14 Iyul 2024 09:00
409
SİYASƏT
A- A+

Davamlı uğurlara təminat yaradan inkişaf konsepsiyasının müəllifi

 

Çoxluğun mənafelərini özündə ehtiva edən ideyaları və idarəçilik keyfiyyətləri ilə sabit dövlətçilik ənənələri formalaşdıran şəxsiyyətlər mürəkkəb siyasi şəraitlərdə məsuliyyəti üzərilərinə götürərək xalqının taleyində misilsiz rol oynayır, fövqəladə missiyaları ilə seçilirlər. Bu günün özündə də dünyanın bir çox nüfuzlu dövlətləri məhz belə fenomen liderlərinin müəyyənləşdirdiyi yolla irəliləyir, davamlı və sabit inkişafı təmin edirlər. 
Əminliklə deyə bilərik ki, dünya miqyaslı ictimai-siyasi xadim, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin nəinki ideoloji-siyasi, iqtisadi əsaslarını yaratmış, eyni zamanda xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu praktik şəkildə gerçəkləşdirmiş fenomen şəxsiyyət kimi bu gün ehtiramla yad edilir, anılır.
55 il əvvəl - 1969-cü il iyulun 14-də keçmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi plenumunun iclasında Ümummilli Liderin Azərbaycan rəhbərliyinə irəli çəkilməsi respublikamızın tarixində yeni siyasi mərhələnin başlanğıcı olmuşdur. Müdrik rəhbər plenumda dərinməzmunlu çıxış edərək qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirmişdi. 
Ulu Öndər Heydər Əliyevdən əvvəlki respublika rəhbərləri nomenklatur məmur kimi respublikada mərkəzin siyasətini həyata keçirmiş, bu siyasətin Azərbaycan xalqının mənafeyinə zidd olan məqamlarında lazımi cəsarət və qətiyyət nümunəsi göstərib sözlərini deməmişdilər. Bütün bunlar isə respublikada sosial-iqtisadi tənəzzülün, durğunluğun, bürokratik amillərin, rüşvətxorluq və korrupsiyanın geniş vüsət almasına gətirib çıxarmışdı. İqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsində olan respublikada yaranmış bu ağır vəziyyətdən çıxış yolu tapılmalı, onun iqtisadi inkişafının təmin edilməsi üçün işlək proqramlar hazırlanmalı, iqtisadiyyatda köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıqda, iqtisadi həvəsləndirmədə yeni üsullar tətbiq olunmalı idi.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan KP MK-nın 1969-cu il 5 avqust tarixli plenumunda çıxışı zamanı respublika iqtisadiyyatının inkişafında müəyyən çətinliklərin, problemlərin olduğunu vurğulamış, xalq təsərrüfatının bir çox sahələrinin geri qaldığını qeyd etmişdir. Bu qətiyyətli mövqeyi ilə həm də keçmiş rejimin eyiblərini üzə çıxarmış, ictimailəşdirmişdi. Mərkəzin icazəsi olmadan hansısa sahədəki vəziyyətin təhlili, zəhmətkeşlərin hansısa vəzifələr ətrafında səfərbərliyə alınması kommunist mənafeyini xalqa bağlılıq hissindən daha yüksəkdə tutan insanlar üçün, sözün əsl mənasında, möcüzə kimi görünürdü. Fəqət, bu qətiyyətli mövqe dövlətini, xalqını daha yaxşı vəziyyətdə görmək istəyən rəhbərin acınacaqlı vəziyyətlə barışmazlığının bariz ifadəsi idi. Ötən əsrin 60-cı illərinin sonuna doğru sosial-iqtisadi həyatın bütün sahələrinin gerilədiyi, mənfi meyillərin dərin kök saldığı Azərbaycanda siyasi rəhbərliyə seçilən yeni rəhbərin ilk işi respublikada iqtisadi potensialın dağılmasının, ictimai-siyasi həyatda yaranmış tənəzzülün xalqın mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərə bilməsinin qarşısını almaqdan ibarət olmuşdur. 
