08 Aprel 2026 01:18
150
Fərmanlar
A- A+
Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair qaydalar

Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair qaydalar


Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 aprel tarixli Fərmanı ilə təsdiq edilmişdir



1. Ümumi müddəalar

1.1. Bu Qaydalar"Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 13-cü maddəsinin səkkizinci hissəsinə əsasən hazırlanmışdır və qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması və bu Qaydalara əsasən müəyyən edilmiş keçid dövründə qeyri-filiz faydalı qazıntı yataqlarından istifadənin tənzimlənməsinin müvəqqəti qaydalarını müəyyən edir. 

1.2. Bu Qaydaların əsas məqsədi qeyri-filiz faydalı qazıntı yataqlarından səmərəli istifadənin təmin edilməsi, qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin bu sahədə münasibətləri tənzimləyən normativ hüquqi aktların tələblərinə uyğunlaşdırılması, o cümlədən onlar tərəfindən yer təkindən istifadə və onun mühafizəsi sahəsində müəyyən edilmiş tələblərə dürüst əməl olunması, təhlükəsiz iş şəraitinin yaradılması, eləcə də ətraf mühitin və təbii landşaftın mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi və digər kompleks tədbirlərin həyata keçirilməsidir.

1.3. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. dövlət nəzarəti orqanı - qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə, onların mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılmasını, habelə keçid dövründə qeyri-filiz faydalı qazıntı yataqlarından istifadənin tənzimlənməsini və ona nəzarəti yerin təkindən istifadə sahəsində münasibətləri tənzimləyən və digər aidiyyəti normativ hüquqi aktların tələbləri çərçivəsində həyata keçirən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi;

1.3.2. keçid dövrü - bu Qaydaların 8.1-8.3-cübəndlərinin tələbləri nəzərə alınmaqla, bu Qaydalar qüvvəyə mindiyi gündən sonrakı 1 (bir) illik müddət.

1.4. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulan mənaları ifadə edir.

2. Qaydaların tətbiq dairəsi

2.1. Bu Qaydalar qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan aşağıdakı hüquqi və fiziki şəxslərə şamil edilir:

2.1.1. bu Qaydaların qüvvəyə mindiyi tarixə yer təki sahəsindən faydalı qazıntıların çıxarılması məqsədilə "Dağ-mədən ayırması" statusu (bundan sonra - icazə sənədi) qüvvədə olan yer təki istifadəçilərinə; 

2.1.2. bu Qaydaların qüvvəyə mindiyi tarixə icazə sənədinin müddəti bitən və uzadılması barədə "Lisenziyalar və icazələr haqqında" və "Yerin təki haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq müraciət edən yer təki istifadəçilərinə.

3. İşçi qrupun işinin təşkili

3.1. Bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulan yer təki istifadəçilərinin fəaliyyətinin yerin təkindən istifadə sahəsində münasibətləri tənzimləyən və digər aidiyyəti normativ hüquqi aktların tələblərinə tam uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (işğaldan azad olunmuş ərazilər üzrə), "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin və aidiyyəti yerli icra hakimiyyəti orqanlarının azı bir nümayəndəsi təmsil olunmaqla, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən işçi qrup yaradılır.

3.2. İşçi qrupun fəaliyyətinə Nazirliyin müəyyən etdiyi sədr rəhbərlik edir və onun  işini təşkil edir. 

3.3. İşçi qrup, bu Qaydalarla müəyyən edilmiş hüquq və vəzifələri nəzərə alınmaqla, işçi qrupun iclasında təsdiq edilmiş iş planı əsasında fəaliyyət göstərir.

3.4. İşçi qrupun iclasları zərurət olduqda, lakin keçid dövründə altı dəfədən az olmayaraq keçirilir. İşçi qrupun iclaslarının vaxtını və gündəliyini işçi qrupun sədri müəyyən edir.

