14 Iyul 2024 09:05
497
SİYASƏT
A- A+

Milli şüurun dirçəldilməsi, xalqın özünə qayıdış tarixi

 

Hər bir xalqın tarixində, taleyində Lider faktorunun müstəsna əhəmiyyəti var. Milli Liderlə bağlı tarixi günlər də daşıdığı məna yükü ilə xüsusi əhəmiyyət kəsb edir. Bu səbəbdən 14 iyul 1969-cu il - Azərbaycan tarixinə sıradan bir təqvim günü deyil, müstəqilliyə gedən yolun, inkişafın, intibahın və yüksəlişin başlanğıcı, xalqın özünə qayıdış tarixi kimi düşüb. Ulu Öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP) 1969-cu il 14 iyul plenumunda respublika siyasətinə cavabdeh seçilməsindən düz 55 il ötür. Bəs bu gün özünün ən güclü və möhtəşəm dövrünü yaşayan bir xalq üçün 14 iyul tarixinin, bütövlükdə Ümummilli Liderin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi 13 illik  mərhələnin - 1969-1982-ci illərin xüsusi əhəmiyyəti nədir? Bu dövr xalqımıza nə verdi? Ümummilli Liderin sovet dövründə 13 illik fəaliyyəti olmasaydı, indiki Azərbaycan necə görünərdi? Yəqin ki, bu barədə çoxumuz düşünmüşük.

 

Xilaskarlıq missiyası: milli şüurun dirçəldilməsi, soykökə qayıdışın başlanğıcı 

 

Ulu Öndərin dövlət xadimi kimi formalaşmasında ötən əsrin 50-60-cı illəri həlledici rol oynayıb. Məhz bu illərdə vəzifə pillələrində yüksəlişi ona imkan verirdi ki, sovet dövlətçiliyinin mahiyyətinə dərindən bələd olsun. Çoxsaylı repressiyalardan, II Dünya müharabəsindən çıxmış sovetlərin çekist sistemindən hakimiyyət birinciliyinə gəlmək, Nərimanov və Bağırovun acı taleyindən sonra 1969-cu ildə Azərbaycana rəhbərlik etmək çox çətin bir missiya idi. Onu da xüsusi vurğalayaq ki, çarizm, cümhuriyyət və sovet dövrü liderlərinin heç biri onun qədər yüksələ, uzun illər zirvədə qala və ikinci dəfə hakimiyyətə qayıda bilmədilər. Həmin illərdə milli kadrlar heç nəyi həll edə bilmirdi, dövlət təhlükəsizliyi orqanlarında isə vəziyyət, sadəcə olaraq, milli mənafelər baxımından faciəli idi. Həmin dövrdə Ulu Öndər Heydər Əliyev müəyyən taktiki addımlarla mənsub olduğu xalq üçün strateji planları həyata keçirməyə çalışdı. Bunlardan birincisi isə xalqı özünə tanıtdırmaq, onun etnokulturoloji həyatını bərpa etmək idi. Dahi şəxsiyyət həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürdü, ictimai şüurdakı qorxunu aradan qaldırdı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırdı. Hər bir Azərbaycan vətəndaşına belə bir inam aşılandı ki, bu xalq nə vaxtsa öz azadlığına qovuşacaq. Ümummilli Liderimiz Azərbaycan xalqının şüurunda məhz bu inqilabi dəyişikliyi yaratdı. 