Ulu Öndər Heydər Əliyevin qətiyyət və əzmkarlıq hesabına formalaşdırmağa başladığı sənaye potensialı əsasında respublikamız ötən əsrin 70-ci illərində neft maşınqayırması, məişət kondisionerləri, elektrik mühərrikləri, elektromaqnit avadanlığı, soyuducular, sintetik kauçuk, boru-prokat, şüşə və şüşə qablar və s. istehsalına görə ittifaq miqyasında qabaqcıl mövqelərə çıxmışdı. Həmin illərdə Bakıda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə inşa olunan iri müəssisələr bu günün özündə də milli iqtisadiyyatın güclü sənaye kompleksi üçün möhkəm təməldir. Yeri gəlmişkən, 1963-cü ildə işə başlayan, "Xəzər" Səhmdar Cəmiyyətinin istehsal obyekti və müstəqil respublikamızda şüşə sənayesinin formalaşmasına mühüm töhfə verən Sumqayıt Şüşə Zavodunun intibah dövrü də məhz Ümummilli Liderin respublikaya birinci rəhbərlik dövrünə təsadüf edir. Bunun nəticəsi olaraq Azərbaycan keçmiş SSRİ-nin bir sıra respublikalarını, habelə Rusiyanın bir çox bölgələrini keyfiyyətli pəncərə şüşəsi ilə təmin edirdi. 
Həmin illərdə xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, sivilizasiyaların qovşağında Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar kimi tanıdılması Ulu Öndər Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri idi. Xalqına, onun keçmişinə, tarixinə, adət-ənənələrinə, milli dəyərlərinə qəlbən bağlı olan bir şəxsiyyətin vətənpərvər fəaliyyəti imperiya dövründə Azərbaycanda bütün sahələr üzrə intibaha və milli özünüdərkə əsaslı zəmin yaratmışdır. 
1970-ci illərdə milliliyə xidmət edən kompleks mədəni-kütləvi tədbirlər həyata keçirilmiş, ədəbi irsə, mədəniyyətə və milli ruhlu ziyalı təbəqəsinə qayğı gücləndirildi. Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə müqəddəs Qurban və Ramazan bayramlarının keçirilməsinə heç bir əngəl yaradılmır, dindarlar bu bayramları sovet rejimi şəraitində qeyri-rəsmi səviyyədə keçirir, dini ayinləri rahatlıqla icra edə bilirdilər. 
Həmin illərdə Azərbaycanın tarixinin, ədəbiyyatının, incəsənətinin, milli-mənəvi dəyərlərinin inkişafı üçün meydan açılmış, milli ruhlu ədəbi nümunələr üzə çıxmış, dilimizin inkişafına imkan yaranmışdır. Müdrik respublika rəhbərinin qayğısı ilə o illərdə qorunub saxlanılan milli-mənəvi dəyərlər sonralar Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpasında müstəsna rol oynamışdır. Məhz Ulu Öndərin fədakar səyləri ilə 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dili respublikanın rəsmi dili kimi təsbit edilmiş, 3 cildlik "Azərbaycan dili" kitabı çapdan çıxmış, milli mədəniyyətə geniş yer ayıran 10 cildlik ensiklopediya hazırlanmışdır. 
Sovet imperiyasının tərkibində olduğu müddətdə respublikada milli hərbi kadrların hazırlığı məqsədilə hərbi məktəblərin açılması, ölkəmiz üçün zəruri sahələr üzrə peşəkar mütəxəssislərin hazırlanması üçün keçmiş SSRİ-nin ali məktəblərinə tələbələrin göndərilməsi də məhz Ümummilli Liderin adı ilə bağlıdır. Statistik rəqəmlər təsdiqləyir ki, ötən əsrin 70-ci illərinədək Cənubi Qafqaz respublikaları arasında azərbaycanlıların SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almalarına süni maneələr yaradılır, hətta müəyyən limit qoyulurdu. Azərbaycanlıların bir qayda olaraq əsasən, ədəbiyyat, musiqi sahələri üzrə ittifaq miqyaslı ali məktəblərdə təhsil almalarına icazə verilirdi. Lakin 1970-ci illərdən başlayaraq, bu istiqamətdə də ciddi dönüş əldə edilmiş, hər il yüzlərlə azərbaycanlı gənc ittifaqın nüfuzlu ali məktəblərinin iqtisadiyyat, hüquq, diplomatiya, dövlət idarəçiliyi, beynəlxalq münasibətlər və s. kimi mühüm ixtisaslar üzrə təhsil almağa göndərilirdilər.  
