10 gündür COP-29-a qucaq açan Azərbaycan möhtəşəm evsahibliyi ilə bir daha sübut etdi ki, Cənubi Qafqazın lider ölkəsi kimi istənilən beynəlxalq konfransı, sammiti ən layiqli şəkildə reallaşdırmaq bacarığına, təcrübəsinə sahibdir. Ölkəmizə təşrif buyuran əcnəbi qonaqların, sammit iştirakçılarının səsləndirdikləri fikirlərin əksəriyyətində Azərbaycanın beynəlxalq konfransların keçirilməsində böyük təcrübəyə sahib olduğu, xalqımızın qonaqpərvərliyi xüsusi olaraq vurğulanır.
Elə xarici mediada dərc edilən məqalələr də bunu deməyə əsas verir ki, ölkəmizin COP29-a uğurla evsahibliyi etməsi dünya KİV-inin diqqət mərkəzindədir. Belə ki, bir sıra beynəlxalq mətbuatda yayımlanan məqalələr və reportajlarda qeyd olunur ki, Bakıda keçirilən tədbir qlobal iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək xüsusi hadisələr və təşəbbüslərlə yadda qalmaqdadır. Onlardan bəzilərini diqqətə çatdırırıq.
Almaniyanın "Zeit" qəzeti yazıb ki, rəsmi Berlin iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalan ölkələrə yardım etmək üçün beynəlxalq iqlim fonduna əlavə 60 milyon avro vəsait ayıracaq. Bu barədə Azərbaycanda keçirilən COP29-da Almaniyanın Ətraf Mühit və Xarici İşlər nazirlikləri birgə məlumat yayıb. Məlumatda qeyd olunub ki, ayrılacaq vəsait hər iki nazirlik tərəfindən maliyyələşdiriləcək. Həmçinin bildirilib ki, Almaniya itki və zərərlərlə mübarizədə ən böyük donordur. Bu ölkə 2010-cu ildən etibarən İtki və Zərərlərə Cavab Fondunun layihələrinə, o cümlədən inkişaf etməkdə olan ölkələrin ən həssas icmalarında 45 milyondan çox istifadəçiyə xidmət göstərən 180-dən artıq xüsusi layihəyə ümumilikdə 1,2 milyard ABŞ dolları ayırıb.
Məqalədə vurğulanıb ki, Bakıda keçirilən COP29-da iqlim dəyişmələrinin təsirlərinə qarşı mübarizə üçün daha böyük vəsaitin ayrılması məsələsi müzakirə olunur: "BMT ekspertlərinin fikrincə, qlobal istiləşməyə uyğunlaşmaq və onun nəticələrini aradan qaldırmaq üçün inkişaf etməkdə olan ölkələrə hər il təxminən 1,3 trilyon dollar lazımdır".
Qeyd edək ki, məqalədə Almaniyanın xarici işlər naziri Annalena Berbokun (Yaşıllar partiyası) Bakıdakı iqlim konfransında aparılan müzakirələr barədə fikirləri də təqdim olunub. O, Bakıda gərgin iqlim müzakirələrinin aparıldığını vurğulayaraq bildirib: "Texniki məsələlərlə bağlı müzakirələrdə müəyyən irəliləyiş var, lakin qarşıdakı bir neçə gündə hələ çox iş görülməlidir".
Almaniyanın və Avropanın qlobal iqlim dəyişmələrinə qarşı mübarizənin maliyyələşdirilməsində etibarlı tərəfdaşlar kimi öhdəliyinin hələ də qüvvədə olduğunu vurğulayan nazir qeyd edib: "Yeni əsas emissiya istehsalçıları həm istixana qazlarının azaldılmasında, həm də iqlimin maliyyələşdirilməsində məsuliyyətlərini öz üzərilərinə götürməlidir".
Böyük Britaniyanın məşhur BBC televiziyası da Bakıdan davamlı olaraq canlı yayımlar edir. Eləcə də tədbirdə səslənən önəmli fikirləri paylaşır. Nəşrin son paylaşımında qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəsinin "neft dövləti" kimi göstərilməsinə etiraz edir: "Çünki Azərbaycan dünya qazının cəmi 0,1 faizini istehsal edir".
