"Məxməri mövsüm" Azərbaycan təbiətinin rəngini və ahəngini kəşf etmək üçün qaçılmaz fürsətdir
Artıq qızılı payızın ayaq səsləri duyulur. Payızın ovqatı bir ayrıdır, nağıla bənzəyir. Burada nə yayın gurultusu, nə də qışın sərtliyi insanı yorur. Sadəcə sakitlik, rəng və bir az da romantika dolu kövrəklik. Bəlkə də elə buna görə payızda səyahət etmək başqa fəsillərdən fərqlidir. Bu səyahət insanı təbiətin ən sakit, ən rəngarəng və ən duyğulu halı ilə görüşdürür. Bu baxımdan, payız turizmi saralmış yarpaqların arasından keçən yollar, dumanlı dağlar, sərin meşələr və yaddaşda uzun müddət yaşayan mənzərələr deməkdir.
Mövsümün gəlişi ilə yayın gursəsli, intensiv günlərindən sonra turizm məkanlarında temp tədricən azalır. Bu dövr bir növ mövsümlərarası nəfəsdir. Yəni yay fəslində qonaqlara xidmət göstərən turizm obyektləri və şirkətləri əməkdaşlarının istirahətinə imkan yaradır, eyni zamanda qarşıdakı qış mövsümünə hazırlıqlarını görürlər. Amma bu, o demək deyil ki, payız fəsli turizm üçün səssiz bir mövsümdür.
Turizm üzrə ekspert Kənan Hənifəyev deyir ki, bu müddətdə turizm subyektləri yeni turizm proqramlarının hazırlanması, marşrutların yenilənməsi, xidmətlərin təkmilləşdirilməsi və qış turizmi mövsümünə hazırlıq istiqamətində intensiv işlər həyata keçirirlər: "Payız ayları turizm sektorunda növbəti mövsüm üçün planlaşdırma və heyətlərin peşəkarlığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə Qəbələ, Şahdağ və Tufandağ kimi dağ-xizək mərkəzlərində infrastrukturun texniki baxışdan keçirilməsi, mehmanxana və yerləşmə məkanlarının qış mövsümü üçün rezervasiya sistemlərinin yenilənməsi məhz bu dövrə təsadüf edir. Bundan əlavə, bölgələrdə aqroturizm, sağlamlıq (sanatoriya-kurort) və mədəni turizm istiqamətində payız paketlərinin formalaşdırılması da aktuallıq qazanır".
Yay aylarının sıxlığından və izdihamından dolayı kəşf edə bilmədikləri məkanlar payızda turistlər üçün daha əlçatan olur. Təbiətin sakitləşdiyi, yolların seyrəldiyi bu mövsüm Azərbaycana gələn xarici qonaqlar üçün ölkəni daha yaxından tanımaq imkanı yaradır. Bəlkə də elə buna görə payız aylarında ölkəyə üz tutan turistlərin sayı yay mövsümündən o qədər də fərqlənmir. Yayda daha çox sərin iqlimdən gələn turistlərə rast gəlinirsə, payızda isti ölkələrdən gələn qonaqların sayı artır. Xüsusilə Fars körfəzi ölkələrindən gələnlər üçün Azərbaycanın payızı tamam başqa bir aləmdir. Sarı-qızılı yarpaqlara bürünən meşələr, sakit parklar, al-əlvan rəngə boyanan bağlar onları özünə çəkir. Ərəb ölkələrindən gələn turistlər üçün mülayim, bəzən də yağışlı, çiskinli və küləkli payız havası fərqli bir təəssürat yaradır. Onların öyrəşdikləri isti iqlimdən sonra Azərbaycanın sərin nəfəsi, yağışın şəhər küçələrinə gətirdiyi romantika və dumanlı dağ mənzərələri əsl təbiət tablosuna çevrilir.
