12 Iyul 2024 08:25
551
İQTİSADİYYAT
A- A+

Azərbaycan-Özbəkistan iqtisadi əməkdaşlığı daha da genişlənəcək

 

Hökumətlərarası Komissiya bunun üçün böyük perspektivlər olduğunu qeyd edib

 

Mübaliğəsiz demək olar ki, Azərbaycan-Özbəkistan iqtisadi əlaqələri intensiv inkişaf edir. Bunu iqtisadi münasibətlərdə əsas istiqamətlərdən ticarət əməkdaşlığına aid rəqəmlər də təsdiqləyir. Belə ki, ötən il Özbəkistanla ticarət dövriyyəsinin həcmi 180 milyon dollara yaxın olub. Bu ilin ilk beş  ayında isə həmin göstərici təqribən 70 milyon dollar təşkil edib.
Azərbaycanda sənaye, ticarət, nəqliyyat, tikinti, kənd təsərrüfatı və xidmət sahələri üzrə 90-dan çox Özbəkistan şirkəti qeydiyyatdan keçib. Sənayeyə birgə investisiya qoyuluşu  uğurlu nəticələrini göstərir. Məsələn, Hacıqabul Sənaye Parkında birgə layihə çərçivəsində avtomobil istehsal edilir. Bu il iyulun 1-nə olan məlumata görə, əməkdaşlıq çərçivəsində 5300-dən çox "Chevrolet" avtomobili  buraxılıb. Bundan başqa, birgə pikap, yük maşını və avtobus istehsalı həyata keçirilir.
Bütün bunlar Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin  Özbəkistana işgüzar səfəri zamanı bir daha qeyd edilib. Səfər zamanı Buxarada iqtisadi sahədə birgə fəaliyyətin genişləndirilməsi məqsədilə yeni imkanlar nəzərdən keçirilib.
Vurğulamaq  lazımdır ki, hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin, o cümlədən  iqtisadi əməkdaşlığın belə yüksək səviyyəyə çatmasında xalqlarımızın bir-birinə yaxınlığı, xüsusilə Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri  həlledici rol oynayır. Təsadüfi deyil ki, ölkələrimizin prezidentləri  qarşılıqlı dövlət səfərləri və rəsmi səfərlərdən əlavə, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. Elə bu ayın əvvəlində Azərbaycan və Özbəkistan prezidentləri Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Zirvə görüşündə iştirak etmişlər. Bundan bir-iki gün sonra isə Özbəkistanın dövlət başçısı   Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Şuşaya  gəlmişdir.
Yeri gəlmişkən qeyd edək ki, Prezident Şavkat Mirziyoyev keçən il  Azərbaycana dövlət səfəri çərçivəsində Füzulidə də olub. Orada Özbəkistan Prezidenti tərəfindən özbək xalqı adından hədiyyə olaraq inşa edilən 960 şagird yerlik məktəbin açılışı keçirilib. Şavkat Mirziyoyevin "Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır" sözlərinin təsdiqi olan bu məktəbin inşası da qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Dövlətimizin başçısı da Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirib.
Prezident İlham Əliyev Özbəkistana səfərləri zamanı paytaxt Daşkənddən əlavə  Ürgənc, Xivə, Səmərqənd şəhərlərində də olub. Xatırladaq ki, ölkələrimizin dövlət başçılarının qarşılıqlı səfərləri zamanı onlarla rəsmi sənəd imzalanıb ki, bunların bir çoxu həm Azərbaycanın, həm də Özbəkistanın iqtisadiyyatının inkişafına xidmət edir.   
