18 Iyul 2024 08:09
100
SİYASƏT
A- A+

Yeni Azərbaycan Partiyası deputatlığa namizədlərini elan etdi

 

Tahir BUDAQOV: "YAP seçkilərə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm ümumxalq Zəfərindən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə qatılır"

 

İyulun 17-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib. YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iclasın gündəliyi haqqında məlumat verib.

İclasda ilk olaraq Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədlərin irəli sürülməsi məsələsinə baxılıb.

Tahir Budaqov qeyd edib ki, Azərbaycan müasir dövlətçilik tarixinin mühüm nailiyyətlərlə zəngin olan şərəfli bir dönəminə uğurla yekun vuraraq yeni dövrə qədəm qoymuşdur: "Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində qazandığımız möhtəşəm qələbələr Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin, konstitusiya quruluşunun bərpasını və üçrəngli bayrağımızın işğaldan azad edilmiş bütün ərazilərimizdə ucaldılmasını təmin etmişdir. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ölkəmizin sosial-iqtisadi tərəqqisinə, hərbi gücünün və müdafiə qabiliyyətinin yüksəlməsinə, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə, milli və regional təhlükəsizliyin təmin olunmasına hədəflənmiş uzaqgörən siyasəti sayəsində istər ölkə daxilində, istərsə də bütövlükdə bölgədə yeni reallıqlar yaranmış və ölkəmizin qarşısında yeni perspektivlər açılmışdır".

YAP Sədrinin müavini vurğulayıb ki, 2024-cü ilin fevral ayında keçirilmiş Zəfər seçkisində xalqın mütləq əksəriyyəti Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi dəstəkləməklə həyata keçirilən siyasətə, Heydər Əliyev yoluna dərin inamını bir daha nümayiş etdirmişdir: "Hazırda ölkəmiz daha bir mühüm ictimai-siyasi proses ərəfəsindədir. Müstəqillik tariximizdə ilk dəfə olaraq 2024-cü il sentyabrın 1-də ölkəmizin bütün ərazisində Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçiriləcəkdir. Ölkəmizin siyasi sistemində aparıcı rola malik Yeni Azərbaycan Partiyası bu seçkilərə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm ümumxalq Zəfərindən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə qatılır".

Sonra Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş şəxslərin siyahısı elan edilib və müzakirələrdən sonra təsdiq olunub.

YAP Sədrinin müavini Əli Əhmədov, partiyanın idarə heyətinin üzvləri Hikmət Məmmədov, Tahir Mirkişili, Bahar Muradova, Anar İsgəndərov, Elmar Qasımov, Eldar İbrahimov, Azər Badamov və Kamal Cəfərov çıxış edərək bildiriblər ki, Azərbaycanın müasir dövlətçilik tarixinin olduqca mühüm bir dönəmində qarşıda duran strateji əhəmiyyətli hədəflərin reallaşdırılması üçün ölkənin ali qanunverici orqanı olan Milli Məclisin üzərinə də böyük vəzifələr düşür. Belə bir tarixi mərhələdə parlamentdə təmsilçiliyin şərəfli, eyni zamanda məsuliyyətli olduğu vurğulanıb, göstərilən yüksək etimada görə Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə dərin minnətdarlıq ifadə olunub.

Bundan sonra seçki komissiyalarının tərkibinə təklif olunan məşvərətçi səs hüquqlu üzvlər, seçki dairə və məntəqələrində səsvermə günü müşahidə aparacaq şəxslərlə bağlı məsələyə baxılıb və onların siyahıları təsdiq edilib.

İclasa yekun vuran YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov namizədlərə uğurlar arzulayaraq dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin onlara göstərdiyi yüksək etimadı doğrultmaq üçün səylərini əsirgəməyəcəklərinə, yeni dövrdə qarşıda duran vəzifələrin icrası üçün var gücü ilə çalışacaqlarına əminliyini ifadə edib.

Tahir Budaqov qeyd edib ki, Yeni Azərbaycan Partiyası bu zamana qədər Azərbaycanın yüksəlişində və çox mühüm tarixi nailiyyətlərin əldə edilməsində müstəsna rol oynamış, bundan sonra da ölkəmizin tərəqqisi naminə reallaşdırılacaq strateji kursa - Heydər Əliyev yolunun davamçısı olan cənab İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasətinin həyata keçirilməsinə öz töhfələrini verəcəkdir: "İnanırıq ki, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi, Heydər Əliyev yoluna sədaqətinin və Prezident İlham Əliyevin Zəfər yürüşünün davamına birmənalı dəstəyinin təsdiqi olacaqdır".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video