Sentyabrın 10-da Azərbaycan Respublikası Maliyyə Nazirliyi Həmkarlar İttifaqı Komitəsinin yığıncağı keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, yığıncaqda çıxış edən nazirliyin Aparatının rəhbəri Xalıq Rəhmanov və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədri Hikmət Nəbiyev Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətini yüksək qiymətləndiriblər.
Qeyd olunub ki, komitə tərəfindən əmək hüquqlarının və qanuni mənafelərinin qorunması, kollektivdə sağlam və əlverişli iş mühitinin yaradılması, əməkdaşların sosial rifahının və asudə vaxtının səmərəli təşkilinin dəstəklənməsi, həmçinin onların sanatoriya və istirahət mərkəzlərinə yollayışlarla təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.
Daha sonra təşkilati məsələlərə baxılıb, nizamnamə qaydalarına uyğun olaraq açıq səsvermə yolu ilə Həmkarlar İttifaqı Komitəsinin və Təftiş Komissiyasının yeni tərkibləri formalaşdırılıb. Eyni zamanda, Komitənin fəaliyyətinin bundan sonra ictimai əsaslarla təşkil edilməsi barədə qərar qəbul olunub.
Səsvermənin nəticələrinə əsasən, Həmkarlar İttifaqı Komitəsinin yeni heyəti 11 nəfər, Təftiş Komissiyasının tərkibi isə 3 nəfər olaraq təsdiq edilib. Nazirliyin Maliyyə və təminat şöbəsinin müdiri Bəhruz Məmmədov ictimai əsaslarla Maliyyə Nazirliyi Həmkarlar İttifaqı Komitəsinin yeni sədri seçilib.
Sonda Komitənin əvvəlki sədri Eldar Mahmudov həmkarlar ittifaqı fəaliyyətində uzunmüddətli və səmərəli xidmətlərinə görə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin Fəxri fərmanı ilə təltif edilib.