Ölkəmizdə ən iri neft,qaz və ixrac layihələrinin əməliyyatçısı olan BP şirkəti indi mühüm bir "yaşıl enerji" layihəsinə də imza atıb. İşğaldan azad olunmuş Cəbrayil rayonunda şirkətin tikdiyi "Şəfəq" Çünəş-Eletrik Stansiyasında işlər uğurla davam edir.
Görünür ki, BP bizim "yaşıl gündəliyimiz"in də yaxın iştirakçısı olacaq. Bu niyyət özünü şirkətin həyata keçirdiyi sosial layihələrdə də göstərir. Belə ki, son dövrdə BP təhsilə yönəltdiyi dəstək çərçivəsində bərpaolunan enerji sahəsinə xüsusi yer verir. Artıq bir neçə belə layihə həyata keçirilir, yaxud yekunlaşıb. Elə bu günlərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində başa çatan proqramın ardınca BP ölkəmizdə bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində yerli mütəxəssislərin inkişafına dəstək məqsədli daha bir sosial sərmayə layihəsinə start verib.
Belə ki, BP "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" layihələrindəki tərəfdaşları olan SOCAR, TPAO, LUKOIL, SGC, NICO, MOL, INPEX, "ExxonMobil", MVM və "ONGC Videsh" şirkətlərinin adından bildirib ki, təşəbbüs yerli bilik və bacarıqların gücləndirilməsinə və ölkədə uzunmüddətli potensialın inkişafına davamlı dəstəyin bir hissəsidir.
Layihə bərpaolunan enerji və enerji səmərəliliyi üzrə peşəkar və tədris standartlarına uyğun müstəqil şəkildə təlim proqramları həyata keçirə biləcək yüksəkixtisaslı yerli təlimçilərin hazırlanması üçün nəzərdə tutulub. Təşəbbüs çərçivəsində 20 nəfər yerli mütəxəssis "Təlimçinin Təlimi" proqramında iştirak etmək üçün seçilib. Proqram bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində təlimlər üzrə ixtisaslaşmış, beynəlxalq səviyyədə tanınan və Berlində yerləşən Bərpa Olunan Enerji Akademiyası tərəfindən keçiriləcək.
Proqram təxminən 50 saatlıq sərbəst rejimli onlayn təlimdən və bunun ardınca keçiriləcək səkkiz yarımgünlük virtual sessiyadan ibarət olacaq. Texniki bilikləri müasir tədris metodları ilə birləşdirən bu proqram iştirakçılara həm müvafiq ixtisas sahələri üzrə biliklərini, həm də təlimçilik bacarıqlarını daha da artırmağa imkan verəcək. İştirakçılar qabaqcıl beynəlxalq təcrübədən yararlanmaqla və təlim yanaşmalarını yerli ehtiyaclara uyğunlaşdırmaqla yanaşı, təlim kurslarını müstəqil və səmərəli şəkildə tərtib etməyi, həyata keçirməyi və qiymətləndirməyi öyrənəcəklər. Proqramı uğurla başa vuran iştirakçılara "Təlimçinin Təlimi" sertifikatları təqdim olunacaq.
Layihənin yerli mütəxəssislərə öz bilik və təcrübələrini bölüşmək imkanı yaratmaqla, bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində potensialın gücləndirilməsi üçün dayanıqlı zəmin formalaşdıracağı gözlənilir.
Layihənin başlanması münasibətilə keçirilən tədbirdə çıxış edən BP-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: "Yerli potensialın gücləndirilməsi və bacarıqların inkişaf etdirilməsinə dəstək ölkədə sosial sərmayə fəaliyyətimizin prioritetlərindən biri olaraq qalmaqdadır. Azərbaycan öz enerji keçidi hədəflərinə doğru irəlilədikcə bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində biliklərin genişləndirilməsinə və ötürülməsinə töhfə verə biləcək ixtisaslı yerli mütəxəssislərə ehtiyac daha da artır. Bu layihədə məqsədimiz iştirakçıları qabaqcıl texniki və təlim bacarıqları ilə təchiz etməklə yanaşı, proqram başa çatdıqdan sonra belə dəyər yarada biləcək dayanıqlı yerli təlim potensialının formalaşmasına kömək etməkdir".
Müddəti bir il olan bu layihənin dəyəri 49 min dollar təşkil edir. Layihə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi (CECECO) tərəfindən həyata keçiriləcək.
Xatırladaq ki, bu vaxtadək BP öz tərəfdaşları ilə birlikdə ölkəmizdə icraçısı olduğu layihələrə 89 milyard dollardan çox sərmayə qoyub. Onlar eləcə də ən çox töhfə verə biləcəklərinə inandıqları sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək göstərmək öhdəliyi götürüblər. Beləliklə, fəaliyyətə başladığı vaxtdan indiyədək BP özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkəmizdəki sosial sərmayə layihələrinə ümumilikdə 115 milyon dollardan çox vəsait xərcləyib.
Flora SADIQLI,
"Azərbaycan"