Evdə yığılıb qalan bəzi əşyalar var ki, onları atmaq barədə düşünəndə belə insanın içində qəribə bir tərəddüd yaranır. Əslində, bu tərəddüd əşyaya bağlılıq deyil, daha dərin, daha insani səbəblərlə bağlıdır. Çünki biz çox vaxt əşyaları onların maddi dəyərinə görə yox, onlara yüklədiyimiz mənalara görə saxlayırıq. Bir köhnə geyim, istifadə olunmayan qab-qacaq və ya illərdir açılmayan xarab cihaz, sadəcə, əşya olmaqdan çox keçmişin bir hissəsi, yaşanmış anların izi kimi qəbul edilir.
İnsan yaddaşı maraqlı işləyir. Bəzən konkret bir xatirəni vərəqləmək üçün heç nə lazım olmur, amma bəzən də kiçik bir əşya bütün keçmişi yada salır. Məhz buna görə də bir çox insan "bu mənə filan günü xatırladır" deyərək həmin əşyadan ayrılmaq istəmir. Əslində isə biz xatirəni yox, onun fiziki simvolunu qorumağa çalışırıq. Halbuki xatirənin özü bizim yaddaşımızdadır və əşya, sadəcə, onun bir "tətikləyicisi"dir.
Digər tərəfdən "bəlkə lazım olar" düşüncəsi də əşyaları atmağın qarşısını alan səbəblərdən biridir. Bu düşüncə xüsusilə uzun müddət qənaət etməyə öyrəşmiş insanlarda daha çox olur. İnsan sanki gələcəkdə qarşılaşa biləcəyi hansısa ehtiyacı ödəməyə hazır olmaq istəyir və bu hazırlığın bir hissəsi kimi istifadə etmədiyi əşyaları saxlayır. Amma reallıqda bu əşyaların böyük hissəsi illərlə toxunulmadan qalır və heç vaxt gərək olmur.
Bir başqa səbəb isə əşyalara emosional bağlılıqdır. Belə əşyalar bizə müəyyən insanları xatırladır - artıq həyatımızda olmayan birini, yaxud hansısa keçmiş günləri. Bu halda əşyanı atmaq sanki o insanla və ya o dövrlə bağlı xatirələri silmək kimi hiss olunur. Ona görə də insan əşyanı yox, bir hissi itirməkdən qorxur. Bu qorxu çox vaxt şüuraltı olur və insan bunu açıq dərk etməsə də, qərarlarına təsir edir.
Bəzən düşünürük ki, istifadə etmədiyimiz əşyaları saxlamaq bizə zərər vermir. Amma, əslində, bu həm fiziki, həm də psixoloji baxımdan təsir edir. Dolu dolablar, bir tərəfdə yığılan əşyalar, qarışıqlıq insanın zehni vəziyyətinə də təsirsiz ötüşmür. Halbuki sadə və boş məkan daha aydın düşüncə və rahatlıq yaradır. Bu səbəbdən istifadə etmədiyimiz əşyalardan xilas olmaq yalnız fiziki təmizlik deyil, eyni zamanda daxili yüngülləşmək olardı.
Bəzən isə əşyalar insanın kimliyi ilə bağlı olur. Məsələn, illər əvvəl alınmış, amma artıq geyilməyən paltarlar "mən kim idim" sualının cavabı kimi qalır. İnsan dəyişsə də, o əşyalar keçmiş "mən"i qoruyur kimi hiss olunur. Bu səbəbdən onları atmaq bəzən dəyişimi qəbul etmək deməkdir və bu, hər kəs üçün asan deyil.
Sosial və mədəni amillər də bu məsələdə rol oynayır. Bəzi mühitlərdə əşya saxlamaq "israf etməmək" kimi qiymətləndirilir və bu, müsbət xüsusiyyət sayılır. Bu yanaşma bir tərəfdən düzgün olsa da, digər tərəfdən insanların ehtiyacdan artıq əşya toplamasına səbəb ola bilir. İnsan özünü sanki nəyisə atmaqla "pis" bir şey edirmiş kimi qavrayır.
Maraqlı bir məqam da var: əşyaların çoxluğu bəzən insana təhlükəsizlik hissi verir. Dolu dolablar və qutular sanki "hər şey var" mesajı yaradır. Bu isə xüsusilə qeyri-müəyyənlikdən narahat olan insanlar üçün psixoloji rahatlıq kimi işləyir. Halbuki əksinə, çox əşya bəzən zehni qarışıqlıq yaradır və insanın diqqətini yayındırır.
Digər tərəfdən, qərar vermək çətinliyi də böyük rol oynayır. Hər bir əşya üçün "saxlayım, yoxsa atım?" sualına cavab vermək çox vaxt asan olmur. İnsan bu qərardan qaçmaq üçün ən asan yolu seçir - heç nəyi dəyişməmək. Beləcə, əşyalar atılmamış qalır və zaman keçdikcə daha da çoxalır.
Bütün bunların fonunda bir həqiqət ortaya çıxır: biz əşyaları yox, hissləri saxlayırıq - qorxularımızı, xatirələrimizi, keçmişimizi və bəzən də gələcəyə dair narahatlıqlarımızı. Ona görə də bu mövzuya, sadəcə, "təmizlik" və ya "yığışdırmaq" kimi baxmaq kifayət etmir. Bu, bir növ daxili prosesdir.
Amma maraqlıdır ki, insan bəzi əşyalardan azad olduqdan sonra özünü daha yüngül hiss edir. Sanki fiziki boşluqla birlikdə zehni bir rahatlıq da yaranır. Bu, əşyaların həyatımızdakı yerini yenidən düşünmək üçün bir fürsətdir. Hər şeyi atmaq və ya saxlamaq məcburiyyətində olmadığımızı anlamaq vacibdir. Bir də ki, bizim üçün artıq əhəmiyyətini itirmiş bir əşya başqası üçün faydalı və dəyərli ola bilər. Bir vaxtlar istifadə etdiyimiz, amma indi kənarda qalan geyimlər, kitablar, məişət əşyaları kimlərinsə gündəlik həyatını asanlaşdıra, ehtiyacını qarşılaya bilər. Bu, sadəcə, paylaşmaq deyil, həm də resursların daha düzgün istifadə olunmasıdır. Bir əşyanın ömrü onun sahibinin dəyişməsi ilə davam edə bilər.
Nərminə ƏSGƏROVA,
"Azərbaycan"