14 Iyul 2024 09:31
467
SİYASƏT
A- A+

HEYDƏR ƏLİYEV MİSSİYASI

 

55 il öncə milli inkişafın və tarixin ən qüdrətli Azərbaycanının təməli qoyuldu

 

XX yüzillikdə milli tariximizin və taleyimizin bir çox dönüş anları müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi Heydər Əliyevin adı və parlaq əməlləri ilə bağlı olmuşdur. Heydər Əliyev şəxsiyyəti o qədər böyük, o qədər misilsizdir ki, bu gün onun xalqımız və dövlətçiliyimiz qarşısındakı xidmətlərindən danışarkən, təkcə bu böyük şəxsiyyətin respublikamıza rəhbərliyi illərində həyata keçirilmiş nəhəng işləri və nailiyyətləri qeyd etməklə kifayətlənmək mümkün deyil. 
Onun ölməz ideyaları, xalqımıza miras qoyduğu zəngin irs Azərbaycanın inkişaf salnaməsində əbədiyaşarlıq hüququ qazanmışdır. İllər sürətlə ötüb keçsə də Heydər Əliyevin adı, onun misilsiz əməlləri xalqımızın və tarixin yaddaşından əsla silinməyəcək və Azərbaycan yaşadıqca Heydər Əliyev də var olacaq!

 

Azərbaycanı yenidən qurmaq taleyi

 

Öz xalqının taleyini dəyişdirən, onu dünyanın qabaqcıl xalqları sırasına çıxaran böyük şəxsiyyət və liderləri müasirlərindən fərqləndirən ən mühüm cəhətlərdən biri budur ki, onlar zaman və məkan fərq etmədən, situasiya və şəraitdən asılı olmayaraq, yalnız milli mənafe və maraqlara xidmət etmiş, xalqının inkişafı və parlaq gələcəyi naminə mümkün olan hər şeyi etmişdir. Belə liderlər təkcə bayraqdar kimi gələcəyə işıq tutmamış, həm də  böyük əzmlə xalqının gələcəyini qurmuş, yaratmışlar. Ulu Öndər Heydər Əliyev də məhz belə bir qətiyyətli lider və rəhbər olmuşdur. 
Heydər Əliyev bənzərsiz siyasət ustası, yüksək təşkilatçılıq bacarığına malik olan rəhbər, ən mürəkkəb zamanlarda belə doğru qərarları qəbul etmək gücündə olan böyük lider idi. Heydər Əliyevə nə sovet Azərbaycanında, nə də müstəqilliyin bərpasından sonra hakimiyyət olimpinin zirvəsinə yüksələrkən, sələflərindən heç də oturuşmuş düzənə, işlək mexanizmlərə malik bir sistem "miras" qalmamışdır. Əksinə, Ulu Öndər xaos, böhran içində olan siyasi, iqtisadi institutlar, ruhdan düşmüş xalq və gələcəyi ciddi suallar doğuran respublika təhvil almışdır. İstər keçmiş Sovet İttifaqı dövründə, istərsə də Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizə rəhbərlik etdiyi illərdə Ulu Öndər Heydər Əliyevin həyat amalı xalqımıza ləyaqətlə xidmət etmək, onun firavan, xoşbəxt gələcəyini təmin etmək olmuşdur. O, bütün mənalı həyatını Azərbaycan xalqının xoşbəxt gələcəyinin təmin olunmasına həsr etmişdir. Heydər Əliyev harada olmasından, hansı vəzifədə çalışmasından asılı olmayaraq, onun nəbzi Vətənin nəbzi ilə bir vurmuş, bütün istedadını, bilik və bacarığını milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə sərf etmişdir. 