3.5. İşçi qrupun üzvləri iclaslarda əyani formada, belə iştirak mümkün olmadıqda isə informasiya texnologiyalarından istifadə etməklə distant formada iştirak edə bilərlər. 

3.6. İşçi qrupun iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İşçi qrupun iclasında hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə, iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir və sədr axırıncı səs verir.

3.7. İşçi qrupun katibi sədr tərəfindən ilk iclas zamanı üzvlər arasından müəyyən edilir. 

3.8. İşçi qrupun üzvü təmsil etdiyi dövlət orqanının (qurumunun) adından çıxış edir.

4. İşçi qrupun vəzifələri və hüquqları

4.1. İşçi qrupun əsas vəzifələri aşağıdakılardır:

4.1.1. rübdə bir dəfədən az olmayaraq, görülmüş işlər barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məlumat vermək;

4.1.2. bu Qaydaların 5.1.1-ci yarımbəndinə uyğun olaraq işçi qrupa təqdim edilmiş siyahını məlumat üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək;

4.1.3. öz fəaliyyəti barədə əhalini məlumatlandırmaq və"İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun fəaliyyəti ilə bağlı məlumatları açıqlamaq;

4.1.4. bu Qaydaların 5.1.1-ci yarımbəndində nəzərdə tutulan siyahıya daxil edilmiş yer təki istifadəçilərinin fəaliyyətinin normativ hüquqi aktların tələblərinə uyğunlaşdırılması üzrə görülməsi zəruri olunan tədbirlər, habelə bu məqsədlə yer təki istifadəçiləri tərəfindən təqdim edilməsi tələb olunan sənədlərlə bağlı dövlət nəzarət orqanına tövsiyələr vermək;

4.1.5. qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması və keçid dövründə istifadənin tənzimlənməsi ilə bağlı fəaliyyət üzrə tədbirlərin vaxtında həyata keçirilməsi, yer təki istifadəçilərinin keçid dövrü müddətində qarşılaşdıqları problemlərin operativ aradan qaldırılması və normativ hüquqi aktların tələbləri çərçivəsində digər zəruri dəstək göstərilməsi məqsədilə yer təki istifadəçiləri ilə mütəmadi görüşlər təşkil etmək, habelə əməli və metodiki kömək göstərmək;

4.1.6. bu Qaydaların 5.1.4-cü yarımbəndinə uyğun olaraq qiymətləndirmə prosesində iştirak etmək və qiymətləndirmənin nəticələrinə dair təkliflər vermək.

4.2. Öz vəzifələrini yerinə yetirmək üçün işçi qrupun aşağıdakı hüquqları vardır:

4.2.1. dövlət nəzarəti orqanına və bu Qaydaların 5.1.1-ci yarımbəndində nəzərdə tutulan siyahı ilə müəyyən edilən yer təki istifadəçilərinə bu Qaydalarla müəyyən edilmiş hüquq və vəzifələrinin icrası məqsədilə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.2.2. dövlət nəzarəti orqanından bu Qaydalar üzrə fəaliyyəti barədə rübdə bir dəfədən az olmayaraq hesabat təqdim olunmasını tələb etmək; 

4.2.3. dövlət orqanlarının (qurumlarının), habelə digər qurumların nümayəndələrini işçi qrupun fəaliyyətinə cəlb etmək, xarici məsləhətçilərlə və müstəqil ekspertlərlə əməkdaşlıq etmək;

4.2.4. bu Qaydalardan irəli gələn digər hüquqları yerinə yetirmək.