Heydər Əliyevin 1969-cu ilin iyulunda təhvil aldığı Azərbaycanın elitası kosmopolit və daha çox rusdilli idi. Paytaxt Bakı elitanın formalaması baxımından milli xüsusiyyətlərdən getdikcə uzaqlaşırdı. Ulu Öndər ilk növbədə sosial-iqtisadi alətlərin köməyi ilə çox qısa bir müddətdə bu prosesin axarını dəyişməyə nail oldu. Ondan öncə elitanın formalaşması prosesi əsasən imperiya mərkəzinə bağlı klientalist bir mühitdə baş verirdi. Belə bir mühitdə millət öz elitasını formalaşdıra bilmir, çünki "sosial lift"lər çalışmırdı. Belə olduğu halda millətin ən layiqli övladları "mədəni surətdə" siyasi idarəetmədən kənarda saxlanılır, rus, erməni və sair qeyri-azərbaycanlı mənşəli elitanı qoruyub saxlayırdı.
Ümummilli Lider yaxşı başa düşürdü ki,  hər bir xalqın milli-mənəvi irsini, mental-əxlaqi dəyərlərini qoruyub saxlamaq, genetik yaddaşını, tarixi kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək çətin missiyadır, lakin həmin xalqın mövcudluğu və gələcəyi üçün mühüm şərtdir. Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini - XX əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq əsrin sonlarına doğru - müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurdu. 
Beləliklə, 1969-cu il iyulun 14-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi - təqribən on üç illik dövr xalqımızın tarixinə həm də milli özünüdərkin, soykökə qayıdışın başlanğıc dövrü kimi yazıldı. Bu həm də bir liderin milləti getdikcə assimilyasiya olunmaq təhlükəsindən xilas etməsi demək idi. O, milli siyasət həyata keçirməklə sovet liderlərinə məxsus stereotipləri dağıtdı. Zəkası, vətənpərvərliyi və təşəbbüskarlığı ilə respublikamıza düşmən münasibət bəsləyən qüvvələrin cəhdlərinin qarşısını aldı, tərəqqinin sosial-iqtisadi bazasını yaratmaqla yanaşı, siyasi-ideoloji əhəmiyyətə malik olan mühüm işlər gördü. Ulu Öndərin bu xilaskarlıq missiyası ilə bağlı Prezident İlham Əliyev bu sözləri qeyd etmişdir: "Azərbaycan xalqı öz xilasını, öz gələcəyini ancaq Heydər Əliyevdə görürdü və bu münasibətin, bu fikirlərin, əlbəttə ki, çox böyük əsasları vardı. Çünki 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycanda yaşanan inkişaf Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Azərbaycan üçün həlledici anlarda məhz onun qətiyyəti, onun sözü həlledici rol oynamışdır".  

