02 Iyul 2024 08:00
118
CƏMİYYƏT
A- A+

Sabitliyin, təhlükəsizliyin və Zəfərin etibarlı mühafizləri

 

Azərbaycanın polisi peşə bayramını - 106-cı ildönümünü fəaliyyətinin ən şərəfli, qürurlu və məsuliyyətli dövründə qeyd edir. 
Ölkəmizi "təhlükəsizlik adası"na çevirən, cinayətkarlığa qarşı effektiv mübarizəni, sabitliyi təmin edən siyasətin əsas icraçılarından olan polisimiz artıq xidmət salnaməsinə Böyük Zəfər, antiterror tədbirləri kimi şanlı səhifələri həkk etdirib, yeni qəhrəmanlıq nümunələri, fədakarlıq örnəkləri yaradıb. 

 

Prezident etimadı, xalq inamı və yüksək beynəlxalq qiymət

 

İqtisadi inkişaf dinamikasına görə dünyada qabaqcıl dövlətlərdən olan Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər yalnız iqtisadi-sosial mahiyyət kəsb etmir. Əslində, bu istiqamətdəki uğurlar məhz sabitliyin, asayişin davamlı möhkəmləndirilməsi və kriminogen durumun nəzarətə götürülməsi prosesinin məntiqi nəticəsidir. Ümummilli Liderimiz Heydər Əliyev də daim bəyan edirdi ki, əhalinin artan sosial rifahı böyük çətinliklə qazanılan sabitliyin bəhrəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin fikrincə isə, ölkəmizin iqtisadi potensialının artmasının əsas şərti olan sabitlik və ictimai təhlükəsizlik əgər bu gün mövcud olmasaydı, onda mövcud milli tərəqqidən söhbət gedə bilməzdi. 
Şübhəsiz ki, bu nailiyyətlərin qazanılmasında daxili işlər orqanlarının müstəsna xidmətləri olub. Azərbaycan polisi Ulu Öndər Heydər Əliyevin ölkəni xaosdan, tənəzzüldən xilas edib qurtuluşa aparan siyasi xəttinin əsas istinadlarından idi, son 21 ildə isə Prezident İlham Əliyevin sabit, asayişi təmin olunan, demokratik, qüdrətli dövlət quruculuğu prosesində vacib dayaqlarından və fəal icraçılarındandır.
Azərbaycan sabitlik və kriminogen duruma nəzarət sahəsində, həmçinin əhalinin say nisbəti üzrə cinayətin azlığına görə dünyada öncül mövqelərdədir. Bu qürur doğuran faktları isə məhz beynəlxalq təsisatlar bəyan edir. Belə ki, Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və digər beynəlxalq təşkilatların, beyin mərkəzlərinin akademik monitorinq xidməti olan "Global Terrorism Index" hesabatına görə, Azərbaycan terror təhlükəsi üzrə sıralamada "0" indekslə sonuncu - 89-cu yerdə qərarlaşmaqla, dünyada ən təhlükəsiz ölkələrdən biri kimi ən yüksək reytinqə sahiblənib. Yaxud Avropa Şurasının "Ekspertlər Komitəsi"nin (MONEYVAL) ölkəmiz üzrə son 5 il üzrə qiymətləndirmə nəticələrində isə - "Azərbaycan cinayətlərlə mübarizədə yüksək səviyyədə effektivliyə nail olub və cinayətlərin araşdırılmasının uğurla aparılması bacarıqları nümayiş etdirilib" - deyə qeyd olunub. 
Bu faktlar fəaliyyətinin 106-cı ildönümünü qeyd edən daxili işlər orqanlarının xidmətinə artıq beynəlxalq miqyasda verilən yüksək dəyər, müsbət qiymətdir. Ölkədə asayişin təmini, cinayətkarlığın azalması, silahlı quldur dəstələrinin zərərsizləşdirilməsi, transmilli mütəşəkkil cinayətkarlığa qarşı effektiv mübarizənin təşkili və digər yönümlərdə Azərbaycan polisi daim şərəflə çalışıb, qarşıya qoyulmuş vəzifələri layiqincə həyata keçirib. 
Prezident İlham Əliyevin "Azərbaycan polisinin çox böyük və şərəfli yolu var. Bu yol Azərbaycan dövlətçiliyinin yoludur... Bu gün Azərbaycan polisi öz vəzifə borcunu ləyaqətlə icra edir, Azərbaycanın hərtərəfli inkişafında öz rolunu oynayır. Azərbaycanda ictimai asayişin qorunmasında, sabitliyin saxlanmasında çox önəmli rol oynayır" sözləri də bu fədakar fəaliyyətə olan ali etimadı əyani göstərir. 
Azərbaycan dövlətinin, xalqının keşiyində ləyaqətlə dayanan daxili işlər orqanları vətəndaşların səmimi etimadını, böyük inamını qazanıb. Artıq insanlarımız "Mənim polisim məni qoruyur" - sözlərini üzləşdikləri yüzlərlə faktın timsalında böyük qürur və minnətdarlıqla bildirirlər.

