02 Iyul 2024 17:33
73
SİYASƏT
A- A+

İlham Əliyev sülh sazişinin başlıca şərtini bəyan etdi

 

Tərkibində Azərbaycana qarşı ərazi iddiaları olan Ermənistan konstitusiyası dəyişdirilməlidir

 

Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqların aparılması ümumilikdə sülh prosesinin irəlilədilməsi üçün mühüm şərait yaradıb. Sərhədlərin delimitasiya və demarkasiyasının həyata keçirilməsinə start verilməsi, o cümlədən Qazax rayonunun dörd kəndinin azad edilməsi münasibətlərin normallaşması üçün atılan təməl addımlar kimi xüsusi əhəmiyyət daşıyır. İki ölkə arasında sülh müqaviləsinin bağlanmasına gəldikdə isə, bunun üçün Ermənistan tələb olunan vacib şərti yerinə yetirməlidir. 
Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edən zaman Prezident İlham Əliyev məhz bu məsələni xüsusi diqqətə çatdırdı: “Sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq”.

 

Siyasi qətiyyət

Torpaqlarının 30 illik işğalı dövründə də Azərbaycan hər zaman sülh tərəfdarı olub, münaqişənin danışıqlar vasitəsilə yoluna qoyulmasına çalışıb. Lakin məsələnin danışıqlar yolu ilə nizamlanması üçün missiyalandırılan ATƏT-in keçmiş Minsk qrupu 28 illik fəaliyyəti dövründə yalnız onun olduğu kimi, yəni Ermənistanın xeyrinə  dondurulması üçün əlindən gələni edib. 
Ancaq işğal siyasəti ilə heç vaxt barışmayacağını həm Ermənistana, həm də onu dəstəkləyən xarici qüvvələrə qətiyyətlə bildirən Azərbaycan  44 günlük müharibə, eləcə də antiterror tədbirləri ilə torpaqlarını azadlığına qovuşdurdu, suverenliyini tam təmin etdi. Bakının sarsıdıcı siyasi, diplomatik həmlələri bölgədə maraqları olan mənfur xarici qüvvələri də ağır məğlubiyyətə uğratdı. 
Ötən dövrdə bəzi Qərb ölkə və təsisatları Ermənistan vasitəsilə Cənubi Qafqazda yenidən münaqişə ocağı yaratmaq üçün xeyli çirkin fəaliyyət sərgilədilər. Lakin onların bütün platformalarda başlatdıqları anti-Azərbaycan kampaniyası ölkəmizin səyləri ilə iflasa uğradıldı.  

 

Sülh prosesində sürətli irəliləyiş  

Postmünaqişə dövründə mühüm sülh təşəbbüsləri ilə çıxış edən Bakı İrəvana beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan təkmil sülh modeli təklif edib. Azərbaycanın sözügedən istiqamətdə əməli fəaliyyət həyata keçirməsinin nəticəsidir ki, artıq iki ölkə problemlərini masa arxasında danışıqlar vasitəsilə həll edir, özü də vasitəçilərsiz. Faktdır ki, Vətən müharibəsindən sonra Fransa bir tərəfdən sülh prosesində vasitəçi kimi iştirak etmək üçün can atır, digər yandan da riyakar fəaliyyəti ilə barışa yox, bölgədə yenidən münaqişə yaranmasına çalışdı. Ancaq Fransanın mənfur planları Bakı tərəfindən fiaskoya uğradıldı. Ermənistan nəhayət anladı ki, xarici havadarlarının sözünə uyub özünü uçuruma aparmaqdansa, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan sülh şərtlərini qəbul etməsi daha faydalıdır. 
“Hazırda biz ikitərəfli səviyyədə daha yaxşı nəticələr görürük. Kiminsə tərəfindən bu prosesə müdaxilə yoxdur. Sərhədlərin delimitasiyası, hətta nadir hal olan demarkasiya məsələlərində razılıqlara gələ bilirik”, - deyən Prezident İlham Əliyev, danışıqlar prosesi çərçivəsində kifayət qədər sürətli irəlilədiyimizi hesab etdiyini söylədi. Dövlətimizin başçısı dedi: “Zənnimcə, sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik. Bildirim ki, işğal dövründə vasitəçilərin planı Madrid prinsipləri adlandırılan əsas prinsiplərlə bağlı razılığa gəlməkdən ibarət idi. Onlar paraflanmalı və daha sonra isə mətn tərtib edilməli idi. Hesab edirik ki, bu, bir variant ola bilər - əsas prinsiplərlə bağlı razılıq əldə edilsin, onlar paraflansın və daha sonra mətn üzərində iş getsin”. 

 

Qayıdış hüququ qarşılıqlı şəkildə təmin olunmalıdır

Qarabağda həyata keçirilən antiterror tədbirlərindən sonra orada məskunlaşan erməni sakinlər könüllü şəkildə ölkəmizi tərk etdilər. Lakin bölgədə maraqları olan bəzi xarici qüvvələr bu məsələdən öz xeyirlərinə istifadə etmək üçün guya onlara ölkəmiz tərəfindən qayıdış hüququnun verilməməsi ilə bağlı hay-küy yaradırlar. Birincisi, həmin ermənilər Azərbaycan qanunları ilə yaşamaq istəmədikləri üçün öz xoşları ilə gediblər və qayıtmaq barədə də düşünmürlər. Əgər belə düşüncələri olsa belə, yalnız bir halda bu gerçəkləşə bilər: tarixin müxtəlif dönəmlərində, eləcə də 1980-ci illərin sonlarında Ermənistan ərazisindən qovulan azərbaycanlıların da qayıdış hüquqları bərpa olunsun. 
Bununla əlaqədar Kanadanın yeni təyin olunmuş səfirinin şərhinə cavabında dövlətimizn başçısı bildirdi ki, qayıdış hüququ qarşılıqlı şəkildə təmin olunmalı, o cümlədən də Qərbi Azərbaycan İcmasının nümayəndələrinə şamil edilməlidir. Bu xüsusda dövlətimizin başçısı keçən yüzillikdə, sonuncusu 1988-ci ildə olmaqla müxtəlif mərhələlərdə köklü Azərbaycan əhalisinin indiki Ermənistan ərazisindən etnik təmizləməyə məruz qaldığını və onlara aid maddi-mədəni irsin tamamilə dağıdıldığını qeyd etdi.
Bir sözlə, Cənubi Qafqazda ədalətli və davamlı sülhün əldə olunması üçün Azərbaycan böyük səy göstərir. İki ölkə arasında intensiv danışıqların aparılması, delimitasiya və demarkasiya prosesinə başlanılması da bu istiqamətdə həyata keçirilən effektiv işlərin müsbət nəticələrindəndir. Ermənistanın ərazilərimizə olan iddiasından birdəfəlik əl çəkərək konstitusiyasında dəyişiklik edəcəyi təqdirdə isə sülh müqaviləsi imzalana bilər. 

Yasəmən MUSAYEVA, 
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video