04 Iyul 2024 15:58
117
SİYASƏT
A- A+

Qlobal liderə ali etimad

 

İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə dəvət edilməsi yüksək nüfuzun təcəssümüdür

 
26 ölkəni bir araya gətirib 3 milyarddan çox insanı - dünya əhalisinin 40 faizindən çoxunu birləşdirən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti Zirvə görüşü Qazaxıstanın paytaxtı Astana şəhərində keçirildi. 
Əsas prinsipləri qarşılıqlı etimad və mehriban qonşuluq münasibətlərinin gücləndirilməsi olan və çoxsaylı ölkələri birləşdirən ŞƏT hazırda qlobal əməkdaşlıq platforması kimi qəbul edilir. 
Həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu ŞƏT 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 10 üzvü (Qazaxıstan, Çin, Rusiya, Belarus, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran), 2 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var. Xatırladaq ki, 2022-ci ilin sentyabrında Səmərqənddə keçirilən Zirvə görüşündə Belarusun bu təşkilat çərçivəsində statusunun üzv dövlət səviyyəsinə yüksəldilməsi prosesinə başlanmışdı. Astana Sammitində Belarus əsas üzv kimi qəbul edilib. 
ŞƏT-in iki daimi orqanı – Pekində yerləşən Katibliyi və Daşkənddə yerləşən Terrorizmə qarşı Regional Strukturu mövcuddur.
Təşkilatın Zirvə görüşü üzv ölkələrin iqtisadiyyatının inkişafı, təhlükəsizliyin təmin edilməsi, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, vacib problemlərin həll edilməsi, birgə fəaliyyətin tənzimlənməsi baxımından böyük əhəmiyyətə malikdir. Əsas məqsədləri üzv dövlətlər arasında siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.
Astanada “ŞƏT plyus” formatında keçirilən budəfəki sammitə 16 ölkənin dövlət və hökumət başçıları qatılıblar. Bu nüfuzlu təşkilatın Zirvə görüşünə Azərbaycan Prezidenti İlham Əliyev də dəvət edilib. Əlbəttə ki, Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə dəvət olunması ölkəmizin, xüsusilə İlham Əliyevin dünya miqyasında nüfuzunun və ona göstərilən yüksək ehtiramın ifadəsidir. Xatırladaq ki, bu, İlham Əliyevin ŞƏT-in sammitində ikinci iştirakıdır. Bundan oncə, 2022-ci ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə görüşünə də Azərbaycan Prezdenti dəvət edilmişdi.
Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.
Prezident İlham Əliyevin zirvə toplantısına qonaq qismində ikinci dəfə dəvət edilməsi dövlətimizin dünyada artan nüfuzunun və ona göstərilən böyük etimadın ifadəsi olmaqla bərabər, ölkəmizə bəslənilən ümid və onun gələcəyinə olan inamdır. Sıralarında Çin, Rusiya, Pakistan, Hindistan və Orta Asiya ölkələrini birləşdirən belə mühüm beynəlxalq platformada Azərbaycanın növbəti dəfə iştirakı ölkəmizin gündəliyinin irəlilədilməsi, eləcə də regional proseslərdə iştirak və verilən qərarlarda söz sahibi olmaq baxımından çox önəmlidir. 
Astana Zirvə görüşündə dövlət başçıları ŞƏT-in çoxşaxəli əməkdaşlığını, onun perspektivlərini daha da gücləndirəcək, eləcə də aktual beynəlxalq və regional problemlərin həllinə kömək edəcək geniş spektrli məsələləri nəzərdən keçiriblər.
Ümumiyyətlə, ŞƏT ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq səviyyədə səsinin eşidilməsi, mövqeyinin çatdırılması baxımından vacib platformadır. 
Prezident İlham Əliyevin zirvə görüşlərində iştirakı və etdiyi çıxışlar ölkəmizlə bağlı ən mühüm məsələlərin, prioritetlərin qlobal səviyyədə geniş ictimaiyyətə çatdırılmasını təmin edir.   Hazırda dünyanın ən böyük beynəlxalq tədbirlərindən olan COP29-a hazırlıq çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatı ilə ölkəmiz arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində saxlanılır.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video