Ulu Öndər Heydər Əliyevin taleyinə Azərbaycanı qurmaq, yaratmaq yazılmışdır. O, xilaskarlıq, xalqını bəlalardan qorumaq missiyasını nə qədər uğurla həyata keçirmişdisə, ölkəmizi kərpic-kərpic qurmaq, şəhərləri, kəndləri yaratmaq, abadlaşdırmaq vəzifəsini də eyni müvəffəqiyyətlə yerinə yetirmişdir. 1969-cu ilin iyul plenumu ərəfəsində Azərbaycan keçmiş ittifaq miqyasında ən geridə qalmış aqrar respublikalardan biri idi. Respublika həyatının bütün sahələrində ciddi geriləmə, iqtisadiyyat və sosial sahədə dərin böhran meyilləri baş vermişdi. 55 il öncə iyul ayının 14-də Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsindən sonra isə vəziyyət köklü surətdə dəyişmiş, artıq 1980-ci illərin əvvəllərində Azərbaycan Heydər Əliyevin yüksək idarəçilik məharəti, yenilməz iradəsi, düşünülmüş və uzaqgörən fəaliyyəti sayəsində keçmiş ittifaqda ən qabaqcıl respublikalardan birinə çevrilmişdi. Bu, Heydər Əliyevin peşəkar siyasətçi və bacarıqlı rəhbər olmaqla yanaşı, həm də respublikanın xalq təsərrüfatına dərindən bələd olan görkəmli dövlət xadimi olmasını təsdiqləyir. Onun rəhbərliyi ilə həyata keçirilən iqtisadi və sosial tədbirlər sayəsində respublikada iqtisadiyyatın bütün sahələrinin, elm və mədəniyyətin inkişafına, xalqın həyat səviyyəsinin əsaslı şəkildə yüksəldilməsinə nail olunmuşdur. Həmin illərdə Ümummilli Liderin təşəbbüsü ilə reallaşdırılan islahatların sayəsində Azərbaycan geridə qalmış aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevrilmişdir. 
Ulu Öndərin respublikamıza rəhbərliyinin birinci dövründə aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində Azərbaycanda bir neçə il ərzində yeni yaşayış massivləri, binalar, məktəblər, səhiyyə müəssisələri tikilmiş, ən ucqar dağ kəndlərinə belə yollar salınmışdır.  Məhz Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi ilə respublikada 250-dən çox zavod, fabrik, istehsalat sexləri və digər obyektlərin istifadəyə verilməsi ilə əhalinin yeni iş yerləri ilə təmin olunması həyata keçirilmişdir.  Bu dövrdə yaradılan yeni nəhəng sənaye obyektləri, neft, neft - kimya, maşınqayırma müəssisələri istehsal gücü baxımından keçmiş ittifaq miqyasında ən qabaqcıl yerləri tuturdu. Məhz o illərdə formalaşmış çox möhkəm sənaye potensialı və icra edilmiş infrastruktur layihələri bu gün də müstəqil Azərbaycana xidmət göstərir.