 

Qarabağ və Şərqi Zəngəzurda peşəkar xidmət

 

Əldə edilməsində böyük şücaətlər göstərdikləri Azərbaycanın ərazi bütövlüyünün və konstitusiya quruluşunun tam təmin olunması, əlbəttə ki, daxili işlər orqanlarının 106 illik tarixinin ən möhtəşəm hadisəsidir. Azadlıq meydanında, ardınca da Xankəndidəki qələbə paradlarında Müzəffər Ali Baş Komandanın qarşısından mətin addımlarla keçən şəxsi heyət həm də Vətən, xalq və Prezident qarşısında daşıdıqları vəzifə və öhdəliklərin layiqli icra hesabatını verdilər. Polis əməkdaşları artıq Qarabağ və Şərqi Zəngəzurda təhlükəsizliyin, sabitliyin və konstitusion hüquqların layiqli keşiyindədirlər.
I Qarabağ savaşında yarımçıq qalmış missiyasını Vətən Savaşında uğurla yekunlaşdıran Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan daxili işlər orqanlarının əməkdaşları ikiəsrlik münaqişəyə və 30 ildən artıq davam edən ədalətsiz müharibəyə son qoyulmasında böyük qəhrəmanlıqlar göstərdilər. Vətən müharibəsində 66 əməkdaş şəhidlik zirvəsinə ucaldı, 346 nəfər yaralandı. Vətən müharibəsindən sonra həyata keçirilən hərbi əməliyyatlar, ən nəhayət, antiterror tədbirləri daxili işlər orqanlarının döyüş tarixinin növbəti şərəfli səhifəsi oldu. Ötən ilin 19-20 sentyabr tarixlərində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının bölmələrinin də iştirak etdiyi antiterror tədbirlərində 24 saatdan az müddətdə Azərbaycan Respublikasında separatizm birdəfəlik məhv edildi. Bu əməliyyatda da yüksək peşəkarlığa və döyüş hazırlığına malik olduqlarını nümayiş etdirən şəxsi heyət yeni qəhrəmanlıq dastanı yazdı, 20 əməkdaş şəhidlik zirvəsinə ucaldı.
Böyük Zəfərdən sonra əməkdaşlar işğaldan azad edilmiş ərazilərdə asayişin, təhlükəsizliyin təmin olunmasına cavabdehlik daşıyırlar. Burada təhlükəsizlik tədbirləri görülmədən bərpa-yenidənqurma işlərinin aparılması, dinc həyatın bərqərar olması, vətəndaşlarımızın məskunlaşması mümkün olmaz. Şəxsi heyət işğaldan azad olunmuş bütün ərazilərdə ictimai qaydanın və təhlükəsizliyin qorunması, həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin mühafizəsi, terror, təxribat və digər qanunazidd fəaliyyətin qarşısının alınması, giriş-çıxışın xüsusi reyiminin tətbiqi üzrə həyata keçirilməsinə nəzarəti və digər xidməti tapşırıqları yerinə yetirir. Bu ərazilərdəki bütün yaşayış məntəqələri və strateji əhəmiyyətli obyektlər Daxili İşlər Nazirliyinin etibarlı mühafizəsindədir. Burada gündəlik olaraq hər bir istiqamətdə komendant xidmətinin aparılması təşkil olunur. O cümlədən öz yurdlarına dönən keçmiş məcburi köçkünlərin təhlükəsizliyi təmin edilir. Ötən dövrdə çoxsaylı silah-sursat və partlayıcı maddələrin aşkarlanması da əməkdaşların peşəkarlığını və sayıqlığını göstərir. 

 

Azərbaycan necə "sabitlik adası"na çevrildi?