 

Aqrar əyalətdən inkişaf etmiş sənaye respublikasına doğru

 

Sovet hakimiyyəti illərində Azərbaycan zəngin potensiala malik olsa da, SSRİ büdcəsini külli miqdarda vəsaitlə təmin etsə də, zəif aqrar respublika, xam neft istehsalçısı kimi tanınır, bir sıra sosial-iqtisadi göstəricilərə görə digər respublikalardan geri qalırdı. Yaranmış vəziyyət əsaslı dönüş, ciddi islahatlar tələb edirdi. Ulu Öndər məhz bu istiqamətdə fundamental strateji tədbirlər görməklə davamlı və nizamlı inkişafı təmin etməyi bacardı.  Bu dövrdə sənayeləşmə iqtisadi siyasətin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildi. Sənaye müəssisələrinin tikilib istifadəyə verilməsi və digər işlər sayəsində bu sahədə mühüm irəliləyiş qeydə alındı. Azərbaycanın qısa müddətdə ittifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşması təsadüfi deyildi. Bu, eyni zamanda aqrar sektorda da canlanmaya və inkişaf meyillərinə zəmin yaratdı. Kənd təsərrüfatı sənaye təməli üzərində inkişaf etdirildi və istehsal olunan məhsulların orta illik həcmi davamlı olaraq artırıldı.
Eyni zamanda neft sənayesinin inkişafına diqqət artırıldı. Neft hasilatının artırılmasını təmin etməklə, ehtiyatlardan səmərəli istifadə sayəsində bu sahədə sabit və davamlı inkişafa nail olundu.
1969-1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara veridi, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olundu. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artdı.  Respublikada adambaşına düşən ümumdaxili məhsul istehsalının 2,5, sənaye istehsalının 3, kənd təsərrüfatı məhsullarının 2 dəfə artımına nail olundu. 
Həmin illərdə Azərbaycan nəhəng tikinti-quruculuq meydanını xatırladırdı. Görülən işlər nəticəsində Bakının və respublika rayonlarının siması yeniləndi. Yaşayış binalarının, mehmanxanaların, məktəblərin, mədəniyyət saraylarının tikilməsi, iqtisadiyyatımızın nüvəsini təşkil edən fabriklərin, zavodların, nəhəng sənaye obyektlərinin, iri istehsal komplekslərinin, su anbarlarının, müasir yol infrastrukturunun yaradılması sosial-iqtisadi inkişafa yeni təkan və töhfə verdi. Respublikanın paytaxtı Bakı yeni mikrorayonlar, park və xiyabanlar, küçə və meydanlar hesabına böyüyərək gözəlləşdi. "Gülüstan" və "Respublika" sarayları, Prezident sarayı və Milli Məclisin binası, "Moskva", "Azərbaycan", "Abşeron" mehmanxanaları, Əl oyunları sarayı və Olimpiya İdman Kompleksi, metro stansiyaları və digərləri həmin dövrdə tikilmiş, N.Nərimanova, C.Cabbarlıya, Nəsimiyə, H.Cavidə və digər görkəmli həmvətənlərimizə abidələr qoyuldu, onlarla ədəbiyyat və incəsənət xadiminə, sənətkara fəxri adlar, dövlət mükafatları verildi.
1983-cü ildə Bakı-Qroznı neft kəmərinin, 1985-ci ildə Dərin Dəniz Özülləri Zavodunun, Bakıda "Ulduz" Elektrik Cihazqayırma, Sumqayıtda Məişət Kompressorları zavodlarının, 1981-1984-cü illərdə Şəmkir Su-Elektrik Stansiyasının və digər sənaye obyektlərinin tikilib istifadəyə verilməsi sürətlə inkişaf edən Azərbaycanda əhalinin rifahının yaxşılaşmasına ciddi təsir göstərdi. Bakıda, Naxçıvanda, Gəncədə, Mingəçevirdə, Lənkəranda, Xankəndidə bir-birinin ardınca elektronika, elektrotexnika, radiotexnika, cihazqayırma, dəzgahqayırma zavod və müəssisələri tikilib istifadəyə verildi.  
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi sayəsində digər ittifaq ölkələrindən fərqli olaraq, SSRİ məkanında iki respublika - Rusiya Federasiyası və Azərbaycan dotasiya olmadan yaşayırdı. Beləliklə, iqtisadi bazanın gücləndirilməsi digər   sahələrdə də inkişaf üçün etibarlı zəmin, əlverişli şərait formalaşdırdı.

 

Milli kadrların hazırlanması və elmi-mədəni elitanın formalaşdırılması

 

