14 Iyul 2024 09:10
406
SİYASƏT
A- A+

Azərbaycanın istiqlalını əbədi edən lider

 

55 il öncə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə respublikanın inkişaf və yüksəliş mərhələsi başladı

 

Ümummilli Lider Heydər Əliyev ömrünü xalqının şərəf tarixinə çevirmiş dahi şəxsiyyətdir. Belə nəhəng dövlət adamları bütün dövrlərdə ali ideyaları, onları reallaşdırmaq qüdrətləri, toplumun mənəvi enerjisini bir araya gətirmək qabiliyyətləri ilə 
xalqlarının, doğma vətənlərinin inkişafında misilsiz rol oynayırlar. Bütün zamanların ən güclü və nüfuzlu liderlərindən biri kimi Heydər Əliyev də Azərbaycanın böyük bir inkişaf tarixinin müəllifidir.
Ulu Öndər təkcə müstəqil Azərbaycan dövlətini qurub-yaratmamışdı, eyni zamanda insanlarda milli dövlətçilik təfəkkürü, vətəndaşlıq məsuliyyəti formalaşdırmış, müəyyənləşdirdiyi strateji inkişaf kursu ilə ölkəmizin aydın gələcəyinə yol açmışdır.

 

14 iyul 1969-cu il...

 