Türkiyənin "Haber Global" telekanalının Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı hazırladığı süjetdə qeyd olunub ki, türk dövlətlərindən olan alimlər Bakıya toplaşıblar. Onlar təbii fəlakətlərin qarşısını almaq üçün erkən xəbərdarlıq sistemi üzərində işləyirlər. Bildirilib ki, iqlim dəyişikliyi təbii fəlakətlərin sayını artırır: "Qarşıdakı dövrdə bu tendensiya davam edəcək. Odur ki, təbii fəlakətlərin sayının azalması çox vacibdir. Bu məsələdə mütəxəssislərin öhdəsinə böyük iş düşür". Qeyd olunub ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin erkən xəbərdarlıq sisteminin yaradılması üzərində işlər davam edir.
Braziliyanın "Valor" qəzetində isə yazılıb ki, Bakıda təxminən 2,5 milyon sakin yaşayır. Azərbaycan dili ölkəyə gələn çox az adama tanışdır. Lakin sakinlər COP29-un on minlərlə iştirakçısını istiqanlılıqla, jestlərlə və mehribanlıqla qarşılayır və bacardıqları qədər kömək edirlər: "Konfransın keçirildiyi Bakı stadionunda çoxsaylı gənc könüllü ingilis dilində danışır, "Ulduz döyüşləri"ndəki işıq qılınclarına bənzər çubuqları ilə yol göstərir və həmişə gülümsəyirlər. Bu, iştirakçıların özlərini evdəki kimi hiss etməsinə səbəb olur".
Qeyd edilib ki, Bakının 25 min yerlik mehmanxana infrastrukturu tam dolub. Dövlət və hökumət başçıları (80 nəfər gəlib) üçün səkkiz elit otel rezerv edilib. "Onlar ev tapşırığını yerinə yetirdilər: məsləhətçilər işə götürdülər, tapşırığın miqyasını qiymətləndirdilər və tez hazırlaşdılar, çünki konfransın başlamasına 12 aydan az vaxt qaldığını bilirdilər" - müəllif Azərbaycanın iqlim konfransına hazırlığı barədə fikirlərini bölüşən Braziliyanın Azərbaycandakı səfiri Manuel Monteneqroya istinadən yazır.
Materialda qeyd olunub ki, tədbirdən əvvəl dövlət qulluqçularını motivasiya etmək və əhalinin məlumatlılığını artırmaq üçün dövlət qurumları daxilində COP-un əhəmiyyəti barədə məlumatlandırma kampaniyası aparılıb.
"Burada böyük tədbirlər üçün kadr hazırlığı ənənəsi var. Azərbaycanda artıq Avropa Oyunları keçirilib, hər il "Formula-1" yarışları keçirilir, amma bu miqyasda tədbir hələ olmayıb", - səfir sözünə davam edir. Prospektlərdə nümayəndələr, jurnalistlər, ekoloqlar, yerli xalqların nümayəndələri, tələbələr və alimlərin tıxaclardan yan keçə bilməsi məqsədilə yalnız COP nəqliyyatının istifadəsi üçün xüsusi zolaq ayrılıb. Avtobuslar idxal edilib, rəsmi tədbirin strukturu təşkil edilib. Bir sözlə, hazırlaşıblar", - M.Monteneqro deyir.
Yunanıstanın "İmidones" xəbər portalı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda işə başlaması ilə bağlı reportaj hazırlayıb. Sayt iqlim dəyişmələri ilə mübarizə üzrə konkret addımları müzakirə etmək üçün dünyanın hər yerindən dövlət və hökumət başçılarının, alimlərin və ekoloji fəalların Bakıda toplaşdığını qeyd edib: "Tarixi COP29-un gündəliyinə atmosfer emissiyalarının qlobal şəkildə azaldılması, iqlim dəyişikliyinə uyğunlaşma addımları və "iqlim ədalətinin" təmin edilməsi kimi mühüm mövzular daxildir. Ekoloji böhrana qarşı müqavimət göstərməyə getdikcə daha az vaxt qalıb, ona görə də beynəlxalq ictimaiyyət Bakıdakı müzakirələrdən maksimum nəticə gözləyir. Ümidimiz Bakıdır!".