 

Dünyanın acı mənzərəsidir: cinayətkarlıq, terrorçuluq, narkomaniya, insan alveri... - bir sözlə, bütün növ hüquqazidd əməllər də artıq qloballaşıb, həmçinin yeni təhdidlər meydana çıxıb. Təhlükəsizliyi, sabitliyi qorunmayan vətəndaş da, dövlət də eyni dərəcədə təlatümə sürüklənir. Cinayətkarlıq kiçik miqyasdan dövlət səviyyəsinədək davamlı artır, genişlənir. Sərhəd qonşularımızdan başlayaraq dünyanın əksər dövlətləri bu bəlalarla üzləşib. 
Sevindirici haldır ki, Azərbaycanda bu qlobal zərərli tendensiyalara qarşı effektiv mübarizə təşkil olunub və bu, uğurlu nəticələr verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən fəal hüquq-mühafizə siyasətinin məntiqi nəticəsi olaraq, ölkəmizdə möhkəm təməllərə söykənən ictimai asayiş və sabitlik etibarlı qorunur. Vətəndaşların əmin-amanlığının, təhlükəsizliyinin yüksək səviyyədə təmin edildiyi dövlət imicini Azərbaycan daim möhkəmləndirir. Fəxrlə deyə bilərik ki, Azərbaycan daxili işlər orqanlarının təkmil fəaliyyəti hələ də kriminogen durumu tam nəzarətə götürə bilməyən, nəinki transmilli cinayətkarlığa qarşı mübarizəni, heç lokal miqyaslı cinayətlərin aradan qaldırılmasını təmin etməyə müvəffəq olmayan çoxsaylı dövlət üçün örnək fəaliyyət modelidir.
Transmilli mütəşəkkil cinayətkarlığın və beynəlxalq terrorizmin təzahürlərinə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, insan alverinə, qeyri-leqal miqrasiyaya qarşı əməliyyat-axtarış tədbirləri ölkəmizdə ən yaxşı beynəlxalq təcrübə əsasında aparılır. Cinayətlərin açılmasında, təqsirləndirilən şəxslərin tutulmasında, bütövlükdə əməliyyat-axtarış fəaliyyətində beynəlxalq elmi-texniki tərəqqinin son nailiyyətləri geniş tətbiq edilir. Beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə təhlükəsizlik etibarlı təmin olunur.
Daxili işlər orqanları tərəfindən əvvəlki illərdə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli işlər görülür. Son dövrdə də daxili işlər orqanları vəzifələrini uğurla icra edib, vətəndaşların mənafeləri etibarlı şəkildə qorunub, kriminogen durum nəzarətdə saxlanılıb. Faktlara nəzər salaq: Ötən il ölkə ərazisində baş verən cinayətlərin 89,6 faizi açılıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 360 fakt təşkil edib. Cinayətlərin ağır və xüsusilə ağır növlərinin 89,6 faizi, qeyri-aşkar şəraitdə baş verənlərin 84,6 faizi, şəxsiyyət əleyhinə olanların 98,4 faizi, onlardan qəsdən adam öldürmələrin 96,1 faizi, adam öldürməyə cəhdlərin 97,4 faizi, qəsdən sağlamlığa ağır zərər vurmaların 98,9 faizi, xuliqanlıqların 96,3 faizi, soyğunçuluqların 98,1 faizi, quldurluqların və hədə-qorxu ilə tələb etmələrin 97,5 faizi, avtonəqliyyat vasitəsini qaçırmaların 97,2 faizi, dələduzluqların 92,1 faizi açılıb. Ağır və xüsusilə ağır cinayətlər törətmiş 4324 nəfər tutulub, 254 kriminal qrup zərərsizləşdirilib. Keçmiş illərdən bağlı qalmış cinayətlərin açılmasında nəzərəçarpan irəliləyiş əldə edilib və 426 fakt üzrə şəxslər məsuliyyətə cəlb olunub. Təqsirləndirilən şəxslərin axtarışının nəticələri də 2,3 faiz yaxşılaşaraq 87,8 faiz təşkil edib, beynəlxalq axtarışa verilmiş 108 şəxsin və xarici ölkələr tərəfindən axtarılan 53 nəfərin yeri müəyyən olunub. 12648 odlu silah və 2,5 milyona yaxın sursat aşkarlanıb. 
Cari ilin birinci rübü üzrə də əməliyyat-xidməti fəaliyyətin nəticələri müsbətdir. Belə ki, qeydə alınmış cinayətlərin 85 faizi açılıb. Ağır və xüsusilə ağır cinayətlər, qəsdən sağlamlığa ağır zərər vurmalar, mülkiyyət əleyhinə olanlar, o cümlədən oğurluqlar, soyğunçuluqlar, quldurluqlar, informasiya texnologiyalarından istifadə edilməklə törədilənlər, habelə qrup halında və ailə münaqişəsi zəminində baş verən, əvvəllər məhkum olunmuşlar və yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquqazidd əməllər əvvəlki dövrlə müqayisədə azalıb. Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, şəxsiyyət əleyhinə olanların, xuliqanlıqların, mülkiyyət əleyhinə kriminal əməllərin, onlardan oğurluqların, dələduzluqların, soyğunçuluqların, hədə-qorxu ilə tələb etmələrin açılması yaxşılaşıb. Yol-nəqliyyat hadisələrinin sayında 12,2 faiz azalma qeydə alınıb. 
Narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkomanlığı qeydə alınan şəxslərin hazırkı sayının son illərlə müqayisəli statistik təhlilini aparanda müəyyən artımını görsək də, onlara qarşı mübarizədə daha çox irəliləyişi faktlar əsasında aydın müşahidə edə bilərik. Ötən il əvvəlki dövrlə müqayisədə 1,5 ton çox - 4 ton 464 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 620 kq narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, onlayn satışla bağlı 366 fakt aşkarlanıb və müvafiq cinayətlərlə əlaqədar 160 cinayətkar qrup zərərsizləşdirilib. Bu ilin ilk üç ayı ərzində isə qeyri-leqal dövriyyədən 1 ton 329 kiloqram narkotik vasitə çıxarılıb və bu cinayətlərə görə 1572 nəfər məsuliyyətə cəlb edilib.

