13 Iyul 2024 08:00
435
SİYASƏT
A- A+

İlk Qurtuluş günü

 

55 il öncə Azərbaycanda Heydər Əliyev dövrü - güclü dövlət, iqtisadi yüksəliş, milli-mənəvi intibah mərhələsi başladı

 

55 il öncə - 1969-cu ilin qızmar 14 iyul günündə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumuna toplaşan insanlar dövlətçilik tariximizin şanlı səhifəsinə imza atacaqlarını yəqin ki, heç bilmirdilər. Onların nəzərində sovet Azərbaycanı sadəcə növbəti rəhbərini dəyişirdi. 
Bu dəfə gənc və inzibati intizama böyük üstünlük verən generalı, nüfuzlu ictimai xadimi hakimiyyətə gətirirdilər. 
Amma hər kəs Azərbaycanın düşdüyü vəziyyətdən narazı idi. Hər kəs vəziyyətin dəyişməsini istəyirdi. Hər kəsin ümidi yeni liderə idi...

 

Heydər Əliyev dövrü 

 

Bu dövr Azərbaycanın xilasının birinci mərhələsi, yəni ilk Qurtuluş mərhələsi hesab olunur. Çünki həmin dövrdə Azərbaycan imperiyanın 15 respublikası arasında sosial-iqtisadi duruma görə 14-cü yerdə idi. Ölkədə böyük tənəzzül yaşanırdı. Məhz belə bir çətin dönəmdə Ümummilli Lider Heydər Əliyev üzərinə böyük məsuliyyət götürdü və sovet imperiyasının bütün ideoloji-siyasi maneələrinə baxmayaraq, ən ağır vəzifənin öhdəsindən gəlməyi bacardı, Azərbaycanın inkişaf konsepsiyasını formalaşdırdı.
Məhz buna görə də həmin tarixə, 55 il öncəyə müxtəlif kontekstlərdə yanaşmaq olar. Amma hansı istiqaməti təhlil etsək görərik ki, orada istinasız olaraq inkişaf, yüksəliş, intibah, müsbət dəyişikliklər, səmərəli islahatlar, effektiv nəticələr - ən yaxşı göstəricilər öz əksini tapıb. Bu baxımdan tam əminliklə deyə bilərik ki, Azərbaycan tarixində 1969-cu il Ulu Öndər Heydər Əliyevin ilk Qurtuluş missiyası idi. 
Bəs, Azərbaycan nədən qurtulurdu?!
Bu suala cavab tapmaq üçün məhz 1969-cu ilin mənzərəsinə nəzər yetirmək kifayətdir. Danılmaz həqiqətdir ki, 1960-cı illərin axırlarında Azərbaycan iqtisadi-sosial, həmçinin milli-mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş oldu. Milli ruhun inkişafı və intibahı dövrü başladı. Həmin zamanda Azərbaycan keçmiş ittifaqda sosial-iqtisadi göstəricilərinə görə geridə idi. Amma Ulu Öndər qeyri-adi idarəçilik bacarığı, polad iradəsi ilə respublikamızda bütün sahələrin inkişafında böyük sıçrayışa nail oldu və Azərbaycanı inkişaf səviyyəsinə görə ittifaqda 14-cü yerdən 4-cü yerə yüksəltdi. 
Bu o demək deyildir ki, digər respublikalarda inkişaf, quruculuq yox idi. Xeyr, hamısı inkişaf edirdi. Sadəcə, Heydər Əliyevin idarəçilikdə dinamikası, bacarığı, qabiliyyəti, liderliyi elə möhtəşəm səviyyədə idi ki, Azərbaycan daha sürətlə irəliləyir, daha böyük nailiyyətlər qazanırdı. Azərbaycan məhz müstəqillik dövrünə hazırlanırdı. Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu, əslində, 1969-cu ildən - məhz Ulu Öndərin hakimiyyətə gəlişindən sonra başladı. 