Dövlətimizin başçısı qarşıya qoyulan məsələlərin icrasının  ölkələrimiz arasında münasibətləri daha da möhkəmləndirəcəyinə, daha çox əməkdaşlığın və qarşılıqlı dəstəyin olacağına gətirib çıxaracağını qeyd edərək deyib: "Çünki bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı var. Bunun əsası, əlbəttə ki, liderlərin siyasi iradəsi, eləcə də iqtisadi zəminlərdir. Fikrimcə, bu gün əmtəə dövriyyəsinin artırılması, investisiya layihələri, nəqliyyat-logistika istiqamətləri, kənd təsərrüfatında əməkdaşlığın dərinləşməsi ilə bağlı layihələr barəsində əldə etdiyimiz razılaşmalar - bütün bunlar həm əmtəə dövriyyəsinin artırılması, həm də ölkələrimiz və xalqlarımız arasında daha artıq əməkdaşlıq üçün gözəl imkanlar yaradacaq".
Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın bu günlərdə keçirilən 13-cü iclasında da iqtisadi əməkdaşlıq  mövzusu xüsusi önəm daşıyıb. Komissiyanın həmsədrləri, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov komissiyanın işgüzar münasibətlərin inkişafı və birgə layihələrin icra edilməsi üçün səmərəli platforma olduğunu vurğulayıblar. Nazirlərin görüşü zamanı Azərbaycanın və Özbəkistanın dövlət başçılarının iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verdikləri, bunun  da hər iki ölkənin iqtisadi inkişafına töhfə olmaqla yanaşı, regional inkişafı stimullaşdırdığı xüsusi qeyd edilib. Ölkələrimiz arasında müxtəlif iqtisadi istiqamətlər üzrə yeni imkanlar nəzərdən keçirilib, bu məqsədlə birgə təşəbbüslərin artırılmasının önəmi qeyd olunub. Tərəflər sənaye, kənd təsərrüfatı, enerji, o cümlədən bərpaolunan enerji, həmçinin karbonsuzlaşma sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Xatırladaq ki, Azərbaycanda pambıqçılıq və ipəkçilik klasterlərinin yaradılması istiqamətində də qardaş ölkə ilə uğurlu işbirliyi davam etdirilir. Hər iki ölkənin nəqliyyat-tranzit sahəsində də böyük potensialı var.
İkitərəfli əməkdaşlığın digər perspektivli sahəsi enerji sektorudur. SOCAR və "Uzbekneftegaz" ASC Azərbaycanda və Özbəkistanda neft yataqlarının birgə işlənməsi, neft-qaz sektorunda layihələrin həyata keçirilməsi və digər sahələrdə əməkdaşlıq edirlər. 
Gələcəkdə Mərkəzi Asiya ölkələrindən Azərbaycan vasitəsilə Avropaya elektrik enerjisinin ixracı imkanları nəzərdən keçirilir. Məlumdur ki, Azərbaycan iri elektrik enerjisi istehsalçısı və ixracatçısı kimi öz ərazisindən elektrik enerjisinin tranziti üçün geniş imkanlar açır. Cari ilin mayında imzalanmış Azərbaycan, Özbəkistan və Qazaxıstanın enerji sistemlərinin birləşdirilməsinə dair Əməkdaşlıq Memorandumu bu sahədə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın göstəricisidir.
Perspektivlər çoxdur. Odur ki, Hökumətlərarası Komissiyanın iclasında ölkəmizdə iqtisadi fəallığın artırılması və əlverişli biznes mühitinin yaradılması üçün tətbiq olunan müxtəlif stimullaşdırma mexanizmləri, işğaldan azad edilmiş ərazilərin biznes potensialı, həyata keçirilən infrastruktur layihələri və s. barədə məlumat verilib. Bildirilib ki, özbəkistanlı sahibkarlar Azərbaycandakı sənaye zonalarında və Ələt Azad İqtisadi Zonasındakı güzəştlərdən yararlanaraq rəqabətqabiliyyətli fəaliyyət qura bilərlər.
Təsadüfi deyil ki, iclasın yekunlarına dair imzalanan protokolda da iqtisadi-ticari, enerji, nəqliyyat-tranzit, kənd təsərrüfatı, innovasiyalar və digər istiqamətlər üzrə tərəfdaşlığın möhkəmləndirilməsi əksini tapıb.

 Flora SADIQLI,
 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video