Xorvatiyanın "Jutarni List" portalı isə Azərbaycan Prezidenti İlham Əliyevin COP29-da çıxışını geniş yayıb. Xüsusilə Prezident İlham Əliyevin Liderlər Sammitinin açılış mərasimindəki çıxışında COP29-a evsahibliyi edən ölkəmizə ünvanlanan tənqidlərə sərt cavab verdiyi vurğulanır. Dövlətimizin başçısının təbii sərvətlərin Tanrının bəxş etdiyi hədiyyə olduğunu vurğuladığı bildirilir. Prezident İlham Əliyevin 2022-ci il enerji böhranından sonra məhz Avropa İttifaqının Azərbaycandan daha çox təbii qaz tədarük etməsini xahiş etdiyini xatırlatdığı qeyd olunub.
Meksikanın ən çox oxunan nəşrlərindən "El Universal" qəzetində Bakının evsahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə bağlı məqalə dərc edilib. Manşetdən təqdim edilən məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına xüsusi yer ayrılıb, orada səslənən fikirlər maraqla qarşılanıb. Prezident İlham Əliyevin sözlərinə istinadla qeyd edilib ki, neft və qaz Tanrının bəxş etdiyi təbii sərvətdir və ölkələr malik olduqları təbii sərvətlərə görə günahlandırılmamalı və onları bazara çıxardıqlarına görə suçlanmamalıdır. Məqalədə həmçinin iqlimşünasların və ekoloqların karbohidrogenlərin iqlim dəyişikliyinə qarşı mübarizə ilə bir araya sığmadığını israr etdiyi qeyd olunub və dövlətimizin başçısının çıxışından sitat gətirilərək, Avropa İttifaqının özünün bundan iki il əvvəl qaz ixracının ikiqat artırılmasını tələb etdiyi bildirilib.
Səudiyyə Ərəbistanının nüfuzlu "Ər-Riyad" qəzeti isə oxucularını Almaniyanın xarici işlər naziri Annalena Berbokun açıqlamaları ilə tanış edib. Qəzetin "Dünya liderləri COP29 konfransında toplanırlar" başlıqlı məqaləsində BMT-nin illik iqlim konfransının inkişaf etməkdə olan ölkələrə istixana qazlarının emissiyalarını azaltmaq və iqlim dəyişikliyinə uyğunlaşmaq üçün yeni maliyyə yardımının hədəflənməsi ilə yekunlaşmalı olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, yeni hədəf 2009-cu ildə qarşıya qoyulan və 2022-ci ildə çətinliklə reallaşdırılan yüz milyard dollarlıq hədəfi əvəz edəcək.
Səudiyyə Ərəbistanı Krallığının nüfuzlu "Əş-Şərq Əl-Avsət" qəzetində "Azərbaycanda BMT-nin COP29 iqlim konfransı keçirilir" sərlövhəsi ilə silsilə məqalələr dərc olunub. Materiallarda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) noyabrın 22-dək davam edəcəyi qeyd olunub.
Qəzet diqqətə çatdırıb ki, dünyanın hər yerindən olan diplomatlar iqlim sammitində iştirak etmək, iqlim dəyişikliyinin yaratdığı artan təhlükələrin qarşısını almaq yollarını müzakirə etmək üçün paytaxt Bakıya axışırlar. Azərbaycan 1846-cı ildə ilk neft yataqlarının işləndiyi yer kimi tanınır, 1899-cu ildə isə neft hasilatına görə dünyada lider olub. Qeyd olunur ki, Avropa İttifaqı Azərbaycan qazının idxalını 2027-ci ilə qədər iki dəfə artıraraq hər il onu 20 milyard kubmetrə çatdırmaq üçün müqavilə bağlayıb.
Tacikistanın məşhur "Centralasia.news" portalında yayımlanan məqalədə qeyd edilib ki, Azərbaycanın paytaxtında dünya ölkələrinin nümayəndələrini bir araya gətirən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası öz işini başa vurmaq üzrədir. COP29 qlobal iqlim siyasətinin müzakirəsi üçün ən nüfuzlu və genişmiqyaslı platformalardan biri kimi özünü təsdiq edib. Konfransda iqlim dəyişikliyinin təsirlərini minimuma endirmək və enerjiyə keçid prosesini sürətləndirmək üçün effektiv həllərin tapılmasına həsr olunmuş bir sıra müzakirələr aparılıb.
Hazırladı:
Elçin CƏFƏROV,
"Azərbaycan"