O dövrdə Azərbaycanda vəziyyət həm gərgin, həm də mürəkkəb idi. Ölkə sosial-iqtisadi inkişaf göstəricilərinə görə digər ittifaq respublikalarından xeyli geridə qalırdı. Bütün sahələrdə tənəzzül meyilləri özünü hiss etdirirdi. Bu tənəzzül xalqın mənəvi-psixoloji durumuna da mənfi təsir göstərirdi. Respublikanın siyasi rəhbərliyində kosmopolit əhvali-ruhiyyə hökm sürürdü. Vəziyyət o həddə gəlib çatmışdı ki, paytaxt Bakıda azərbaycanlıların sayı ilbəil azalırdı, şəhər əhalisinin yalnız 30 faizi azərbaycanlı idi. Milli kadrların hazırlanması, ana dilinin inkişaf etdirilməsi və istifadə olunması, dövlət idarəetmə strukturlarında çalışan məmurların azərbaycanlılaşdırılması yönündə heç bir ciddi addım atılmır, əksinə, bu istiqamətdə edilən təşəbbüslərin qarşısı alınırdı. Təbii ki, belə bir vəziyyət milli şüura, düşüncəyə və milli mentalitetə xas olan kadrların yetişməsinə də əngəl törədirdi.
Respublikanın daxili imkanları, təbii sərvətləri digər müttəfiq respublikaların inkişafına yönəldilir, Azərbaycan isə iqtisadi tənəzzülə məruz qalırdı. Belə yanaşmaların nəticəsində, ötən əsrin 50-ci illərindən sonra SSRİ-də başlanan sənayeləşmə Azərbaycandan yan keçir, ölkədə işsizlərin sayı artırdı. Bu da cəmiyyətdə ciddi mənəvi böhran yaradır, gələcəyə böyük ümidsizlik aşılayırdı. 
Respublika rəhbərliyində dəyişiklik o dövrdə zamanın, şəraitin ortaya çıxardığı zərurət idi. Vəziyyətin artıq son həddə gəldiyini dərk edən SSRİ rəhbərliyinin məhz Heydər Əlirza oğlu Əliyevin respublikaya başçılıq üçün namizədliyi üzərində dayanması heç də təsadüfi deyildi. Böyük rəhbər dövlət təhlükəsizliyi sistemində dəmir iradəsi, yorulmazlığı, işgüzarlığı, prinsipiallığı ilə nüfuz qazanmışdı. Moskvada da bu gənc generalın rəyini dinləyir, müxtəlif məsələlərdə peşəkar kimi onunla məsləhətləşirdilər. 
Heydər Əliyevin təşkilatçılıq qabiliyyəti, idarəetmə bacarığı mərkəzi hakimiyyətin diqqətini çəkmişdi. Ona görə də mərkəzin Azərbaycanın yeni rəhbəri kimi öz təmiz imicini, prinsipiallığını, qətiyyətini qoruyub saxlamağı bacarmış Heydər Əliyevin namizədliyi üzərində seçim etməsi respublikada vəziyyəti qısa müddətdə nizama salmaq, cəmiyyətdəki neqativ hallara qarşı barışmaz mübarizə aparmaq, ölkəni üzləşdiyi vəziyyətdən çıxararaq inkişafa yönəltmək niyyətindən irəli gəlirdi.
1969-cu il iyulun 13-də Moskvadan Sov.İKP MK katibi İ.V.Kapitonov Bakıya gəlir və sabahı gün - iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu keçirilir. Həmin gün bütün sovetlər ittifaqının, respublika ictimaiyyətinin nəzərləri bu plenuma yönəlir. Hamı həyəcan içində yiğıncağın qərarını gözləyir. Müzakirəyə bir məsələ - təşkilat məsələsi qoyulmuşdu. Plenumu Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundov açıq elan edir və sözü İ.V.Kapitonova verir. O, son illərdə respublikanın iqtisadi və mədəni inkişafının ümumi xarakteristikasını şərh edir və meydana gələn geriliyindən məlumat verir. Kapitonov qeyd edir ki, son on ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işləyən V.Y.Axundov respublikanın iqtisadiyyatı və mədəniyyətini inkişaf etdirmək, təşkilat və ideoloji işi yaxşılaşdırmaq üçün mümkün olan hər şeyi etmiş və xeyli qüvvə sərf etmişdir. Lakin V.Y.Axundovun səhhətində problemlər yaranmış və bununla əlaqədar olaraq Sov.İKP MK-ya elmi işə keçirilməsi haqqında xahişlə müraciət etmişdir. Sov.İKP MK-nın katibi İ.V.Kapitonov çıxışında onu da qeyd edir ki, respublikada bir çox problemlər, həll edilməmiş vəzifələr, çətinliklər və çatışmazlıqlar vardır. Bütün bunları və Vəli Axundovun səhhətini nəzərə alaraq partiyanın Mərkəzi Komitəsi onun xahişini yerinə yetirməyi qərara almışdır.
Azərbaycan Kommunist Partiyasının 1969-cu il 14 iyul tarixli plenumu respublika partiya təşkilatının birinci katibliyinə namizəd məsələsini də müzakirə edir. Bildirilir ki, bu məsələ Sov.İKP MK-da  uzun müddət və hərtərəfli araşdırılmışdır. Birinci katib vəzifəsinə bir çox namizədlər (o zaman bu vəzifəyə beş nəfərdən çox namizəd vardı) irəli sürülmüş və müzakirə edilmişdir. Ciddi və hərtərəfli öyrənildikdən sonra Sov.İKP Mərkəzi Komitəsi Heydər Əliyevin namizədliyi üzərində dayanmışdır.
İ.V.Kapitonov plenum üzvlərinin Heydər Əliyevi yaxşı tanıdıqlarını nəzərə alaraq onun haqqında Mərkəzi Komitənin fikrini çatdıraraq deyir: "Heydər Əliyev yoldaş obyektiv olaraq üstünlüyə malikdir. Ən böyük üstünlüyü ondadır ki, o, hələ cavandır. 1923-cü ildə anadan olub. Onun 46 yaşı vardır. Birinci katib vəzifəsinə üç il, beş il müddətinə yox, daha uzun müddətə seçmək lazımdır... Əliyev yoldaş respublika partiya təşkilatında fəal iştirak edir. Partiyanın Mərkəzi Komitəsinin tərkibinə daxildir, respublika Ali Sovetinin üzvüdür. Əliyev yoldaş əməli fəaliyyətində özünü yetkin siyasi savadlı işçi kimi göstərmişdir. Sov.İKP Mərkəzi Komitəsində də biz onu belə qiymətləndiririk, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin bürosunda da sizin yoldaşlar belə qiymətləndirirlər. O, yaxşı təşkilatçıdır, adamlarla işləməyi bacarır, bununla yanaşı, özünə və başqalarına qarşı tələbkardır. Sizə məlumat vermək istəyirəm ki, yoldaş Əliyev Sov.İKP Siyasi Bürosunun iclasına dəvət edilmiş, onunla söhbət aparılmışdır. Bütün bunları nəzərə alaraq, Sov.İKP-nin Siyasi Bürosu Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi və büro üzvü seçilməsi barədə təklifi plenumun müzakirəsinə verir". Plenum yekdilliklə Heydər Əliyevə səs verir və o, Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə seçilir.
Respublikaya 10 il başçılıq edən Vəli Axundov plenumda Heydər Əliyev haqqında deyir: "Heydər Əliyevə xas olan bütün siyasi və iş keyfiyyətləri söyləməyə imkan verir ki, o, respublikaya layiqincə rəhbərlik edəcək, böyük və çətin işin öhdəsindən bacarıqla gələcək. O, kifayət qədər savadlı, hərtərəfli hazırlıqlı, yüksək intellektə malikdir. O, bütün kadrlara qarşı eyni dərəcədə düzgün mövqedədir, çünki kifayət qədər obyektiv, vicdanlı və layiqli insandır". Respublikanın yeni rəhbəri isə qısa nitqində bildirdi ki, qarşıda duran çətin və mürəkkəb vəzifələri bütün məsuliyyəti ilə anlayır. Əməli işində bunların həlli üçün əlindən gələni əsirgəməyəcək: "Mən bütün büro üzvlərinin köməyinə ümid edirəm və hesab edirəm ki, birgə, mehriban əməkdaşlığımız gələcək uğurlarımıza gözəl zəmin yaradacaqdır".
Bu ümid özünü doğrultdu. Həmin gün Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdışı tarixi oldu.

