13 Iyul 2024 08:15
432
SİYASƏT
A- A+

Heydər Əliyevin enerji siyasətinin şah əsəri

 

BTC-nin fasiləsiz və təhlükəsiz fəaliyyətinin 18 ili tamam olur

 

Ulu Öndər Heydər Əliyevin şah əsərlərindən biri olan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri 18 ildir tam bir sistem olaraq fasiləsiz və təhlükəsiz fəaliyyət göstərir. BTC istismara veriləndən bu ilin birinci rübünün sonunadək ümumilikdə təqribən 568 milyon ton (4,3 milyard barel) xam neft nəql edib. Bu neft həcmləri Ceyhanda 5629 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Cari ilin birinci rübü ərzində isə BTC vasitəsilə ixrac olunmuş təqribən 7 milyon ton (təxminən 54 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 72 tankerə yüklənib və yola salınıb. Bu barədə kəmərin operatoru olan BP şirkəti məlumat verib. Yeri gəlmişkən, Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkətinin (BTC Ko.) səhmdarları bunlardır: BP (30,10 faiz), SOCAR (25 faiz), MOL (8,90 faiz), "Ekvinor" (8,71faiz), TPAO (6,53 faiz), "Eni" (5 faiz), "TotalEnergies" (5 faiz), İTOÇU (3,40 faiz), İNPEKS (2,50 faiz), "EksonMobil" (2,50 faiz) və ONGCVideş (2,36 faiz) şirkətləridir.
Hazırda BTC, əsasən, Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC ilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın AÇG-dən kənar hasilat həcmləri) də nəql olunur.
Bunlar bir daha deməyə əsas verir ki, BTC regionun neft ixracı arteriyasıdır. BTC-nin Azərbaycan üçün daşıdığı əhəmiyyəti daim yüksək qiymətləndirən Prezident İlham Əliyev keçən ayın əvvəlində Bakı Enerji Həftəsinin açılışındakı çıxışında bu kəmərin tarixini yenidən vərəqləmişdir: "Üç il müddətində "Çıraq" platformasından ilk neft hasil olundu. Bu, neft sahəsinin tarixində çox əlamətdar və rekord bir hadisə idi. Müqavilənin imzalanmasından hasilata qədər cəmi üç il vaxt ötdü və sonra Qara dəniz limanlarına gedən iki boru xətti istismara verildi. 1999-cu ildə onların hər ikisi artıq işlək idi. Sonra çox çətin relyef şəraitində və region ölkələrinin və şirkətlərinin güclü əməkdaşlığı ilə uzunluğu 1700 kilometrdən artıq olan Bakıdan Ceyhana gedən əsas neft ixrac boru kəməri ərsəyə gəldi. Bu, bizim iqtisadiyyatımıza sanki bir nəfəs verdi və bizim iqtisadiyyatımızın necə inkişaf etməsinə nəzər salsanız, onun enerji siyasətimizlə koordinasiyasını görərsiniz. Sonra Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi sübut etdi və iqtisadiyyatımızın müxtəlif sahələrinə və əlbəttə ki, enerji sektoruna əlavə investisiyalar yatırıldı".
BTC-yə ilk neft 2005-ci ilın mayında Səngəçal terminalından vuruldu. Bununla kəmərin Azərbaycan hissəsi işə düşdü. Həmin ilin oktyabrında Gürcüstan hissəsi də istifadəyə verildi. BTC-nin Ceyhan terminalına çatdırdığı xam neftlə ilk tanker 2006-cı il iyunun 4-də yükləndi. O vaxt təqribən 600 min barel "Azəri-Çıraq-Günəşli" nefti "British Hawthorn" tankerinə vurularaq dünya bazarlarına göndərildi. Həmin il iyulun 13-də BTC-nin tam sistem kimi istismara başlaması Ceyhan şəhərində təntənə ilə qeyd olundu. Tədbirdə Azərbaycanın, Türkiyənin və Gürcüstanın dövlət başçıları, səhmdar şirkətlərin rəhbərləri, hörmətli qonaqlar iştirak etdilər. 
BTC-nin müəllifi Ulu Öndər Heydər Əliyevdir. Ümummilli Liderimiz bu layihəni bir çox sınaqlardan çıxarmış və təməlini qoymuşdur. Kəmərin sonrakı uğur salnaməsini Prezident İlham Əliyev davam etdirir. Onu da qeyd edək ki, BTC istifadəyə verilərkən kəmərin səhmdarları bu möhtəşəm ixrac xəttinə Heydər Əliyevin adının verilməsi təşəbbüsü ilə çıxış etmişlər. BTC bu adı layiqincə doğruldur.  