1969-1982-ci illərdə müstəqil dövlətçiliyimiz üçün həyati əhəmiyyət kəsb edən milli kadrların hazırlanması istiqamətində mühüm baza rolunu oynayan elmin, təhsilin inkişafına da xüsusi diqqət yetirilirdi. Təsadüfi deyil ki, həmin illər həm də Azərbaycanda elm və təhsilin inkişaf dövrü kimi xatırlanır. Təhsil sektorunda ardıcıl və davamlı islahatlar həyata keçirildi. İlk növbədə təhsil sektorunun maddi-texniki bazası yaxşılaşdırıldı. Xüsusi intellektual təbəqənin formalaşdırılması istiqamətində normativ baza yaradıldı və buna müvafiq olaraq praktik müstəvidə əhəmiyyətli tədbirlər görüldü. 
Ümummilli Liderin Azərbaycan təhsilinin inkişafındakı müstəsna xidmətlərindən biri də bu idi  ki, Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən məşhur ali məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlının yüksəkixtisaslı mütəxəssis kimi hazırlanması həyata keçirilmişdir. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak edirlər.
Ulu Öndər azərbaycanlı gənclərin Rusiyanın nüfuzlu universitetlərində təhsil almaları üçün əlavə yerlər ayrılmasına nail olurdu və sovet dövründə bu ölkənin ali məktəblərində təhsil alan gənclərimizin sayı artırdı. Əgər 1969-1970-ci tədris ilində təhsil almaq üçün 
47 gənc göndərilmişdisə, 1975-ci ildə bu göstərici 14 dəfə artaraq təxminən 700 nəfərə çatmışdı. Bu sahədə artım sonrakı illərdə də davam etdirildi. Əgər 1970-ci ilə qədər təhsil almaq üçün respublikadan kənara göndərilənlər içərisində azərbaycanlılar yalnız 40 faiz təşkil edirdisə, 1976-cı ildə Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bu rəqəm 85 faizə, 1977-ci ildə 92 faizə, 1980-ci ildə 97,6 faizə çatmışdır. 
Bundan başqa, 1969-cu ildə Azərbaycanda 765 orta məktəbdə ildə 73 min şagird təhsil alırdısa, 1981-ci ildə 335 min şagirdi əhatə edən 2625 məktəb və günüuzadılmış qrup fəaliyyət göstərirdi. Ümummilli Liderimizin hakimiyyətinin birinci dövründə ali məktəblərdə 100-dən artıq ixtisas açılıb, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılıb.
Ulu Öndər ölkəmiz üçün hərbi kadrların hazırlanması məsələsini də daima diqqətdə saxlayırdı. Belə ki, milli hərbi kadrları yetişdirmək və Sovet İttifaqının hərbi ali məktəblərinə azərbaycanlı gənclərin daxil olmasını təmin etmək üçün 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı. Bununla yanaşı, Heydər Əliyev gənclərimizin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə nail oldu. Bu gün Cəmşid Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin Silahlı Qüvvələrin formalaşmasında müstəsna rolu var. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində yüksək peşəkarlıq, nümunəvi qəhrəmanlıq, rəşadət və cəsarət göstəriblər.
Ulu Öndər elm və təhsilin xalqın taleyindəki rolunu, təhsildən başlayan yolun elmin zirvələrinə doğru irəlilədiyini çox yaxşı bilirdi. Əsl ziyalıları, müasir inkişafın tələblərinə cavab verən, xalqın dünyada tanınmasına ürəkdən çalışan milli elitanı formalaşdırmaq heç də asan iş deyildi. Ümummilli Lider Heydər Əliyev bəzi ideoloji çətinliklərə baxmayaraq, hələ sovet dövründən etibarən Azərbaycan xalqının önəmli ziyalılarının yetişdirilməsi məsələsinə xüsusi diqqət yetirməyə başlamışdı. Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olduğu dövrdə, XX əsrin 70-80-ci illərində Elmlər Akademiyasının alimlərinin fəaliyyəti dünyanın elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. İqtisadiyyat və elm sahəsində nailiyyətlərinə görə Azərbaycan Elmlər Akademiyası "Xalqlar Dostluğu" ordeninə layiq görülmüşdü. Bu yüksək mükafatı 1975-ci ildə Ümummilli Lider şəxsən özü təqdim etmişdir. Onun Azərbaycan elminə qayğısı sayəsində Elmlər Akademiyasının daha müasir elmi elitası formalaşmış və dünya elmi arenasında öz yerini tapmışdır. Ulu Öndər xalqın elmi-intellektual potensialının möhkəmləndirilməsinə daim diqqət yetirmişdir. 

 

Milli kimliyin qorunmasında misli görünməmiş cəsarət nümunəsi

 