5. Dövlət nəzarəti orqanının vəzifələri

5.1. Dövlət nəzarəti orqanının vəzifələri aşağıdakılardır:

5.1.1. keçid dövründə fəaliyyətinin müvafiq normativ hüquqi aktların tələblərinə uyğunlaşdırılması nəzərdə tutulan yer təki istifadəçilərinin siyahısını həmin tarixə yerin təkindən istifadəyə görə ödənilməli olan ödənişlərin, o cümlədən tətbiq edilmiş maliyyə sanksiyalarının, faizlərin və cərimələrin ödənilməsi şərtilə, bu Qaydaların 6-cı hissəsində nəzərdə tutulmuş vəzifələrin icrasına dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə işçi qrupla birlikdə 1 (bir) ay müddətində hazırlamaq və zərurət olduqda yeniləmək;

5.1.2. bu Qaydaların 2.1.2-ci yarımbəndində nəzərdə tutulan yer təki istifadəçilərinə keçid dövrü müddətində birillik icazə sənədini vermək; 

5.1.3. keçid dövrü müddətində yer təki istifadəçiləri tərəfindən bu Qaydaların 6-cı hissəsində müəyyən edilən vəzifələrin yerinə yetirilməsinə işçi qrupda təmsil olunan dövlət orqanları (qurumları) ilə birlikdə nəzarət etmək;

5.1.4. bu Qaydaların 8.1-8.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, keçid dövrü bitdikdən sonra 3 (üç) ay müddətində bu Qaydaların 5.1.1-ci yarımbəndində nəzərdə tutulan yer təki istifadəçilərinin fəaliyyətini işçi qrupla birlikdə qiymətləndirmək və bu Qaydaların 6-cı hissəsində müəyyən edilən vəzifələri icra edən yer təki istifadəçilərinin fəaliyyətinin davam etdirilməsi ilə bağlı qərar qəbul etmək və aidiyyəti normativ hüquqi aktlardan irəli gələn digər tədbirləri həyata keçirmək;

5.1.5. bu Qaydaların 5.1.4-cü yarımbəndinə uyğun olaraq aparılmış qiymətləndirmə nəticəsində Qanunla müəyyən edilmiş yer təkindən istifadə hüququnun dayandırılması və ya ləğvinin əsasları aşkarlanarsa, həmin istifadəçilərə münasibətdə yer təkindən istifadə hüququnu "Lisenziyalar və icazələr haqqında" və "Yerin təki haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq dayandırmaq və yaləğv etmək, qeyri-filiz faydalı qazıntı yataqlarının yenidən istifadəyə verilməsini təmin etmək;

5.1.6. yer təki istifadəçilərinin fəaliyyətinin yer təkindən istifadə sahəsində münasibətləri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq davam etdirilməsinin təmin edilməsi istiqamətində digər zəruri tədbirləri həyata keçirmək;

5.1.7. bu Qaydaların 5.1.1-ci yarımbəndində göstərilən siyahıda nəzərdə tutulan yer təki istifadəçilərinə həmin siyahı tərtib edildikdən sonra 10 (on) iş günü müddətində, bu Qaydaların 5-ci hissəsi nəzərə alınmaqla, aşkar edilmiş uyğunsuzluqlara və görülməsi tələb olunan tədbirlərə dair poçt vasitəsilə və ya elektron qaydada bildiriş göndərmək.

5.2. Dövlət nəzarəti orqanı işçi qrupa bu Qaydalarla müəyyən edilmiş vəzifələrinin icrasına dair rüblük hesabat təqdim etməlidir.

6. Yer təki istifadəçilərinin vəzifələri

6.1. Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadənin sağlamlaşdırılması ilə bağlı bu Qaydaların 5.1.1-ci yarımbəndində göstərilən siyahıda nəzərdə tutulan yer təki istifadəçilərinin aşağıdakı vəzifələri vardır:

6.1.1. faydalı qazıntı yataqları üzrə qanunla müəyyən edilmiş hallarda ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədini və ya ekoloji pasportu hazırlamaq və dövlət ekoloji ekspertizası rəyini almaq;

6.1.2. istismarı aparılan sahələrdə torpaqların rekultivasiyası üzrə layihələndirmə işləri aparmaq (rekultivasiya planı hazırlamaq);