Ulu Öndər 1982-ci ildən sonra fəaliyyətini Moskvada - keçmiş ittifaqın Nazirlər Soveti sədrinin müavini postunda davam etdirməli olsa da, hər zaman xalqını, vətənini düşünmüş, milli mənafeləri uca tutmuşdur. 1980-ci illərin sonuna yaxın Ermənistanın ərazi iddiaları ilə üzləşmiş Azərbaycanın haqlı mövqeyinin müdafiəsi ilə bağlı verdiyi bəyanatlar, nümayiş etdirdiyi əzmkar mövqe bir daha təsdiqlədi ki, bu prinsipial şəxsiyyəti həqiqəti deməkdən çəkindirmək mümkün deyildir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə süqut ərəfəsində olan sovet rejiminin Azərbaycan xalqına qarşı törətdiyi ağır cinayətə ilk reaksiya da məhz Ulu Öndər Heydər Əliyevdən gəlmişdir. Azərbaycanın ciddi informasiya blokadasına salındığı bir zamanda ailəsi ilə birgə respublikanın Moskvadakı nümayəndəliyinə gələrək mətbuat konfransı keçirən qətiyyətli rəhbər imperiyanın ifşası, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bir sıra prinsipial addımlar atmış, üzləşdiyi təzyiqlərə məhəl qoymadan, cəsarəti, yenilməzliyi ilə Azərbaycana sədaqətini nümayiş etdirmişdir.
Azərbaycan 1991-ci ilin 18 oktyabrında dövlət müstəqiliyini bərpa etsə də, hakimiyyətdə olan naşı qüvvələrin uğursuz siyasəti üzündən respublikanın hər bir vətəndaşının mənafeyinin uca tutulduğu hüquqi, demokratik və qüdrətli dövlətin yaradılması sadəcə xoş ideya olaraq qalmışdı. 1991-1993-cü illərdə respublikada iqtisadi tənəzzül güclənmiş, siyasi böhran dərinləşmiş, cəbhə bölgəsində hərbi uğursuzluqlar artmış, vətəndaş qarşıdurması parçalanma həddinə çatmış, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində acınacaqlı vəziyyət yaranmışdı. 1993-cü ildə xalq ölkəni bu vəziyyətdən çıxaracaq yeganə lideri - Ümummilli Lider Heydər Əliyevin şəxsində görürdü. Həmin ilin iyununda xalqın təkidli istəyi əsasında Bakıya qayıdan Heydər Əliyev Azərbaycan dövlətçiliyini iflasdan, fəlakətdən qurtarmış, qiyam cəhdlərindən hifz edərək dirçəliş və inkişafa doğru yönəltmişdir. Sonrakı mərhələdə məhz Heydər Əliyevin titanik səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmışdır.
Müdrik xalqımızın XX əsrdə dünya siyasi arenasına bəxş etdiyi nadir şəxsiyyət kimi Ümummilli Liderlik zirvəsinə ucalmış Heydər Əliyev müstəqil respublikamızın özünəməxsus inkişaf modelinin banisi kimi də böyük rəğbətlə xatırlanır. Ulu Öndər Heydər Əliyev özünün dərin iqtisadi bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş, bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri və praktiki əsasda göstərmişdir. İqtisadi sahədə həyata keçirilən islahatların əsasında bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə ümumdaxili məhsul istehsalını artırmaq, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək məqsədi dayanmışdır. 
Böyük müdriklik və iqtisadi hesablama əsasında müəyyənləşdirilmiş bu iqtisadi inkişaf konsepsiyasının özəyini üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulan islahatlar təşkil etmişdir: birinci mərhələdə güclü dövlət tənzimlənməsi ilə böhrandan çıxmaq, ikinci mərhələdə iqtisadiyyatın sabitliyini təmin etmək, üçüncü mərhələdə isə iqtisadi dirçəlişə nail olmaq. Hər bir mərhələyə uyğun həyata keçirilən iqtisadi islahatlar nəticəsində 1996-cı ildə respublika iqtisadiyyatında sabitlik təmin edilmiş, 1997-ci ildən sosial-iqtisadi inkişafda müsbət meyillər özünü göstərməyə başlamışdır. Dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olmasına, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyasına, insanların şüurunda, həyat tərzində əsaslı dəyişikliklərin baş verməsinə səbəb olmuşdur. 