 

14 il ərzində gələcək müstəqilliyin möhkəm təməli yaradıldı

 

Heydər Əliyev milli mənsubiyyəti ilə fəxr edən və milli kimliyimizi qürur mənbəyinə çevirən böyük şəxsiyyət və lider olmuşdur. O, heç vaxt və heç bir halda milli məsələlərdə güzəşt etməmiş, xalqımızın milli, tarixi dəyərlərini, ənənələrini ləyaqətlə qorumuş və yaşatmışdır. Ona görə də biz Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edərkən, onun tarixi yaddaşın bərpası, xalqımızın milli ruhunun canlanması, milli özünüdərk istiqamətində atdığı addımları və qəbul etdiyi qərarları fəxrlə qeyd edirik. Həmin dövrdə Heydər Əliyevin təşəbbüsü ilə Bakıda və Moskvada Azərbaycanın tanınmış ədəbiyyat, incəsənət və elm xadimlərinin yubileyləri keçirilmiş, onların fəaliyyəti yüksək dövlət mükafatları və fəxri adlarla qiymətləndirilmiş, abidələri ucaldılmış, minlərlə azərbaycanlı gənc SSRİ-nin qabaqcıl ali təhsil müəssisələrinə göndərilmiş, azərbaycanlı hərbçi kadrların yetişdirilməsinə, respublikada hərbi təhsilin inkişafına xüsusi diqqət yetirilmişdir. Çünki Heydər Əliyev gələcəyi görürdü, gələcəyi qururdu və bir gün həmin kadrlara xalqımızın ehtiyac duyacağını bilirdi. Ona görə də ciddi maneələrə baxmayaraq, milli hərbi kadrların yetişdirilməsi məqsədilə 1971-ci ildə respublikamızda Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış məktəb təşkil olundu. Ulu Öndər Heydər Əliyev bu məktəbin əhəmiyyəti barədə sonralar belə deyirdi: "Biz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da". 
Ulu Öndər həmin dövrdə azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də nail oldu. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və digər hərbi məktəblərdə yetişən milli zabit kadrlarımızın Silahlı Qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərmişlər. 
Ulu Öndərin qətiyyəti nəticəsində Azərbaycan dilinin respublikanın dövlət dili olması ilə bağlı müddəa 1978-ci il Konstitusiyasına daxil edilmişdir. Ulu Öndərin azərbaycançılıq ideologiyası da xalqımızın və soydaşlarımızın milli birlik və həmrəyliyini təmin etmiş, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə azərbaycançılıq müstəqil dövlətimizin ideya əsasını təşkil etmiş, məhz Heydər Əliyevin rəhbərliyi ilə bu ideologiya dövlət siyasəti səviyyəsinə qaldırılmışdır. Bu cəsarətli qərarlar Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü, onun qətiyyətinin və dönməzliyinin Azərbaycan xalqının dünəni, bu günü və gələcəyindəki əvəzsiz yerini çox aydın ifadə edirdi. 
Beləliklə, Ulu Öndərin 14 illik fəaliyyəti ilə təkcə ittifaq respublikası olan Azərbaycanın deyil, həm də gələcək müstəqil Azərbaycanın möhkəm təməli, sonrakı nəsillərin xoşbəxt və firavan həyatının əsasları yaradılmışdır.

 

Ürəyi daim doğma vətəni ilə birgə döyünürdü

 

Ulu Öndər Heydər Əliyevin respublikamıza uğurla rəhbərliyi, Azərbaycanın Onun rəhbərliyi altında əldə etdiyi nəhəng nailiyyətlər, şübhəsiz ki, diqqətlə izlənilmiş, Ümummilli Liderin yüksək rəhbərlik və liderlik bacarığı, səriştəsi, üzərinə götürdüyü bütün vəzifələri müvəffəqiyyətlə həyata keçirməsi ittifaq mərkəzində hər kəsin diqqətini cəlb etmişdir. O, 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilmiş, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilmişdir. 
Heydər Əliyev böyük bilik və təcrübəsi, idarəçilik istedadı, ən mürəkkəb problemləri həll etmək bacarığı və yüksək işgüzarlığı ilə ətrafdakı hər kəsdən seçilir, həlli mürəkkəb görünən, ən mühüm layihələrə rəhbərlik məhz Ulu Öndərə həvalə edilirdi. Təkcə Heydər Əliyevin birbaşa rəhbərliyi ilə inşa olunan və  cari ilin aprel ayında 50 illik yubileyi qeyd edilən Baykal-Amur Magistralının adını çəkməklə biz onun bu vəzifədə olarkən, hansı səviyyədə böyük işlərə imza atdığının bir daha şahidinə çevrilirik. 
Əlbəttə, SSRİ kimi nəhəng dövlətin hakimiyyət iyerarxiyasının ən üst pillələrində bir azərbaycanlının təmsil olunması çox qürurverici hadisə idi. Bu eyni zamanda Ulu Öndər Heydər Əliyev üçün respublikamızın ictimai, mədəni həyatı ilə daim maraqlanmaq, öz dəstəyini göstərmək üçün böyük imkan idi. Əgər biz o illərdə Heydər Əliyevin respublikamızın inkişafı üçün gördüyü işləri, onun dəstəyi ilə həyata keçirilən tədbirləri nəzərdən keçirsək, bir daha onun xalqını nə qədər sonsuz bir məhəbbətlə sevdiyinin şahidi olarıq. Ona görə də belə bir haqlı və obyektiv fikri söyləyə bilərik ki, Heydər Əliyev harada olmasından asılı olmayaraq, onun ürəyi doğma vətəni ilə birgə döyünürdü. Onun mərkəzi hakimiyyətdə yüksək vəzifə tutması ermənilərin də Azərbaycanla bağlı məkrli planlarının həyata keçməsinə mane olur, ölkəmizlə bağlı bədnam niyyətlərin qarşısına sədd çəkirdi. Heç də təsadüfi deyil ki, 1987-ci il oktyabrın 21-də Heydər Əliyevin Sov.İKP MK-nın Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yürütdüyü siyasi xəttə etiraz olaraq tutduğu vəzifədən istefa verməsindən sonra Azərbaycana qarşı təxribatlar genişlənmiş və ölkəmizə qarşı işğalçılıq siyasəti baş qaldırmışdır.