 

Çətin dövrün lideri

 

O zamanlar Ulu Öndərlə bir yerdə işləmiş Lidiya Rəsulova danışırdı ki, Heydər Əliyevin Azərbaycanda rəhbər vəzifəyə gəlməsi istər Moskvada, istərsə də Bakıda birmənalı qarşılanmamışdı. Kremlin ən yüksək dairələrində Yuri Andropovla Semyon Sviqundan başqa demək olar ki, heç kəsin tanımadığı Heydər Əliyevin radikal addımları, sərt manevrləri, kəskin çıxışları, onlarla məsləhətləşmədən apardığı kadr islahatları çoxunu qıcıqlandırırdı. Ən çox təşviş yaradan isə "Moskvanın adamlarına" qarşı aparılan sistemli kampaniya idi.
Bir faktı da qeyd edək ki, Heydər Əliyev adı ona qədər Azərbaycan insanlarına da  yaxşı tanış deyildi. Uzun illər ərzində məşğul olduğu işin xarakteri, vəzifəsinin spesifik xüsusiyyətləri onu insanlara görünməz etmişdi. Bununla belə, bu böyük dövlət adamının respublikanın ali rəhbərliyinə gəlişi sıravi insanlarda çox böyük ümid yaratdı. Bir sözlə, Ulu Öndər 1969-cu ildə ölkə rəhbərliyinə gəlişi ilə cəmiyyətə ədalət gətirdi. Haqqın gücünə insanların sönmüş inamını bərpa etdi. Onlar gördülər ki, artıq yuxarılarda hər kəsin sözünü deyən, problemlərini eşidən var.
Düz iyirmi bir gün sonra, 1969-cu il avqustun 5-də Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Bakıda Azərbaycan KP MK-nın növbəti plenumu keçirildi. Bu plenum tarixə Heydər Əliyev siyasətinin rəsmi dövlət səviyyəsində ortaya çıxması demək idi. Həmin siyasətin başlıca məramı isə güclü dövlət, güclü iqtisadiyyatla yanaşı, sağlam milli kadrlar yetişdirmək idi.
Plenumda yeni birinci katib yaranmış vəziyyətdən çıxmaq üçün hansı tədbirlərin görülməsinin lazım gəldiyini, respublikada hansı çətinliklərin olduğunu dəqiq şəkildə göstərən böyük bir nitq söylədi. Ulu Öndər çox açıq və sərt şəkildə mövcud problemlərin səbəbləri haqqında danışdı, kadrların seçilməsində ciddi qüsurlara yol verildiyini qeyd etdi, iqtisadiyyatda hərc-mərcliyin, özbaşınalığın hökm sürdüyünü bildirdi, korrupsiyanın artıq ictimai şüura nüfuz etdiyini və cəmiyyətin həyatında adi bir norma kimi özünü göstərən amilə çevrildiyini vurğuladı.
Ulu Öndərin iş üslubunun bir çox xüsusiyyətləri Kremldəkilərə qeyri-adi görünürdü. O zaman  Heydər Əliyev yeni tipli siyasi lider kimi təkcə ittifaq miqyasında deyil, həm də bütün dünyada tanınırdı. Ulu Öndər 1981-ci ilin 18 noyabrında "Literaturnaya qazeta"ya verdiyi məşhur "Qoy ədalət zəfər çalsın!" sərlövhəli müsahibədə həmin dövrün respublika həyatı ilə bağlı ən müxtəlif məsələlərinə toxunmuşdu. Bununla da kadrlara qarşı tələbkarlığın artırılması respublikanın həyatında böyük canlanmaya gətirib çıxardı.
Plenumdan dərhal sonra iqtisadiyyatda əsaslı dönüş müşahidə edilməyə başladı, korrupsiyaya  qarşı mübarizə elə bir həddə gəlib çatdı ki, artıq bu problem ictimai şüurda ümummilli məsələ kimi qəbul olunurdu, təhsilin, səhiyyənin, elmin inkişafında böyük nailiyyətlər əldə edilirdi. Ulu Öndər 1969-cu ildə ölkə rəhbərliyinə gəlişi ilə cəmiyyətə ilk növbədə ədalət bəxş etdi, haqqın gücünə insanların sönmüş inamını qaytardı.
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubiley mərasimindəki çıxışında Ulu Öndərin sovet dövründəki xidmətlərini qeyd edərək demişdir: "Məhz onun rəhbərliyi ilə sovet dövründə Azərbaycan müttəfiq respublikalar arasında ən geridə qalmış yerdən ən qabaqcıl yerlərə qədər yüksəldi. O vaxt, - gənclər təbii ki, bunu bilmirlər, - respublikaları fərqləndirən bir neçə əlamət var idi. Onların arasında keçici "Qırmızı bayraq" var idi. Yəni "Qırmızı bayraq" ilə o respublikalar təltif olunurdu ki, orada həm sənayedə, həm kənd təsərrüfatında, həm də bütün digər sahələrdə böyük uğurlar var idi. Bax Heydər Əliyevin dövründə 13 il ərzində Azərbaycan hər il bu "Qırmızı bayrağ"ı alırdı. Bu bir daha onu təsdiq edirdi ki, onun rəhbərliyi ilə Azərbaycan böyük uğurlu yol keçmişdir".