Ölkədə həyata keçirilmiş özəlləşdirmə prosesi hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq niyyətinə xidmət etmişdir. İqtisadiyyatın bütün sahələrini əhatə edən özəlləşdirmə prosesi müstəqil respublikamızda bazar iqtisadiyyatı meyarlarının sürətlə formalaşmasına, ölkənin xarici iqtisadi əlaqələrinin yüksəlməsinə, dünya təsərrüfat sisteminə inteqrasiyasına etibarlı zəmin yaratmışdır.  
Ümummilli Lider Heydər Əliyev respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışmışdır. 1997-2002-ci illərdə respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələsi diqqət mərkəzində saxlanılmışdır. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilmişdir.
Azərbaycanın dinamik sosial-iqtisadi inkişafına təkan verən islahatları 2003-cü ilin 15 oktyabrından Ümummilli Liderin ən layiqli siyasi davamçısı - Prezident İlham Əliyev inamla davam etdirir. Dövlət başçısının ötən 21 ildə əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu respublikamızın yeni sosial-iqtisadi inkişaf təmayüllərini müəyyənləşdirməklə yanaşı, davamlı uğurlara zəmin yaratmış, hər bir vətəndaşın həyatında nəzərəçarpacaq irəliləyişlərə səbəb olmuşdur. Prezident İlham Əliyevin fəaliyyətinə nəzər yetirdikdə aydın olur ki, bu müddətdə konturları hələ Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş bütün konsepsiyalar uğurla davam etdirilmiş, zəruri hallarda isə məhz onun təşəbbüsü ilə dövrün tələblərinə uyğun olaraq keyfiyyət dəyişikliklərini özündə əks etdirmişdir.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu iqtisadi və siyasi islahatların inamla davam etdirilməsi üzləşdiyimiz ədalətsiz münaqişənin 2020-ci ildə hərb yolu ilə Azərbaycanın maraqlarına uyğun həllinə gətirib çıxarmışdır. 2003-cü ildən bu yolda addım-addım irəliləyən Prezident İlham Əliyev Azərbaycan xalqını illərdir həsrətində olduğu Qələbə sevincinə qovuşdurmuşdur. Hucüm xəttinə əsaslanan xarici siyasət yürüdən rəsmi Bakının xarici siyasətdə müəyyənləşdirdiyi əsas hədəflərdən biri də Ermənistanın təcavüzkarlıq siyasətinin qlobal miqyasda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün doğurduğu təhdidlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması olmuşdur. Respublikamız diplomatik fəaliyyət sferasında məhz hücum taktikasından çıxış edərək, Ermənistanın və ermənipərəst dairələrin yalan üzərində qurulmuş saxta təbliğatını ifşa etmişdir. 
Azərbaycan son 3 ildə postmüharibə dövrünün yeni reallıqlarını nəinki dünya birliyinə, eləcə də Ermənistana və onu dəstəkləyən bəzi dövlətlərə qəbul etdirməyə nail olmuşdur. Bunun nəticəsidir ki, rəsmi İrəvan Azərbaycanın yekun sülh sazişi üçün irəli sürdüyü 5 prinsipi qəbul edərək birbaşa danışıqlara başlamağa məcbur olmuşdur. 
Dövlət suverenliyini təmin etmiş bütöv Azərbaycanda 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində xalqının böyük etimadını qazanan cənab İlham Əliyev ona göstərilən etimadı ötən illərdə fəaliyyəti ilə tam doğrultuşdur. "Mənim işim ondan ibarətdir ki, xalqa xidmət etməliyəm. Onu da edirəm və bundan sonra da edəcəyəm. Bütün işlərimdə mən xalqa arxalanıram. Əgər təşəbbüslərimiz xalq tərəfindən dəstəklənməsəydi, bütün bu işləri görmək mümkün olmazdı", - deyən dövlət başçısı idarəçilikdə, fəaliyyətdə, düşüncədə yenilik və sivil dəyərlərin tətbiqini zəruri sayır.