 

İqtisadi yüksəliş, hərtərəfli tərəqqi, inqilabi dəyişikliklər

 

Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə görülən işlərin miqyasına nəzər yetirsək, həqiqətən bu qısa zamanda respublikamızın sürətli inkişaf yolu keçdiyinə şahidlik etmiş olarıq. Gəlin həmin dövrdə Heydər Əliyevin kreativ ideyaları, təşəbbüsləri ilə Azərbaycanın əldə edilən davamlı sosial-iqtisadi inkişaf göstəricilərinə və ölkəmizdə yaradılan infrastrukturlara nəzər yetirək. 
Məhz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 13 ildə respublikada 250-dən çox zavod, fabrik, istehsal sexləri, obyektlər istifadəyə verildi. Sənaye və kənd təsərrüfatı istehsalı 2,7 dəfə artdı, tələbat mallarının istehsalı 3 dəfə yüksəldi, taxıl, pambıq, üzüm, ipək, tərəvəz, tütün, bostançılıq məhsulları istehsalı sahəsində məhsuldarlıq 2,6 dəfə çoxaldı. Taxıl istehsalı 573,9 min tondan 1 milyon 211,3 min tona, üzüm istehsalı 272 min tondan 1 milyon 725,4 min tona, pambıq istehsalı 299,4 min tondan 831,2 min tona qalxdı. Neft hasilatı 2,8 dəfə, maşınqayırma və metal emalı 3,3 dəfə, kimya və neft kimyası 2,8 dəfə artdı. 
Sənayedə 4400 adda yeni maşın, cihaz, avadanlıq və digər məmulatlar istehsal olundu.  Bunlardan 400-ü keçmiş SSRİ-də ilk dəfə istehsal edilirdi. 
Əgər 1969-cu ilədək olan 100 il ərzində Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə - cəmi 13 il ərzində onların sayı 1048-ə çatdırıldı. 1972-ci ildə Bakıda indiki Heydər Əliyev Sarayı, 1975-ci ildə isə Bakı Məişət Kondisionerləri zavodunun açılışı oldu. 1976-cı ildə Yuxarı Xanbulançay su anbarının tikintisi başa çatdırıldı, daha sonra Sərsəng su anbarı, Bakı Dərin Özüllər Zavodu istifadəyə verildi. 1980-ci ildə "Gülüstan" sarayı tikildi, Yeni Əhmədli, Günəşli kimi böyük yaşayış massivləri, həmçinin mikrorayonlar salındı. 1969-1982-ci illərdə ölkəmizdə ümumilikdə 20,4 min kilometr uzunluğunda asfalt yollar çəkildi.
Azərbaycan neft ölkəsi olsa da, əslində, neft sənayesində də ciddi axsamalar var idi. Bu da əlbəttə ki, Heydər Əliyevi narahat etməyə bilməzdi. Məhz Heydər Əliyevin sayəsində bu sahədə həyata keçirilən tədbirlər nəticəsində respublikamızda neft hasilatı 2,8 dəfə, kimya və neft kimya istehsalı 2,8 dəfə artdı.
Bunlar sadəcə rəqəmlər deyil. Bu göstəricilər Heydər Əliyevin neft strategiyasında, Azərbaycan iqtisadiyyatında baş vermiş inqilabi dəyişikliklərin bariz təcəssümü idi.

 

Azərbaycançılıq ideologiyası və milli özünəqayıdışın başlanğıcı 

 

