27 Oktyabr 2024 08:00
1745
SİYASƏT
A- A+
Çoxtərəfli dünya nizamına doğru

Çoxtərəfli dünya nizamına doğru


BRICS Azərbaycanın çoxvektorlu siyasəti üçün daha bir aktual platformadır


Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın Kazan şəhərində keçirilən BRICS+ sammitində iştirakı rəsmi Bakının çoxvektorlu diplomatiyası və uğurlu xarici iqtisadi əlaqələrinin növbəti təntənəsidir. Öz gücünə arxalanaraq istənilən hərbi-siyasi blokdan kənar durmaqla müstəqil xarici siyasətini və beynəlxalq aləmdəki yerini müəyyən etmək bacarığı, sözün əsl mənasında, yalnız azad və özünü iqtisadi cəhətdən tam təmin edə bilən dövlətlərin qazana biləcəyi nailiyyətdir. Azərbaycanın təşkilat üçün ciddi maraq kəsb etməsi, ölkəmizin zəngin iqtisadi potensialı olan iri coğrafi və geosiyasi məkanla əməkdaşlıq qurması nöqteyi-nəzərindən olduqca əhəmiyyətlidir. BRICS-ə daxil olan ölkələrdə yaşayan əhali dünyanın demək olar ki, yarısını təşkil edir. Təşkilat üzvlərinin dünya iqtisadiyyatındakı payı isə ilbəil artır.

İlk dövrlərdə Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikasının, bu ilin əvvəlindən Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Efiopiyanın da üzv olduğu, digər bir çox ölkənin də getdikcə böyük maraq göstərdiyi BRICS-in əsas məqsədi dünyada güclər nisbətini balanslaşdırmaqdır. Həm də coxqütblü dünya nizamını təşviq etməklə birqütblülüyün yaratdığı problemləri aradan qaldırmaqdır. Bu, qurumun qarşıya qoyduğu əsas vəzifələrdəndir. 


Çoxtərəfli diplomatiya modeli


Son onilliklərin tarixi təcrübəsi 2006-cı ildən fəaliyyət göstərən BRICS-in də çoxtərəfli diplomatiyanın daha bir uğurlu modelinə çevrildiyini göstərir. Təşkilatın Kazanda keçirilən builki sammitində 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətlərinin, o cümlədən 22 dövlət başçısının, BMT-nin Baş katibi Antonio Quterreşin qatılması sözügedən qurumun beynəlxalq çəkisini göstərir. 

BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib. BRICS dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın 1/4-dən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzidir. Bu qurum qlobal idarəetmənin təkmilləşdirilməsinə və daha ədalətli beynəlxalq nizamın inkişafına töhfə verməkdədir. BRICS yarandığı gündən beynəlxalq münasibətlər sisteminin demokratikləşməsinə xidmət göstərir. Ölkələrin BRICS-də təmsilçiliyə, bu təşkilatla sıx əməkdaşığa sövq edən əsas amillərdən biri də onun beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiq qalaraq, dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləməsidir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını almağa çalışmasıdır. Müasir dünyamızda buna çox böyük ehtiyac var. 

Qurumun Kazan sammiti də inkişaf edən ölkələrin daha balanslı bir qlobal idarəetmə sistemi yaratmaq arzularını və siyasi təzyiqlərə bağlı sanksiyalardan kənar maliyyə mexanizmlərinin inkişaf etdirilməsi istəklərini əks etdirirdi.


Qlobal Cənub və Qlobal Şimal arasında dialoq


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin XVI BRICS sammitində iştirakı, ölkəmizin bu quruma göstərdiyi maraq Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarı olmasından irəli gəlir. Cənab İlham Əliyevin sammitin "Outreach"/"BRICS+" formatının ilk plenar iclasındakı çıxışı zamanı da qeyd etdiyi kimi, bu mövqe 2020-2023-cü illərdə ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə əyani şəkildə nümayiş etdirilib. Azərbaycanın dördillik sədrliyində Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir. "Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq", - Prezident İlham Əliyev çıxışında xüsusi vurğuladı.

Bir faktı da qeyd edək ki, BRICS üzvlərinin böyük əksəriyyəti Qoşulmama Hərəkatında da təmsil olunurlar. Bu ölkələr siyasi coğrafiyada əksər hallarda "az inkişaf etmiş dövlətlər" adlandırılsalar da, belə bir bölgü hazırkı reallıqda şərti xarakter daşıyır. Çinlə Hindistan ciddi iqtisadi göstəricilər nümayiş etdirirlər, Rusiyanın iqtisadiyyatı isə Qərbin iki ildən çoxdur tətbiq etdiyi sanksiyaların qarşısında tab gətirməyə müvəffəq olub. BRICS-ə qoşulan nisbətən kiçik dövlətlərin əsas siyasi hərəkətverici arqumentləri sovetlərin yıxılmasından sonra hökm sürən birqütblü sistemə qarşı artan etirazlarıdır. ABŞ və Avropanın bu ölkələrə qarşı istismarçı imperialist yanaşmaları XXI əsrdə yaşamağımıza baxmayaraq, nəinki dəyişməz qalıb, hətta müasir üsullarla daha da sərtləşib. 

