11 Sentyabr 2026 09:45
949
Mədəniyyət
A- A+
Boyunbağı

Boyunbağı


Yaxud qayınana da anadır


Bu, olmuş hadisədir, Bakıya yaxın qəsəbələrin birində baş verib. Bizsə bu hekayəti olayın yaşandığı ailənin üzvlərinin birinin dilindən eşitmişik.

Ənvər kişi təmkinli və tədbirli adam idi. Dörd oğul atası olduğundan fikirləşirdi ki, əvvəlcədən onların ev məsələsinin qayğısına qalmaq lazımdır. Elə bu niyyətlə də həyətinin o biri başında, öz evi ilə üzbəüz böyük oğlu Mehmanın adına ikiotaqlı xudmani bir ev qurmuşdu. Sonrasına isə ömür vəfa etmədi.

Xəstəlik yatağında olanda arvadına vəsiyyət etdi ki, bax, Sənəm, mənə uzun-uzadı yas saxlama. Uşaqlar barədə fikirləş, əslində, dördünün də evlənmək vaxtı çatıb. Mehmanın evi var, Mahiri isə öz yanında saxlayarsan. Sonbeşik kimi qoy yurdçumuz o olsun. Qaldı ki Maliklə Mehraca, onlara görə də narahat olma. Maşallah, oğullarımız fərasətlidir. Şükür ki, aralarında birlik, mehribanlıq da var. Dörd qardaş birləşib məsələni həll edəcəklər. İndi hər yanda tikinti gedir. Ev almağa, tikdirməyə hər cür imkan var. Hökumət də cavan ailələrə kömək edir, ipoteka-flan... 

Sənəm ərinin vəsiyyətinə əməl etdi. Artıq bir neçə ay idi ki, evinə gəlin gətirmişdi. Mehman özünün fizika fənnindən dərs dediyi məktəbdə işləyən ibtidai sinif müəllimi Mehri ilə ailə qurmuşdu. Sənəm ona baxıb sevinərək ürəyində deyirdi: "Xoşxasiyyət qızdır, həm də qəşəngdir, oğluma yaraşır. Adları da bir-birinə oxşayır, işləri, peşələri də eynidir. Bu günə şükür".

Ancaq bir neçə gündür gəlinin eyninin açılmaması ananı çox narahat edirdi. Ən pisi isə o idi ki, Sənəm bunun səbəbini öyrənə bilmirdi.

Növbəti günlərin birində o gördü ki, Mehri həyətdəki gilas ağacının altında, otların arasında nə isə axtarır. Demə, gəlin toy hədiyyələrindən olan qızıl boyunbağını itirib. Yarım aydır elə onu axtarır. Çox peşmançılıq çəkir. Özünü məsuliyyətsizliyi üçün qınayırmı? Yoxsa, itirilən əşyanın heç də ucuz bir şey olmadığına görə və asanlıqla alınmadığına görə heyifslənirmi? Yoxsa, toy hədiyyəsinin itməsinin yaxşı bir əlamət sayılmadığına görə təlaş keçirirmi?.. Hər nə isə narahatlığı gündən-günə artırdı. Sənəm ona təsəlli verməkdən yorulmuşdu:

- Ay qızım, canınız sağ olsun. Təki zərər dünya malına dəysin.

Amma bu öyüd-nəsihət fayda vermirdi. Sənəm "nə etməli" deyə düşünürdü. Bir gecə səhərəcən yata bilmədi. Səhər tezdən kiçik oğlunu səslədi:

- Ay Mahir, bir az tez oyan, bala, çayını iç, taksi sifariş elə, mənimlə bir "Moskva" univermağına dəyək.

Sənəm ikinci oğlunu evləndirmək üçün kisə dibinə bir qədər pul atmışdı. Onu da götürüb yollandı "Moskva" Ticarət Mərkəzinə. Əlindəki vəsaitə müqabil qıvraq bir qızıl zəncir aldı. Evə dönən kimi onu Mehrinin boynundan asdı və möhkəm-möhkəm tapşırdı ki, indən belə itirdiyi zinət əşyasını yadına salmasın.