Tarixdən bəllidir ki, sovet hakimiyyətinin ilk dövrlərindən etibarən bu quruluşda  kommunist ideologiyasına bağlı olmayan hər şeyin üzərindən xətt çəkirdilər. İnanclar, ənənələr, hətta milli musiqi belə keçmişin qalığı hesab olunurdu. Təbii ki, bütün bunlar Azərbaycana da çox ağır şəkildə təsir etmişdi. Ölkəmizdə güclü milli-mənəvi aşınma getmişdi.  
Amma Ümummilli Lider qısa müddət ərzində xalqda milli özünüdərk hissini gücləndirə, milli kimliyi, düşüncə sistemi barədə dolğun təsəvvür formalaşdıra bildi. Həmin illərdə milli-mənəvi dəyərlərə yad baxış aradan qalxdı, möhkəm mənəvi-ideoloji bünövrə formalaşdı. 
Heydər Əliyevin respublikaya rəhbərliyinin əsas fəaliyyət istiqaməti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanışı məramına hesablanmışdı. Bu hədəfə nail olmaq üçün Heydər Əliyev rejimin ideoloji repressiya maşınının azərbaycançılıq məfkurəsini boğmasına imkan vermədi, düşüncə sahibi olan ziyalıları qorudu. Heydər Əliyevin azərbaycançılıq ideologiyası sayəsində xalqımızın, o cümlədən soydaşlarımızın birlik və həmrəyliyinə nail olundu. Bu ideyanın əsas qayəsini Azərbaycan dilinə həqiqi dövlət dili statusunun qazandırılması, dilimizin qorunmasına və inkişafına yüksək diqqət göstərilməsi təşkil edirdi. 
Ulu Öndər ana dilini milli özünüdərk yolunda ən mühüm amillərdən biri kimi dəyərləndirir, bu istiqamətdə cəsarətli və uzaqgörən addımlar atırdı. Böyük şəxsiyyət sanki gələcəyi görür, Azərbaycanın gələcək müstəqilliyi üçün hələ sovet dövründə mütəmadi iş aparırdı. Bu ideyanın əsasında, ilk növbədə, yüksəkixtisaslı milli kadr potensialının yaradılması dayanırdı. 
Heydər Əliyevin Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətinin bəhrəsi olaraq, 1978-ci il Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu.  Azərbaycandilli məktəbin, maarifin inkişafına diqqət artırıldı, Moskvanın etirazlarına baxmayaraq, respublikada rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyi təmin edildi, ana dilində təhsilə üstünlük verildi.  Azərbaycandilli mətbuatın inkişafı təmin olundu. Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş ardıcıllıqla araşdırıldı, çoxcildlik "Müasir Azərbaycan dili" kitabları nəşr edildi. Ali məktəblər üçün "Müasir Azərbaycan dili" dərsliyi Dövlət mükafatına layiq görüldü. Ana dilini araşdıran alimlərin əməyi yüksək qiymətləndirilməklə ana dilinin nüfuzu bir daha təsdiq edildi. Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutu yaradıldı.
1969-1982-ci illərdə 770-ə qədər məktəb binası istifadəyə verildi. Respublikada ali məktəblərin sayı 12-dən 17-yə, təhsil alan tələbələrin sayı isə 70 mindən 100 minə çatdırıldı. Keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən məşhur ali məktəblərində 17 minədək azərbaycanlı gəncin təhsil alması təmin olundu.
Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələnə qədər respublikamızdan kənara hər il 47 nəfər ali təhsil almağa göndərilirdi. Göndərilən 47 nəfərin də az bir hissəsini azərbaycanlılar təşkil edirdi. 1975-ci ildə isə onların sayı 700 nəfərə çatdı. Həmin dövrdən  başlayaraq azərbaycanlı gənclərin respublikadan kənarda təhsil alması intensiv xarakter aldı. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ilk növbədə ziyalılarımız azad nəfəs almağa başladılar. 
Azərbaycançılığın ən parlaq səhifələri də elə həmin illərdən etibarən yazılıb. Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr həm də milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir. 

 

Heydər Əliyevsizlik dövrü və ikinci Qurtuluş missiyası

 