Qərbin ədalətsiz yanaşması özünü təkcə BRICS kimi böyük potensialı olan təşkilatların inkişafında deyil, keçmiş və hazırkı müstəmləkələrdə ABŞ və Avropaya qarşı etirazların yüksəlməsində də biruzə verir. Məsələn, son bir il ərzində Fransa müstəmləkələrində Parisə qarşı aktiv narazılığın artması bu tendensiyanın aşkar göstəricisidir. Yeri gəlmişkən, "üçüncü dünya"nın sərgilədiyi bu etirazın səbəbləri rəsmi Bakı tərəfindən də dərk edilir və dəstəklənir. 30 il ərzində Azərbaycan torpaqlarının erməni işğalında qalmasını hər vəchlə ört-basdır etməyə, bununla da Ermənistanın işğalçı əməllərinə de-fakto haqq qazandırmağa davam edən kollektiv Qərb ədaləti bərpa etməyimizi həzm edə bilmir. ABŞ-də qanunvericilik səviyyəsindəki ədalətsiz təşəbbüslərdən, Avropada ayrı-ayrı dövlətlərin qərəzli siyasətlərindən, Avropa Parlamentində ünvanımıza səslənən mütəmadi hədyan və təhdidlərdən bu siyasətin bizə qarşı hələ də aktual olduğunu görürük. Ermənistanla sülh sazişi istiqamətində ciddi irəliləyişin olmasına baxmayaraq, bu mərkəzlərdən Bakıya qarşı təzyiq siqnallarının dayandırılmaması onların Ermənistanla Azərbaycan arasındakı ziddiyyətlərdən özlərinin geosiyasi maraqları naminə yararlanmaq niyyətlərinin mübahisəsiz sübutudur.

Coğrafi yerləşməsinin üstünlüklərindən məharətlə istifadə edən Azərbaycan bu gün həm Çin, Rusiya və gündən-günə nüfuzu artan türk və müsəlman dünyası ilə, həm də Qərb dövlətləri ilə sıx və məhsuldar işbirliyindədir. Ölkəmiz ümumdünya yükdaşıma böhranı gerçəkliyində Şərqlə Qərbin arasında mühüm birləşdirici körpü rolunu oynayır. Çinlə Qərb dünyası arasındakı ticarətin əsas logistik marşrutlarından biri, özü də ən ucuz başa gələni bölgəmizdən keçir. Azərbaycan bu prosesin əsas iştirakçılarından olduğundan siyasi baxımdan hər iki tərəflə praqmatik işgüzarlığa əsaslanan münasibətlərə malikdir. 

Prezident İlham Əliyevin bu uğurlu siyasi kursu Azərbaycanın Qoşulmama Hərəkatı kimi iri beynəlxalq platformada məhsuldar iştirakından irəli gələn reallıqdır. Azərbaycanın hərəkata uğurlu sədrliyi təşkilatın aktivləşməsi və çəkisinin artması baxımından ən önəmli dövr sayılmalıdır. Prezident İlham Əliyev Kazan sammitindəki çıxışı zamanı bu məqamı xüsusi qeyd etdi. 

Gələn ay Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29 kimi mötəbər bir tədbirə evsahibliyi edəcək. Azərbaycanın COP29-a sədrliyi ölkəmizin dünya iqlim diplomatiyasını formalaşdırdığını, Qlobal Cənub və Qlobal Şimal arasında dialoqu uğurla apardığını göstərir. 


Multilateralizm siyasətinə sadiqlik


Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı da ölkəmizin həyata keçirdiyi siyasətə hörmətinin və dəstəyinin parlaq sübutudur. "Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik", - deyə Azərbaycan Prezidenti sammitdə bəyan etdi. 

Bu, ölkəmizin multilateralizm siyasətinə sadiqliyinin, bu prinsipi əsas götürərək çoxtərəfli diplomatiya həyata keçirməsinin ifadəsidir. Multilaterializm çoxtərəfli əməkdaşlığı, diplomatiyanı nəzərdə tutur və müasir dünya nizamının formalaşmasında belə bir siyasətin əhəmiyyəti, faydaları çox böyükdür. 