 

Xalqın böyük hamisi

 

Ötən əsrin sonlarında baş verən bir sıra hadisələr bütün dünya nizamına əsaslı şəkildə təsir göstərmişdir. Keçmiş ittifaqın süqutu və dağılması, yeni müstəqil dövlətlərin dünya xəritəsinə çıxması tamamilə yeni situasiya yaratmışdı. Azərbaycan xalqı da əlverişli tarixi şəraitdən istifadə edərək, illərdir qəlbində yaşatdığı müstəqillik arzusunu gerçəkləşdirdi.
Təəssüf ki, Azərbaycan xalqı bu proseslərdən ən çox zərər çəkən, faciəvi hadisələrlə üz-üzə qalan xalqlardan biri olmuşdur. 1990-cı ilin 20 Yanvar hadisələri isə Azərbaycan xalqına qarşı törədilən növbəti qanlı təxribat idi. 20 Yanvar hadisələrinə ilk etiraz səsini ucaldan, informasiya blokadasını yararaq, baş verən hadisələri beynəlxalq ictimaiyyətə çatdıran məhz Heydər Əliyev olmuşdur. Həmin vaxt özünün və ailə üzvlərinin həyatlarına təhdidlərə, təzyiqlərə baxmayaraq, Ulu Öndər hadisənin ertəsi günü - yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək, xalqımıza qarşı törədilən cinayəti pisləmiş, onun törədilməsi səbəblərini, təşkilatçılarının, günahkarlarının adlarını açıq mətnlə bəyan etmiş və Azərbaycan xalqı ilə həmrəyliyini ifadə etmişdir. Bununla da Ümummilli Lider tərəfindən bütün dünya ictimaiyyəti bu böyük faciə haqqında tam detalları ilə məlumatlandırılmışdır. Heydər Əliyev qanlı cinayətə etiraz olaraq, daha bir cəsarətli addım ataraq, Kommunist partiyasının sıralarını tərk etmişdir. Dövrün şərtlərini nəzərə alanda əmin olursan ki, bu qərarı yalnız Heydər Əliyev kimi böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan, bütün varlığı ilə xalqını sevən qətiyyətli bir lider qəbul edə bilərdi və Azərbaycan xalqı Ulu Öndərin timsalında özünün böyük hamisini görürdü.
Heydər Əliyev kimi nəhəng şəxsiyyətlərin qəbul etdiyi qərarlar, atdıqları addımlar öz xalqlarının taleyini dəyişir. Onun Naxçıvana qayıdışını da biz taleyin hökmü kimi qiymətləndirə bilərik. Bu dönüş həm Onun siyasi fəaliyyətinin, həm də xalqımızın tarixinin növbəti parlaq səhifələrini təşkil edir. Ulu Öndər blokada altında olan, məhrumiyyətlərlə yaşayan Naxçıvanı xilas etməklə yanaşı, eyni zamanda böyük rəhbərin yandırdığı müstəqillik, azadlıq məşəli bütün respublikamızın üzərinə işıq saldı və Azərbaycanın müstəqilliyə gedən yolda ilk addımları məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda atıldı. Ona görə də Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərliyi dövrünü Azərbaycan tarixində müstəsna əhəmiyyətə malik, Azərbaycanın tarixinə parlaq hərflərlə yazılmış mərhələ hesab edirik. 
Heydər Əliyev Naxçıvanda dövlətçilik tarixi baxımından çox qısa bir dövrdə bir xalqın, millətin taleyinə yön verən mühüm qərarlar qəbul etdi. Məhz bu dövrdə Heydər Əliyevin təşəbbüsü və sədrliyi ilə Naxçıvan Ali Məclisinin - ovaxtkı Ali Sovetin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı elan edilmiş, eyni qərarın Azərbaycan Ali Soveti tərəfindən də qəbul olunması üçün vəsatət qaldırılmış, Heydər Əliyevin təşəbbüsü ilə muxtar respublikanın Ali Məclisi onun adından "sovet" və "sosialist" sözlərinin çıxarılması haqqında qərar qəbul etmişdir. 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi təsis olunması haqqında qərar qəbul etmişdir. Həmin dövrdə SSRİ-nin saxlanması məqsədilə respublikada keçirilən referendum Ulu Öndərin rəhbərliyi ilə Naxçıvanda boykot edilmiş, 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilmişdir. Azərbaycan Ali Sovetinin 1991-ci il sentyabrın 8-nə təyin etdiyi prezident seçkilərinin muxtar respublikanın ərazisində keçirilməsi dayandırılmışdır.
Bu dövrdə muxtar respublikada dövlət quruculuğu, hakimiyyət və idarəetmənin təkmilləşdirilməsi sahəsində mühüm işlər görülmüş, siyasi böhran aradan qaldırılmış, iqtisadi islahatlar həyata keçirilmiş, hərbi quruculuq məsələlərinə xüsusi diqqət yetirilmiş, keçmiş sovet ordusunun bu ərazidəki bütün silahları və texnikası alınıb Milli Ordu hissələrinə verilmiş, Naxçıvan erməni işğalından xilas olmuş və muxtar respublikanın iqtisadi-sosial blokadadan çıxarılması üçün ilk və sağlam addımlar atılmışdır. 
Azərbaycanın müasir siyasi sisteminin əsasları da məhz həmin dövrdə yaradılmışdır. 1992-ci ilin noyabr ayının 21-də Azərbaycanın siyasi palitrasının avanqardı və lokomotivi olan Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizə yeni siyasi dəyərlər, siyasi mədəniyyət gətirmişdir. YAP Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik ənənələrin formalaşmasında flaqman olmuş, ölkəmizin dövlətçilik sütunlarının yaradılmasına və möhkəmləndirilməsinə yönəlmiş dövlət siyasətinə özünəməxsus töhfələr vermişdir. 