Bundan bir həftə sonra isə "möcüzə" baş verdi. İtən boyunbağı tapıldı. Özü də haradan? Mehrinin cehiz gətirdiyi dolabın üstündən. Deməli, dolabın üstünə çəkilmiş sarı rəngli, zərli sapla işlənmiş örtük oraya qoyulmuş qızıl zənciri diqqətdən yayındırmış, gözəgörünməz etmişdi... 

Həmin gün məktəbdə dərs saatı çox olan Mehman evə döncək anası ilə həyat yoldaşının mübahisə etdiyini eşidib həyətdə ayaq saxladı. Təşvişə düşdü, irəliləyə bilmədi. Sanki ayağı yerə pərçimlənmişdi, amma içəridən gələn səsləri aydın eşidirdi. Gəlin deyirdi:

- Ana, mən bu zəncirin hər ikisinə sahib çıxa bilmərəm. Hansı birini isə götür. Axı sənin evlənəsi hələ üç subay oğlun var. 

Qayınana isə etiraz edirdi:

- Ay bala, hər ikisi sənin qismətindir. Biri itməyə, yaxud itib sonra tapılmaya da bilərdi. İkincisini almağa ehtiyac da qalmazdı. Allahın işidir. Sən mənim birinci gəlinimsən. Qoy bəzək-düzəyin çox olsun, mənim də gözümü oxşasın.

Mehman yavaş-yavaş pillələri qalxıb anasıgilin eyvanına daxil oldu. Qayınana ilə gəlin ana-bala kimi qucaqlaşıb kövrəlmişdilər...

...Təxminən il yarım sonra ikinci qardaşı evləndirmək qərarına gəldilər. Ailə bir yerə toplaşıb toy barədə məşvərət edirdi. Ən sonda Mehri dindi. Qayınanasından xahiş elədi: 

- Ana, sabah bir neçə saat balaca Sənəm səninlə qalsın. Biz Mehmanla "Moskva" univermağına dəyəcəyik. Təzə gəlinin boyunbağısı bizdən...


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb  

12:38
17 Oktyabr

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb  

12:33
17 Oktyabr

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib  

12:28
17 Oktyabr

Qaradağ rayonunda Müstəqilliyin Bərpası Günü və Xankəndi şəhərində Dövlət Bayrağının ucaldılmasının ildönümü ilə əlaqədar tədbir keçirilib  

12:27
17 Oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib  

11:56
17 Oktyabr

Azərbaycan nefti 116 dollara satılır

11:29
17 Oktyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  

10:35
17 Oktyabr

Bilmək istəyirəm

10:20
17 Oktyabr

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib  

10:17
17 Oktyabr

Nə əkərsən...

10:10
17 Oktyabr

Hədəf məhsuldarlığı 50 sentnerə çatdırmaqdır

10:00
17 Oktyabr

Dövlət başçısının YAP-ın VIII qurultayındakı çıxışı yerlərdə müzakirə edilir

09:50
17 Oktyabr

ZƏFƏR gündəliyi

09:40
17 Oktyabr

Azərbaycanın milli dəyərləri qoruması qədim türk mədəniyyətinin yaşadılmasına mühüm töhfə verir

09:30
17 Oktyabr

Dünyəvi təhsil milli tərəqqinin və sivil gələcəyin təminatıdır

09:20
17 Oktyabr

Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub

09:10
17 Oktyabr

Məzarsız atanın neftçi oğlu: "Qara qızıl"ın Vətən payı

09:00
17 Oktyabr

Xudafərin - daş tarixdən Zəfər zirvəsinə 

08:50
17 Oktyabr

Böyük Zəfər tarixinin qəhrəmanlıq səhifəsi

08:40
17 Oktyabr

Siyasi müstəqillik iqtisadi inkişafın təməlidir

08:30
17 Oktyabr

Əbədi müstəqillik, güclü dövlətçilik, sarsılmaz birlik 

08:20
17 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!