilib

16:43
17 Noyabr

COP29-da iqlimin səbəb olduğu miqrasiya və məcburi köçkünlüyün həlli yolları axtarılıb

16:40
17 Noyabr

COP29 çərçivəsində keçirilən Parlament Görüşünün yekun sənədi qəbul olunub  

16:39
17 Noyabr

COP29-da iqlimin səbəb olduğu miqrasiya və məcburi köçkünlüyün həlli yolları axtarılıb

16:36
17 Noyabr

Sabah paytaxtda fasilələrlə yağış yağacağı gözlənilir  

15:07
17 Noyabr

COP29-un qadınlarla bağlı panel sessiyasında zərif cinsin nümayəndələrinin ambisiyalı olmalarına çağırış edilib

14:57
17 Noyabr

Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb YENİLƏNİB

14:53
17 Noyabr

Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb YENİLƏNİB

14:49
17 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!