Multilaterializm, ilk növbədə, iqlim dəyişikliyi, terrorizm, yoxsulluq və pandemiyalar kimi qlobal səviyyədə müzakirə və əməkdaşlıq tələb edən məsələlərin effektiv həllinə imkan yaradır. Beynəlxalq təşkilatlar vasitəsilə ölkələr bu problemləri birlikdə həll etməyə çalışır və qlobal səviyyədə davamlılıq üçün mexanizmlər qurur. Çoxtərəfli diplomatiya kiçik ölkələrin hüququnu da gücləndirir. Multilaterializm siyasəti vasitəsilə kiçik və iqtisadi cəhətdən zəif ölkələr də dünya siyasətində söz sahibi olurlar. BMT kimi qurumlarda kiçik ölkələr bərabərhüquqlu üzvlər kimi çıxış edərək, öz maraqlarını qlobal miqyasda müdafiə edə bilirlər.

Bu siyasətin ticarət əlaqələrinin qurulması və ölkələrin iqtisadi inkişafı baxımından da əhəmiyyəti çox böyükdür. Belə ki, çoxtərəfli əməkdaşlıq, Ümumdünya Ticarət Təşkilatı kimi qurumlar vasitəsilə ticarət qaydalarının tənzimlənməsinə və sərhədlərarası ticarətin asanlaşdırılmasına dəstək verir. Bu da ölkələrin iqtisadi inkişafını sürətləndirir və sərmayə axınını asanlaşdırır.

Bu siyasətin ən mühüm faydalarından biri də, təbii ki, bütün dünyada sülhün qorunması və konfliktlərin həlli ilə bağlıdır. Multilaterializm dövlətlərarası münaqişələri sülh yolu ilə həll etməyə yönəlmiş platformalar yaradır. Bu həm də qlobal problemlərin həllinə, iqtisadi inkişafın dəstəklənməsinə və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə imkan verən vacib əməkdaşlıq modeli kimi beynəlxalq ictimaiyyət üçün böyük əhəmiyyət daşıyır.

Çoxtərəfli diplomatiya, bir çox ölkənin və ya beynəlxalq təşkilatın qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək, ümumi razılığa gəlmək və ya əməkdaşlıq etmək məqsədilə bir araya gəldiyi diplomatiya formasıdır. Bu yanaşma regional və qlobal problemləri həll etmək üçün geniş əməkdaşlıq tələb edir və hər bir iştirakçı dövlətin mənafelərini təmin etməyə yönəlir. Çoxtərəfli diplomatiyanın əsas xüsusiyyətlərindən biri iştirakçı dövlətlərin bərabərhüquqlu olduğu və birgə qərarlar qəbul etmək üçün müzakirə apardığı platformalar yaratmaqdır.

Bu format təkcə ölkələr arasında deyil, eyni zamanda hökumətlərarası və qeyri-hökumət təşkilatları, eləcə də beynəlxalq şirkətlərin də daxil olduğu bir platforma yaradır. Çoxtərəfli diplomatiya münaqişələrin sülh yolu ilə həllini və ümumi inkişaf məqsədlərinə çatmağı asanlaşdırır.


BRICS-in faydaları


Bu baxımdan BRICS-in gələcək tədbirlərində də iştirak, bu qurumla sıx əməkdaşlıq Azərbaycan üçün əhəmiyyətlidir. Belə bir əməkdaşlığın ölkəmiz üçün iqtisadi faydaları da çox böyükdür. BRICS ölkələri dünya iqtisadiyyatının 28 faizini əhatə edir. Azərbaycanın BRICS-lə sıx əməkdaşlığı bu qrupun üzvləri ilə daha sıx ticarət və investisiya əlaqələrinin qurulmasına imkan verir. Xüsusilə enerji sahəsində potensial əməkdaşlıqlar ölkəmizin neft və qaz ixracının daha da genişləndirilməsi perspektivi yaradır. 

BRICS ölkələri geniş bazarlara malikdirlər. Azərbaycan bu ölkələrlə ticarət əlaqələrini genişləndirərək, öz ixrac məhsulları üçün yeni bazarlara çıxış əldə edə bilər. Xüsusilə kənd təsərrüfatı və qeyri-neft sektorunda inkişaf potensialı çox böyükdür. Ekspertlərin fikrincə, BRICS-in yaratdığı maliyyə institutları, çevik maliyyə mexanizmləri vasitəsilə infrastruktur layihələri üçün maliyyə dəstəyi əldə etmək də mümkündür. Bu imkanlar Azərbaycanın həyata keçirdiyi infrastruktur layihələrində, xüsusilə nəqliyyat və kommunikasiya sahələrində faydalı ola bilər. BRICS qlobal maliyyə sistemində daha balanslı bir nizam yaratmaq üçün çalışır ki, bu da ölkələrin qlobal maliyyə sistemində sərbəst hərəkət etməsinə, iqtisadi sabitliyin artırılmasına kömək göstərir. 

