30 Aprel 2026 08:15
173
SİYASƏT
A- A+
Beynəlxalq birliyin Azərbaycana yeni baxışı

Beynəlxalq birliyin Azərbaycana yeni baxışı


Prezident İlham Əliyevin son birhəftəlik iş qrafikinə nəzər saldıqda Azərbaycanın Vətən müharibəsi və antiterror tədbirlərində qələbəsi ilə qazandığı regional güc imicinin tədricən qlobal lokomotiv formatına transformasiya olunduğuna şahidlik edirik. Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana səfəri çərçivəsində Qəbələdə Prezident İlham Əliyevlə birlikdə mətbuata bəyanatlarla çıxışı zamanı ifadə etdiyi kimi, qısa müddət öncə Ukrayna Prezidentinin Azərbaycana gəlişi, hazırda isə İtaliyanın Baş naziri Corcia Meloninin gözlənilən səfəri Azərbaycanın dünyanın diqqət mərkəzində olmasını və ölkəmizin beynəlxalq əhəmiyyətini bir daha nümayiş etdirir. Aydındır ki, dövlətimizin liderlik mövqeyinin güclənməsində ehtiva olunan cari reallıq tarixi proseslərin təbii axarında formalaşmayıb. Bu prosesin təməlində ciddi siyasi iradədən hərbi gücə, iqtisadi imkanlardan sosial siyasətə qədər çoxşaxəli fəaliyyətin uğurlu menecmenti dayanır. 

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qəzetimizə açıqlamasında bildirib ki, ilkin mərhələdə uğurla realizə olunan neft strategiyası ölkənin siyasi və iqtisadi müstəqilliyinin tam şəkildə bərqərar olunmasına, nəticə etibarilə tam müstəqil hərəkət qabiliyyətinə malik subyekt qismində siyasi iradə nümayiş etdirməyə imkan yaradıb. Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən çoxvektorlu xarici siyasət kursunda ümumbəşəri dəyərlərin və beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplərin rəhbər tutulması, başqa dövlətlərin ərazi bütövlüyünə və müstəqilliyinə qəsd vasitəsi və münaqişələrin həlli üsulu kimi müharibənin rədd edilməsi, eləcə də bütün dünya xalqları ilə sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu istiqamətdə əməkdaşlıq etmək vəzifələrinin prioritet olaraq müəyyən edilməsi Azərbaycanın qlobal birliyin məsuliyyətli imicini formalaşdırıb. "Bəşəriyyətin çətin sınaqlara məruz qaldığı həssas dönəmdə Prezident İlham Əliyevin təşəbbüsləri ələ alması, istər pandemiya, istər vaksin milliyyətçiliyi, istər neoimperialist niyyətlər, istərsə də neokolonializm qarşısında qətiyyətli mövqe ifadə etməsi ölkəmizin beynəlxalq arenada hərəkətverici mövqeyini möhkəmləndirdi. Azərbaycanın Vətən müharibəsində və antiterror tədbirlərində böyük zəfərləri ilə BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının qətnamə və qərarları başda olmaqla, çoxsaylı beynəlxalq və regional mexanizmlərin qərarlarına məhəl qoyulmayan və cəzasızlıq mühiti presedenti yaratmaqla, ümumbəşəri təhdidə çevrilən işğal amilinə öz gücü və imkanları hesabına son qoyması, eləcə də son iki əsrin həlli faktiki mümkünsüz görünən separatizm amilinin tam şəkildə aradan qaldırılması ölkəmizin paralel olaraq müasir nizam qurucusu obrazını formalaşdıraraq daha da möhkəmləndirdi", - deyə o əlavə edib. 