6.1.3. dağ-mədən işləri ilə əlaqədar yaranan tullantılardan istifadə ilə bağlı Qanunun tələblərinə əməl etmək;

6.1.4. tullantıların daşınması və zərərsizləşdirməsi üzrə fəaliyyəti normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirmək;

6.1.5. faydalı qazıntıların çıxarılması ilə əlaqədar işlərin texniki layihəsini (və ya dağ işlərinin inkişaf planını) hazırlamaq;

6.1.6. texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi, qaz və elektrik təsərrüfatında təhlükəsizlik tədbirləri üzrə normativ hüquqi aktlarla müəyyən edilmiş tədbirlər görmək;

6.1.7. qurğu və avandanlıqların texniki və ekoloji təhlükəsizlik tələblərinə cavab verməsi ilə bağlı zəruri tədbirlər görmək;

6.1.8. əmək qanunvericiliyi üzrə tələblərə əməl etmək;

6.1.9. torpaq sahəsinin yerquruluşu planını (xəritəsini) əldə etmək;

6.1.10. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən tələb olunduqda, torpaq sahələri üzərində mülkiyyət və istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq;

6.1.11. su obyektlərindən faydalı qazıntıların hasil edilməsi üçün istifadə məqsədilə aidiyyəti dövlət orqanlarından (qurumlarından) müvafiq razılıqlar almaq;

6.1.12. yerin təkindən istifadə sahəsində normativ hüquqi aktlarla müəyyən edilmiş hesabatları və digər texniki sənədləri tərtib etmək, müvafiq dövlət orqanları (qurumları) ilə razılaşdırmaq və normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada aidiyyəti üzrə təqdim etmək;

6.1.13. Qanunun 39-cu maddəsi ilə müəyyən edilən ödənişləri həyata keçirmək; 

6.1.14. normativ hüquqi aktlarla yer təki istifadəçiləri üçün müəyyən edilən digər vəzifələri yerinə yetirmək. 

7. Yer təki istifadəçilərinin siyahısına dair tələblər

7.1. Bu Qaydaların 5.1.1-ci yarımbəndində nəzərdə tutulan yer təki istifadəçilərinin siyahısına aşağıdakı sənədlər və məlumatlar əlavə olunmalıdır:

7.1.1. fiziki şəxsə münasibətdə soyadı, adı, atasının adı, hüquqi şəxsə münasibətdə adı; 

7.1.2. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);

7.1.3."Dağ-mədən ayırması" statusu ilə ayrılmış sahə (ha) və onun koordinatları, habelə icazənin müddəti;

7.1.4. torpaq üzərində hüquq müəyyənedici sənədlərə və torpağın təyinatına dair məlumatlar;

7.1.5. ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi (və ya ekoloji pasport) və rekultivasiya planı;

7.1.6.  dağ-mədən işləri ilə əlaqədar yaranan tullantılardan istifadə və faydalı qazıntıların çıxarılması ilə əlaqədar işlərin texniki layihəsi (və ya dağ işlərinin inkişaf planı);

7.1.7. dağ-mədən işləri ilə əlaqədar fəaliyyət göstərən obyektlərin "Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestri"ndə qeydiyyatdan keçirilməsi barədə məlumat;

7.1.8. işəgötürən funksiyasını həyata keçirən yer təki istifadəçisi tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrə əməl olunmasını təsdiq edən sənədlər, yer təki istifadəçilərinin müvafiq ixtisasını və təcrübəsini təsdiq edən sənədlər (diplom, şəhadətnamə).

8. Yekun  müddəalar

8.1. Bu Qaydaların 5.1.1-ci yarımbəndində göstərilən siyahıda nəzərdə tutulan yer təki istifadəçiləri bu Qaydalar qüvvəyə mindiyi tarixdən etibarən 3 (üç) ay müddətində normativ hüquqi aktların tələblərinə uyğun olaraq sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasını təmin etməlidirlər. 