 

O illər milli şüurun oyanışı dövrü idi 

 

Ötən əsrin 70-80-ci illəri Sovet Azərbaycanının intibah dövrü kimi yaddaşlarda qalıb. Bu illər respublika iqtisadiyyatının, xalq təsərrüfatının, elm və təhsilimizin, mədəniyyətimizin inkişafı faktları ilə son dərəcə zəngindir. Dövrün ağır qadağalarına baxmayaraq, Ulu Öndər xalqın milli-mənəvi dəyərlərinə sahib çıxır, Nizami, Nəsimi, Səməd Vurğun kimi klassiklərimizin dövlət səviyyəsində yubileyləri keçirir, bütün ölkə boyu belə şəxsiyyətlərimizə abidələr ucaldılır, milli mənəviyyatımızın işığında yazılan əsərlər, çəkilən filmlər gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində, tarixi köklərə  bağlılığında müstəsna rol oynayırdı. Tam əminliklə deyə bilərik ki, həmin illəri milli şüurun oyanışı dövrü kimi də səciyyələndirmək olar. Azərbaycanın qarşısında tamamilə yeni inkişaf səhifəsi açılır, bu səhifə ölkə tarixinə qızıl hərflərlə yazılırdı. Həmin dövrdə Azərbaycanda Bəxtiyar Vahabzadə, Anar, Elçin, Yusif Səmədoğlu kimi cəsarətli yazarlar meydana çıxmışdı. 
Ümummilli Lider ana dilinin qorunmasına həyati vacib məsələ kimi baxırdı. Bunu xalqın mənəvi tərəqqisinin, milli şüurun inkişafının ən mühüm məsələlərindən biri kimi dəyərləndirirdi. Dövlət tədbirlərində çıxışlarını Azərbaycan dilində edirdi. Ümummilli Lider 1978-ci ildə qəbul edilmiş konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbitinə də nail oldu. 
Heydər Əliyev həmin ağır, müxtəlif qadağalarla dolu olan bir zəmanədə Azərbaycanın ziyalılarını sovet rəhbərliyinin təzyiqlərindən qətiyyətlə müdafiə edir, onların sıxışdırılmasının qarşısını almağa müvəffəq olurdu. O illərdə biz nadir milli mədəniyyətimizin bütün qatlarını özümüz üçün sanki təzədən açır və yenidən qiymətləndirirdik.
Bu, bir cəsarət nümunəsi idi...
Bütün bunlar sovet Azərbaycanının tarixində çox əlamətdar bir dövrün əsasını qoyduğunu təsdiqləyir. Heydər Əliyevin elan etdiyi prinsip və ideyalar ötən əsrin 70-ci illərində respublikada tərəqqinin və intibahın başlıca istiqamətlərini müəyyənləşdirmişdi. Ulu Öndərin sovet siyasi arenasında rəhbərliyə gəlişi bütün maneələri dəf edərək ilk növbədə müstəqil düşüncəyə yol açmışdır. Ümummilli Lider dövlətçiliklə bağlı çıxışlarında həmişə deyirdi: "Dövlətçilik hər bir şəxsin qəlbində olmalıdır… Hər bir vətəndaş gərək ölkəsinin böyük siyasəti haqqında düşünsün..."

