18 Iyul 2024 09:50
108
DÜNYA
A- A+

Partiyası Co Baydenə qarşıdır

 

81 yaşlı ABŞ lideri seçki mübarizəsində israrlıdır

 

Noyabrin 5-də ABŞ-də keçiriləcək prezident seçkilərində mübarizə aparacaq əsas rəqiblər bəllidir - Respublikaçılar Partiyasının namizədi Donald Tramp və Demokratlar Partiyasından hazırkı prezident Co Bayden.

Mütəxəssislər seçkilərə hələ 4 ay qalmasına baxmayaraq, artıq qalibi müəyyənləşdiriblər. Belə qənaət yaranıb ki, prezident Respublikaçılar Partiyasının namizədi Donald Tramp olacaq. Bu, Trampın iyulun 13-də Pensilvaniya ştatında seçiciləri ilə keçirdiyi görüşdə sui-qəsdə məruz qalmasından sonra formalaşan yekdil fikirdir.

Amma hadisələrin gedişatına baxsaq deyə bilərik ki, Trampın prezident seçkilərində qələbə qazanacağı hələ xeyli müddət öncədən bəlli idi. Ona qarşı açılan cinayət işi, təqiblər və ən nəhayət, Co Baydenlə aralarında keçirilən ilk teledebatda ölkənin 35-ci prezidentinin aşkar üstünlüyü Amerika əhalisinin diqqətindən yayına bilməzdi.

 

Demokratlar Co Baydenə əvəz tapa bilmirlər

 

Bu hadisəyə qədər də baş verən siyasi gedişlər Trampın rəqibindən üstünlüyünü göstərirdi. CNN kanalının Atlanta şəhərindəki binasında keçirilən debatda Tramp ABŞ həqiqətlərini açıqlayaraq Baydeni günahlandırmış, hazırkı prezident isə ona tutarlı arqumentlərə əsaslanan cavablar verə bilməmişdi.

Özünü itirən Co Baydenin cavabları da qeyri-müəyyən olmuşdu. Debatdan sonra Co Bayden açıqlama verərək bildirmişdi ki, görüşə yorğun halda gəlib və hətta yorğunluqdan az qala yuxulayırmış.

Bu hadisə amerika əhalisində qəti fikir formalaşdırdı. Keçirilən rəy sorğusunda amerikalıların təxminən 70 faizi hesab etdi ki, 81 yaşlı Co Bayden ABŞ prezidenti kimi öz vəzifələrini səmərəli şəkildə yerinə yetirmək üçün çox qocadır. Yəni o, işinin öhdəsindən gələ bilməyəcək.

Amma buna baxmayaraq, Co Bayden Demokratlar Partiyasından namizəd olacağını bəyan edərək seçki marafonuna qatılmaqdan vaz keçmədi. Hətta partiyasının mütləq əksəriyyəti onun namizədliyini istəmədiyi halda belə...

Respublikaçılar Partiyası iyulun 15-18-də Viskonsin ştatında keçirilən qurultayında Donald Trampın namizədliyini irəli sürüb.

Demokratların qurultayı isə avqustda baş tutacaq. Amma demokratlar qurultay deyil, onlayn toplantı keçirərək Baydenin namizədliyini irəli sürmək istəsələr də, partiyanın böyük əksəriyyəti bunun əleyhinədir.

Bu arada Co Bayden növbəti müddət üçün prezidentliyə namizədliyini geri götürmək üçün şərtini açıqlayıb. Dövlət başçısı bildirib ki, həkimlər sağlamlığında problem aşkarlayarsa, bunu edəcək. Yəni sağlamlığında problem olarsa, Co Bayden prezidentliyə namizədliyini geri götürəcək.