Təəssüflə qeyd etməliyk ki, 1980-ci illərin sonunda, yəni Heydər Əliyevsizlik dövründə Azərbaycan qazanılan nailiyyətləri itirdi, böyük problemlərə, böhrana, tənəzzülə sürükləndi. Heydər Əliyevsizlik dövrü ilə Azərbaycanın təlatümlü, böhranlı, məğlubiyyət tarixi başladı. Qarabağda separatçılıq ocağı qalandı. Ardınca isə qanlı savaş, torpaq itkiləri, vətəndaş müharibəsi, iqtisadi-sosial tənəzzül dövrü gəldi. Azərbaycan təkləndi.
1988-1993-cü illərin məşəqqətlərini, böhranlarını, məğlubiyyətlərini hamılıqla yaşamışıq. Yarıtmaz, xəyanətkar, avantürist rəhbərlərin və onların millilikdən uzaq komandalarının səhvlərini, bəzən isə bilərəkdən törətdikləri fəsadlarını dövlətimiz, xalqımız taleyimizin ən acı günləri kimi yaşayıb.
Heydər Əliyevsizlik dövründə Ermənistandan həmvətənlərimizin köçürülməsinə, Qarabağda isə işğala başlanıldı. Sovet respublikalarında mərkəzdənqaçma meyillərinin gücləndiyi, müstəqillik ideyalarının geniş yayıldığı həmin dövrdə Azərbaycana başçılıq edənlər SSRİ rəhbərliyinin erməni təəssübünü çəkən fəaliyyəti qarşısında qətiyyətsizlik nümayiş etdirir, etirazlarını ifadə edə bilmirdilər. Sovet ordusu tərəfindən Bakıda 20 Yanvar faciəsinin törədilməsi də odövrkü Azərbaycan rəhbərliyinin öz millətinə qarşı xəyanətinin nəticəsi idi. 
Amma xüsusilə qeyd etməliyik ki, Heydər Əliyev kimi şəxsiyyətlər harada və hansı vəzifədə çalışmalarından asılı olmayaraq, cəmiyyətin milli amallar uğrunda mübarizəsinin önündə gəlirlər. Təsadüfi deyil ki, Azərbaycana rəhbərlik etdiyi, habelə SSRİ rəhbərliyində çalışdığı illərdə respublikamızın yüksəlişi üçün əlindən gələni əsirgəməyən Heydər Əliyev 1990-cı illərin əvvəllərində özünün vətən sevgisi, xarizması və liderlik keyfiyyətləri ilə xalqımızın müstəqillik mübarizəsini yeni mərhələyə yüksəltdi. Tarix Ulu Öndərə 1969-cu ildə başlatmış olduğu Qurtuluşu 1993-cü ildə də ikinci dəfə yazmağı nəsib etdi. 
1969-cu ilin iyulunda Azərbaycanın vəziyyəti necə idisə, 1993-cü ilin iyununda ondan da qat-qat artıq təhlükəli, fəlakətli, faciəli idi. Heydər Əliyev 1993-cü ildə tarixi qayıdışı ilə ikinci xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirdi. Ulu Öndərin müdrikliyi, uzaqgörənliyi, qətiyyəti sayəsində Azərbaycan tezliklə təlatümlərdən, sarsıntılardan xilas oldu. Məhz Heydər Əliyevin qətiyyəti, xalqın öz rəhbərinin ətrafında sıx səfərbər olmasının nəticəsində antiazərbaycançı şəbəkələrin planları iflasa uğradı. Ümummilli Liderimiz qısa vaxt içərisində ölkədə sabitliyi və əmin-amanlığı bərpa etdi.
Heydər Əliyev ikinci Qurtuluş missiyasını da uğurla yekunlaşdırdı və müstəqilliyini itirmək təhlükəsində olan respublikamızı nicat, yüksəliş yoluna istiqamətləndirdi. 
Məhz buna görə də Azərbaycan xalqı Ulu Öndəri həm də xilaskar lider adlandırır və onun dövlət, millət üçün ərsəyə gətirdiyi misli görünməyən uğurları heç zaman unutmur. Əməlləri, ideyaları, uzaqgörən siyasəti, böyük cəsarət və siyasi iradəsi, fenomenal yaddaşı ilə xalqın qəlbində əbədi heykəlini ucaldan Ulu Öndər olmasaydı, bəlkə də bu gün müstəqil Azərbaycan yox idi.   
Heydər Əliyevin şanlı adını yaşadan Azərbaycan xalqıdır, sadə Azərbaycan vətəndaşlarıdır. Amma Ulu Öndərin adını yaşadan bir ünvan da onun ideyalarını təcəssüm etdirən Heydər Əliyev Fondudur. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi fondun missiyası, həyata keçirdiyi çoxşaxəli layihələr bu gün Ulu Öndərin ruhunu şad edir. 2004-cü ildən fəaliyyətə başlayan fond ötən 20 ildə ölkəmizdə təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, Azərbaycanın sosial-iqtisadi inkişafına misilsiz töhfələr verir. Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümummilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələr reallaşdırır. 
Saysız-hesabsız layihələri, təşəbbüsləri, xeyirxahlıqları ilə bunlara nail olmağı bacaran fond Azərbaycanda insanların mənəvi dostuna çevrilib. İnsanlar nicat qapısının açarının bu xeyirxah fondda olduğuna inanaraq əminliklə oraya üz tutur və ümidlərində yanılmadıqlarını görürlər.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fond Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə başlanmış genişmiqyaslı abadlıq və yenidənqurma işlərinin reallaşdırılmasına da layiqli töhfələrini verib. Qarabağ və Şərqi Zəngəzurdakı tarixi, dini-mədəni abidələrimizin bərpası və təmiri prosesini məhz Heydər Əliyev Fondu həyata keçirib, elə bu gün də müxtəlif layihələr reallaşdırmaqdadır.  