 

Böyük vətənpərvər

 

Ümummilli Lider üçün Azərbaycanın milli maraqları bütün dövrlərdə öndə idi. Böyük rəhbər bu maraqları hər yerdə böyük əzmkarlıqla qoruyurdu. O, Azərbaycanın uğurlarını sevməyənlər, xalqımıza qarşı mənfur niyyətlər həyata keçirmək üçün fürsət gözləyənlər üçün güclü sipər idi. Bu, danılmaz reallıqdır ki, əgər ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycanın rəhbəri Heydər Əliyev olsaydı, ermənilər ötən onilliklər ərzində bizə yaşatdıqları problemlərin heç birinə cəsarət etməyəcəkdilər. Ulu Öndər sovet Azərbaycanına rəhbərliyi dövründə onların respublikaya qarşı ərazi iddialarının qarşısını aldığı kimi, yenə də bu daşnak xislətlilərə öz yerlərini göstərəcəkdi.
Ümummilli Liderin dövlətçilik fəaliyyətinin Kreml dövrü də zəngin tarixdir. Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Heydər Əliyev Azərbaycana diqqət və qayğıkeşliyini əsirgəmir, milli inkişaf xəttinin daha da yüksəlişi üçün bütün imkanlardan istifadə edirdi. Həmin illərdə dünya ictimaiyyəti üçün Heydər Əliyev təkcə Azərbaycan xalqının Lideri deyil, ümumilikdə Şərq aləminin ən nüfuzlu siyasi xadimlərindən biri kimi qəbul olunurdu. 
Bir faktı da qeyd edək ki, 1987-ci ildə Moskvanın Azərbaycana yönəlmiş riyakar siyasəti qarşısında o zaman SSRİ-də rəhbər vəzifədə çalışan Heydər Əliyev passiv seyrçi, laqeyd gözləmə mövqeyində dura bilməzdi. Ulu Öndər həmin hadisələrlə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubiley mərasimindəki çıxışında deyirdi: "Mən 1987-ci ildə Moskvada Siyasi Bürodan və hökumət başçılığından uzaqlaşdırıldım. Bunun da səbəbi o idi ki, həmin vaxt Qorbaçovun və onun tərəfdarlarının Qarabağ məsələsinin ermənilərin xeyrinə həll olunmasının qarşısında böyük bir maneə kimi durmuşdum. Mənim Siyasi Büroda olmağım ermənilərdə böyük dəhşət yaratmışdı. Çünki rus imperatorluğunun və sovet imperiyasının tarixində heç vaxt müsəlman-türk, azərbaycanlı Siyasi Büroda olmamışdı. Tale məni o yüksək vəzifəyə apardı və mən orada öz xalqımın, təkcə Azərbaycan xalqının deyil, müsəlman dövlətlərinin də mənafeyini müdafiə etməyə çalışırdım".
Həmin dövr Heydər Əliyevə münasibətdə M.Qorbaçovun da məkrli məqsədləri var idi. Əvvəla, o, böyük şəxsiyyəti özünə qarşı birnömrəli rəqib hesab edirdi. Ona görə də Qarabağ avantürası işə düşəndə Qorbaçov birinci Heydər Əliyevdən başladı, sonra isə Azərbaycanı hədəfə aldı. Ulu Öndər vəzifədən kənarlaşdırılandan düz 25 gün sonra Qarabağ problemi meydana atıldı. Lakin bu dəfə də tarix belə siyasətçilərdən müdrik çıxdı. Heydər Əliyev öz həyatını, ömrünü yenə də xalqa xidmətə həsr etdi. Məkrli siyasətçilər isə xalqın yaddaşından birdəfəlik silindi.