 

Açıq, şəffaf, hesabatyönümlü fəaliyyət

 

İnformasiya texnologiyalarının qlobal miqyasda dinamik inkişafı təəssüf ki, bu təsirin cinayətkarlığa transformasiyasına da güclü təkan verib. Müxtəlif kiber təhlükələrin, o cümlədən insanların müasir texnologiyalarla bağlı yetərincə məlumatsızlığından bəhrələnərək törədilən talamaların və bu kimi digər halların sayı durmadan artır. 
Yaranmış vəziyyət daxili işlər orqanlarının da qarşısına yeni vəzifələr qoyur, həmçinin bu sahədə mübarizə tədbirlərinin daha müasir texnoloji vasitələrlə aparılmasını tələb edir. Ona görə də nazirlik əməkdaşları beynəlxalq miqyasda mövcud olan ən modern təcrübəni mənimsəmək üçün davamlı surətdə təlimlərə cəlb olunur, yenilikləri mənimsəyir və fəaliyyətlərində uğurla tətbiq edirlər.
Ümumiyyətlə, DİN həm ölkələrarası, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalılığa əsaslanan effektiv əməkdaşlıqlar qurur. Beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə xarici dövlətlərdə keçirilən treninqlərə, forumlara, təcrübə mübadiləsinə və digər tədbirlərə minlərlə əməkdaş göndərilir. Polisin əsas vəzifələrinin icrasının təşkilində, o cümlədən transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə - BMT, Avropa İttifaqı, NATO, MDB kimi nüfuzlu təşkilatların və onlarla ölkənin aidiyyəti qurumları ilə səmərəli əməkdaşlıq münasibətləri öz bəhrəsini verir.
Daxili İşlər Nazirliyi mümkün olan bütün vasitələrlə - rəsmi mənbələrdən sosial şəbəkələrə qədər bütün platformalarda vətəndaşlarla sıx, operativ ünsiyyət qurub. Hər bir müraciət, təklif, şikayət araşdırılır, dəqiqləşdirilir, həlli üçün konkret iş görülür. Ən əsası isə, bu proses qısa müddətdə həyata keçirilir. Daxili işlər orqanlarının fəaliyyəti cəmiyyət üçün açıq, şəffaf və hesabatyönümlüdür. Əhalinin bütün qrup və təbəqələri, vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əlaqədə iş aparılır. 
Dövlət başçısının tapşırığı əsasında daxili işlər naziri tərəfindən bölgələrdə mütəmadi vətəndaş qəbulları keçirilir. Ötən il 5389, o cümlədən respublikanın 60 şəhər və rayonundan olan 3823 vətəndaş qəbul edilib, qaldırılan məsələlərin əksəriyyəti yerində və müsbət həll edilib. Belə qəbullar zamanı vətəndaşların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətləri dinlənilir, problemlərinin operativ həlli nəzarətə götürülür. Eyni zamanda nazirliyə daxil olan müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi təmin edilib. 