Deputat qeyd edib ki, Azərbaycanın bir çox beynəlxalq tədbirə evsahibliyi etməsi, eləcə də beynəlxalq təsisatlarda idarəçi qismində uğurlu təcrübə ortaya qoyması Prezident İlham Əliyevin rəsmi Bakının təşəbbüslərə qoşulan subyektdən təşəbbüskara, daha dəqiq desək, daha sabit dünya, daha yaxşı rifah naminə real mexanizmlərə malik ideyaların yaradıcısına və uğurlu icraçısına çevrilməsi bütövlükdə ölkəmizə beynəlxalq birliyin baxışını dəyişdi. Nəticə etibarilə bir vaxtlar BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra edilməməsinə məhəl qoymayan beynəlxalq birlik məhz Azərbaycanın güc və imkanlarının hesabına yaranan yeni reallığın qəbulunda ehtiva olunan aydın mövqe nümayiş etdirməyə başladı. Dövlət başçısının rəhbərliyi altında ölkədə iqtisadi mühitin sağlamlaşdırılmasından məhkəmə-hüquq islahatlarına qədər atılan çoxşaxəli addımlar, eləcə də çoxsaylı maneələrə baxmayaraq, reallaşdırılan transmilli layihələr Azərbaycanı etibarlı investisiya mühitinə və qlobal əhəmiyyətli nəqliyyat-kommunikasiya habına çevirdi. "Məhz dövlət başçımızın qətiyyəti ilə realizə olunan transmilli layihələr, o cümlədən enerji infrastrukturları Azərbaycana nəinki öz ehtiyatlarını dünya bazarına çıxarmağa imkan verdi, üstəlik, Aİ-nin üzvləri də daxil olmaqla dünyanın 16 ölkəsinin enerji təhlükəsizliyində, dolayısı ilə milli təhlükəsizliyində Bakını söz sahibinə çevirdi. Həmçinin Prezident İlham Əliyevin hərbi-siyasi qələbələrin nəticələrinin dayanıqlı sülh və sabitliyə keçidini təmin etməsi yalnız Azərbaycan üçün yox, bütövlükdə Cənubi Qafqaz üçün tam yeni dövr başlatmış oldu. Bu mürəkkəb coğrafiyada öz maraqlarını daim münaqişələr hesabına təmin etməyə alışmış güclər məhz Azərbaycan Prezidentinin formalaşdırdığı konfiqurasiya qarşısında təslim olaraq bərabərhüquqlu əməkdaşlıq mühitinin daha çox fayda gətirə biləcəyinə əməli şəkildə şahid oldular. Xüsusən Azərbaycan və Ermənistan arasında Prezident İlham Əliyevin təşəbbüsləri üzərində qurulan sülh reallığının de-fakto sülhlə nəticələnməsi, o cümlədən Vaşinqton razılaşmasının ardınca iki dövlət arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsinə dair Sazişin paraflanması, Azərbaycanın Ermənistana tranzit daşımalarla bağlı məhdudiyyəti aradan qaldırması, eləcə də ilkin ticari əlaqələrin formalaşması, habelə sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində ilkin uğurların müşahidə olunması cari reallıqların bünövrəsini daha da möhkəmləndirdi. Beləliklə, ABŞ, Rusiya, Fransa və digər iri güclərin də etiraf etdikləri kimi, sülh quruculuğu üzrə uğurlu Azərbaycan modeli ortaya çıxdı", - deyə deputat bildirib.

B.Məhərrəmov vurğulayıb ki,  dialoqdansa daha çox hərbi ritorikaya üstünlük verildiyi müasir dövrdə, təbii ki, uğurlu sülh modelinə nail olmaq mümkünsüz kimi görünür, lakin Azərbaycanın yaratdığı əmsal mübaliğəsiz formada bəşəriyyət üçün nicata çevrilməyə başlayıb. Təbii ki, bu nümunə dünya xalqları, ələlxüsus münaqişələrdən əziyyət çəkən tərəflər üçün ümid işığına çevrilib. Təsadüfi deyil ki, Azərbaycana işgüzar səfəri çərçivəsində dünyanın ən qaynar nöqtələrindən biri və Şərqlə Qərb arasında faktiki qırılma nöqtəsi sayılan Ukraynanın Prezidenti məhz ölkəmizin nümunəsinə müraciət edilməsinin vacibliyini önə çəkərək Rusiya ilə danışıqlarda Azərbaycanın evsahibliyi və vasitəçiliyi roluna açıq mətnlə inamını bildirdi. Cəmi 6 il əvvəl işğal, təcavüzə məruz qaldığı, separatizmdən əziyyət çəkdiyi dövrdə Azərbaycanın nəinki öz problemlərini həll edəcəyi, üstəlik, qlobal miqyasda münaqişələrə son qoyulması, əməkdaşlıq mühitinin yaranması, iqtisadi bağların uğurla qurulması istiqamətində liderlik nümayiş etdirəcəyini təsəvvürə gətirmək çətin idi. Lakin Prezident İlham Əliyev fəaliyyətinin bütün dövründə olduğu kimi, gələcəyə inamlı idi və onun Azərbaycanın müasir qlobal aktor mövqeyinə çatmasında bu inam və qətiyyət həlledici amil kimi çıxış etdi. Yuxarıda da qeyd etdiyimiz kimi, bu reallıqların təməlində bir çox amil dayanır, o cümlədən ölkəmizin yerləşdiyi coğrafi mövqe, malik olduğu zəngin sərvətlər prosesdə müstəsna əhəmiyyətə malikdir. Lakin unutmayaq ki, Azərbaycan dünyanın ən zəngin təbii sərvətlərə və ən uğurlu coğrafiyasına malik yeganə dövlət deyil. Bu gün ciddi ehtiyatları və uğurlu coğrafi mövqeyi bir çox dövlət üçün mənfəətdən daha çox zərərə gətirib çıxaran situasiyaya səbəb olur, o cümlədən də Azərbaycan uzun bir dövr ərzində özünün coğrafi mövqeyi və təbii sərvətlərinə görə işğalçıların və imperialist dairələrin çirkin maraqlarının toqquşduğu məkana çevrilmişdi. 