 

Bizi güclü edən ideologiya

 

Ümummilli Liderin Vətəni qarşısındakı ən mühüm xidmətlərindən biri də azərbaycançılıq düşüncəsini bütün həmvətənlərini birləşdirən ideologiya halına gətirməsi, müstəqil dövlətin ideya əsasına çevirməsidir. Xalqımız tarix boyu qazandığı dövlətçilik ənənələrini, milli dəyərləri, nailiyyətləri, ali mənəvi keyfiyyətləri məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə təkmilləşdirərək dayanıqlı müstəqil dövlətini qurmuşdur. Millət kimi mövcudluğunu, özünü idarə etmək bacarığını ən yüksək səviyyədə nümayiş etdirmişdir. 
Heydər Əliyevin müdrikliklə irəli sürdüyü azərbaycançılıq ideologiyası həm də mənəvi inkişafımızın, təminatçısına çevrildi və böyük rəhbərin müəyyən etdiyi azərbaycançılıq iki təməl ideyanı özündə birləşdirmiş oldu: dövlətçilik və vətənpərvərlik. Azərbaycançılıq ölkəmizə qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, doğma yurdumuzu etnik bölgücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipərə çevrildi, onu zəhərli ideyalardan hifz etdi. 
Hər bir ideologiyanın uğuru, ilk növbədə, onu irəli sürən düha sahibinin özünün göstərdiyi nümunədən asılıdır. Bu, mənada Heydər Əliyev ən böyük azərbaycanlı idi. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gun də fəxr edirəm ki, mən azərbaycanlıyam" deyən Ulu Öndər yürütdüyü siyasətlə bütün dünya azərbaycanlılarının liderinə çevrildi, Yer üzündə yaşayan soydaşlarımızı vahid məqsəd ətrafında birləşdirdi. Heydər Əliyev xarici ölkələrdə Azərbaycan diasporunun formalaşdırılmasının vacibliyini, lobbiçilik fəaliyyətinin əsas istiqamətlərini və perspektivlərini bəyan etdi. Hər il 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi barədə sərəncam imzaladı.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli çağlarını yaşayan ölkəmizin qazandığı nailiyyətlər Ulu Öndərin onilliklər ərzində gələcək inkişaf üçün formalaşdırdığı möhkəm təməllərdən güc alır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı düşməndən azad edən qəhrəman əsgər və zabitlərimiz Heydər Əliyev siyasətinin,  vətənpərvərlik məktəbinin yetişdirdiyi nəslin təmsilçiləridirlər. Cəmi 44 gün ərzində düşməni məhv edən, təcavüzkar Ermənistanın öz ordusu haqqında yaratdığı bütün saxta mifləri dağıdan Azərbaycan Ordusunun bu qüdrəti Ümummilli Liderin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin əzmlə həyata keçirdiyi inkişaf siyasətindən, qazanılan nailiyyətlərdən, Vətənə, torpağa bağlılıqdan, Azərbaycana sevgisindən irəli gəlir.
Heydər Əliyev Azərbaycanın istiqlalını əbədi etmiş liderdir. Ulu Öndərin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla və qətiyyətlə davam etdirilməsi bugünkü milli inkişafın fundamental əsaslarını təşkil edir.

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video