 

Dövlət müstəqilliyinin əbədiliyinin və dönməzliyinin təmin edildiyi taleyüklü mərhələ

 

Muxtar respublikada Azərbaycanın dövlətçilik tarixi baxımından örnək qərarlar qəbul edilib, Heydər Əliyevin liderliyi ilə möhtəşəm addımlar atılarkən, təəssüf ki, mərkəzdə və respublikanın digər ərazilərində hadisələr ölkəmizin gələcəyi baxımından tamamilə bədbin əhvali-ruhiyyədə davam edirdi. Səriştəsiz və bacarıqsız iqtidarların yanlış siyasəti nəticəsində  respublika həyatının bütün sahələrində dərin böhran yaranmış, ölkədə siyasi və hərbi vəziyyət daha da gərginləşmişdir. Hərbi hissələrdə nizam-intizamın zəifləməsi, orduda vahid komandanlığın və təşkilatçılığın olmaması Ermənistanın işğalçılıq siyasətinin və ərazilərimizin işğalının daha da genişlənməsinə gətirib çıxarmışdı. Respublikanın bir çox rayonlarında qanun pozuntuları, hakimiyyətə yaxın qrupların özbaşınalığı, hərc-mərclik və zorakılıq halları artmışdı. Azərbaycan bir dövlət kimi yox olmaq təhlükəsi ilə üzləşmişdi.
Heydər Əliyevin siyasi portretinin mühüm cizgilərindən birini onun xalqı vahid amal və ideya ətrafında birləşdirmək bacarığı təşkil etmişdir. O inandırmaq, birləşdirmək gücü sayəsində cəmiyyəti ümummilli məqsədlər naminə səfərbər etməyə nail olmuşdur. Azərbaycan xalqı özünün böyük oğlu Heydər Əliyevi sevirdi, ona inanırdı. Bu sevgini, inamı da Ulu Öndər Heydər Əliyev xalqımız qarşısındakı əvəzsiz xidmətləri ilə qazanmışdır. Ulu Öndər bütün həyatını xalqına həsr etmiş, onun parlaq gələcəyi naminə misilsiz fədakarlıqlar göstərmiş böyük vətənpərvər idi. O, parlaq siyasi fəaliyyətinin hər bir mərhələsində, fərqli ictimai-siyasi, iqtisadi, mədəni və ideoloji şəraitdə xalqımıza və Azərbaycana ləyaqətlə xidmət etmişdir. Ona görə də xalqımız ən çətin günlərində yenə də Heydər Əliyevə üz tutmuş, Ulu Öndər də xalqımızın etimadını ləyaqətlə doğrultmuşdur. 1993-cü il iyun ayının 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi Azərbaycan tarixinə "Milli Qurtuluş Günü" kimi daxil olmuşdur.
1993-cü ilin iyun ayına qədər ölkəmizdə baş verən hadisələr bir daha Ümummilli Lider Heydər Əliyevin belə bir fikrini təsdiq edir ki, "müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi və əbədi olması bundan da çətindir". 
Doğrudan da, əgər müstəqilliyin bərpası zamanı Azərbaycanda hakimiyyət sükanı arxasında Ulu Öndər Heydər Əliyev olsaydı, şübhə yoxdur ki, ölkəmiz o dövrdə üzləşdiyi çətinliklərdən, xaos və böhrandan xilas ola, bu gün gəldiyi zirvələri daha qısa müddətə qət edə bilərdi. Və yaxud əgər 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər hakimiyyətə qayıtmasaydı, bəlkə də Azərbaycan müstəqil dövlət olaraq dünya xəritəsindən tamamilə silinmiş ola bilərdi. Nə yaxşı ki, xalqımız Heydər Əliyev kimi bir xilaskara malik idi və öz dövlətçiliyini qoruyub saxlaya bildi. Möhtərəm Prezident İlham Əliyev də Ulu Öndərin hakimiyyəti  dövrünü Azərbaycanın sabitlik və inkişaf dövrü kimi xarakterizə edərək, bu illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələ kimi dəyərləndirmişdir.

 

