10 Iyul 2024 08:00
845
SİYASƏT
A- A+

Türk birliyinin qlobal gücə çevrilməsi zamanın tələbidir

 

Qarabağ Bəyannaməsi həmrəyliyin, yüksələn nüfuzun təzahürüdür

 

Azərbaycanın Qarabağ zəfəri ümumilikdə türk dünyası adına qazanılan parlaq qələbə kimi qızıl hərflərlə salnamələrə həkk olundu. Bütün türkdilli xalqların qürurlandığı bu şanlı qalibiyyət, heç şübhəsiz, türk birliyinin daha da güclənməsinə böyük təkan verdi. 
Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin etdikdən sonra Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada qeyri-rəsmi Zirvə görüşünün keçirilməsinin, Qarabağ Bəyannaməsinin imzalanmasının isə rəmzi mənası oldu. 

 

Qardaş həmrəyliyi

 

2009-cu ildə qədim türk diyarı Naxçıvanda təməli qoyulan Türk Şurasının (indi Türk Dövlətləri Təşkilatının) qarşısına qoyduğu məqsəd və hədəflərə çatması üçün ötən dövr ərzində ölkəmiz xüsusi səylər göstərib. Təşkilata sədrliyi dövründə Azərbaycan türk dövlətləri arasında əlaqələrin daha da genişlənməsi üçün yeni təşəbbüslərlə çıxış edib.
"Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir" deyən TDT-nin dövlət başçılarının Şuşada qeyri-rəsmi Zirvə görüşü zamanı Prezident İlham Əliyev onu da vurğuladı ki, Azərbaycan həmişə türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərib.
2020-ci ildə qazandığı qələbə ilə türk birliyini gücləndirən, türkdilli ölkələrin etnosiyasi coğrafiyasını bərpa edən Azərbaycanın bu misilsiz töhfələri türkdilli ölkələr tərəfindən təqdir olundu. O da təsadüfi deyildi ki, TDT-nin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə Görüşü zamanı Prezident İlham Əliyev Türk Dünyasının Ali Ordeninə layiq görüldü. 
Vətən müharibəsində qardaş Türkiyənin ölkəmizə siyasi, mənəvi dəstəyi bizə əlavə güc verdi. 2021-ci ildə isə Türkiyə ilə Azərbaycan Şuşa Bəyannaməsini imzalayaraq iki qardaş ölkə arasında əzəldən var olan əlaqələri strateji müttəfiqlik səviyyəsinə ucaltdılar.  
Bu günə qədər Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin Qarabağ və Şərqi Zəngəzura bir neçə dəfə səfər etmələri də ölkələrimizin həmrəyliyinə örnəklərdir. Xüsusi qeyd edək ki, türkdilli ölkələr işğaldan azad olunan torpaqlarımızda həyata keçirilən quruculuq işlərinə də dəstəklərini göstərirlər. Füzuli rayonunda Özbəkistan və Qazaxıstan tərəfindən məktəb və yaradıcılıq mərkəzi inşa edilərək istifadəyə verilib. Eyni zamanda Qırğızıstan tərəfindən Ağdamda bir məktəbin inşasına başlanılıb. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Bunlar dost ölkələrin Azərbaycan xalqına hədiyyələridir.
Şuşa Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak etdilər. Türkdilli ölkələrin ali şəxslərinin Qarabağda toplanması, türk dünyası adına mühüm qərarlar qəbul etmələri tarixi hadisə oldu. 

 

Uğurlu ticarət dövriyyəsi

 

Türk dövlətlərinin birgəliyində aparıcı rolu olan Azərbaycan, həmçinin əlaqələri və əməkdaşlıqları daha da güclənən TDT-yə üzv dövlətlər dünyada baş verən bütün qlobal siyasi proseslərə, eləcə də təbii böhranlara qarşı həmrəyliklə mübarizə aparırlar.
Ötən il fevralın 6-da qardaş Türkiyədə baş verən ardıcıl iki dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində də türkdilli ölkələr səylərini birləşdirdilər. Eyni zamanda Azərbaycan xalqı və dövləti maddi mənəvi dəstəyi ilə zəlzələnin baş verdiyi gündən etibarən Türkiyənin yanında oldu. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada, əslində Şuşada keçirilməsi planlaşdırılan, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının fövqəladə Zirvə görüşü keçirildi. Bu Zirvə görüşü zamanı Türkiyədə baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlər ən yüksək səviyyədə müzakirə edildi. 
Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə əlaqələr əsas istiqamət kimi müəyyənləşdirilib. Ölkəmizin bu yöndə həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində türk dövlətləri arasında  siyasi, diplomatik, mədəni əlaqələrlə yanaşı, iqtisadiyyat, ticarət sahələrində də böyük uğurlar qazanılıb. 
2024-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi statusa malik ölkələrlə ticarət dövriyyəsi 1 milyard 709,1 milyon ABŞ dolları təşkil edib. Bu da ölkəmizin ümumi ticarət dövriyyəsinin 17,6 faizinə bərabər olub.
Xatırladaq ki, ötən il Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi 8 milyard 208 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 23,7 faiz çoxdur. Ümumilikdə, ötən il təşkilata üzv ölkələrlə aparılan idxal-ixrac əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 16 faizinə bərabər olub.
Statistikadan da aydın göründüyü kimi, Azərbaycanın türkdilli ölkələrlə əlaqələri və əməkdaşlığı getdikcə daha da genişlənir.
Orta dəhliz layihəsi Azərbaycanın türk dünyası ölkələrinin birliyinə mühüm töhfəsidir. Ölkəmiz dəhlizin inkişafı və səmərəliliyi məqsədilə öz ərazisində zəruri infrastrukturu təmin edir. Orta dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Azərbaycan eyni zamanda Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir. Ölkəmiz hazırda dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq.
Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımaları nəzərə alaraq, hazırda Bakı Gəmiqayırma Zavodunda 6 gəmi inşa edilir. 

