15 Iyun 2024 08:00
671
SİYASƏT
A- A+

Qurtuluş missiyası

 

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı məhvolma təhlükəsindən xilas etdi

 

Hər bir xalqın qarşıya qoyduğu milli hədəflərə nail ola bilməsi üçün onun mütəşəkkilliyi, konkret məqsədlər ətrafında bir araya gələ bilməsi mütləq şərtdir. Eyni zamanda bu mütəşəkkilliyi düzgün məcraya yönəltmək, milli potensialı xalqın nailiyyətlərinə çevirməyi bacarmaq da mühüm amildir. Tarixi təcrübə dəfələrlə göstərib ki, böyük nailiyyətlər bunların bir-birini tamamladığı zaman və məkanlarda yaranır. 
Artıq 31 ildir ki, Azərbaycan xalqı olaraq Milli Qurtuluş Günü kimi qeyd etdiyimiz 15 iyun gününün tarixi-fəlsəfi mahiyyəti bu həqiqəti bir daha sübuta yetirir. Bu tarix mənsub olduğu dövlətin varlığında, inkişafında, indiki səviyyəyə yüksəlməsində müstəsna rolu olan böyük şəxsiyyətin - Ümummilli Lider Heydər Əliyevin ideyaları işığında yaranmışdır. Bu tarix həm də hər bir kəsin həyatında böyük əhəmiyyət kəsb edən milli salnaməmizin ən şərəfli səhifələrindəndir. Azərbaycan dövlətçiliyinin ölüm-dirim mübarizəsinin tarixidir, vətənini, xalqını sevən, çətin günlərin ağrı-acılarını, dəhşətlərini yaşayan, hadisələrə şahidlik edənlər üçün əsl qurtuluş, həyatın dönüş mərhələsidir. 

 

Sınaqlar qarşısında

 

Müstəqilliyin ilk illərində ölkədə hökm sürən hakimiyyət böhranı, xaos, anarxiya əhvalı milli dövlətçilik ənənələrinin formalaşdırılmasına ciddi şəkildə mane olmağa başlamışdı. Tez-tez hakimiyyət dəyişiklikləri, siyasi qarşıdurmalar, qanunsuz silahlı dəstələrin mövcudluğu vəziyyəti getdikcə gərginləşdirirdi. Dövlət sükanının xalqın milli maraqlarına zidd siyasət yürüdən və idarəçilikdən baş çıxarmayan qüvvələrin əlində olması ölkəni ağır fəlakətlərə sürükləyirdi. Azərbaycan vətəndaş qarşıdurmasının bir addımlığında idi.
Digər tərəfdən xalqın azadlıq ideallarının reallaşmasına mane olmaq, milli istiqlaliyyətinin bərpa edilməsini əngəlləmək üçün müxtəlif təxribatlar törədilirdi. Bu təxribatlar yalnız Ermənistanın təcavüzkar əməllərinin genişləndirilməsi ilə yekunlaşmırdı, həm də daxili siyasi vəziyyəti gərginləşdirməyə hesablanmışdı. Lakin nə Moskvanın təlimatlarından çıxa bilən A.Mütəllibov iqtidarı, nə də AXC-Müsavat hakimiyyəti dövlətin yaşamasını təmin etmək və cəmiyyətdə milli həmrəyliyin əldə edilməsinə nail olmaq iqtidarında idilər. Bu da təbii ki, vəziyyətin daha da ağırlaşmasına şərait yaradır, Azərbaycanın milli mənafelərinə ciddi təhlükə törədən proseslərə stimul verirdi. 
Surət Hüseynovun məlum qiyamı zamanı ölkədə dövlət idarəetmə sisteminin acınacaqlı hal aldığı və xalqın maraqlarını qorumağa qadir siyasi hakimiyyətin yoxluğu üzə çıxdı. Ölkənin cənub bölgəsində ağalıq edən Əlikram Hümbətovun separatçı dəstələri xalqın azad gələcəyinə meydan oxuyur, müstəqillik arzularımızı boğmağa hazırlaşırdılar. Bir sözlə, xarici qüvvələrin təhriki ilə separatçı meyillər baş qaldırır, yeni münaqişə ocaqlarının təməli qoyulurdu. Havadarlarının hərbi-siyasi dəstəyinə arxalanan Ermənistan isə Azərbaycan ərazilərini kəndbəkənd, rayonbarayon işğal edirdi. Cəmiyyətdə ciddi rahatsızlıq, ümidsizlik hökm sürürdü. Sosial-iqtisadi böhran, güclü inflyasiya, dolanışığın getdikcə çətinləşməsi, insanların yeni dövrün reallıqlarına uyğunlaşa bilməmələri hamını çətin durum qarşısında qoymuşdu. Bu durumdan xilas olmaq üçün qətiyyətli, siyasi cəhətdən təcrübəli bir şəxsin rəhbərliyə gəlməsi zərurətə çevrilmişdi. 
Ulu Öndər o dövrü xarakterizə edərkən deyirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı". O dövdə Azərbaycan 20 Yanvar, Xocalı faciələrini yaşadı, Laçın, Şuşa xəyanətlərin qurbanı oldu, ölkə ərazisinin 20 faizi işğal edildi, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməli oldu. 
Suverenliyimiz real təhdidlər qarşısında qalmışdı. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi halları kütləvi xarakter daşıyırdı. Ölkədə mənəviyyatsızlıq hökm sürürdü. Beləliklə, AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi. Hakimiyyəti zəbt etmiş qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşdü.