Yeni strateji inkişaf mərhələsi

 

1993-cü ildə Ulu Öndərin hakimiyyətə gəlişi ilə öz həqiqi dövlət müstəqilliyinə qovuşmuş Azərbaycanın inkişaf strategiyası müəyyən edilmişdir. Bu strateji konsepsiya ölkəmizin potensial imkanları, milli mənafeləri, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmaqla hazırlanmış və müvəffəqiyyətlə icra edilmişdir. Heydər Əliyev Azərbaycanın strateji hədəflərini dəqiqliklə müəyyənləşdirmiş, yeni, beynəlxalq norma və prinsiplərə uyğun olaraq müstəqil dövlət quruculuğu prosesinə başlayarkən, ölkəmizin gələcək inkişafı baxımından ən doğru qərarı qəbul edərək, ölkəmizin demokratik inkişaf və bazar iqtisadiyyatı yolu ilə irəliləyəcəyini bəyan etmişdir.
Bu dövrdə dövlət müstəqilliyini təhdid edən bütün ünsürlər və risklər zərərsizləşdirilmiş, davamlı və sarsılmaz əsaslara malik sabitlik təmin edilmişdir. Bu isə həyatın bütün sahələrində çoxşaxəli inkişaf trendlərinin yaradılmasına imkan vermişdir. Ulu Öndərin rəhbərliyi ilə ölkədə yeni iqtisadiyyat quruculuğuna başlanılmış, ölkənin iqtisadi resursları yeni islahatlar strategiyasının reallaşdırılması üçün səfərbər olunmuşdur. Azərbaycan azad iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri əsasında yenidənqurma strategiyasını elan etmişdir. 
Sosial sferada ardıcıl tədbirlərə başlanılmış, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində məqsədyönlü siyasət həyata keçirilmişdir. "Əsrin müqaviləsi"nin imzalanması ilə ölkənin yeni enerji strategiyasının icrasına start verilmiş, bu sənəd ölkənin neft-qaz sənayesinin dirçəlməsinə və Azərbaycana xarici investisiyaların cəlb olunmasına şərait yaratmışdır. 
Azərbaycanın uğurlu xarici siyasət strategiyası müəyyənləşdirilmiş və icra olunmuş, ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolu möhkəmlənməyə başlamış, məhz Ulu Öndər Heydər Əliyevin çox və genişmiqyaslı fəal diplomatik səyləri nəticəsində dünyanın böyük dövlətlərinin və aparıcı beynəlxalq təşkilatlarının Azərbaycana, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibəti əsaslı surətdə dəyişmiş, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmışdır. 
Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu sahəsində ardıcıl tədbirlər reallaşdırılmış, ölkədə insan hüquq və azadlıqlarının, qanunun aliliyinin başlıca prinsiplərinin bərqərar olması üçün möhkəm əsaslar yaradılmışdır. 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikası Konstitusiyası qəbul edilmişdir. Azərbaycanda çoxpartiyalı sistem, siyasi plüralizm, fikir və ifadə azadlığı təmin edilmiş, demokratik institutların formalaşdırılması və inkişafına etibarlı zəmin yaranmışdır.
Beləliklə, 1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyevin liderliyi ilə Azərbaycan özünün qurtuluş konsepsiyasını müvəffəqiyyətlə həyata keçirərək, inkişaf yollarına qədəm qoymuşdur.

