“Azərbaycan dünyada böyük nüfuza və etimada sahib olan dövlətdir.
Ötən illər ərzində həyata keçirilən uğurlu xarici siyasət ölkəmizin beynəlxalq
tərəfdaşlarının sayını əhəmiyyətli dərəcədə artırıb. Bunun nəticəsidir ki, ölkəmiz
bir sıra beynəlxalq platformalarda fəal iştirak edir. Azərbaycan Prezidenti
İlham Əliyevin Rusiyanın Kazan şəhərində XVI BRICS Sammitinin
“Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirakı da bu reallığın göstəricisidir”.
Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev
söyləyib.
Deputat
bildirib ki, hazırda 10 üzvü olan BRICS 2006-cı ildə yaradılıb. Kazanda keçirilən
builki BRICS Sammitidə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri,
o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş iştirak
ediblər. BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli
siyasətləri əlaqələndirən vahid geosiyasi bloka, həmçinin dünya əhalisinin təxminən
yarısını və qlobal iqtisadiyyatın dörddə birindən çoxunu təşkil edən nəhəng
iqtisadi güc mərkəzinə çevrilib. Beynəlxalq Valyuta Fondunun məlumatına görə,
beynəlxalq ticarətin təxminən 20 faizi, maliyyə resurslarının isə 25 trilyon
dolları BRICS ölkələrində cəmləşib. Nüfuzlu “The Economist Group”un araşdırma
qrupu “Economist Intelligence Unit”in ekspertlərinin qənaətinə əsasən, BRICS+
ölkələrinin iqtisadiyyatının həcmi 20 trilyon dollar, G7 ölkələrinin
iqtisadiyyatının cəmi isə 40 trilyon dollar təşkil edib. Halbuki, 10 il əvvəl
bu fərq 3-4 dəfə idi. Proqnozlara görə, fərq getdikcə azalmağa və bərabərləşməyə
doğru gedir.
Deputatın
sözlərinə görə, BRICS ölkələri ilə tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi
Azərbaycanın iqtisadi siyasətinə və dünyada yaranan yeni reallıqlara əsaslanır.
Respublikamız BRICS-in iki üzvü ilə yaxın qonşudur, hər ikisi ilə sıx iqtisadi əməkdaşlıq
proqramları var, Şimal-Cənub nəqliyyat alyansını bu ölkələrlə birgə yaradıb, dəhlizin
böyük bir hissəsi ölkəmizin ərazisindən keçir, eləcə də digər regional layihələrin
həyata keçirilməsi istiqamətində aramsız səylər göstərilməkdədir. Bundan başqa,
Azərbaycanın 170 xarici iqtisadi ticarət tərəfdaşının böyük bir qismi də
BRICS-də təmsil olunan ölkələrdir. Ölkəmizin 2023-cü ildə xarici ticarət
dövriyyəsinin beşdə biri, təxminən 20,8 faizi BRICS üzvlərinin payına düşüb. Azərbaycan
nəhəng iqtisadi potensialı olan bir platforma ilə təmasları intensivləşdirməsi
və maksimum faydalanmağa çalışması tam normal və məntiqlidir.
Samir Vəliyev
qeyd edib ki, Prezident İlham Əliyevin sammitdə dediyi kimi, Azərbaycan beynəlxalq
münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır: “Bu, 2020-2023-cü
illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə tərəfimizdən əyani şəkildə
nümayiş etdirilib. Azərbaycan BMT-dən sonra dünyanın ikinci böyük təşkilatı
olan Qoşulmama Hərəkatına dörd il uğurla sədrlik edib və bu dövrdə Qoşulmama Hərəkatı
özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər
sistemində öz yerini xeyli möhkəmləndirib. Bu nümunə deməyə əsas verir ki, Azərbaycan
BRICS müstəvisində də fəal əməkdaşlıq həyata keçirəcək. Bundan əlavə, Azərbaycanın
əlverişli coğrafi mövqedə yerləşməsi BRICS ölkələri arasında iqtisadi-ticari əlaqələrin
inkişafı baxımından cəlbedicidir. Coğrafi mövqe və müasir infrastruktur yaradan
Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə
çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən
keçir. Ona görə də, BRICS platformasında əməkdaşlığın böyük perspektivləri
mövcuddur”.
“Azərbaycan”