8.2. Bu Qaydaların 8.1-ci bəndində göstərilən müddət bitdikdən sonra dövlət nəzarəti orqanı 1 (bir) ay müddətində yer təki istifadəçilərinin fəaliyyətində normativ hüquqi aktların tələblərinə uyğun olaraq sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsini qiymətləndirir. Qiymətləndirmə nəticəsində yer təki istifadəçisinin fəaliyyətinin normativ hüquqi aktlarla müəyyən edilmiş  tələblərə cavab vermədiyi müəyyən edilərsə, həmin yer təki istifadəçisinin icazə sənədinin "Lisenziyalar və icazələr haqqında" və "Yerin təki haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq dövlət nəzarəti orqanı tərəfindən dayandırılması və ya ləğv edilməsi işlərinə başlanılır. 

8.3. Dövlət nəzarəti orqanı bu Qaydaların 8.1-ci və 8.2-ci bəndlərinə uyğun olaraq öz fəaliyyətində sağlam və təhlükəsiz əmək şəraitini təmin edən, habelə icazə sənədinin dayandırılması və ya ləğv edilməsi nəzərdə tutulan yer təki istifadəçiləri  barədə 7 (yeddi) iş günü müddətində işçi qrupa məlumat verməlidir. 

8.4. Bu Qaydaların tələblərinə uyğun olaraq ləğv edilmiş icazə sənədi üzrə faydalı qazıntı yataqları Azərbaycan Respublikasının mineral xammala tələbatının ödənilməsi məqsədilə Qanunla müəyyən edilmiş qaydada istifadəyə verilə bilər.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"2000-ci il 21 iyun tarixli Protokol ilə təsdiq edilmiş "Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi haqqında Əsasnamə"yə dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə  

01:25
08 Aprel

"Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:22
08 Aprel

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslərin təltif edilməsi haqqında

01:20
08 Aprel

"Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 17 mart tarixli 380-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

01:19
08 Aprel

Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair qaydalar

01:18
08 Aprel

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan diyircəkli yastıqların satın alınması məqsədilə açıq tender elan edir

01:17
08 Aprel

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan qaynaq çubuqlarının satın alınması məqsədilə açıq tender elan edir

01:16
08 Aprel

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan boyaların satın alınması məqsədilə açıq tender elan edir

01:16
08 Aprel

“E R A” ASC-nin səhmdarlarının nəzərinə

01:14
08 Aprel

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Həssas əhali qruplarından olan şəxslərin asudə vaxtının davamlı təşkili məqsədilə təşəbbüslərin həyata keçirilməsi" adlı müsabiqə keçirir

01:13
08 Aprel

Türkiyə Prezidenti İran ətrafındakı böhranı diplomatik yolla həll etməyə çağırıb  

23:25
07 Aprel

İsrail İranda 10 əsas körpü və dəmir yollarına zərbə endirib

21:23
07 Aprel

Vens ABŞ-nin İranla razılaşma əldə edəcəyinə ümidlidir

21:13
07 Aprel

Vəkillər Kollegiyasının sədri yeni təyin olunan hakimlər üçün icbari tədris keçib

20:49
07 Aprel

Şair-diplomat Hacan Hacısoyun 80 illik yubileyi qeyd olunub

20:29
07 Aprel

Sorğu: 10 fransızdan 9-u jurnalistikanı "faydalı peşə" hesab edir

19:59
07 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

19:51
07 Aprel

Bakı Limanında səpkili yük Aşıması 46 faiz artıb

19:48
07 Aprel

Elektrik enerjisinin 29,1 faizi bərpaolunan mənbələrdən istehsal edilib

19:36
07 Aprel

Bakıda WUF13 çərçivəsində nəqliyyat monitorinqi

19:26
07 Aprel

Milli Məclisdə Azərbaycan və Türkiyə prokurorluqları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

19:17
07 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!