BTC Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisindən keçərək 1768 kilometr məsafə qət edir. Azərbaycanın 13 rayonundan - Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafadan keçən kəmər ölkəmizdə 443, Gürcüstanın 7 bölgəsində 249 və Türkiyənin 9 rayonunda 1076 kilometrlik yolboyu uzanır. Keçdiyi ərazilərin coğrafiyasından asılı olaraq onun borularının diametri 46, 42 və 34 düymdür. 
Kəmərin bir sıra əzəmətli yerüstü qurğuları, o cümlədən 8 nasos stansiyası və 98 siyirtmə məntəqəsi var. Səngəçaldakı baş nasos stansiyasından sonra ikinci stansiya yenə Azərbaycanda - Yevlaxda yerləşir. İki stansiya Gürcüstanda, dördü isə Türkiyə ərazisindədir.
BTC öz marşrutu boyu bir neçə dağ silsiləsi qət edir, o cümlədən 2830 metr yüksəkliyə qalxır, eləcə də 3000 yol, dəmir yolu, yeraltı və yerüstü kommunikasiya xətti, eni 500 metrədək çatan Ceyhan çayının keçidi də daxil olmaqla, 1500-dən artıq su hövzəsi ilə kəsişir. Ceyhana yaxınlaşarkən yenidən dəniz səviyyəsinə enir.
Kəmər Bosfor və Dardanel boğazlarından yan keçməklə ekoloji riskləri azaldır. Başlıca nailiyyətlərdən biri də kəmərin təhlükəsizliyidir. Boruları etibarlı şəkildə örtüklənmiş və bütün marşrutu boyu torpaq altında basdırılmış bu kəmər, necə deyərlər, səssiz-səmirsiz, ətraf mühitə ziyan vurmadan və insanlara narahatlıq gətirmədən işləyir. Bir sözlə, BTC bütün sınaqlardan şərəflə çıxır. Məlum olduğu kimi, Türkiyədə kəmərin bir hissəsinin keçdiyi bölgələrdə keçən ilin fevral ayında zəlzələ baş vermişdi. Lakin istər nefti nəql edən borular, istərsə də yerüstü qurğular heç bir mənfi təsirə məruz qalmamışdı. Bu da BTC-nin necə keyfiyyətlə inşa olunduğunun, möhkəmliyinin daha bir təsdiqi! 
Zaman irəlilədikcə BTC-nin önəmi artır. Kəmər ahəngdar işləyərək ölkəmizə, eləcə də regiona gətirdiyi gəlirləri çoxaldır. Beləliklə, bu boru xətti istifadəyə veriləndən sonrakı illərdə ölkəmiz böyük həcmdə valyuta ehtiyatları əldə edib. Azərbaycan dövləti bu ehtiyatlardan səmərəli istifadə edərək onları ölkənin əsas inkişaf istiqamətlərinə yönəldib. Ölkəmizdə neft kapitalı insan kapitalına çevrilib. 
Başqa sözlə, BTC möhtəşəm, uğurlu, əgər belə ifadə etmək mümkünsə, xeyirxah bir kəmərdir. O, təkcə ölkəmizə deyil, bütün regiona xeyir-bərəkət bəxş edir. Həm birbaşa gəlirləri, həm də kəmərboyu ərazilərdəki sosial layihələri ilə.
Bu kəmərin bir əhəmiyyəti də ondan ibarətdir ki, özündən sonra neçə-neçə digər layihəyə yol açıb. Bu gün Xəzərin sahilindən başlayıb bir çox coğrafi ərazilərdən, o cümlədən Adriatik dənizinin altından keçərək İtaliyaya çatan və marşrutu boyu neçə-neçə ölkəyə şaxələnən "Cənub qaz dəhlizi"nin uğurlu fəaliyyəti də BTC-nin təcrübəsinə əsaslanır. 
İllər keçir, zaman yeni qlobal layihələrin yerinə yetirilməsini gündəmə gətirir. Lakin onlar BTC-nin əhəmiyyətini azaltmır, əksinə, bu kəmər böyük yolun başlanğıcında daha əzəmətli görünür və regionun neft ixracı arteriyası kimi öz yoluna inamla davam edir.
"Gördüyümüz işlər Azərbaycanın gələcəyi üçündür". Bu sözləri Ulu Öndər Heydər Əliyev 2002-ci il sentyabrın 18-də Səngəçal terminalında BTC-nin təməlqoyma mərasimində demişdi. Ümummilli Lider tərəfindən gələcəyə hesablanaraq görülən qlobal işlərdən biri də elə məhz BTC-nin çəkilişi idi. 
 
Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video