Ötən 21 ildə Azərbaycanın nail olduğu inanılmaz sosial-iqtisadi nəticələr, yürütdüyü çevik diplomatiya, döyüş meydanında qazandığı ədalətli zəfər fonunda dünya ictimaiyyəti hazırda cənab İlham Əliyevi hətta mümkün görünməyəni reallaşdırmaq qabiliyyətində olan lider kimi qəbul edir. Özünün də vurğuladığı kimi, "Nəyi necə və nə zaman" etməli olduğunu yaxşı bilən Prezident İlham Əliyevin əsl siyasi liderə xas təmkini, real vəziyyəti, geosiyasi konyunkturanı dəyərləndirmək, siyasi proseslərin inkişaf axarını düzgün proqnozlaşdırmaq məharəti, pafosdan, populizmdən uzaq olması qazanılan əlahiddə uğurları şərtləndirən mühüm amillər sırasındadır. 
Ümumi şəkildə desək, dövlətimizin başçısının səmərəli iqtisadi siyasəti ötən dövrdə ölkəmizin davamlı tərəqqisinə, xalqın rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşmasına, işsizlik və yoxsulluğun səviyyəsinin xeyli dərəcədə azaldılmasına, çadır düşərgələrinin ləğvinə, ən əsası, Azərbaycanın heç bir dövlətdən asılı olmayan müstəqil siyasət yürütməsinə zəmin yaratmışdır. Dövlət başçısı İlham Əliyevin gerçəkləşdirdiyi uğurlu diplomatiya respublikamızın bölgədə və dünyada layiqli yerini tapmasını, regional liderliyini təmin etmişdir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TAP, TANAP kimi layihələrin reallaşdırılması, 3 süni peykin orbitə buraxılması Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqelərini daha da gücləndirmişdir. Cənab İlham Əliyevin diplomatik səyləri nəticəsində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi uğurla gerçəkləşmiş, respublikamızın Şərqlə Qərb arasında tranzit-kommunikasiya imkanları genişlənmişdir. 
Səmərəli idarəetmə sistemi xalqın mənafeyinə cavab verən strateji əhəmiyyətli qərarların qəbulu ilə yanaşı, konkret zamanda həyata keçirilmiş tədbirlər sistemi ilə bağlı müntəzəm olaraq ictimaiyyətin məlumatlandırılmasını da zəruri tələb kimi önə çıxarır. Səmərəli və şəffaf idarəçiliyi hökumət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmiş dövlət başçısı İlham Əliyevin idarəçilik konsepsiyasında da bu mütərəqqi prinsip daim önə çəkilir. İdarəçiliyin asanlaşdırılması və bu zaman vətəndaş məmnunluğunun təmin edilməsi strateji xətt olaraq diqqət mərkəzindədir. "ASAN xidmət", "ASAN kommunal" və "DOST" kimi modern xidmət mərkəzlərinin yaradılması Azərbaycanda müasir idarəetmə sisteminin mahiyyətini, fəlsəfəsini açır. 
Şübhəsiz, 30 ilə yaxın müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən iqtisadi təsərrüfat dövriyyəsinə cəlb edilməsi ölkəmizin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biridir. İqtisadçı alim kimi bu qənaətdəyəm ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda suverenliyini təmin etməsi ilə həmin ərazilərin ümumi iqtisadiyyata inteqrasiyası, regional inkişaf prosesi güclənəcəkdir. 
Dövlət başçısı İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına müntəzəm səfərləri, həyata keçirilən bərpa və yenidənqurma işlərinin gedişi ilə tanış olması Böyük qayıdış proqramının icrasının hökumət üçün prioritet məsələ olduğunu təsdiqləyir. 16 noyabr 2022-ci il tarixli sərəncamla təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı" bu istiqamətdə işlərin sistemli, ardıcıl, əhatəli, konkret plan üzrə aparılmasına təminat yaratmışdır. Azad edilmiş ərazilərdə iqtisadi fəaliyyətin dirçəldilməsi, əlverişli biznes və sərmayə mühitinin formalaşdırılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olacaq şəxslərin maliyyə resurslarına çıxışının genişləndirilməsi, resursların maya dəyərinin azaldılması və digər mühüm tədbirlər dövlət proqramının əhəmiyyətini daha da artırır. 
