11 Iyul 2024 08:44
696
SİYASƏT
A- A+

Türk dünyasının gücü birliyindədir

 

Birliyimiz möhkəmlənir, qlobal arenada  gücümüz gündən-günə artır, sözümüz daha da keçərli olur. Türk dövlətlərinin, etnik və mədəni kökləri, dili eyni olan türkəsilli xalqların bir araya gəlməsi, təşkilatlanması öz töhfələrini verir.
Hələ 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə görüşündə Prezident İlham Əliyev çox mühüm bir məqamı nəzərə çatdırmışdı: "Bizim birliyimiz təkcə ölkələrimizi gücləndirmir, bizim birliyimiz böyük mənada regional əməkdaşlığın da çox vacib amilidir".
O zaman, Naxçıvan Zirvə görüşündə yaradılan və bu gün Türk Dövlətləri Təşkilatı adı ilə fəaliyyət göstərən qurum üzərinə götürdüyü əhəmiyyətli vəzifələri, əhatəli işləri böyük məsuliyyətlə həyata keçirməyə başladı. Addım-addım irəlilədikcə çox mühüm məsələləri, vacib məqamları daim diqqətdə saxladı.
Türk xalqlarının, türk dövlətlərinin birgə inkişafının mahiyyətini 2022-ci il oktyabrın 11-də Bişkekdə keçirilən Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasdakı çıxışında Prezident İlham Əliyev belə ifadə etdi: "Biz daim müstəqillik və milli ləyaqət yolu ilə getməkdən ötrü öz köklərimizə yaxın olmalı, öz ənənələrimizə, əcdadlarımızın vəsiyyətlərinə söykənməli və xalqlarımızın nadir mədəniyyətini qoruyub saxlamalıyıq".
Türk Dövlətləri Təşkilatının regional və qlobal güc mərkəzinə çevrilməsi, proseslərə geniş təsir imkanlarına malik olması qarşımızda yeni üfüqlər açır. Görünən budur ki, qloballaşan dünyada artıq reallaşan bu faktla - türk birliyinin gücü ilə hesablaşmalı olacaqlar. 
2024-cü il 5-6-iyul tarixdə Şuşada təşkil olunan Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin dövlət rəhbərlərinin qeyri-rəsmi Zirvə görüşü birliyimizin, qardaşlığımızın, əməkdaşlığımızın növbəti uğurlu səhifəsinə çevrildi. Belə ki, Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan prezidentlərinin, Türkiyə Respublikasının vitse-prezidentinin, Macarıstanın baş nazirinin, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin, Türk Dövlətləri Təşkilatının baş katibinin iştirak etdikləri Zirvə görüşündə çox mühüm məsələlərdən danışıldı, olduqca əhəmiyyətli qərarlar verildi.
İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış edən dövlətimizin başçısı İlham Əliyev qeyd etdi ki, türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Prezident İlham Əliyev Azərbaycanın həmişə türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərdiyini vurğuladı: "Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr türk dünyasının inkişafı əsri olmalıdır" - dövlətimizin başçısının bəyan etdiyi bu fikirlərdə böyük ümidlər, dərin inam ifadəsini tapdı.
Türk dünyası üçün tarixi əhəmiyyət daşıyan bu tədbir üçün seçilən məkanın məhz Şuşa olması əhəmiyyətli məqamlardan biri idi. Prezident İlham Əliyev çıxışında bildirdi ki, keçən il sentyabrın 20-də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra Şuşada keçirilən bu Zirvə görüşü rəmzi məna daşıyır.
Ermənistan Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrini otuz ilə yaxın davam etdirdiyi işğal dövründə xarabalığa çevirdi. Azərbaycanlılarsız qalmış həmin  ərazilərimizdəki bütün abad yurdlarımız xarabalıqlara çevrildi. 2020-ci ilin payızında baş verən Vətən müharibəsində öz tarixi torpaqlarını düşməni məğlub edərək geri alan, 2023-cü ilin sentyabrında lokal xarakterli anti-terror əməliyyatları nəticəsində isə  suverenliyini tam bərpa edən Azərbaycan indi Qarabağda, Şərqi Zəngəzurda Böyük qayıdış proqramını uğurla həyata keçirir. Keçmiş məcburi köçkünlər yenidən qurulan yurdlarına geri dönürlər. Dövlətimizin başçısı bu ilin sonuna qədər 20 min insanın azad edilmiş torpaqlara qayıdacağı barədə müjdəni verdi.
Sevindiricidir ki, düşmən tapdağından qurtulmuş, işğaldan azad edilmiş ərazilərimizə indi dövlətimizin, xalqımızın dostları gəlir. Prezident İlham Əliyevin bildirdiyi kimi, türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür. 
İyulun 6-da mədəniyyət paytaxtımız Şuşa türk dünyası üçün əhəmiyyətli daha bir sənədin - "Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi"nin imzalanmasına da şahidlik etdi. Qarabağ Bəyannaməsi dost və qardaş ölkələr arasında yeni tarixin, yeni reallığın və türk birliyinin təcəssümü oldu. Sənəddə strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, TDT-nin kollektiv strategiyasının formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində türk dövlətlərinin tam potensialından və imkanlarından istifadə edilməsinin vacibliyi bir daha vurğulandı.  Qarabağ Bəyannaməsində türk dövlətlərinin qlobal miqyasda potensialı nəzərə alınmaqla daha iddialı məqsədlərin qarşıya qoyulmasının, birgə səylərin artırılması və strateji əhəmiyyətli regional layihələrin həyata keçirilməsi yolu ilə dayanıqlı gələcəyin qurulması baxımından TDT-nin vəzifə və məqsədlərinin səmərəli həyata keçirilməsi üçün müvafiq mexanizm və qaydaların tətbiqinin zəruriliyi qeyd edildi.
Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi görüşü türk dünyasının birliyi yolunda növbəti mühüm addım oldu. Zirvə görüşündə qəbul edilən qərarlar, imzalanan Qarabağ Bəyannaməsi türk dünyasının birliyinin daha da möhkəmləndirilməsinə xidmət edəcək.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video