18 İyul 2024 08:20
1045
SİYASƏT
A- A+
Azərbaycan etibarlı tərəfdaş ölkələrdəndir

Azərbaycan etibarlı tərəfdaş ölkələrdəndir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin liderliyi ilə müstəqil dövlətimizin son onilliklərdə qazandığı ən böyük nailiyyətlərdən biri dünyanın əksər aparıcı dövlətləri ilə münasibətlərin daha da möhkəmləndirilərək inkişaf etdirilməsi, qlobal səviyyədə mühüm faydalar yaradan strateji layihələrin uğurla həyata keçirilməsidir.

Sevindirici haldır ki, hazırda bir çox ölkələr respublikamızla münasibətlərin inkişafına xüsusi maraq göstərir, mövcud perspektivlərdən birgə istifadə üçün qarşılıqlı addımların atılmasına çalışırlar. Azərbaycan dost ölkələrlə yaratdığı birgə dəyərlərlə müasir dünyamız üçün xoş nümunə formalaşdırır.

Bu baxımdan Prezident İlham Əliyevin qardaş Pakistana dövlət səfəri də ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzunun, Avropa və Asiya qitələri arasında qərar tutmuş əhəmiyyətli qovşaq kimi qlobal proseslərdə genişlənən rolunun daha bir təcəssümü oldu.

Azərbaycan Pakistanla möhkəm dostluq və qardaşlıq təməlləri üzərində qurulmuş strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Uzun illərdir ki, ölkələrimiz müxtəlif platformalarda bir-birinə daim dəstək verir, bütün sahələr üzrə əlaqələrin inkişafını davam etdirir.

Azərbaycan 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyinə nail olduqdan qısa müddət sonra ölkəmizin müstəqilliyini ilk tanıyan ölkələrdən biri məhz Pakistandır. İki ölkə arasında diplomatik əlaqələrin qurulması tarixi isə 1992-ci ilin 9 iyununa təsadüf edir. 1993-cü ilin martında Pakistanın Bakıda, 1997-ci ilin avqustunda Azərbaycanın İslamabadda səfirlikləri yaradılıb. Beləliklə, təxminən 32 ildən çoxdur ki, Azərbaycan-Pakistan əlaqələri yüksələn xətlə inkişaf edərək bu gün strateji müttəfiqlik səviyyəsinə yüksəlib.

 

Haqqa, ədalətə dəstək

 

Torpaqlarımızın işğalı müddətində Azərbaycanın öz beynəlxalq hüquqlarının müdafiəsi üçün apardığı mübarizədə Pakistan daim yanımızda olub və ölkəmizin ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyib, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü nəzərə alaraq bu ölkə ilə hər hansı diplomatik təmas qurmayıb. 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsinin qəbul olunduğu iclasa Pakistanın sədrlik etməsi də iki dövlətin münasibətləri tarixinin maraqlı faktlarındandır.

Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan haqlı mövqeyinə dəstək ayrı-ayrı vaxtlarda Pakistanın Prezidentinin, Baş nazirinin, parlament və digər dövlət qurumları, o cümlədən ordu rəhbərlərinin, ictimai-siyasi xadimlərinin Ermənistanın ölkəmizə qarşı təcavüzünü pisləyən bəyanatlarında, rəsmi qətnamələrdə də öz ifadəsini tapmışdır. Pakistan Senatı 2022-ci il mayın 30-da Xocalı soyqırımını pisləyən qətnamə qəbul etmişdir.

Prezident İlham Əliyevin dövlət səfəri zamanı verdiyi bəyanatda da xatırlatdığı kimi, İkinci Qarabağ müharibəsi - Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyinə tərəfdar olan Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi: "Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətlərimizi unikal edir. Bu gün praktiki layihələrlə bağlı bu münasibətləri hiss etmək üçün müzakirə etdiklərimiz bu bünövrəyə əsaslanır".

Azərbaycan da Pakistanın üzləşdiyi konfliktlərə münasibətdə daim haqq-ədalətə  əsaslanmış, Cəmmu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun, habelə beynəlxalq humanitar hüquqa tam hörmət əsasında sülh yolu ilə həllini dəstəkləmişdir.

Azərbaycan Prezidenti Pakistana səfəri zamanı bu mövqeyi bir daha bəyan edərək bildirdi ki, Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir: "Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ancaq qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq".

Uzun illərdir ki, ölkələrimiz müvafiq beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiya Parlament Assambleyası, habelə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfrans çərçivəsində də uğurla əməkdaşlıq edərək bir-birinə dəstəyini əsirgəmir.

 

Münasibətlərə töhfə verən səfərlər

 

Əlaqələrin inkişafında iki ölkənin dövlət və hökumət rəhbərlərinin qarşılıqlı səfərləri, ayrı-ayrı beynəlxalq tədbirlərdəki görüşləri də, təbii ki, böyük rol oynayıb. Bu baxımdan, Ümummilli Lider Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı Baş naziri Benazir Bhutto ilə görüşünü, 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqarinin Bakıya rəsmi səfərini, bir il sonra - 1996-cı ilin aprelində isə Ulu Öndər Heydər Əliyevin dost ölkəyə rəsmi səfərini xüsusi qeyd etmək olar. Qardaş ölkə ilə münasibətlərin inkişafına xidmət göstərən qarşılıqlı səfərlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə də davam etmiş, dövlət rəhbərimizin 2005-ci il aprelin 12-13-də Pakistana rəsmi səfəri, eləcə də 2017-ci il 28 fevral-1 mart tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısında iştirak üçün dost ölkəyə işgüzar səfəri ikitərəfli əlaqələrdə mühüm rol oynamışdır.