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən abadlıq-quruculuq işlərinə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva da layiqli töhfələrini verir. Dövlət başçısı İlham Əliyevi işğaldan azad edilmiş ərazilərə səfər zamanı müşayiət edən birinci xanım Mehriban Əliyeva özünəməxsus səmimiyyətlə paylaşımlar edir, ictimai diqqəti erməni vandalizminin ağır fəsadlarına yönəldir. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək layihə və tədbirlər barədə ictimaiyyətə müəyyən mesajlar, məlumatlar verir. Birinci vitse-prezidentin göstərişi əsasında Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı torpaqlarımızın ərazi bütovlüyü uğrunda şəhid olan hərbçilərin ailələrini və qazilərimizin problemlərini diqqətdə saxlayır, onların qayğısına qalır. 
Prezident İlham Əliyevin yürütdüyü çevik və hücum xətti üzərində qurulan diplomatiyanın uğurlu təzahürlərindən biri də Azərbaycanın qlobal forumların, tədbirlərin keçirildiyi məkana çevrilməsi, beynəlxalq nüfuzunun artmasıdır. Ölkəmiz regionun iri neft və qaz hasilatçılarından biri kimi müasir dünyanın yeni çağırışlarını əsas tutaraq malik olduğu alternativ enerji mənbələrindən səmərəli istifadə istiqamətində də kompleks tədbirlər həyata keçirir. Bu sahədə rellaşdırılan tədbirlərin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin nəticəsi olaraq, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu ilin noyabrında Azərbaycanda keçirilməsinə qərar verilmişdir. 
Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilməsi, azad olunmuş ərazilərin və Naxçıvan Muxtar Respublikasının "yaşıl enerji" zonası, 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi bu sahədə aparılan məqsədyönlü dövlət siyasətinin təzahürüdür. Rəsmi Bakının "yaşıl enerji"yə keçid strategiyası qısa zamanda Azərbaycanın həm Avropa, həm müsəlman dünyası, həm də Yaxın və Uşaq Şərq ölkələri ilə əlaqələrinə ciddi təkan vermişdir.
Ölkəmiz üçün mühüm siyasi və iqtisadi çağırışlar, eləcə də COP29 kimi qlobal əhəmiyyətli beynəlxalq tədbir ərəfəsində növbədənkənar parlament seçkilərinin təyin olunması da obyektiv reallıqlarla şərtlənir. Əminliklə deyə bilərik ki, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ölkədə siyasi və iqtisadi islahatların sürətləndirilməsində, hakimiyyətin qanunverici qolunun fəaliyyətinin daha da müasirləşməsində keyfiyyətcə yeni mərhələ açacaqdır. Yeni tərkibli parlamentin qarşısında ölkənin iqtisadi, siyasi, hüquqi cəhətdən daha da möhkəmlənməsinə, inkişaf etməsinə, beynəlxalq əlaqələrinə töhfələr vermək, cəmiyyətin inam və etimadını doğrultmaq kimi mühüm vəzifələr düşür.
Ölkənin ümumi inkişaf mənzərəsi deməyə əsas verir ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik konsepsiyası inamla davam etdirilir. Prezident İlham Əliyev yüksək idarəçilik və praqmatik liderlik keyfiyyətləri sayəsində hər bir mərhələ üçün qarşıda duran hədəfləri dəqiq müəyyənləşdirən, onları mükəmməl yol xəritəsi əsasında reallaşdıran rəhbər kimi xalqının dərin rəğbətini qazanmışdır. Əminliklə demək olar ki, milli mənafeləri önə çəkən bu siyasət qarşıdakı illərdə də inamla davam etdiriləcək, respublikamız qabaqcıl dövlətlər sırasında layiqli yerini tutacaqdır. 

Qüdrət KƏRİMOV, 
"Xəzər" QSC-nin sədri, iqtisad elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video