Deputat qeyd edib ki, məhz Ulu Öndərin siyasi kursu və Prezident İlham Əliyevin qətiyyətli liderliyi ilə tarixdə ilk dəfə olaraq Azərbaycan özünün təbii sərvətlərini uğurla milli zənginliyə və insan kapitalına çevirə, həmçinin strateji coğrafi mövqeyini xalqın rifahına aparan dividendə transformasiya edə bilib: "Məhz bu siyasət Azərbaycanı bir vaxtlar çörəyə möhtac, elektrik enerjisini fasilələrlə təmin edən dövlətdən hazırda Avropanın əsas enerji təminatçılarından birinə, həmçinin alternativ enerji sahəsində adı dünya nəhəngləri ilə bərabər çəkilən, bu sahədə titanik layihələrə start vermiş dövlətə çevirmişdi. Qısa dövr ərzində Azərbaycanın əyalət şəhəri olan Qəbələyə dövlət və hökumət başçılarının səfərləri və verdiyi bəyanatların da təməlində cənab İlham Əliyevin siyasi iradəsi və dönməz qətiyyəti ilə formalaşan cari situasiya dayanır".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Niyə istifadə etmədiyimiz bəzi əşyaları ata bilmirik

09:25
30 Aprel

Sərhəd tanımayan musiqi janrı

09:20
30 Aprel

Sənətin möcüzəsi 

09:15
30 Aprel

Yağmurlu hava Tovuzda kartof əkininə mane olmur

09:10
30 Aprel

Masallının Xırmandalı kəndində Yaradıcılıq Evi fəaliyyət göstərir

09:07
30 Aprel

Təcrübə sözünü deyir

09:05
30 Aprel

Sumqayıtda qaz infrastrukturu müasir standartlara uyğunlaşdırılır

09:03
30 Aprel

Bu mövsüm pambıqçılar su sarıdan korluq çəkməyəcəklər

09:00
30 Aprel

Masallıda əmək yarmarkası: 200 işaxtaran, 104 vakant

08:55
30 Aprel

Astarada növbəti tibbi aksiyadan 200 nəfər yararlanıb

08:50
30 Aprel

Şəmkirdə elektrik təsərrüfatı yenilənir

08:45
30 Aprel

Bakı WUF13 ərəfəsində

08:40
30 Aprel

Milli məfkurə və vətənsevərlik ruhunda yazılan "XX əsr Azərbaycan ədəbiyyatı tarixi"

08:35
30 Aprel

Polad iradəli qəhrəmanlar

08:30
30 Aprel

Aprel: neysandan leysana, bərəkətdən fəlakətə

08:25
30 Aprel

Maliyyə icarəsi fəaliyyətinin təkmil hüquqi əsasları yaradılır

08:20
30 Aprel

Beynəlxalq birliyin Azərbaycana yeni baxışı

08:15
30 Aprel

Azərbaycan-Çexiya əlaqələri çoxvektorlu səciyyə daşıyır

08:10
30 Aprel

Qəbələ bu dəfə yüksəksəviyyəli görüşlərin ünvanı kimi dünya gündəmində oldu

08:05
30 Aprel

Bakı qlobal geosiyasətin ehtiramla qəbul olunan aktorudur 

08:00
30 Aprel

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:28
30 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!