 

Heydər Əliyevin ordu quruculuğundan İlham Əliyevin şanlı Zəfərinədək

 

İkinci Qarabağ müharibəsindəki şanlı Zəfər, 2023-cü ildə həyata keçirilən antiterror tədbirlərindən sonra ərazi bütövlüyünü, suverenliyini tam təmin edən Azərbaycan regionda yeni reallıqlar yaradıb. Əlbəttə ki, bütün bunların memarı Ulu Öndərin siyasi məktəbinin ən layiqli məzunu Müzəffər Ali Baş Komandan, tariximizin ən güclü sərkərdəsi cənab İlham Əliyevdir. 
Əldə etdiyimiz hərbi Zəfərin əsası Heydər Əliyevin ordu quruculuğu siyasəti ilə qoyulub. 1969-cu ildə hakimiyyətə gəlişindən 2 il sonra Ulu Öndər dövlətin hərbi qüdrətini gücləndirmək, gələcəkdə etibarlı əllərə təhvil vermək üçün milli hərbi kadrların yetişdirilməsi məqsədilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış məktəbi yaratdı. Məhz həmin dövrdən başlayaraq Ulu Öndər azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə nail oldu. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və digər hərbi məktəblərdə yetişən milli zabit kadrlarımızın Silahlı Qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci və İkinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərdilər.
Ulu Öndərin siyasi kursunun davamçısı cənab İlham Əliyev 2003-cü ildə Azərbaycan xalqından etimad mandatı alarkən dahi şəxsiyyətin müəyyənləşdirdiyi yolla davam edəcəyinə və onun ideyalarını, ən əsası isə müqəddəs Ata vəsiyyətini yerinə yetirəcəyinə söz vermişdi. Azərbaycan xalqının 30 illik həsrətinə, keçmiş Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoyacağına verdiyi sözü tutmaq üçün cənab İlham Əliyev ilk növbədə dövlətin iqtisadi qüdrətini gücləndirdi və bundan sonra həm tariximizin, həm də regionun ən güclü ordusunu və ən nəhəng müdafiə sənayesini qurdu, vətənpərvər gənclik yetişdirdi. 30 ildir işğalda qalan Qarabağ və Şərqi Zəngəzuru azad etməklə, ərazi bütövlüyü və suverenliyimizi tam bərpa etməklə, cənab İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi Azərbaycan tarixinin heç bir dövründə heç bir liderə müəssər olmayan zirvəyə ucaldı. 
Azərbaycan Respublikası isə tarixinin ən qüdrətli dövrünə qədəm qoydu. Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi mənzərə də məhz bu idi!
Bu gün ölkəmiz, xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli, qalib  Azərbaycanının qürurunu, fəxarətini yaşayır. Bu gün inkişaf, yüksəliş nəyə deyiriksə, onların hər birinin əsası Ulu Öndər tərəfindən qoyulub. 
Bu gün Şuşada, Xankəndidə və bütün sərhədlərimiz boyu bayrağımızın dalğalanmasının səbəbi də məhz Heydər Əliyevin Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış məktəbini açması və oradan başlanan Zəfər yoludur. 
Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısı, Qərb dövlətlərinin bir çoxunun enerji ixracatçısıdırsa, bunun əsasını 1994-cü ilin sentyabrında Ulu Öndərin imzaladığı "Əsrin müqaviləsi" təşkil edir.
