Bu günlərdə Azərbaycan növbəti dəfə qlobal əhəmiyyətli beynəlxalq tədbirə evsahibliyi etdi. Sentyabrın 7-dən başlayan və paytaxtımızın iqlim diplomatiyasının mərkəzi kimi mövqeyini daha da möhkəmləndirən "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" (BCAW) bu gün başa çatır.
BCAW bu il ilk dəfə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konfransının 4-cü İqlim Həftəsi (CW4) ilə eyni vaxtda paralel təşkil olunub. Sentyabrın 11-dək davam edən tədbirlər iqlim qərarlarının praktiki icrası, beynəlxalq əməkdaşlıq və COP31 ərəfəsində iqlim fəaliyyətinin gücləndirilməsinə həsr olunub.
Qeyd edək ki, iqlim dialoqu, tərəfdaşlıq və real icra üçün aparıcı beynəlxalq platformaya çevrilən "Bakı İqlim Fəaliyyəti Həftəsi" Paris Sazişinin və milli iqlim öhdəliklərinin icrasını sürətləndirmək məqsədilə dünyanın dörd bir yanından gələn nüfuzlu qonaqları bir araya gətirib. "Bakı İqlim Fəaliyyəti Həftəsi" ildən-ilə daha böyük miqyasda və daha zəngin proqramla keçirilir. BCAW2026 daha geniş sektor və iştirakçı qruplarını bir araya gətirərək iqlim gündəliyinin prioritetlərini konkret fəaliyyət, tərəfdaşlıq və investisiya imkanları ilə əlaqələndirməyə fokuslanır. Tədbirlərdə ölkəmizin Energetika və Xarici İşlər nazirliklərinin rəhbər şəxsləri, həmçinin COP29, COP30 və COP31 sədrliyi komandalarının nümayəndələri yer alıblar. Eyni zamanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) və Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) təmsilçiləri, bir çox nüfuzlu qlobal qurumun rəsmiləri müzakirələrə qoşulublar. Çıxışlar və panellər zamanı əsas diqqət COP29-dan COP31-ə qədər davam edən keçid dövründə iqlim gündəliyinin tempinin itirilməməsinə və öhdəliklərin real, ölçülə bilən praktiki nəticələrə çevrilməsinə yönəldilib. Eyni zamanda bütün maraqlı tərəflər arasında qarşılıqlı tərəfdaşlığın daha da dərinləşdirilməsinin vacibliyi xüsusi vurğulanıb. Bu müxtəliflik həm də Azərbaycanın inklüziv iqlim dialoqunun aparıcı təşkilatçısı qismində qlobal miqyasda oynadığı körpü rolunu bir daha nümayiş etdirir.
Başladığı gündən intensiv şəkildə davam edən müzakirələr xüsusi istiqamətləri və praktiki həlləri əhatə edib. Həm plenar iclaslarda, həm də panellərdə müxtəlif məsələlər müzakirə olunub və konkret addımlar müəyyənləşdirilib. Enerji təhlükəsizliyi, maliyyə mexanizmləri, iqlimə uyğunlaşma strategiyaları, kiçik və orta biznesin "yaşıl iqtisadiyyat"a inteqrasiyası və ədalətli keçid kimi məsələlər müzakirə olunub. İqlim məsələlərində hökumətlərlə özəl sektorun birgə səfərbər olunması yolları araşdırılıb. Həmçinin sənaye və innovasiya liderləri, "yaşıl texnologiya" sahibkarları praktiki təcrübələrini bölüşüblər. Az karbonlu inkişafın təmin edilməsi üçün sənayedə tətbiq olunan yenilikçi yanaşmalar diqqət mərkəzində olub.
Tədbirdə iqlim idarəçiliyinə gənc nəslin baxış bucağını gətirən gənclərin moderatorluğu ilə keçirilən sessiyalar da xüsusi maraq doğurub. Gənclərin "yaşıl bacarıq"lara yiyələnməsi və iqlim təhsilinin gücləndirilməsi prioritet istiqamətlərdən olub. Həmçinin kiçik və orta biznesin ekoloji dayanıqlığı və ekoloji cəhətdən uyğun dəb sahəsində öhdəliklərin yerinə yetirilməsinə dəstək məqsədilə yeni tərəfdaşlıq sazişləri və təşəbbüslər irəli sürülüb.
BCAW proqramı çərçivəsində vurğulanan əsas məsələlərdən biri də dairəvi iqtisadiyyat və "Sıfır Tullantı" yanaşmasıdır. İqlim dəyişikliyinin təsirlərinin azaldılması və adaptasiya tədbirlərinin gücləndirilməsi səbəbindən təbii sərvətlərdən səmərəli istifadə, tullantıların idarə olunması və etibarlı maliyyə mexanizmlərinin işlənib hazırlanması gələcək nəsillər qarşısında ən başlıca vəzifədir. Çünki bu qlobal çağırışların vaxtında və uğurlu həlli bugünkü nəsillərin ədalətli və qətiyyətli addımlarından asılıdır.
Beləliklə, "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" Azərbaycanın həm regional, həm də qlobal səviyyədə iqlim hərəkatının əsas hərəkətverici platformasından olduğunu bir daha təsdiqlədi. Paytaxtımızdan dünyaya ünvanlanan hər bir çağırış, imzalanan hər bir tərəfdaşlıq sənədi və irəli sürülən praktiki həll yolu planetimizin daha yaşıl, dayanıqlı və təhlükəsiz gələcəyinə verilən mühüm töhfədir.
Təhminə VERDİYEVA,
"Azərbaycan"