 

Mühüm dəstək

 

Şuşada qeyri-rəsmi Zirvə görüşü zamanı Prezident İlham Əliyev söylədi ki, Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturu birlikdə nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli deyil. Buna görə Azərbaycan bu günlərdə təşkilatın  katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüb. 
Dövlətimizin başçısı diqqətə çatdırdı ki, "Şərq-Qərb" nəqliyyat dəhlizinin genişləndirilməsi qarşıda duran prioritet məsələlərdən biridir. "Bu ilin may ayında İstanbulda Türk İnvestisiya Fondunun təsis iclasının keçirilməsi iqtisadi əlaqələrimizin daha da dərinləşməsinə xidmət edən növbəti uğurlu addımdır. İnanıram ki, fond vasitəsilə bir çox sahələrdə birgə layihələrə sərmayə qoyulacaqdır" deyən Prezident İlham Əliyev enerji sahəsində strateji tərəfdaşlığın, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığın çox əhəmiyyətli olduğunu bildirdi. 
Prezident Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan "Rəqəmsal İpək Yolu" layihəsinin də mühüm təşəbbüslərdən biri olduğunu diqqətə çatdırdı. 
Azərbaycanın təşəbbüsü ilə iyulun 6-da Şuşada TDT-nin "Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması" mövzusunda qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsinin imzalanmasının isə xüsusi tarixi-siyasi əhəmiyyəti oldu. Bu həm türk dövlətlərinin "Qarabağ Azərbaycandır" həqiqətini türk diyarından bir daha dünyaya bəyan etməsi, həm də qardaş ölkələrin sarsılmaz birliyinin təzahürü oldu. 
Qarabağ Bəyannaməsində TDT-nin qeyri-rəsmi Zirvə görüşünün 2023-cü ildə "Türk dünyasının mədəniyyət paytaxtı" olmuş Şuşa şəhərində keçirilməsinin tarixi dəyəri vurğulanıb. Bildirilib ki, strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, TDT-nin kollektiv strategiyasının formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində türk dövlətlərinin tam potensialından və imkanlarından istifadə edilməsi vacibdir.
Ümumiyyətlə, Qarabağ Bəyannaməsinin imzalanmasının türk dünyasının həmrəyliyini, Türk Dövlətləri Təşkilatının qlobal nüfuzunu daha da gücləndirəcəyi şəksizdir. 

 

"XXI əsr türk dünyasının inkişafı əsri olmalıdır"

 

Milli köklərimizlə, ortaq dəyərlərimizlə sıx bağlı olduğumuz türk xalqlarının, dövlətlərinin həmrəyliyində Azərbaycanın xüsusi yeri var. O cümlədən Türk Dövlətləri Təşkilatının beynəlxalq güc kimi müəyyənləşdirilməsində Prezident İlham Əliyevin birbaşa təşəbbüsləri əsas rol oynayır. 
Dünyanın qütbləşdiyi, geosiyasi proseslərin intensivləşdiyi, müharibələrin aparıldığı hazırkı dövrdə türkdilli ölkələrin bütün sahələrdə güclərini birləşdirmələri olduqca vacib əhəmiyyət kəsb edir. Buna görə elə qarşıdakı çağırış da "türk dünyası ailəsi"nin həmrəyliyinin daha da gücləndirilməsi istiqamətindədir. Necə ki bu barədə Prezident İlham Əliyev Qarabağ Bəyannaməsinin imzalandığı TDT-nin Şuşadakı qeyri-rəsmi  Zirvə görüşündə bəyan edib: "Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır".

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video