 

Xalqın tələbi

 

Vətəndaşlarımız Ulu Öndər Heydər Əliyevin hakimiyyət rəhbərliyinə qayıdışını təkidlə tələb edirdilər. Əhalinin böyük əksəriyyəti, xüsusilə ziyalılar böyük rəhbərin siyasi hakimiyyətə qayıdışı arzusunda idilər.
1993-cü il iyunun 15-də bu ideya reallığa çevrildi. Həmin gün Heydər Əliyev  xalqın təkidli  tələbi və yenilməz iradəsi  ilə  Azərbaycan Respublikası Ali Sovetinin Sədri  seçildi.  Parlamentin  tarixi iclasında  Heydər Əliyev  çıxış etdi: "Azərbaycan Respublikasının bugünkü ağır,  mürəkkəb və gərgin  vəziyyətini tam məsuliyyətlə  dərk edirəm.  Bu vəzifəni öz üzərimə  götürərək  öz məsuliyyətimi anlayıram  və bunların  hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin Sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf  etdirməyi özüm üçün  əsas vəzifələrdən biri hesab edirəm.  Azərbaycan Respublikasının  dövlət  müstəqilliyi 1918-ci ildə  yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə,  dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin  şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının  müstəqil dövlət kimi  inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki,  mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir  dövlətin tərkibinə  daxil olmayacaq, heç bir  başqa  dövlətin əsarəti  altına  düşməyəcək".

 

Tariximizin qürurlu səhifəsi

 

Heydər Əliyevin ölkənin ali qanunvericilik orqanına  Sədr seçilməsi ölkəmizin  həyatında çox  mühüm hadisə oldu. Bu siyasi qayıdış Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun, gələcək taleyinin ən həlledici anları idi. Azərbaycanı  azərbaycanlılara, milləti özünə  qaytardı. Hadisələrin sonrakı gedişi göstərdi ki, 15 iyun ölkənin  müstəqillik tarixində yeni siyasi mərhələnin başlanğıcıdır. Ali Sovetin Sədri kimi Heydər Əliyevin ilk üç ay ərzindəki gərgin fəaliyyəti hər hansı bir nəzəriyyədən və ideyalardan üzaq idi. Ulu Öndər birinci gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. İclaslar, mətbuat  konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına çıxarıldı. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi həyatdakı  gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı. Bütün bunlar üç ayda ölkədə dərin siyasi və ictimai böhran prosesini dayandırmağa imkan yaratdı.
Möcüzəyə bənzər hadisələr baş verirdi. Əslində, tabeliyində heç bir qurum olmayan, yalnız öz sözünə və zəkasına arxalanan böyük siyasi xadim məhz zəngin rəhbərlik təcrübəsinə əsaslanaraq dövlətin dağıdılmasının qarşısını ala bildi. "Fəaliyyətlərini donduran" dövlət məmurlarının sabotajı, ancaq öz bölgə komandirlərinə tabe olan silahlı qurumlar, iqtisadiyyatı iflic vəziyyətinə düşmüş bir məmləkət - bunların hamısı acı gerçəklik idi. Heydər Əliyev deyirdi: "Azərbaycan xalqının birliyi yeni, heç kəsdən asılı olmayan dövlət qurulması yolu ilə təmin edilə bilər. Doğrudur, bu yolda çətinliklər az olmayacaqdır. Fəqət nəyin bahasına olursa-olsun, biz buna nail olmalıyıq. Biz bu yola düşməsək, bunu gələcək nəsillər edəcək və onlar, tarix bizi bağışlamayacaqdır. İndi hər bir namuslu, qeyrətli azərbaycanlı gərək öz şəxsi mənafelərini, imtiyazlarını unutsun, xalqın aqibəti, bu günü və azad gələcəyi haqqında düşünsün. Xalqın müqəddəratı hər şeydən üstün olmalıdır.
Azərbaycan xalqı birləşməli, öz müqəddəs, doğma torpağını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası ictimai və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır. Xalq deputatlarını, bütün Azərbaycan xalqını bu yola dəvət edirəm və əmin edirəm ki, mən bu yoldan dönməyəcəyəm". Bu, Heydər Əliyevin yeni mərhələdə siyasi platformasının, gələcək fəaliyyət proqramının əsas prinsiplərini özündə aydın əks etdirən bəyanat idi. 
Ölkədə sabitliyin  bərqərar olması üçün gərgin iş  aparıldığı bir vaxtda Prezident Əbülfəz Elçibəy müəmmalı  şəkildə Bakını tərk edərək doğulduğu kəndə getdi. Ölkə başsız vəziyyətdə, taleyin ümidinə qaldığından 1993-cü ilin 24 iyununda Ümummilli Lider Heydər Əliyev Ali Sovetin qərarı ilə Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərinin icrasını öz üzərinə götürməli oldu. Həmin gün Ulu Öndərin bununla bağlı xalqa müraciəti bir növ müstəqil Azərbaycan dövlətinə sadiqlik andı idi. Zaman keçdikcə Ümummilli Lider ən ağır məqamlarda yenə də öz andına sadiq qalacaq, Azərbaycanın müstəqilliyinin daimiliyini, əbədiliyini, dönməzliyini təmin edəcəkdi.  
 