 

Davamlı təkmilləşmə, sistemli islahatlar

 

Prezident İlham Əliyevin şəxsi nəzarəti və himayəsi ilə daxili işlər orqanları müasir maddi-texniki bazası, infrastrukturu və qabaqcıl texnologiyası olan mobil dövlət qurumuna çevrilib. Bu strukturda islahatlar, kadr hazırlığının artırılması və modernləşdirilməsi, fəaliyyətin təkmilləşdirilməsi prosesi hazırda sistemli şəkildə bir-birini tamamlayan vahid istiqamətlər üzrə həyata keçirilir.
Müasir dövrün tələblərinə uyğun kadrların hazırlığı xüsusi diqqət yetirilən məsələlərdəndir. Şəxsi heyətin peşə hazırlığının zamanın yeni təhdid və çağırışlarına cavab verən səviyyəyə yüksəldilməsi üçün ardıcıl iş aparılır. Nazirliyin təhsil müəssisələrində də müasir düşüncəsi, vətənpərvərliyi və yüksək mənəvi keyfiyyətləri ilə seçilən, yeni dövrün bacarıq və qabiliyyətlərinə malik yeni nəsil yetişir. 
Polis Akademiyası ən müasir maddi-texniki baza ilə təmin edilib, yeni tədris korpusları və laboratoriyalar istifadəyə verilib. Akademiyada tədris yüksəkixtisaslı, peşəkar müəllim heyəti tərəfindən həyata keçirilir və bu işə respublikanın tanınmış müəllimləri cəlb edilirlər. Kursantlara hüquqi biliklərlə yanaşı, kriminalistika, kriminologiya, müasir informasiya texnologiyaları, insan hüquqlarının təminatı, məntiq fənləri tədris olunur. Akademiya üçün kursant seçiminə də xüsusi həssaslıqla yanaşılır. Eyni zamanda polis orqanlarının bütün əməkdaşları, o cümlədən rəhbər heyət üçün xüsusi proqram əsasında Polis Akademiyasında ixtisasartırma kursları təşkil edilir və kursun sonunda imtahanlarda yüksək nəticə göstərənlər vəzifədə irəli çəkilirlər. 
Digər tərəfdən, polis əməkdaşlarının hazırlıq səviyyəsinin daha da yüksəldilməsi və təkmilləşdirilməsi məqsədilə Təlim-Tədris Mərkəzi fəaliyyət göstərir. Bu tədbirlər sıravi və rəis heyətindən olan bütün əməkdaşların təhsil səviyyəsinin, dünyagörüşünün, qavrayışının və xidmət üçün vacib olan xüsusi keyfiyyətlərinin daim yüksək səviyyədə saxlanılmasını təmin edir. 
Prezident İlham Əliyevin 22 may 2024-cü il tarixli fərmanı ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutu adlandırılması burada təlim-tədris prosesinin daha da təkmilləşdirilməsinə, müasir dövrün çağırış və təhdidlərinə cavab verən ixtisaslı kadr hazırlığına böyük töhfə verəcək. 
Polis nəfəri vəzifəsində xidmətə qəbul edilən gənclərin seçimi isə şəxsən daxili işlər nazirinin iştirakı ilə keçirilir. Şəffaflıq və aşkarlıq prinsipləri əsasında baş tutan qəbullarda biliyi və bacarıqları, dünyagörüşləri qaneedici səviyyədə olan, polis adını və şərəfini uca tutacaq gənclər şəxsi heyətin sıralarına qəbul edilirlər. Eləcə də Vətən savaşında iştirak etmiş və daxili işlər orqanlarında fəaliyyət göstərmək arzusunda olan gənclərə lazımi şərait yaradılır. Bu cür seçimlə polisdə xidmətə qəbul edilmiş gənclərin sayı minlərlədir. 
Daxili işlər orqanlarının əməkdaşları peşə bayramlarını Xankəndidə, Xocalıda, Şuşada, Ağdamda, Füzulidə, Cəbrayılda, Laçında, Kəlbəcərdə, Zəngilanda, Qubadlıda, Xocavənddə, Ağdərədə gərgin və məsuliyyətli xidmətlə qeyd edirlər... 
Prezident, Ali Baş Komandan İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin, verdiyi göstərişlərin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün Azərbaycanın bütün bölgələrində fəaliyyətlərini layiqincə icra edirlər...
Bu gün onların - gecə-gündüz, yağışda, qarda, qızmar günəşdə asayişimizi qoruyan, vətəndaşın təhlükəsizliyi üçün özlərini qurban verən, Azərbaycanı dünyanın ən təhlükəsiz ölkələrindən birinə çevirən, Vətən uğrunda şəhid olan qəhrəmanların, vətənpərvərlərin, peşəkarların, əsl dostların bayramıdır...
Demək, elə Azərbaycanın bayramıdır...

İxtiyar HÜSEYNLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video