Ümummilli Lider Heydər Əliyev siyasi-ideoloji müstəvidə sovet mühiti və rejimi üçün kifayət qədər cəsarət tələb edən bir sıra addımlar atmışdır. Ulu Öndər 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndə bütün SSRİ məkanında rus dili hakim və rəsmi dil idi. Xalqımızın böyük oğlu tarixdə misli görünməmiş cəsarət, siyasi müdriklik nümayiş etdirdi, Azərbaycan Dövlət Universitetinin 50 illiyinə həsr olunan təntənəli toplantıda Azərbaycan dilində çıxış edərək ana dilimizə, milli dəyərlərimizə sahib çıxacağını nümayiş etdirdi. Bunun davamı olaraq o,  yüksəksəviyyəli digər yığıncaqlarda, konfranslarda, dövlət səviyyəsində aparılan tədbirlərdə ana dilində parlaq çıxışlar edərək özünə böyük hörmət və məhəbbət qazandı. 1978-ci il aprel ayının 2-də doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Azərbaycan rəhbərinin təklifi ilə konstitusiyanın 73-cü maddəsini aşağıdakı redaksiyada vermək təklif olundu: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir". Həmin dövrdə belə bir maddənin əlavə edilməsi çox böyük risk idi. Lakin Ulu Öndər hər bir təhlükəni gözə alaraq milli iradə nümayiş etdirmiş və öz istəyinə nail ola bilmişdi. Təsadüfi deyil ki, bunun ardınca "Müasir Azərbaycan dili" və "Azərbaycan dili" dərslikləri hazırlandı ki, bu da bəhs edilən siyasətin milli-ideoloji davamı idi.
Beləliklə, sovet dövründəki siyasi-ideoloji məhdudiyyətlərə baxmayaraq, xalqımızın milli-mənəvi dəyərləri qorundu və zənginləşdirildi, azərbaycançılıq məfkurəsinin ictimai fikirdə aparıcı yer tutması məqsədilə əlverişli ictimai-siyasi, elmi-mənəvi mühit formalaşdırıldı. Həmin illərdə görkəmli dövlət xadimi Heydər Əliyevin bilavasitə göstərişi və rəhbərliyi ilə Azərbaycanda 52 memarlıq abidəsində bərpa işləri aparıldı, 650-dən çox tarix və mədəniyyət abidəsinin pasportu hazırlandı. Paytaxt Bakıda və digər şəhər və rayonlarda tanınmış mədəniyyət, ədəbiyyat və elm xadimlərinin abidələrinin ucaldılmasına nail olundu. Ulu Öndərin həmin siyasətinin nəticəsi idi ki, 1970-ci illərdə Nəriman Nərimanovun, İmadəddin Nəsiminin, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Mehdi Hüseynzadənin, Səttar Bəhlulzadənin və başqa görkəmli soydaşlarımızın abidəsi qoyuldu.
1976-cı ildə Şuşanın sosial-iqtisadi inkişafı haqqında qərar qəbul ediləndən sonra bu şəhərdə Xan qızı Natəvanın abidəsi ucaldıldı. Bu illərdə Bakıda və başqa şəhərlərdə çoxlu sayda tarix-diyarşünaslıq muzeyləri, Səməd Vurğunun, Cəfər Cabbarlının, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri yaradıldı. Xüsusi bir qərarla repressiya qurbanlarının - Mikayıl Müşfiq və Hüseyn Cavidin ev-muzeyləri yaradıldı. 
1970-1982-ci illərdə Heydər Əliyev Azərbaycan mədəniyyət və elm xadimlərinin onlarla nümayəndəsinə Sosialist Əməyi Qəhrəmanı adını verdi. Mirzə İbrahimov, Süleyman Rəhimov, Süleyman Rüstəm, Rəsul Rza, Fikrət Əmirov, Qara Qarayev, Niyazi, Rəşid Behbudov, Mustafa Topçubaşov, Mikayıl Hüseynov kimi görkəmli Azərbaycan ziyalıları həmin böyük adlara məhz Ulu Öndər Heydər Əliyevin sayəsində layiq görüldü. Bütövlükdə mədəniyyət və incəsənətin - kinematoqrafiya, xalçaçılıq, rəngkarlıq, dekorativ-tətbiqi sənət, heykəltaraşlıq sahələrinin inkişafına da Ulu Öndər Heydər Əliyev yüksək qayğı göstərirdi.