2015-ci ildə Pakistan İslam Respublikası Prezidentinin Azərbaycana rəsmi, 2019-cu ildə işgüzar səfərləri olmuş, 2016-cı və 2023-cü illərdə dost ölkənin Baş naziri ölkəmizə rəsmi səfər etmişdir. Bütün bunlar Azərbaycan-Pakistan əlaqələrini daha da möhkəmləndirərək, qarşılıqlı əməkdaşlığın müxtəlif sahələr üzrə inkişaf dinamikasına təkan vermişdir. Xüsusilə, 2015-ci il martın 11-14-də Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri zamanı imzalanan "Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə" ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafı baxımından çox mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Prezidenti İlham Əliyevin bu il iyulun 11-12-sini əhatə edən dövlət səfəri isə ölkə rəhbərimizin təyyarəsinin Pakistan səmasında hərbi təyyarələrlə qarşılanaraq müşayiət edilməsinin yaratdığı möhtəşəm mənzərədən başlamış, səfərin sonuna qədər keçirilən görüşlərlə, aparılan müzakirələrlə, imzalanan sənədlərlə tarixə yazıldı. Səfər zamanı Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif və Prezident Asif Əli Zərdari ilə ikitərəfli görüşlər keçirdi. Səfər çərçivəsində əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 10-dan çox sənəd imzalandı: "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Pakistan İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında tranzit ticarət haqqında Saziş", "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Pakistan İslam Respublikasının Milli İrs və Mədəniyyət İdarəsi arasında 2024-2029-cu illər üzrə mədəni mübadilə Proqramı", "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və  Nəqliyyat Nazirliyi ilə Pakistan İslam Respublikasının İnformasiya Texnologiyaları və Telekommunikasiya Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Bakı şəhəri (Azərbaycan Respublikası) ilə İslamabad şəhəri (Pakistan İslam Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Anlaşma Memorandumu", "Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Pakistan Ədəbiyyat Akademiyası arasında Anlaşma Memorandumu" və s. Bu sənədlər Azərbaycan və Pakistan arasında müqavilə-hüquq bazasını daha da genişləndirərək münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə daha da gücləndirilməsi üçün yeni üfüqlər açmış oldu.

Hazırda Azərbaycanla Pakistan arasında sərmayələrin ilkin həcmi, təxminən, iki milyard dollardır. Energetika, infrastruktur, daşımalar, müdafiə sənayesi və bir sıra digər istiqamətlər üzrə layihələrin reallaşdırılması nəzərdə tutulur. O cümlədən ilkin mərhələdə güzəştli ticarət formatına aid 9 maddə müəyyən olunub və dövlət rəhbərimizin də bəyan etdiyi kimi, bu, yalnız başlanğıcdır. Azərbaycana gələn pakistanlıların sayının son illər ərzində daha da artdığını nəzərə alaraq Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşların təşkili məsələləri də gündəmdədir.

Çoxəsrlik tarixə, qarşılıqlı hörmətə, güvənə, etimada əsaslanan Azərbaycan-Pakistan münasibətləri hazırda ticarət, sərmayələr, sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri kimi sahələrin praktiki elementlərinə qədəm qoyur. Ölkələrimiz bu istiqamətlərin hər biri üzrə müəyyən edilmiş hədəflərə çatacaq və dünyamız üçün yeni dəyərlər yaradacaq.

 

İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan neftinin qiyməti 68 dollardan aşağı düşüb  

10:42
24 Aprel

Hərbi vəzifəlilərin təlim toplanışında praktiki məşğələlərə xüsusi diqqət yetirilir  

10:42
24 Aprel

Ötən gün vətəndaşların bank kartlarından 20 min 332 manat oğurlanıb  

10:41
24 Aprel

Kiyev raketlərlə vurulub, ölənlər və xəsarət alanlar var

10:40
24 Aprel

Prezident İlham Əliyev Pekində “China Energy Engineering Corporation Limited” şirkətinin sədri ilə görüşüb  

10:39
24 Aprel

Ceyms Şarp: Azərbaycanın Trans-Xəzər bağlantısındakı rolu regionun inkişafında mühüm istiqamətverici amildir  

10:38
24 Aprel

Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

09:48
24 Aprel

Azərbaycan-Çin strateji tərəfdaşlıq münasibətləri müasir beynəlxalq münasibətlər sistemində əhəmiyyətli faktordur  

09:34
24 Aprel

“Azərbaycan və Çin əməkdaşlığında yeni mərhələ başlayır”  

09:27
24 Aprel

Roma Papasının dəfni özünün sevimli kilsəsində keçiriləcək

09:20
24 Aprel

Yaz allergiyaları

09:15
24 Aprel

AZAL Qurban bayramı münasibətilə özəl uçuşların sayını artırır

09:10
24 Aprel

Cıdır düzündə dalğalanan Zəfər bayrağı

09:05
24 Aprel

Uşaq evinin nağıl dünyası

09:00
24 Aprel

Tariximizi dünyaya tanıdan alim

08:55
24 Aprel

Bu günün hədəfi sabahın "yaşıl işığ"ıdır

08:50
24 Aprel

"Azərbaycan Çinlə əksər sahələrdə sıx əlaqələrə malikdir"

08:45
24 Aprel

Erməni kilsəsi başqa xalqlara qarşı daim nifrət və dözümsüzlük formalaşdırmağa çalışıb

08:40
24 Aprel

Avropa İttifaqının məkrli "missiyası"

08:35
24 Aprel

Azərbaycan Qərbin ikili standartları ilə üzləşən ölkələrdəndir

08:30
24 Aprel

Paşinyan çətin sınaq qarşısındadır

08:25
24 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!