Amma payızın sehri yalnız havada və rənglərdə deyil. Bu fəsil həm də bolluq fəslidir. Bağlarda yetişən heyva, nar, xurma, kivi, naringi, portağal, limon və zeytun sanki süfrələrə təbiətin öz əli ilə çəkilmiş rəngli bir tablo gətirir. Yayın meyvələri ilə vidalaşan yollar bu dəfə payızın şirin nemətləri ilə turistlərə "gəl-gəl" deyir. Qubanın "Alma festivalı", Göyçayın "Nar festivalı", Lənkəranın "Çay, çəltik və sitrus meyvələri festivalı", Qəbələnin "Mürəbbə festivalı" payızın rənglərinə daha bir çalar qatır. Bu festivallar hər il özünəməxsusluğu ilə turistləri bölgələrə səsləyir. Burada bolluq bayrama, məhsul isə sevincə çevrilir, milli musiqi və şənliklər insanda xoş ovqat yaradır. Xarici turist üçün isə bütün bunlar yeni və unudulmaz bir təəssüratdır. O, Azərbaycanın təkcə mənzərələrini deyil, bu torpağın bayram sevincini də özü ilə aparır.
Payızın sakit ritmi bəzən beynəlxalq tədbirlərin yaratdığı hərəkətliliklə pozulur, ölkənin turizm həyatında yeni bir canlanma başlayır. Bu dinamikanın turizmə təsirini dəyərləndirən Kənan Hənifəyev payızda keçiriləcək beynəlxalq idman tədbirlərinin və mövsümi biznes konfranslarının xarici turist axınının artmasına təsir göstərəcəyini söyləyir: "Xüsusilə "Formula-1" Azərbaycan Qran-Prisinin keçirilməsi, eləcə də "Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının oyunları çərçivəsində Bakıda keçirəcəyi qarşılaşmalar zamanı ölkəyə xarici qonaqların səfərinin artacağı gözlənilir. Bu cür beynəlxalq tədbirlər yalnız turist axınının artmasına deyil, eyni zamanda ölkənin turizm imkanlarının xarici auditoriyaya daha geniş təqdim olunmasına, mehmanxana, iaşə, nəqliyyat və digər xidmət sahələrində aktivliyin yüksəlməsinə də şərait yaradır".
Ekspertin fikrincə, irimiqyaslı beynəlxalq idman və mədəniyyət tədbirləri birbaşa və dolayısı ilə iqtisadiyyatın müxtəlif sahələrinə təsir göstərir. Payız aylarında paytaxta gələn azarkeş və nümayəndə heyətlərinin hesabına hotel sektorunun gəlirləri artır. Üstəlik, şəhər nəqliyyatı, suvenir satışı, milli mətbəx obyektləri və muzeylərin qazancının yüksəlməsinə təkan verir. Bu da öz növbəsində mövsüm risklərini azaldaraq, ölkədə 12 aylıq davamlı turizm modelini formalaşdırır.
İki-üç günlük payız turları da səyahət həvəskarlarının seçimində xüsusi yer tutur. Quba, Qəbələ, İsmayıllı, Şəki-Qax-Zaqatala, Lənkəran, Masallı, Lerik və Astara istiqamətləri payızın rənglərinə bürünən ən sevilən marşrutlardandır. Xüsusilə cənub bölgəsində sitrus bağları, çay plantasiyaları və kənd mənzərələri bu səfərlərə ayrı bir rəng qatır. Payız həm də piyada turlar üçün ideal mövsümdür. Sərin hava, yarpaqlarla örtülən meşə yolları və dağ cığırları insanı təbiətin qoynunda addımlamağa çağırır. Quba və Qəbələnin meşələrindən Lerik və İsmayıllının dağ yollarına qədər hər cığır öz hekayəsini danışır. Belə turlarda yol yalnız gedilən məsafə deyil, təbiətlə qurulan səssiz bir söhbətdir.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda turizmin inkişafı üçün görülən işlər payız turizminə də yeni nəfəs gətirir. Bu mövsüm ildən-ilə daha çox diqqət çəkir, daha çox insanı yollara çıxarır. Çünki payız, sadəcə, bir fəsil deyil. O, təbiətin insana "bir az dayan, nəfəs al və yaşadığın anın gözəlliyini hiss et" dediyi zamandır.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"