 

Ulu Öndərin sovet dövründəki xidmətləri böyük ehtiramla xatırlanır 

 

1982-ci ilin dekabrında Heydər Əliyev SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçildi, bunun ardınca SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. O, bu vəzifədə bir çox mühüm sahəyə nəzarət və rəhbərlik edirdi. Ulu Öndər fəaliyyəti ilə təkcə sovet məkanında deyil, onun sərhədlərini aşan böyük nüfuza sahib oldu. Onun xüsusilə Baykal Amur Magistralının (BAM) tikintisinə, magistral xətt boyunca yüzlərcə stansiyanın, şəhərlərin inşasına rəhbərlik etməsi bu gün də böyük hörmət və ehtiramla xatırlanır. Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşdə bildirdi ki, "Heydər Əlirza oğlu BAM-ın tarixində müstəsna, böyük rol oynayıb. Heydər Əlirza oğlu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Baykal-Amur Magistralının tikintisinə kuratorluq edirdi, bu çox çətin layihənin baş tutması üçün əlindən gələni əsirgəmirdi".
Ulu Öndər Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən dünyanın ən mürəkkəb tuneli sayılan və xarici ölkə şirkətlərinin inşa edə bilmədiyi Baykal Amur Magistralındakı Severomuyski tuneli uğurla tikilib. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmdə tikintisinə başlanılan magistralın 210 kilometrliyində azərbaycanlılar tərəfindən Ulkan stansiyası inşa edilib və onun ətrafında Ulkan qəsəbəsi salınıb. Həmin qəsəbənin salınması isə birbaşa Ulu Öndərin nəzarəti altında həyata keçirilib. Qeyd edək ki, Azərbaycandan ilk inşaat dəstəsi bu ərazilərə 1975-ci ilin əvvəlində gəlib. Azərbaycanlıların da iştirakı ilə tikilən və 209 km uzunluqda olan dəmir yolu xəttinin çəkilişi vaxtından 2 ay əvvəl başa çatdırılıb.

 

Dirçəlişdən Qurtuluşa və Zəfərə gedən yol 

 

1969-cu ildən keçən 55 illik tarixi bir dövr Ulu Öndərin sovet dövründə 13 illik fəaliyyəti ərzində gördüyü işlərin möhtəşəmliyini, uzaqgörən strateji düşüncənin coğrafiyasının genişliyini göstərir. Tarix bir daha sübut etdi ki, 44 günlük Vətən müharibəsində Zəfərin qazanılması, həmçinin postmürahibə dövründə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası və təminatı üçün atılmış düşünülmüş addımlar son yarıməsrlik Heydər Əliyev siyasi kursunun parlaq nəticələridir. XX əsrin 60-cı illərində müstəqilliyimizin fundamental əsasları olan nəhəng quruculuq işləri görülməsəydi, müstəqilliyimiz və zəfərimiz də bu qədər möhtəşəm və əbədi olmazdı. Tarix sübut etdi ki, Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərlikdə olduğu hər iki mərhələ arasındakı, xüsusilə 1985-1993-cü illərdə "dövlət quruculuq xətti" qırılan kimi sovet coğrafiyasının hər yerində - təkcə Ermənistandan deyil, Rusiyadan Orta Asiyaya və Gürcüstana qədər azərbaycanlılara qarşı təzyiqlər və onların kütləvi köçü başlandı. 
Xüsusilə qeyd edək ki, 1985-ci ildə SSRİ-də Mixail Qorbaçovun hakimiyyətə gəlməsi, Qorbaçov hakimiyyətinin "beyin komandası"nda ermənilərin üstünlük təşkil etməsi və Moskvadakı yeganə azərbaycanlı Heydər Əliyevin vəzifədən uzaqlaşdırılması "Miatsum" tələblərinin artması ilə nəticələndi. 1993-cü ildə xiyabanlara və çadır şəhərciklərinə bürünən Azərbaycana xalqın təkidi ilə rəhbərliyə dəvət ediləndə də Ulu Öndər Heydər Əliyev hansı tarixi missiya qarşısında olduğunu yaxşı dərk edirdi. 
Bu səbəbdən onun 1993-cü il iyunun 15-də Azərbaycan Respublikasına yenidən rəhbərliyə qayıtması xalqın, dövlətin və dövlətçiliyin yenidən Qurtuluşu idi.

Araz XUDADANOV,
Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video