Bir məqamı da nəzərə almaq lazımdır ki, BRICS ölkələri enerji resurslarının əsas istehsalçıları və istehlakçılarıdır. Azərbaycan üçün bu ölkələrlə enerji sahəsində əməkdaşlıq yeni texnologiyaların və investisiyaların əldə olunması imkanlarını genişləndirir. 

Kazanda keçirilən XVI BRICS Sammitinin daha bir faydası da Azərbaycanla Ermənistan arasında ikitərəfli sülh gündəliyi ilə bağlı oldu. Sammit çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirildi. Bu, dünya ictimai rəyi üçün sürpriz effektinə - gözlənilməz hadisəyə səbəb oldu. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün qədər tez bir zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verildi.

Tarixboyu siyasi gərginlik və hərbi əməliyyatların həlli iqtisadi maraqlar vasitəsilə tapılıb. Ermənistanla Azərbaycan vahid iqtisadi məkanda yerləşir. Qərbin Fransa və ABŞ timsalında regiona nüfuz cəhdlərinə baxmayaraq, Ermənistanın bu ölkələrlə iqtisadi münasibətlərinin həcmi birgə halda təqribən 200-300 milyon dollara bərabərdir. Halbuki yalnız Rusiya ilə ticarətin göstəricisi bu ilin sonunda 14 milyard dollara çatacaq. Ermənistan üçün Azərbaycanla nəqliyyat kommunikasiyalarını işə salmaq hava-su kimi lazımdır. 30 ildir davam edən iqtisadi tənəzzüldən qurtulmanın yeganə yolu Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik siyasətinə son qoymaqdır.

Ermənistan Orta dəhliz, "Şimal-Cənub" marşutlarından nəinki yararlana, hətta böyük miqdarda vəsait əldə edə bilər. Məhz bu baxımdan da tərəflərin yeni iqtisadi üfüqlər və logistik istiqamətlər kimi mövzuların aktual olduğu Kazan sammiti çərçivəsində əldə etdikləri irəliləyiş xüsusi əhəmiyyətə malikdir.

Ümid etməyə dəyər ki, BRICS təşkilatı müasir dünyamızda gərginliklərin aradan qalxması, ölkələr və xalqlar arasında əməkdaşlıqların qurulması, insanların rifahının təmin olunması yönündə mühüm nəticələr əldə edəcək və Azərbaycan da bəşəriyyətin bu günü və gələcəyi üçün bu prosesə töhfələrini əsirgəməyəcək.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında

02:10
22 Noyabr

“Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:08
22 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında

02:07
22 Noyabr

“Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli 1177-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:06
22 Noyabr

“Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nın təsdiq edilməsi haqqında

02:04
22 Noyabr

Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması QAYDASI

02:03
22 Noyabr

“Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:02
22 Noyabr

Milli Məclisin sədri Sahibə Qafarova MDB Parlamentlərarası Assambleyasının Şura iclasında çıxış edib  

23:07
21 Noyabr

 Yeni “Wrangler” nümayiş olunub   

23:03
21 Noyabr

“Jaguar”ın yeni loqotipi təqdim edilib

23:00
21 Noyabr

“Messenger”də yeni funksiyalar təqdim edilib

22:48
21 Noyabr

Braziliya rəsmisi: Meşələrin qorunması yalnız milli maraq deyil, qlobal məsuliyyətdir  

22:45
21 Noyabr

YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 42-ci iclasında iştirak edib  

22:39
21 Noyabr

Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq müzakirə edilib  

22:38
21 Noyabr

COP29-da Ermənistanın ərazilərimizdə törətdiyi ekosiddən bəhs edən “Bir ovuc dünya” sənədli filminin təqdimatı olub  

22:36
21 Noyabr

COP29-un hindistanlı iştirakçısı: Dünya səkkiz milyard insan üçün ədalətli şəkildə yaşanacaq bir yer olmalıdır  

22:34
21 Noyabr

Nazir Rəşad Nəbiyev çilili həmkarı ilə görüşüb  

22:33
21 Noyabr

Dayanıqlı İnkişaf Məqsədləri və universitetlərin beynəlxalq əməkdaşlıq təcrübəsi müzakirə edilib  

22:31
21 Noyabr

Cin Baderşnayder: Təzyiqlərə baxmayaraq, Azərbaycan COP29-u keçirməklə böyük bir addım atmış oldu VİDEO  

22:25
21 Noyabr

COP29 çərçivəsində Dəyirmi Masada SPECA İqlim Ağıllı Şəhərlər Forumu üzrə Bakı Bəyannaməsi imzalanıb  

22:22
21 Noyabr

Milli Məclis Lüksemburq Deputatlar Palatasının qətnaməsinə münasibət bildirib

22:03
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!