Bu gün Azərbaycan Avrasiyanın logistika və tranzit mərkəzi kimi tanınırsa, Şərq-Qərb, Şimal-Cənub və eləcə də Orta dəhlizin formalaşmasında mühüm aktor kimi Avropa ilə Asiya arasında körpü rolunu oynayırsa, bunun bünövrəsi Heydər Əliyevin gərgin əməyi sayəsində Naxçıvanda Araz çayı üzərində salınan "Ümid körpüsü"ndən başlayır. 
Bu gün Azərbaycan bütün göstəricilər üzrə Qafqazın lider dövləti hesab olunursa, bunun da əsasını Heydər Əliyevin sosial-iqtisadi inkişaf konsepsiyası təşkil edir.     
Birmənalı şəkildə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin layiqli varisi kimi cənab İlham Əliyev dünya miqyasında qlobal lider kimi qəbul edilir. Bunu Azərbaycan Prezidenti verdiyi sözə sadiqliyi, etibarlı tərəfdaşlığı və ən əsası da yürütdüyü tam müstəqil siyasət sayəsində qazanıb. Dünyada elə bir mötəbər beynəlxalq toplantı yoxdur ki, Azərbaycan Prezidenti oraya dəvət almasın və çıxış etməsin. Çünki cənab İlham Əliyev bütün konfranslarda, sammitlərdə dünyanı narahat edən məsələləri, həqiqətləri səsləndirir və güclü dövlətləri bəşəriyyəti təhdid edən problemlərlə mübarizəyə, həmrəyliyə çağırır. Bunu BMT-dən sonra dünyanın ən böyük siyasi təşkilatı olan Qoşulmama Hərəkatına sədrliyi dövründə Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər, reallaşdırdığı layihələr bir daha təsdiqləyir. 
Əlbəttə ki, bütün bunlar cənab İlham Əliyevin yüksələn beynəlxalq nüfuzunun əyani təzahürüdür. Ötən həftə Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə görüşünə Azərbaycan Prezidentinin ikinci dəfə fəxri qonaq kimi dəvət edilməsi, eyni zamanda türk dünyasının liderlərinin Qarabağdan bir daha birlik, həmrəylik nümayiş etdirmələri cənab İlham Əliyevin diplomatiyası sayəsində Azərbaycanın artan nüfuzu və dövlət başçımızın qlobal miqyaslı lider kimi şəxsiyyətinə dərin hörmət və ehtiramın göstəricisidir. 
Dünya siyasətində önəmli rolunu getdikcə artıran Azərbaycan Prezidentinin Cənubi Qafqazda yaratdığı reallıqlar da beynəlxalq birlik tərəfindən qəbul edilir. Regionda təhlükəsizliyin təminatı isə Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsindən keçir. Bu müqavilə qalib tərəf kimi cənab İlham Əliyevin irəli sürdüyü şərtlər əsasında imzalana bilər. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması dövlət başçısının da qeyd etdiyi kimi, yalnız Ermənistan konstitusiyasına dəyişiklik ediləcəyi halda mümkündür. Yəni Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Əks təqdirdə sülh olmayacaq. Ancaq son danışıqlar, sərhədlərin demarkasiya və delimitasiya prosesi göstərir ki, sülh müqaviləsi yaxın zamanlarda imzalana bilər. 
Əgər sülh müqaviləsi imzalanarsa, bu, bölgənin hərtərəfli inkişaf edəcəyini, həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevlə Azərbaycanın yeni-yeni zəfərlərə doğru  inamla addımlayacağını söyləməyə  əsas verir.

Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video