18 Iyul 2024 09:35
114
Mədəniyyət
A- A+

Ulu yurdun ulusal şairi - Rəfiq Zəka Xəndan

Sevgi, məhəbbət, ayrılıq şairlərin əbədi mövzularıdır. Çox söylənib, çox yazılsa da, yalnız ən istedadlıların, sözləri hisslərinə məharətlə, səmimiyyətlə tərcüman edə bilənlərin şeirləri dillərə düşür, yaddaşlarda qalır, onlara musiqilər bəstələnir... Hər şair öz duyğularına şeirlə bir başqa biçimdə həyat verir. Bu misralar da Rəfiq Zəka Xəndanındır: 

 

Mənə bircə kəlmə can söyləsəydin,

O bircə kəlmənə min can verərdim.

Ömrümü, günümü dərd eyləsəydin,

Ömrümü, günümü dərman verərdim.

 

Könlünə, gözünə şəfəq yaymış keçən günlərinə müəllif gələn günlərini qurban verərdi... Ancaq bu elə ayrılıqdır ki… "Bir də ayrılıqdan ayrı düşmərik", - deyirdi şair...

Rəfiq Zəka Xəndan (Rəfiq Hacıyev) 1939-cu il iyunun 16-da Bakıda dünyaya gəlmişdi. O, görkəmli ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru, professor Cəfər Xəndanın oğlu idi. Atası Azərbaycan ədəbiyyatını dərindən bilir, xüsusilə də XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən nüfuzlu tədqiqatçılarından hesab olunurdu. Yəqin buna görə Rəfiq Zəka uşaqlıq illərindən ədəbiyyata böyük maraq göstərirdi.

Onun ilk kitabı 1962-ci ildə işıq üzü gördü. Nakam şairimiz Mikayıl Müşfiqə həsr olunan şeirlər kitabının "Çağlayan" adandırılması təsadüfi deyildi. Ədəbiyyatşünas, tənqidçi Vaqif Yusifli bu barədə yazırdı: "Müşfiqin sağlığında bu adda bir kitabı çap olunmalıydı, amma şairin arzusunu heç olmasa o adla əbədiləşdirmək istədi Rəfiq".

Sonralar Rəfiq Zəka Xəndanın 30-dan çox kitabı çapdan çıxdı. Şeirləri müxtəlif dillərə tərcümə edildi. O, həm də "Axırı yaxşı olar", "Mənim əziz vəhşiciyim" musiqili komediyalarının, "Füzuli" və "Söyüdlər ağlamaz" operalarının mətnlərinin müəllifidir.

Rəfiq Zəka Xəndanın şeirləri yalnız mövzu və məzmun bitkinliyi ilə deyil, eyni zamanda ahəngdarlığı ilə cəlbedicidir Xalq şairi Hüseyn Arifin dediyi kimi: "Rəfiq Zəkanın şeirlərində həzin bir musiqi dolaşır". Bunu bəstəkarlar da duydular. Odur ki, Rəfiq Zəka Xəndanın bir çox şeirinə mahnı bəstələndi. Sözlərinə yazılan "Ana Kür", "Səadət", "Qarabağım" və digər mahnıları bu gün də sevilə-sevilə ifa olunur, dinlənilir.

O, şeirlərini heca və əruz vəznlərində yazırdı. Vətən sevgisi, türkçülük, məhəbbət, qəhrəmanlıq onun əsərlərinin əsas mövzusu və qayəsi oldu.

Sovet hakimiyyəti illər boyu türkçülüyü yasaqlamışdı. Türk olduğu üçün, millətini sevdiyi üçün neçə-neçə soydaşımız sovet hökuməti tərəfindən ən ağır şəkildə cəzalandırılmışdı. Ancaq bu millətin övladları heç zaman öz milli kimliklərini unutmadılar.

Şair öz soy-kökü, milli kimliyi ilə qürur duyduğunu belə qələmə alırdı:

 

Sanma bir zəlzələdən ürkəm mən,

Qranitdən mətinəm, bərkəm mən.

Adı dillərdə gəzən türkəm mən,

Ulu yurdun ulusal şairiyəm!

 

Rəfiq Zəka Xəndan 1980-1990-cı illərdə Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafında böyük işlər gördü. Həmin illərdə Türkiyə mətbuatı səhifələrində onun Azərbaycan ədəbiyyatına, şair və yazıçılarımıza həsr etdiyi maraqlı, diqqətçəkən məqalələri dərc olunurdu. Türk dünyasının tanınan, sevilən ziyalılarından biri olan Rəfiq Zəka müxtəlif vaxtlarda Türkiyənin bir çox şəhərlərində keçirilən elmi konqreslərdə, beynəlxalq konfranslarda və simpoziumlarda iştirak etdi. Türkiyədə kitabları nəşr olundu.

Rəfiq Zəka ədəbiyyatımızın müxtəlif problemlərinə aid onlarla məqalənin, bir sıra dərs vəsaitinin müəllifidir. Elmi yaradıcılığı ilə hər zaman maraq doğuran, diqqət mərkəzində olan alim klassik Şərq ədəbiyyatını, ərəb və fars dillərini, həmçinin Türkiyə türkcəsini dərindən bilirdi. Onun türk dünyasının görkəmli söz ustadları haqqında monoqrafiyaları işıq üzü gördü. Dünya klassik ədəbiyyatı nümunələrini dilimizə tərcümə etdi.

Rəfiq Zəka Xəndan həm də pedaqoji fəaliyyətlə məşğul olurdu. Ali təhsil ocağında estetikadan oxuduğu mühazirələri ilə tələbələrinin dərin sevgisini, rəğbətini qazanmışdı.

Əməkdar incəsənət xadimi Rəfiq Zəka Xəndanın mənalı ömür yolu 1999-cu il yanvarın 7-də son mənzilinə çatdı...

 

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video