Onu da vurğulamaq yerinə düşər ki, Demokratlar Partiyasında Co Baydenin namizədliyini istəməyənlər çoxluq təşkil etsə də, ona alternativ  namizəd də tapa bilmirlər. Yeganə namizəd ola biləcək şəxs vitse-prezident Kamala Harrisdir. Yəni demokratların lideri kimi ABŞ Prezidenti Co Baydeni o əvəz edə bilər. O, bu vəzifəyə ilk və ən çox ehtimal olunan namizəddir. Qeyd olunur ki, Harrisin əhali arasında populyarlığı o qədər də yüksək deyil. Bununla belə, o, afroamerikalı seçicilər və qadınlar tərəfindən sevilir. Bundan əlavə, vitse-prezidentin digər namizədlər qarşısında açıq-aşkar üstünlüyü var. Ağ Evin indiki rəhbəri yenidən seçilməkdən imtina edərsə, o, Baydenin topladığı vəsaiti öz seçki kampaniyasını maliyyələşdirmək üçün istifadə edə bilər.

 

Donald Tramp Rusiya ilə bağlı siyasətini açıqladı

 

Respublikaçılar cəbhəsində isə vəziyyət ürəkaçandır. Qələbəsini artıq təmin etdiyi bildirilən Donald Tramp qalib gələcəyi halda verəcəyi bəzi qərarlarını açıqlayıb.

D.Tramp "Rusiyaya qarşı sanksiyaları yumşaltmaq və ya ləğv etmək" barədə düşünüb-düşünmədiyi sualına belə cavab verib: "Bəli. Sanksiyalarla biz yalnız hamını özümüzdən uzaqlaşdırırıq. Ona görə də sanksiyaları sevmirəm. Putinlə çox yaxşı anlaşmışdıq, yaxşı da münasibətimiz var idi. Biz heç vaxt bir-birimizi müharibə ilə təhdid etməmişik".

O, həmçinin qeyd edib ki, Çin Prezidenti Si Çinpin COVID-dən əvvəl onun üçün çox yaxşı dost olub. Keçmiş dövlət başçısı onu da vurğulayıb ki, 2020-ci ildə yenidən seçilsəydi, Ukrayna böhranının qarşısını almaq olardı.

Qeyd edək ki, seçki öncəsi kampaniyaların davam etdiyi bir vaxtda,  Pensilvaniyada Trampa qarşı törədilən sui-qəsd cəhdi də araşdırılır.

Bir sözlə, prezident seçkilərinə dörd aydan az müddət qalmış bir vaxtda dünyanın diqqəti Amerikadadır. Son baş verən hadisələr isə yalnız siyasətçilər deyil, eyni zamanda dünya ictimaiyyəti arasında seçkilərlə bağlı müxtəlif fikirlərin, versiyaların səsləndirilməsinə rəvac verib. Son günlərdə tanınmış şəxslərin belə Trampa dəstək nümayişi seçkilərin onun xeyrinə nəticələnəcəyi ehtimalını artırır.

Dünən isə bir daha Trampın üstünlüyünü təsdiqləyən sorğunun nəticəsi açıqlanıb. ABŞ prezidenti postu uğrunda seçki yarışında Donald Trampa dəstək səviyyəsi 14 əsas ştatda Cozef Baydenə verilən dəstəkdən yüksək olub. CNN telekanalının yaydığı məlumata görə, Baydenin Trampa qarşı uğursuz debatından sonra 15 min ABŞ vətəndaşı arasında aparılan sorğular hazırkı prezidentin hətta 2020-ci ildə keçirilən son seçkilərdə rəqibini məğlub etdiyi ştatlarda da geri qaldığını göstərib. Həmin ştatlara Arizona, Corciya, Miçiqan, Pensilvaniya, Viskonsin və başqaları daxildir. Baydenin mövqeyi Kolorado, Minnesota, Men, Nyu-Meksiko, Virciniya və Nyu-Hempşirdə də həssasdır. Məlumatlar həmçinin onu göstərir ki, seçkilərdə Baydeni əvəzləyəcək dörd potensial demokrat namizəd tərəddüddə qalan ştatlarda onu qabaqlayır.

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video