Xalqa və dövlətə xidmət missiyası

 

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın qazandığı tarixi nailiyyətlər bu böyük dövlət adamının qətiyyətinin, mətinliyinin, verdiyi bütün sözləri tutmasının sübutudur. Ulu Öndər 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi müddətdə ölkənin ali qanunverici orqanının fəaliyyətini demokratik prinsiplər, aşkarlıq, xalq qarşısında hesabatlılıq əsasında qurdu. Azərbaycan parlamentinə yeni bir ruh, müasir parlamentarizm ənənələri gətirdi, müstəqilliyini yenicə əldə etmiş ölkənin demokratik parlamenti necə olmalıdır, bunun mükəmməl örnəyini yaratdı. 
Heydər Əliyev zəngin dövlətçilik təcrübəsi ilə Ail Sovetdə yüksək siyasi mədəniyyət formalaşdırdı. Özünəməxsus iclas aparmaq tərzi, təmkini, fikirlərini dəqiq əsaslandırması, edilən çıxışların məğzini tutmaq, qeyri-müəyyən məqamları əlavə suallarla aydınlaşdırmaq, tərəflər arasında sivil müzakirələr qurmaq, müzakirələri ümumiləşdirib ortaya faydalı nəticələr qoymaq bacarığı ilə əsl ustad dərsləri keçdi. 
Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələləri məhz Heydər Əliyevin ölkə parlamentinə rəhbərlik etdiyi dövrdən gündəmə gəldi. Çünki Ulu Öndər yaxşı bilirdi ki, Azərbaycan xalqının arzularındakı dövləti, cəmiyyəti qurmaqdan ötrü ilk növbədə qanunun aliliyi təmin olunmalı, buna maneə yaradan əngəllər ortadan götürülməlidir. Cəmiyyətdə ictimai-siyasi sabitlik təmin edilməli, hər bir vətəndaş özünü tam təhlükəsiz şəraitdə duymalı, onun naşı adamların idarəçiliyi dövründə dövlətə, hökumətə sarsılmış inamı bərpa olunmalıdır. 
Ulu Öndər ölkədəki qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoydu. Nəzarətsizlik dövründə baş qaldıran kriminal ünsürləri zərərsizləşdirdi, cinayətkarlığın və hüquq pozuntularının qarşısını aldı, ictimai-siyasi sabitlik üçün dayanıqlı bir sistem qurdu. Heydər Əliyev xarici qüvvələrin təhriki ilə ölkədə baş qaldıran separatizm meyillərinin genişlənərək Azərbaycan dövlətçiliyini sarsıtmasına imkan vermədi. Bunun bariz nümunələrindən biri 1993-cü ilin 7 avqustunda ölkənin cənub bölgəsində elan edilmiş qondarma "Talış-Muğan Respublikası" ilə bağlı görülən tədbirlər idi. Xarici qüvvələr tərəfindən Azərbaycanın o dövrdəki kövrək müstəqilliyinə qəsd olan bu təxribatın qarşısını almaqdan ötrü Heydər Əliyev hər zamankı kimi, yenə də sağlam insanlara, sağlam düşüncəyə söykəndi. 
Avqustun 13-də parlamentdə həmin bölgədən olan deputatlarla, ziyalılarla, ağsaqqallarla  görüşüb vəziyyəti müzakirə etdi. Avqustun 17-də isə "Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında  yaranmış  vəziyyət haqqında" qərar qəbul edilərək "Talış-Muğan Respublikası" avantürasına siyasi qiymət verildi, əhalinin dəstəyi ilə bu bədnam iddiaya son qoyuldu. Şimalda "Sadval" hərəkatının qarşısı qətiyyətlə alındı. 1993-cü ilin iyul-avqust aylarında xalqın böyük dəstəyi ilə bu hadisələri aradan qaldıran, bütün qanunsuz birləşmələri tez bir zamanda zərərsizləşdirən Ulu Öndər, eyni zamanda cəmiyyətdə milli həmrəyliyin, sabitliyin möhkəmləndirilməsinə, iqtisadi tənəzzülün qarşısının alınmasına yönəlmiş ardıcıl və sistemli tədbirlər həyata keçirdi.