 

Müasir, qüdrətli Azərbaycan Heydər Əliyev ideyalarının təntənəsidir

 

Azərbaycanın qazandığı hər bir nailiyyətin altında böyük öndərin parlaq imzası vardır. Onun ən böyük xidmətlərindən biri isə, şübhəsiz ki, başlatdığı islahatların, əldə olunan nailiyyətlərin qarşıdakı dövrdə, yeni əsrdə və yeni minillikdə davamlılığının, uğurlu dövlət idarəçiliyinin, siyasi varisliyin hüquqi, demokratik yolla təmin olunmasının həyata keçirilməsidir. Bu, növbəti tarixi seçim anında xalqımızın və onun liderinin düzgün strateji qərar qəbul etməsinin əyani təsdiqidir.
2003-cü ildə "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir", - deyən Heydər Əliyev ideyalarının, siyasi xəttinin ən layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşısında duran bütün vəzifələri uğurla yerinə yetirmiş, özünün çoxəsrlik dövlətçilik tarixində ən böyük nailiyyətləri qazanmışdır. Möhtərəm Prezident İlham Əliyev Heydər Əliyevin yaratdığı möhkəm təməllərə istinad edərək, ölkəmizə və xalqımıza özünün çoxəsrlik dövlətçilik tarixinin ən möhtəşəm nailiyyətlərini qazandırmışdır. 1993-cü ildə Heydər Əliyev qətiyyəti, onun səriştəsi və bacarığı, xalqın bu böyük şəxsiyyətin ətrafında yumruq kimi birləşməsi sayəsində müstəqilliyini xilas edən, həqiqi müstəqilliyinə qovuşan Azərbaycan bu gün ən sürətlə inkişaf edən ölkələrdən biridir. 
Sözü imzası qədər dəyərə malik, bütün dünyada hörmət və rəğbətlə qarşılanan, bu gün regionun gündəliyini diktə edən Azərbaycan Heydər Əliyev ideyalarının təntənəsidir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu irsin qorunmasında, onun ideyalarının həyata keçirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi və Ulu Öndərin adını daşıyan fondun misilsiz xidmətləri vardır. Hörmətli Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi fond Ümummilli Liderin qurub-yaratdığı müstəqil Azərbaycanın daha da çiçəklənməsinə, ölkəmizin daha da inkişafına müstəsna töhfələr verir. 
Ata vəsiyyətini yerinə yetirərək torpaqlarımızı azadlığına qovuşduran, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin özü qədər sevdiyi Azərbaycan onun görmək istədiyi zirvələri inamla fəth edir. Möhtərəm Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün inkişaf edən, güclənən Azərbaycan Heydər Əliyevin xatirəsinə olan hörmətimizin ən gözəl nümunəsidir.

Sahibə QAFAROVA,
Milli Məclisin Sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video