18 Iyul 2024 10:10
105
DÜNYA
A- A+

Fransada hökumət böhranı başlayıb

 

Fransa Prezidenti Emmanuel Makron çərşənbə axşamı baş nazir Qabriel Attalın istefasını qəbul edib. Lakin Attal və onun kabineti yeni hökumət başçısı təyin olunana qədər, ən azı Parisdə keçiriləcək Olimpiya Oyunları başa çatana qədər vəzifəsində qalacaq.

Yerli ekspertlərin fikrincə, bunu Fransada əsl siyasi zəlzələ adlandırmaq olar. İstefa verən hökumətin səlahiyyətləri məhduddur. Attal və onun kabineti yalnız dövlətin davamlılığını təmin etmək üçün cari işləri sürətləndirməyə cavabdeh olacaqlar. Belə ki, bu keçid dövründə hakimiyyətdən gedən hökumət prinsipcə heç bir siyasi qərar qəbul edə bilməz.

 

Demokratik problem yaranacaq

 

Keçid mərhələsində belə bir konfiqurasiya başa düşülən olsa da, bu prosesin uzun müddət davam edəcəyi təqdirdə aşkar şəkildə demokratik problem yaranacaq. Xüsusilə də gələcək baş nazirin namizədliyi ilə bağlı danışıqların nə qədər çətin olduğunu nəzərə alsaq…

Qanunverici orqana seçkilərdə mandatların əksəriyyətini qazanan solçu "Yeni Xalq Cəbhəsi" alyansı fikir ayrılıqlarını və hər hansı formada güzəştə gedə bilmədiyini açıq şəkildə nümayiş etdirir.

Bazar ertəsi axşam sosialistlər, kommunistlər və "yaşıllar" vətəndaş cəmiyyətinin ümumi namizədi ilə bağlı razılığa gəliblər. Onun adı Lorans Tubianadır, diplomat və iqtisadçıdır, 2015-ci ildə Paris iqlim sazişinin imzalanmasında əsas fiqurlardan biridir.

Lakin onun namizədliyi Jan - Lük Melanşon tərəfindən qurulan solçu ittifaqın əsas partiyası - "Yenilməyən Fransa"(LFI) tərəfindən rədd edilib. Bu partiyanı təmsil edən bəzi millət vəkilləri Tubiananın Fransa Prezidenti Emmanuel Makrona çox yaxın olduğunu iddia edirlər.

Bu gün Fransa Milli Assambleyasının ilk sessiyası açılacaq və daha 8 gündən sonra Parisdə Olimpiya Oyunlarına start veriləcək.

Xatırladaq ki, Qabriel Attal növbədənkənar parlament seçkilərindən dərhal sonra prezidentə istefa ərizəsi təqdim edib. Lakin iyulun 8-də Makron onun istefasını qəbul etməyib və  daha bir müddət işləməsini istəyib.

 

Parisdə hərbi şəhərcik yaradılıb

 

Bu günlərdə minlərlə fransız əsgəri Yay Olimpiya Oyunlarının təhlükəsizliyini təmin etmək üçün Parisə gətiriləcək. İki ay ərzində paytaxtda onlar üçün hərbi şəhərcik tikilib.

Bildirilir ki, hərbçilər məşhur fransız marafonçusu,  Melburn Olimpiadasında qalib olmuş Alen Mimunun adını daşıyan yeni tikilmiş "Kapral Alen Mimun" hərbi düşərgəsində yerləşdiriləcək. Onların vəzifəsi Olimpiya və Paralimpiya obyektlərini qorumaqdır.

Düşərgə Vencen meşəsi yaxınlığında, olimpiya məkanlarına avtomobillə 30 dəqiqədən az məsafədə yerləşir ki, hərbçilər istənilən vaxt Parisdə və onun ətraflarında əməliyyatlara başlaya bilsinlər.

Hərbi düşərgədə təxminən 4500 əsgər olacaq və yaxın iki ay yarım orada qalacaq. Onlar üçün dayaqlar üzərində inşa olunmuş hər evdə 15 nəfər yerləşə bilər.

Hərbi bazada yaşayış evləri ilə yanaşı, poliklinika, yeməkxana, habelə açılış mərasimi və yarışların izləniləcəyi əməliyyat mərkəzləri var. Bunlar cəmi 65 günə tikilib.

"Kapral Alen Mimun" hərbi düşərgəsinin rəisi Mişel Berje deyir: "Qırx illik hərbi xidmətdə mən heç vaxt belə bir şey görməmişdim. Bu, İkinci Dünya müharibəsindən bəri Parisdə tikilmiş ən böyük düşərgədir".

Qeyd edək ki, yaxın həftələrdə Paris və digər şəhərlərdəki Olimpiya obyektlərini 15 milyon insanın ziyarət edəcəyi gözlənilir.

 

Rizvan CƏFƏROV,

"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video