Ümummilli Lider Azərbaycanı zamanın ağır təlatümlərindən xilas edərək rəvan, aydın inkişaf yoluna çıxardı. 1994-cü ildə cəbhə bölgəsində atəşkəsə nail olmaqla ölkənin sosial-iqtisadi problemlərinin həlli, ordu quruculuğu, demokratik hüquqi dövlətin əsaslarının formalaşması üçün zaman qazandı. Bu müddətdə Azərbaycanın gələcək inkişafına doğru strateji addımlar atıldı. 1994-cü il sentyabrın 20-də - çox ağır siyasi şəraitdə ölkənin dayanıqlı iqtisadi inkişafını və beynəlxalq əhəmiyyətini müəyyən edən "Əsrin müqaviləsi" imzalandı. Bu müqavilə ölkənin sosial-iqtisadi inkişafına, mövcud çətinliklərin aradan qaldırılmasına böyük təkan verdi. 
1995-ci ilin noyabrında Ümummilli Liderin rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ümumxalq səsverməsi əsasında qəbul edildi. Cəmiyyət həyatının bütün əhəmiyyətli sahələri üzrə müstəqillik dövrünün, müasir zamanın çağırışlarına uyğun mükəmməl qanunvericilik bazası formalaşdırıldı. Demokratik inkişafı əngəlləyən silahlı dövlət çevrilişi cəhdlərinə son qoyuldu. Seçki ənənələri formalaşdırıldı. Konstitusiyanın qəbulu ilə eyni gündə parlament seçkiləri keçirildi. Azərbaycan dövlətinin beynəlxalq əlaqələri genişləndirildi, ölkənin dünya birliyinə inteqrasiyası gücləndirildi. 
Ulu Öndər cəmiyyətimizdə milli birliyi təmin etdi. Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası milli mənsubiyyətindən, dilindən, inancından, yaşadığı məkandan asılı olmayaraq, Azərbaycanı özünə tarixi vətən bilən hər kəsin tapındığı mənəvi ünvan, işıqlı məfkurə oldu və bu düşüncə dövlətimizin qüdrətlənməsində müstəsna rol oynadı. 
Ümummilli Lider ordu quruculuğunu da böyük mətanətlə həyata keçirdi. Bu böyük dövlət adamının çağırışı ilə başqa ölkələrdəki peşəkar Azərbaycan zabitlərinin Vətənə axını başladı. Nizami ordu quruldu, ölkənin sosial-iqtisadi imkanları artdıqca Azərbaycan Ordusunun da təchizatı, inkişafı genişləndi, döyüş qabiliyyəti yüksəldi. Hər bir ölkənin siyasi müstəqilliyi üçün müstəsna dərəcədə mühüm əhəmiyyət daşıyan iqtisadi müstəqilliyi təmin edildi.

 

Böyük arzu

 

İşğal olunmuş torpaqlarımızı azad görmək Ulu Öndərin ən böyük arzusu idi. Ümummilli Lider məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla, qətiyyətlə deyirdi: "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İstisuyu - biz onlarsız yaşaya bilmərik…"
Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır.
"Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi" - Prezident İlham Əliyev həmin gündən başlanan tarixi Azərbaycanın intibah mərhələsinə gedən böyük yolun başlanğıcı olduğunu bildirirdi.
Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. 
Bu gün azad yurdlarımıza həyat qayıdır, Şuşada, işğaldan azad olunmuş digər torpaqlarımızda bayram tonqalları alovlanır, Böyük qayıdış reallaşır, insanlarımız illərin həsrətindən sonra isti ocaqlarına qovuşur. Azərbaycan xalqı Prezident İlham Əliyevin ölkəyə rəhbərliyinin verdiyi böyük əminlik, güvən duyğusu ilə gələcəyə doğru irəliləyir, tarixdə yeni səhifələr açır. Bu, 15 İyun Qurtuluş Günündən başlanmış tarixdir.

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video